Sələf Xəbər


İCMAL VƏ RƏY, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Deputat Vyana görüşünü şərh etdi

May 19
17:29 2016

“Azərbaycan Ermənistana 1 ay vaxt verdi”.

Milli Məclisin deputatı, ATƏT PA-da Büro üzvü, komitə sədrinin müavini Azay Quliyev Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edib.

Avropa.info-nun məlumatına görə, “Vyana görüşləri ilə xəbərlər olduqca lakonik və korrekt verildiyi üçün fikirlər müxtəlifdir. Açığı, Ermənistan tərəfi daha pafoslu bəyanatları ilə yadda qaldı. Çox maraqlıdır ki, Azərbaycan mətbuatı görüşün nəticələri ilə bağlı birtərəfli şərh verir. Siz necə qiymətləndirirsiniz, görüşdə kim nəyə nail oldu?” sualını millət vəkili belə cavablandırıb.

-Doğrudan da iki gündür Vyana görüşü ilə əlaqədar müxtəlif şərhlər və rəylər bildirilir. Ermənilər ənənvi olaraq özlərinə sərf edən məqamları daha çox qabartmağa, görüşün nəticələrindən razı kimi görünməyə çalşır, heç bir əsası olmayan pafoslu çıxışlara yol verdilər. Azərbaycan rəsmiləri isə soyuqqanlı davranmağa üstünlük verdi və görüş haqqında qısa məlumat verməklə kifayətləndi. Bəzi analitik şərhlərdə, sosial şəbəkələrdəki müzakirələrdə əsas məqamlara kifayət qədər diqqət yetirilmədiyini, nəzərdən qaçırıldığını müşahidə etdik.

Əslində qeyd ediləsi məqamlar var və hesab edirəm ki, bunlara aydınlıq gətirsək, mənzərə aydın olar. Əvvəla, görüşə hər iki tərəf konkret təkliflərlə getmişdi. Ermənistanın təklifi o idi ki, atəşkəs möhkəmlənsin, təmas xəttində baş verəcək insidentlər araşdırılsın, güc tətbiq etməməklə bağlı öhdəlik götürülsün. Aprel döyüşlərinin nəticələrinin diqtəsi ilə keçirilən Vyana görüşünə Azərbaycan daha güclü və daha qətiyyətli tərəf kimi qatılmışdı və hamı ölkəmizdən məsələni sülh yolu ilə həll etməyi xahiş edirdi. Azərbaycanın isə konkret mövqeyi ondan ibarət idi ki, danışıqlar imitasiyaya xarakterli yox, konkret nəticələrə söykənən danışıqlar olmalı, yenilənmiş Madrid prinsipləri əsasında münaqişəsinin mərhələli həlli istiqamətində konkret addımlar atılmalı və böyük sülh sazişinin hazırlanmasına başlanılmalıdır.

Lakin təəssüflər olsun ki, bəzi mətbu orqanlarda verilən məlumatları və yazıları oxuyarkən belə təəssürat yaranır ki, sanki Ermənistanın təkliflərinə daha çox diqqət yetirilib, yəni danışıqlar yalnız insidentin araşdırılmasına və atəşkəsin əldə edilməsinə həsr olunub.

Ümimiyyətlə, bizim üçün bu iki məsələ starteji baxımdan prinsipial məsələ deyil. Bizim üçün daha önəmli və daha ciddi üç prinsipial məsələ oldu ki, bunlara mütləq diqqət ayırmaq lazımdır.

Birinci məsələ ondan ibarət idi ki, ilk dəfə Azərbaycan tərəfi konkret olaraq Ermənistana 1 ay, yəni iyuna qədər düşünmək üçün vaxt verdi. Bu barədə həm həmsədrlər, həm də xüsusilə Rusiya Xarici işlər naziri Lavrov açıq bəyanatla çıxış etdi. Lavrovun bəyanatinda deyilir ki, “iyun ayında tərəflər görüşməlidirlər və Dağlıq Qarabağ probeminin nəhayət yekun həlli prosesinə başlanmalıdır”. Təkrar edirəm: “nəhayət, yekun həlli prosesi konkret müzakirə olunmalıdır”. Bu, çox önəmli məqamdır. Bu, nə deməkdir? Burda nəticə ondan ibarətdir ki, Azərbaycan öz mövqeyini orada qəbul etdiribdir və iyun ayınadək Ermənistana vaxt veririk. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, təmas xəttində insidentin olmasını istəmirsə, sülhün daimi olmasını arzulayırsa, konkret konstruktivlik nümayiş etdirməli və təklif olunan həll palnını qəbul etməlidir. Əks halda danışıqların pozulmasının məsuliyyəti Ermənistanın üzərində qalacaqdır. Düşünürəm ki, bu Vyana görüşünün əsas nəticələrindən biridir.

İkinci mühüm məqam nədən ibarətdir. Rusiya Xarici işlər naziri Lavrov açıq şəkildə dedi ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır, hansı ki ermənilər indiyə qədər bunu istəmirdilər. Bilirsiniz ki, Ermənistan münaqişənin paket həll variantını məqabul sayırdı. Yəni Dağlıq Qarabağın əvvəlcədən statusu müəyyənləşmədən, ona müstəqillik verilmədən və ya bu prosesin zəmanəti olmadan mərhələli həlli variantını qəbul etmirdilər. Rusiya Xarici işlər nazirinin açqılamasından açıq mətnlə hiss olunur ki, münaqişənin mərhələli həll variantı əsas götürülür. Yəni ən azı, 5+2 rayon ilkin mərhələdə azad olunacaq, Azərbaycanın məcburi köçkünləri həmin rayonlara və Dağlıq Qarabağa geri qayıdacaq, kommunikasiya, əlaqələr açılacaq və s. Yalnız bundan sonra üçüncü mərhələdə Dağlıq Qarabağın razılaşdırılmış hüquqi statusu müəyyənləşəcək.

Üçüncü mühüm məqamı da qeyd etmək istəyirəm. ATƏT-in hazırkı sədri Almaniyanın Xarici İşlər naziri Ştaynmayer çox açıq bəyanat verdi ki, biz status-kvonun nə qədər təhlükəli olduğunu və heç bir perspektivinin olmadığını qəbul etməliyik. Bu da Azərbaycanın, uzun illər cənab prezident İlham Əliyevin səsləndirdiyi tələbdir. Biz status-kvonun saxlanmasını istəmirik. Status-kvonun dəyişməsi nə deməkdir? Bu o deməkdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır.

Bütün bu sadaladığım üç məqama görə Vyana görüşünün nəticələrini Azərbaycan üçün uğurlu hesab etmək olar.

Fikir verirsinizsə, Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi görüşun nəticələri haqqında daxili auditoriyaya hesablanmış pafoslu bəyanatlardan istifadə etmədi. Çünki buna bizim heç bir ehtiyacımız yoxdu. Bizə pafos yox, konkret nəticə lazımdır. Ancaq görünür ermənilər, xüsusilə Sarkisyan aprel döyüşlərində itirdiyi mövqeyini və nüfuzunu az da olsa bərpa etmək üçün atəşkəsin qorunması və insidentin araşdırılması ilə bağlı müddəaları daha çox qabardır.

Əgər Sarkisyan bununla təskinlik tapırsa, qoy tapsın, biz ona etiraz etmirik”.

(Avropa.info)

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş dilbər guşələrimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər