Sələf Xəbər


İCMAL VƏ RƏY, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Cəmiyyət cinayəti ənənə halına salarsa…

Avqust 12
16:35 2015

Millət vəkili Fazil Mustafa bir neçə gün öncə jurnalistin qətli fonunda cəmiyyətdə kök salmış “xəstəlikdən” bəhs edən açıqlama vermişdir.

“Məsələnin ən acınacaqlı tərəfi ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır.” Fazil Mustafa.

Sələf Xəbər sputnik.az saytında istinadən Millət vəkili Fazil Mustafanın önəmli fikirlərini diqqətinizə çatdırır.

“Ağır hadisədir, hüququn yerinə fiziki güclə məsələni çözürlər. Bir statusa görə
jurnalisti öldürmək, bir xoşa gəlməyən cavaba görə dostunu, qadınını, ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir cəmiyyətin gəlib çıxdığı real nəticədir.”

Bu fikriləri millət vəkili Fazil Mustafa jurnalist Rasim Əliyevin ölümü ilə bağlı facebook səhifəsində qeyd edib.

Öldürülən jurnalistin yaxınlarına başsağlığı verən Mustafa bildirib ki, bu hadisə ilə əlaqədar başqa bir neçə detala soyuqqanlı diqqət yetirmək lazımdır: “Ölkəni xaricdə təmsil edən əksər futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı, bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla büruzə verir. Kiprli jurnalist soruşur ki, “niyə türk bayrağını qaldırdın”, cavab verir ki, “türklər mənim dostumdur”. “Biz də türkük” demək nə qədər ciddi hazırlıq tələb edir? Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi, birbaşa gənc futbolçunu əxlaqsız və tərbiyəsiz adlandırır, halbuki dilin imkanları yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri belə daha mədəni üslubda və dolayı formada ifadə etsin. Futbolçunun bu hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına sayğıdan xeyli yuxarıdadır”.

Millət vəkili hesab edir ki, məsələnin ən acınacaqlı tərəfi ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır və insanlar öz “qanunları ilə” bir-birini susdurmağa cəhd edirlər: “Qısacası, bu aqressivliyin azalmasını, insanların hüquqa, bir-birinin haqqına hörmət etməsini istədiyimiz cəmiyyətdə futbolçusu da, jurnalisti də, siyasətçisi də, sahibkarı da, polisi də, müəllimi də, oğrusu da, müğənnisi də lazımi təhsil almalıdır, sağlam dünyagörüşə sahib olmalıdır. Unutmayaq ki, ötən aylarda bir müğənni də apardığı “razborka”nı rahatlıqla videoya çəkmişdi, məmur-sahibkar övladları yol polisini hansı səviyyədə təhqir etmişdi. Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar. Yəni hər kəs öz imtiyazı səviyyəsində hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaqdır. Linç etməklə problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac var”.

Jurnalist Rasim Əliyev ölümündən qabaq sosial mediaya verdiyi açıqlamada “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən təhqir edildiyini və döyüldüyünü iddia edib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və avqustun 9-da orada vəfat edib.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb kimi onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” səhifəsində tənqid etməsi göstərilib.

Sələf Xəbər: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

“Yer üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıldıqdan sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Uca Allah bu barədə belə buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə).
Amma Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır və həm bu dünyada və həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur. (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər