Prezident: Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşü önəmli hadisədir
1. 067 dəfə baxılıb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev (Allah onu qorusun) noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlununbaşçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Selefxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xarici işlər naziri ilə birlikdə bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində iştiraklarını məmnunluqla xatırladıb. Azərbaycanın və Türkiyənin regional əməkdaşlığa verdiyi töhfəyə toxunan prezident İlham Əliyev bu baxımdan bütün üçtərəfli əməkdaşlıq formatlarında ölkələrimizin iştirak etməsinin önəmini qeyd edib və bildirib ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edən təşəbbüslərdir. Dövlət başçısı bu gün keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünü də yaxşı hadisə kimi dəyərləndirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Mövlud Çavuşoğlu bir ay bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bağlı keçirilən mərasimlərdə iştiraklarını xatırlayıb və bu tədbirdən Türkiyənin qürur duyduğunu vurğulayıb. O, gələcəkdə Azərbaycanın Türkiyə ilə birgə həyata keçirəcəyi böyük layihələrin, o cümlədən TANAP layihəsinin önəmini qeyd edib.
Mövlud Çavuşoğlu iki dövlət başçısının liderliyi sayəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğulayıb. Qonaq Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatda həyata keçirilən iş birliyinin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə, bölgədə sabitliyin və iqtisadi inkişafın genişləndirilməsinə xidmət etdiyini deyib.
Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” konfransının Azərbaycanda keçirilməsinin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə çatdırmağı xahiş edib.