Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan Prezidenti (Allah onu qüvvətləndirsin): “Bu, bizim üçün enerji təhlükəsizliyidir”

Fevral 14
17:48 2015

“Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə deyib.

Prezident İ.Əliyev qeyd edib ki, görüşün keçirilməsi üçün çox münasib bir vaxtdır: “Bu il “Cənub” qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi başlayır. Bu layihə bizi birləşdirir və onunla bağlı əlavə əlaqələndirmə, fikir mübadiləsi lazımdır”.

Dövlət başçısı Azərbaycanın dünyada neft hasil edən ilk ölkə kimi tanındığını vurğulayıb: “Bu, XIX əsrin ortalarında baş verdi. Eyni zamanda, XX əsrin ortalarında dənizdə neft hasil edən ilk ölkə də Azərbaycandır. Bu səbəbdən Azərbaycanın neft sənayesinin tarixi çox zəngindir. Onu da bildirmək istəyirəm ki, İkinci Dünya müharibəsində Azərbaycanda istehsal olunan neft Sovet İttifaqının hasil etdiyi neftin 80 faizini təşkil edirdi.

Azərbaycan neftçiləri faşizm üzərində Qələbənin əldə edilməsinə böyük töhfə veriblər. Ola bilsin ki, Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsinin nəticələri başqa cür olardı. Lakin Sovet İttifaqının süqutu zamanı neft sənayesindəki vəziyyət ürəkaçan deyildi. Quruda olan yataqlar əsasən tükənmişdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdə neft sənayesi böhran içərisində idi. Nəinki neft sənayesi, bütövlükdə biz ciddi hərbi, siyasi, iqtisadi böhranla üzləşdik. Vətəndaş müharibəsi, Ermənistanın işğalı baş verdi. Nəhəng neft yataqlarımızın işlənməsi üçün nə maliyyə ehtiyatlarımız, nə də ki texniki imkanlarımız vardı. Yalnız Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra vəziyyət sabitləşdi, vətəndaş müharibəsi dayandı, biz islahatlara başladıq. İslahatların mühüm elementlərindən biri Azərbaycanı dünyaya açıq etmək idi. Biz xarici sərmayələri cəlb etməyə başladıq və Azərbaycanda çox yaxşı sərmayə mühitini yaratdıq. Bu fakt sayəsində Azərbaycanın indiki iqtisadiyyatı davamlıdır, sabitdir. Birbaşa xarici sərmayələrin adambaşına olan həcminə görə Azərbaycan keçmiş sovet məkanında aparıcı yerdədir.

İ.Əliyev bildirib ki, 1994-cü il Azərbaycanın yeni enerji strategiyasının başlanğıc ili olub: “Hökumətimiz ilə dünyanın əsas neft şirkətləri konsorsiumu arasında müqavilə imzalandı. 1994-cü ildə imzalanan müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Bu, sərmayələrin həcmi və resurs əsası kimi götürülən “Azəri-Çıraq-Günəşli” yatağının dünyadakı ən böyük neft yataqlarından biri olması faktı ilə bağlı idi. İyirmi ildən çoxdur ki, həmin yataq işlənilir və ölkəmizdə neft hasilatının əsas özəyi hesab olunur. Buna görə də 1994-cü il enerji strategiyasının başlanğıc ili oldu. Beləliklə, Xəzər dənizi ilk dəfə olaraq xarici sərmayələr üçün açıq elan edildi. Lakin Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq bizim neftimizi nəql etmək üçün boru kəmərləri şəbəkəsinə ehtiyacımız var idi. Birmənalı olaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığa əsaslanan əlaqələndirilmiş səylər beynəlxalq bazarlara neft və qazın nəqli üçün başlanğıc mərhələdə müasir boru kəmərləri sistemini mümkün etdi”.

Dövlət başçısı qeyd edib ki, “Cənub” qaz dəhlizi layihəsi Azərbaycanda son 20 il ərzində tərəfdaşlarla aparılan işə əsaslanır: “1996-cı ildə Azərbaycanla bp-nin rəhbərlik etdiyi xarici şirkətlər konsorsiumu arasında “Şahdəniz” yatağına dair saziş imzalandı. “Şahdəniz” qaz yatağı Cənub qaz dəhlizi üçün ən mühüm resurs bazasıdır. 1997-ci ildə “Çıraq” platformasında ilk neft hasil edildi. Bu, ola bilsin ki, neft sənayesi tarixində rekord idi. Yəni, müqavilənin imzalanması ilə ilk neftin hasil edilməsi arasında vaxt fərqi cəmi üç il oldu. 1999-cu ildə Xəzər dənizi ilə Qara dənizi birləşdirən Bakı-Supsa boru kəməri çəkilmişdir. Beləliklə, Azərbaycan nefti Gürcüstanın Qara dənizdəki Supsa limanına nəql edilməyə başlandı. Bu, şaxələndirilmənin vacib elementi idi. İlk dəfə olaraq Qara dənizlə Xəzər dənizi xam nefti nəql edən boru kəməri ilə birləşdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verildi. Xəzər və Aralıq dənizləri ilk dəfə olaraq boru kəməri ilə birləşdi. 2007-ci ildə Bakı, Tbilisi və Türkiyənin Ərzurum şəhərini birləşdirən Cənubi Qafqaz qaz kəməri çəkildi.

