3 hərbçimizi itirdik
631 dəfə baxılıb
MN: Düşmənin canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə zərbə endirilib.
Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttində gərginlik səngimir.
Belə ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.
Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu – Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi qulluqçuların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)Uca Allahdan dünyasını dəyişən hərbçilərimizə rəhmət diləyirik!