Yuxu haqqında qızıl qayda – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)
4. 263 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sələf Xəbər: Bəzi insanlar dünyasını dəyişmiş yaxın adamlarını yuxuda gördükdə deyirlər ki, yaxınım narahatdır ona mütləq Quran oxutmaq lazımdır. Vaxt edən kimi molla yanına gedir və müəyyən məbləğ müqabilində ona Quran oxudur ki, qohumu ondan “əl çəksin”, daha onu narahat etməsin.
Cəmiyyətimizdə bu məsələ haqqında daim eşidirik, lakin hər kəs bir cür yozum verir. Əvvəla ölülər üçün Quran oxutmaq şəriətlə icazəli deyil. Şeytanın hədəfi insanı günaha aparmaq olduğu üçün, bu məqamdan da istifadə edərək günaha aparır. Belə ki, ölən adama Quran oxumaq dinə əlavə edilmiş yenilik – bidətdir. İnsan bidət etdikdə şeytanı sevindirir və şeytan da ondan razı qalır.
Ona görə də bu məsələdən düzgün çıxış yolu kimi biz sizə müdrik alim, Şeyx Muhəmməd bin Saleh əl-Useyminin (Allah ona rəhmət etsin) bu haqda çox dəyərli və faydalı bir tövsiyəsini çatdıracayıq.
Fətva
Sual: Sualda deyilir ki, bir nəfərin atası dünyasını dəyişib və oğlu atasını tez-tez yuxuda görür, bəzən isə atası ona yuxuda qəzəbli halda görsənir.
Cavab:
Bu yuxuya əhəmiyyət verməsin.
Mən sizə yuxu haqqında faydalı bir qayda söyləyəcəyəm.
“İnsanı narahat edən hər bir yuxu şeytandandır.”
Bu, bütün yuxulara aiddir. Necə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir, hər bir narahat edən yuxu şeytandandır.
Bəs bu cür yuxulardan xilas olmağın yolu nədir?!
Bunun yolu, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmr etdiyi kimidir.
Bu duanı oxumaq lazımdır: “Əuzu billəhi min şərrişşeytan və min şərri mə raəytu” (Şeytanın şərrindən və gördüyüm yuxunun şərrindən Allaha sığınıram) – deyir, sonra sol tərəfinə üç dəfə quru şəkildə “tfu” edirsən.
Həmçinin, yuxudan oyanmısansa, digər böyrün üstə çevril. Əgər yenidən yuxuna gəlsə, qalx dəstəmaz al və namaz qıl, bu yuxunu heç kəsə danışma.
Əgər sən bunu kiməsə danışsan, o da yuxunu istədiyi kimi yozsa, deyilən kimi baş verə bilər.
Yuxu quşun qanadındadır, yozulduqda baş verər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Yuxu quşun ayağındadır. Onu yozduqda, həyata keçər.” (Səhihdir. Silsilə əs-Səhihə: 120).
Bu gün gördükləri narahatlıq verən yuxu haqqında soruşanlar çoxdur.
Biz onları Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) tövsiyəsinə yönəldirik. “Əuzu billəhi min şərrişşeytan və min şərri mə raəytu” duasını desin, heç kəsə danışmasın, sanki yuxunu görməmiş kimi özünü aparsın.
Çünki şeytan ona atasının cildində görsənir və ona qəzəbli olduğunu bildirir ki, onu narahat etsin, rahatlığını pozsun. Bundan çıxış yolu budur:
“Əuzu billəhi min şərrişşeytan və min şərri mə raəytu” duasını desin, heç kəsə danışmasın, sanki yuxunu görməmiş kimi özünü aparsın.
Sual: Bəs sədəqə vermək və s.?!
Cavab:
Xeyr, heç nə lazım deyil.