Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İntihar

Yanvar 11
18:43 2017

Bir çox insan dünya sıxıntısına dözməyərək, bəzisi isə dünyada nə istədiyini bilmədiyi üçün özünə intihar edir. Qeyri müsəlmanlar arasında belə səbəblərlə özünə qəsd edənlər çoxdur. Əvvəllər müsəlman dünyasında intihar halları olduqca az olurdusa, bu gün bu hal çoxalmaqdadır. Özünə müsəlman deyən insanın intihar etməsi təəssüf hissi doğurur. Əgər həmin insan Allahı və islamı layiqincə tanısaydı bəlkə də belə bir addım atmazdı. İslam mədəniyyətinin güclü olduğu vaxtlarda müsəlman toplumlarda demək olar ki, intihar halına rast gəlinmirdi. Ona görə ki, müsəlmanın etiqadında intihar etmək böyük günahlardandır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bildirib ki, intihar edən kimsə intihar etdiyi ilə əzab olunacaq. Yəni özünə nə ilə qəsd edibsə, onunla da əzaba düçar olacaq.

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim özünü dağdan atıb öldürərsə, o əbədi olaraq cəhənnəm odunda diyirlənəcəkdir. Kim zəhər içib özünü öldürərsə, cəhənnəm odunda zəhəri qəbul edə-edə əbədi qalacaqdır. Kim özünü dəmir alətlə öldürərsə, dəmiri əli ilə qarnına batırıb əbədi olaraq cəhənnəmdə qalacaqdır.” (Buxari: 5442; Muslim: 109).

Sabit bin Dəhhak (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim özünü dünyada nəyləsə öldürərsə, qiyamət günü onunla əzaba düçar olar.” (Buxari: 5700; Muslim: 110).

Cundub bin Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Sizdən əvvəl yaşamış ümmətlərdə yaralı bir kişi olub. O ağrıya dözə bilməyib bıçaqla əlini kəsib, qanı axaraq ölüb. Uca Allah isə onun haqqında belə deyib: “Bəndəm mənim yanıma gəlməyə tələsdi, mən isə ona Cənnəti haram etdim.” (Buxari: 3276; Muslim: 113).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) intihar edən kimsəyə cəza, ətrafdakılaraq ibrət olaraq, onun üçün cənazə namazı qılmazdı. Amma camaata həmin adam üçün cənazə namazı qılmağa icazə verirdi. Elm adamlarının və tanınmış insanların Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) örnək tutaraq, intihar edənə cənazə namazı qılmaması daha yaxşıdır.

Cabir bin Səmurə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına özünü ox ilə öldürən bir kişi gətirdilər, onun üçün cənazə namazı qılmadı. (Muslim: 978).

Bu hədis göstərir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) intihar edənin günahının böyüklüyü və ətrafdakı insanları bu əməldən çəkindirmək məqsədi ilə ona cənazə namazı qılmamışdır.

İslam alimləri intihar edən şəxsə cənazə namazı qılınması haqda fərqli fikirlərdən çıxış etmişlər.

Ömər bin Əbdüləziz və Ovzai kimi alimlər ötən hədisə əsasən deyiblər ki, intihar edənə heç kəs cənazə namazı qılmamalıdır.

Həsən əl-Basri, Nəxai, Qatadə, Malik, Əbu Hənifə, Şafii və bir çox alim isə deyib ki, intihar edən üçün sıravı insanlar namaz qılmalıdır. Onlar yuxarıdakı hədisi belə izah ediblər ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) intihar edənə namaz qılmırdı, amma səhabələrinin qılmasına icazə verirdi. (Muslimin şərhindən: 7/47).

Bu, intihar edən üçün rəhmət və bağışlanma duası etməmək anlamına gəlmir. Əksinə, belə insan üçün daha çox dua etmək lazımdır. Çünki onun buna ehtiyacı vardır. Bəzi insanların zənn etdikləri kimi, intihar heç də insanı dindən çıxaran böyük küfr deyildir. İntihar Allahın istəyi altında olan böyük günahlardandır. Allah istəsə beləsini bağışlayar, yaxud əzab verər.

Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031