Bütün bu mühüm mərhələlər Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində olduqca əhəmiyyətli idi. Biz Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla birgə qarşımızda duran bütün məqsədlərə və hədəflərə nail olduq. Bu, həmçinin məhsuldar regional əməkdaşlığın gözəl nümunəsi idi. Bu halda bir-birini dəstəkləyən və bir-biri ilə əməkdaşlıq edən üç ölkə çox iddialı məqsədlərə nail oldu. Lakin bu, demək lazımdır ki, planlarımızın yalnız başlanğıcı idi. Çünki nəhəng “Şahdəniz” yatağı və Azərbaycanın digər qaz yataqları təbii qazı Azərbaycandan beynəlxalq bazara nəql edəcək Cənub qaz dəhlizinin çəkilməsinin zəruriliyini diktə edirdi. Bu layihənin də həyata keçirilməsində mühüm mərhələlər var. 2011-ci ildə mənimlə Avropa Komissiyasının sədri cənab Barrozu arasında Bakıda Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalandı. Bu sənəddə Azərbaycan Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə kimi göstərilir. 2012-ci ildə TransAnadolu – TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycan ilə Türkiyə arasında saziş imzalandı. Bu saziş Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm rol oynadı. Çünki Azərbaycan qazının nəql edilməsində əsas olacaq layihənin uzun illər ərzində müzakirəsi zamanı bizim tərəfimizdən TANAP layihəsi təqdim edildi, dərhal bütün tərəfdaşlarımızın güclü dəstəyini qazandıq. Bir sözlə, TANAP Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm yer tutur. Siz yəqin ki, bilirsiniz, artıq TANAP-ın praktiki həyata keçirilməsinə başlanıb. 2013-cü ildə TransAdriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə Cənub qaz dəhlizinin təməlqoyma mərasimi burada – Bakıda keçirildi. Bu, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra baş verdi. Bu, görülmüş işlərin qısa tarixçəsi idi. Buna görə bir daha demək istəyirəm ki, artıq Azərbaycanda və qonşuluqda yaradılan həmin mühüm elementlər olmadan bu gün “Cənub” qaz dəhlizi layihəsi yalnız yaxşı bir ideya və ya istək kimi səslənərdi. Lakin bu gün bu layihə artıq həyata keçirilmə mərhələsində olan layihədir”.

Prezident İ.Əliyev bildirib ki, Dövlət Neft Şirkəti ilə bp arasında tərəfdaşlıq neft-qaz layihələrimizin həyata keçirilməsində olduqca mühüm rol oynayıb: “Artıq 20 ildir ki, bu tərəfdaşlıq davam edir və gələn illərdə də davam edəcək. Bir daha deyim ki, Cənub qaz dəhlizi üçün resurs bazası bp-nin əməliyyatçı olduğu “Şahdəniz” yatağıdır. “Şahdəniz”dən başqa digər nəhəng qaz yataqlarını da götürsək, – yeri gəlmişkən, hesablamalarımıza görə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur, – “Abşeron”, “Ümid” və digər yataqlar “Cənub” qaz dəhlizi layihəsinə birmənalı olaraq töhfə verəcək. Çox güman ki, bu gün proqnozlaşdırdığımız rəqəmləri üstələyən daha çox hasilatımız və ixracımız olacaq”.

Prezident İ.Əliyev qeyd edib ki, əməkdaşlığın vacib elementi səylərin əlaqələndirilməsidir: “ Fikrimcə, Məşvərət Şurasının bu gün keçirilən toplantısı bu məqsədi daşıyacaq. Görülmüş və planlaşdırılmış işlər barədə təqdimat olacaq. Lakin bu layihədə iştirak edən bütün ölkələr və şirkətlər arasında əlaqələndirmə və səmərəli ünsiyyət uğurun əsas ilkin şərtlərindən biri olacaq. Əvvəlcə olduğu kimi, Gürcüstan, Türkiyə və Azərbaycan arasında aparılmış üçtərəfli əməkdaşlığa bənzər qaydada işləməliyik. Həmin üçtərəfli əməkdaşlıq və yüksək səviyyədə olan qarşılıqlı etimad, dəstək artıq qeyd etdiyim layihəni həyata keçirməyə imkan yaratdı. Hazırda isə daha mürəkkəb vəziyyətdir. Çünki iştirakçıların və tərəflərin sayı çoxdur. Buna görə bizə maksimal səviyyədə qarşılıqlı etimad lazımdır və bir-birimizi dəstəkləməliyik. Hamımız bu layihənin həyata keçirilməsinə töhfə verməliyik ki, onu vaxtında icra edək”.

Dövlət başçısı bildirib ki, Cənub qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir: “Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq. Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz – Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq”.

Sonda dövlət başçısı qeyd edib ki, Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi məqsədilə nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq: “Layihə vaxtında icra olunacaq və hamımız Cənub qaz dəhlizinin baş tutmasını qeyd edəcəyik. Lakin buna nail olmaq üçün əlaqələndirmə, qarşılıqlı etimad və bu prosesə qoşulmuş bütün ölkələr arasında sıx qarşılıqlı əlaqə lazımdır”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 466 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN