Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnsanlarda çəki artımına səbəb olan amillər

Yanvar 16
17:57 2015

“Sələf Xəbər” authoritynutrition.com saytına istinadən kalori qəbulunun və çəki artımının səbəblərini göstərən amilləri təqdim edir:

İndiki dövrümüzdə insanlar əvvəlkindən daha kök və daha çox xəstədir. 1980-ci ildən bu yana piylənmə səviyyəsi 3 dəfə artıb və xüsusilə, uşaqlarda sürətli artım nəzərə çarpıb. Bütün bunların baş verməsinin səbəbi hələ də alimlər arasında müzakirə edilir, lakin çox güman ki, bu ətraf mühitdə baş verən dəyişikliklərlə əlaqəlidir. Çünki genlərimiz belə sürətli şəkildə dəyişə bilmir.

Piylənmənin nə üçün bu qədər kütləvi bir problemə çevrildiyinin bəzi əsas səbəblərini diqqətinizə çatdırırıq:

1. İnsanlar əvvəlkindən daha çox qeyri-sağlam qida yeyir
İnsanlar indi əvvəlkindən daha çox kalori qəbul edir…lakin artımın çox hissəsi emal edilmiş qidaların payına düşür. Araşdırmalar son 120-130 ildə əhalinin öz qidalanma vərdişlərini necə dəyişdiyi göstərilib.
XX əsrin əvvəllərində insanlar daha sadə, evdə bişmiş yeməklər yeyirdilər. Təqribən, 2009-cu ildə isə insanların yediyi yeməklərin, təxminən, yarısı fast-fud və ya evdən kənarda yeyilən digər qidalar olub.
Bu məqamlar həqiqi dəyişiklikləri tam əks etdirmir, çünki bu günlər insanların evdə yediyi qidalar da emal edilmiş qidalardan ibarətdir.

2. Şəkər istehlakı həddən artıq çoxalıb
Müasir qida rasionunun ən pis tərkib hissəsi əlavə edilmiş şəkərdir. Çoxsaylı araşdırmalar göstərir ki, ifrat dərəcədə əlavə edilmiş şəkər qəbulu metabolizmə zərərli təsir göstərə, insulin müqavimətinə, qarında piylərin əmələ gəlməsinə, triqliseridlərin səviyyəsinin yüksəlməsinə və kiçik, sıx LDL xolesterola gətirib çıxarır. Və bu əlavə edilmiş şəkərin səbəb olduğu nasazlıqlardan yalnız bir neçəsidir.

Həmçinin, əsasən şəkərli qidalarla qidalanan insanların 2-ci tip diabet, ürək xəstəlikləri və hətta, xərçəngə yaxalanma riskinin daha yüksək olduğunu göstərən çoxsaylı araşdırmalar həyata keçirilib. Şəkər insanın kökəlməsinə səbəb olur. Qismən ona görə ki, o beyin tərəfindən digər kalorilər kimi qeydə alınmır və bu da bizim daha çox yeməyimizə səbəb olur. Şəkər, həmçinin, piylənmə ilə əlaqəli hormonlara mənfi təsir göstərir.
Təəccüblü deyil ki, araşdırmalar qida rasionunun əsasını şəkər təşkil edən insanların gələcəkdə kökəlmə və piylənmə riskinə daha çox məruz olduqlarını göstərir.

3. İnsanlar bayramlar zamanı artıq çəki yığır və heç vaxt bu çəkidən canlarını qurtara bilmirlər
Əksər insanlar çəkini bir günə yığımır…çəki artımı tədricən, illər və onilliklər ərzində baş verir.
Lakin kökəlmə tempi il boyunca eyni qalmır və bayramlar zamanı – insanların çoxlu sayda ləzzətli bayram yeməklərindən dadmağa can atdığı və bədənlərinin ehtiyacı olduğundan daha artıq yedikləri vaxt əhəmiyyətli şəkildə artır. Problem ondadır ki, bəzən insanlar yığdıqları çəkini itirə bilmirlər. Əgər onlar 3 funt çəki yığıblarsa, bayramdan sonra yalnız 2 funt itirirlər, bu isə tədricən və davamlı şəkildə çəki artımına səbəb olur.
Əslində, insanın ömrü boyunca çəki artımının böyük faizi, sadəcə, 6 həftəlik bayram dövrü ilə izah oluna bilər.

4. Piylənmə epidemiyası yağlılıq səviyyəsi aşağı olan qidalarla əlaqəli rəhbər prinsiplər nəşr edildikdən sonra başlayıb
XX əsrdə ABŞ-da ürək xəstəlikləri epidemiyası geniş yayılmışdı. Bir çox alimlər inanırdı ki, yağlar, xüsusilə, doymuş yağlar qida rasionunda ürək xəstəliklərinə səbəb olan əsas qidalardır (baxmayaraq ki, bu fakt artıq təkzib olunub). Bu isə, doymuş yağları məhdudlaşdıran yağsız qida rasionunun meydana gəlməsinə səbəb olub. Maraqlısı bundadır ki, piylənmə epidemiyası məhz yağsız qidaların rasiona daxil edildiyi vaxtla üst-üstə düşüb. Əlbəttə ki, bu hələ heç nəyi sübut etmir. Lakin diqqəti doymuş yağların üzərində cəmləyərək emal edilmiş yağsız və yüksək şəkər tərkibli qidaları diqqətə almamaq, əhalinin qida rasionunda mənfi dəyişikliklərə səbəb ola bilər. Həmçinin, yağsız qida rasionunun çəki itkisinə səbəb olmadığını, ürək xəstlikləri və ya xərçəngin qarşısını almadığını göstərən genişmiqyaslı uzunmüddətli araşdırmalar həyata keçirilib.

5. Qidalar əvvəlkindən daha ucuzdur
Qida istehlakının artmasına səbəb olan meyarlardan biri, qidaların qiymətinin ucuz olmasıdır.
Qidaların qiymətlərinin son 80 ildə 25% xalis gəlirdən, 10% xalis gəlirə endiyini görmək olar. Ucuz qida pis səslənmir, amma yadda saxlamaq lazımdır ki, həqiqi qidalar ucuz olmur…ucuz olan isə emal edilmiş qidalardır. Əslində, həqiqi qidalar o qədər bahadır ki, əksər insanlar onları ala bilmir. Bir çox kasıb məhəllələrdə isə yalnız qeyri-sağlam qidalar satılır və əksər hallarda bu dövlət tərəfindən maliyyələşdirilir. Ala bildikləri (və əldə edə bildikləri) qidaların emal edilmiş, yüksək şəkər tərkibli, rafinə edilmiş dənli bitkilər və əlavə edilmiş yağlarla zəngin qeyri-sağlam qidalar olduğu halda kasıb insanların çarəsi nədir?

6. İnsanlar daha çox şəkərli qazlı su və meyvə şirələri içir
Beynimiz – enerji balansımızı nizamlayan əsas orqandır…o bizim acından ölməməyimizə və artıq piy yığmamağımıza nəzarət edir. Belə məlum olur ki, beyin maye şəkər kaloriləri bərk kaloriləri “qeydə aldığı” kimi “qeydə almır”.
Odur ki, əgər şəkərli içkidən müəyyən miqdarda kalori qəbul edirsinizsə, o zaman beyniniz avtomatik şəkildə başqa bir qidadan daha az kalori almağınıza mane olmur.

Odur ki, maye şəkər kaloriləri, adətən, gündəlik kalori qəbulunun üstünə gəlir. Təəssüflər olsun ki, əksər meyvə şirələrinin də tərkibində digər spirtsiz içkilərin tərkibindəkinə bərabər miqdarda şəkər olur.
Araşdırmalar göstərib ki, gün ərzində bir dəfə şəkərlə şirinləşdirilmiş içkilərin içilməsi uşaqlarda piylənmə riskinin 60.1% artması ilə əlaqələndirilir. Şəkər zərərlidir…lakin maye şəklində daha da zərərlidir.

7. Müxtəlif qidalar yemək həddən artıq yeməyə və çəki artımına səbəb olur
Həddən artıq yeməyə səbəb olan meyarlardan biri qidaların müxtəlifliyidir. Bu, siçanların 3 qrupa bölündüyü bir araşdırmanın nəticələridir…bir qrupa müntəzəm şəkildə sağlam qida, ikinci qrupa bir növ qeyri-sağlam qida, üçüncü qrupa isə eyni zamanda 3 müxtəlif qeyri-sağlam qida verilib.
Bir növ qeyri-sağlam qida yeyən siçanlar çəkidə təbii qidalar yeyən siçanlardan daha çox artıb. Lakin çəkidə ən çox artan isə müxtəlif növ qeyri-sağlam qidalar yeyən siçanlar olub. Bunun insanlarda da eyni olduğunu göstərən dəlillər var. Qarşımızda müxtəlif qidalar olduqda, biz daha çox və bəzən bədənimizin ehtiyacı olduğundan daha artıq yeyirik.

8. İnsanlar işlədikdə daha artıq kalori yandırmır
Çoxları piylənməni fiziki fəallığın azalması ilə əlaqələndirir. Guya biz, sadəcə, əvvəlkindən daha az kalori yandırırıq. Doğrudur, insanlar indi asudə vaxtlarında daha çox fiziki fəallıqla (məşqlərlə) məşğuldur, lakin insanların daha az fiziki fəallıq tələb edən işlərdə çalışması da danılmaz faktdır. Tədqiqatlar dövrümüzdə insanların öz iş yerlərində gün ərzində əvvəlkindən 100 kalori daha az yandırdığını və bunun zamanla çəkinin artmasına səbəb ola bildiyini göstərir.

9. İnsanlar daha çox bitki yağı istehlak edir, xüsusilə, emal edilmiş qidalarda
Yediyimiz yağlar, təqribən, son 100 ildə əsaslı şəkildə dəyişib. XX əsrin əvvəllərində, insanlar əsasən kərə yağı və iç yağı kimi təbii yağlar yeyirdi…lakin daha sonra onlar marqarin və bitki yağları ilə əvəzləndi.
Əksər insanlar həqiqi qidaları bitki yağında qızartmır, əvəzində emal edilmiş qidalar yeyirlər. Bu yağları qidalara əlavə etmək, qidaların kalori dəyərini artırır və həddən artıq qidalanmaya səbəb olur.

10. Sosial ətraf mühit kalori qəbuluna güclü şəkildə təsir edə bilər
Sosial ətraf mühit kalori qəbulunu müəyyən edən növbəti bir meyardır. Məsələn, qrup şəklində yemək, qəbul edilən kalorilərin miqdarını əhəmiyyətli dərəcədə artıra bilər. Bir qəzetdə dərc edilmiş məlumatlara əsasən, bir neçə insanla birlikdə yemək yemək kalori qəbulunu 72%-ə qədər artıra və ya bir yemək zamanı 310 kalori daha artıq qəbul etməyə səbəb ola bilər.
Həmçinin, insanların həftə sonları daha çox yeməyə meylli olduğunu göstərən araşdırmalar mövcuddur.

11. İnsanlar daha az yatır
Çəki artımı və piylənmə məsələsindən danışdıqda, yuxu adətən, diqqətdən qaçır.
Məlumdur ki, pis yuxu çəki artımı ilə əlaqəli müxtəlif hormonlara mənfi təsir göstərir və aclığın və iştahın artmasına səbəb ola bilir.
Son onilliklər boyunca orta yuxu müddəti 1-2 saat azalıb. Buna səbəb çoxdur, lakin əsas səbəblər süni işıqlandırmanın çoxalması və elektronika məhsullarının artmasıdır. Belə məlum olur ki, yuxu müddətinin azlığı piylənməyə səbəb olan ən güclü fərdi risk meyarlarındandır. Bu, həmçinin, uşaqlarda riskin 89%, böyüklərdə isə 55% artması ilə əlaqələndirilir.

12. Kalori qəbulunun artması
İnsanlar piylənmənin səbəbləri barədə daim mübahisələr aparır-piylənməyə səbəb şəkər, karbohidratlar, yağlar, yoxsa başqa maddələrdir?

Lakin bir fakt danılmazdır ki, son bir neçə onilliklər ərzində kalori qəbulu əsaslı şəkildə artıb.
Araşdırmalara əsasən, kalori qəbulunun artması, piylənmənin artmasını izah etmək üçün kifayətdir.
Lakin unutmamaq lazımdır ki, kalori qəbulunun artmasına səbəb, hər hansı kütləvi mənəvi iflas deyil. Bütün bunlara biologiyamız səbəb olur…qidalanma və ətraf mühitin dəyişmə tərzi, beynimizin və hormonlarımızın çalışma tərzini dəyişib. Başqa sözlərlə, bu dəyişikliklər, bizi kökəlməkdən qoruması nəzərdə tutulmuş bioloji sistemlərdə nasazlıqların baş verməsinə səbəb olub. Kalori qəbulunun və çəki artımının səbəbi bəzilərinin düşündüyü kimi iradə zəifliyi yox, məhz bu meyarlardır.

 Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır.” (Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatında misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər, hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930