Əbdüləziz Ali-Şeyxin “şahmat haramdır” fikrinə Şeyx Qamətin münasibəti
2. 629 dəfə baxılıb
Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz bin Abdullah Ali-Şeyx şahmatın İslam dininə zidd olduğunu açıqlayıb və bunu haram oyunlar kateqoriyasına daxil edib. Bu, məsələ Azərbaycanda da müzakirə mövzusuna çevrilib.
“Sələf Xəbər” bildirir ki, “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov mövzu ilə bağlı Modern.az saytına açıqlama verib.
O, Səudiyyə Ərəbistanının baş müftisini dəstəkləyən fikirlər səsləndirib:
“Şahmatın haram hesab edilməsi Səudiyyə Ərəbistanının fikri deyil. Burda əsas məsələ müftiyə qarşı aparılan oyundur. Eyni zamanda, bu siyasi xarakter də daşıya bilər”,- deyə o bildirib.
Hacı Qamətin sözlərinə görə müftinin şahmatla bağlı səsləndirdiyi fikir normaldır.
“Ola bilsin, dövlətin daxilində qızışdırıcı mövqedə dayananlar var ki, bu məsələni ortaya atıb. Bəzi alimlər dəfələrlə bu fikri səsləndiriblər. Fikir ayrılıqları hər zaman olub. Şahmat oyununda bütlər şahmatın ətrafında fırlanır. Bu məsələ dini rəvayətlərdə də öz əksini tapıb.
Bəzi alimlər şahmat oynamağı məhdud adamlara-komandirlərə, döyüş başçılarına döyüş taktikasını öyrənmək üçün icazə verir. Şahmatla müqayisədə seçim baxımından şaşkiyə üstünlük vermək, daha məqsədəuyğundur. Təbii ki, kimsə oynayırsa, bunu ona qadağan etmək olmaz.
Şahmatla məşğul olmaq o dərəcədə deyil ki, Azərbacandakı dindarlar bunun haram olmasını əsas gətirib qadağan olunması üçün səy göstərsinlər. Belə məsələlərin yayılması bəzilərinin dini savadsızlığını ortaya qoyur. Onlara qeyri-adi gəldiyindən bu məsələni gündəmə gətirirlər”.
Sələf Xəbər: Şeyxulislam İbn Teymiyyə (Allah rəhmət etsin) demişdir: “Alimlərin yekdil qərarına əsasən, əgər şahmat insanı həm daxili, həm də zahiri vacib əməllərdən yayındırırsa haramdır. Vacib əməl qismində namazı, özünə, yaxud ailəsinə qayğını, yaxşılığı əmr edib, pislikdən çəkindirməyi, qohumluq əlaqələrini qorumağı, valideynlərə yaxşılıq etməyi… (və s.) misal çəkmək olar. Əgər şahmat bu kimi vacib əməllərdən yayındırırsa, müsəlmanların ittifaqı ilə bu halda şahmat haramdır. O cümlədən əgər şahmatda yalan, yalançı and, aldatma, zülm və sairə hallar olarsa, yenə də müsəlmanların ittifaqı ilə haram olar…” (Məcmu əl-Fətava: 32/218, 240).
İnsanı vacib əməllərdən yayındırmayan şahmat barədə, alimlər ixtilaf ediblər. Əksər alimlər; Əbu Hənifə, Malik, Əhməd və bəzi Şafii məzhəbinin alimləri bu halda da şahmatın haram olmasını deyiblər. Onlar bu oyunun haram ediləsini Qurani-Kərim və Səhabələrin sözləri ilə əsaslandırıblar.
Qurandan olan dəlillər bunlardır: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl-Maidə: 90-91).
Qurtubi (Allah rəhmət etsin) deyir: “Bu ayə nərdi, şahmatı və s. qumar kimi oynamağı haram etmişdir. Çünki uca Allah içkini haram etdikdən sonra, haramlığın səbəbini belə bildirmişdir: “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər.” Azı çoxuna səbəb olan, həvəskar tərəflər arasında düşmənçiyə və nifrətə səbəb olan, Allahın zikrindən və namazdan yayındıran hər bir əyləncə içki içmək kimidir. Həmin əyləncə növü də onun kimi haram edilməlidir.” (əl-Cami Li Əhkam əl-Quran: 6/291).
Zəhəbi (Allah rəhmət etsin) deyir: “Şahmata gəlincə, əksər alimlərə görə bu oyunu oynamaq haramdır. İstər mərclə olsun, istərsə də mərcsiz, fərq etməz. Mərc ilə oynayarsa, qumardır. Mərcsiz olarsa əksər alimlərə görə yenə də qumardır, haramdır… İmam Nəvəvidən (Allah rəhmət etsin) şahmat oynamağın halal, yaxud haram olması haqqında soruşduqda belə demişdir: “Əgər bu oyun səbəbi ilə namazı vaxtından gecikdirsə, yaxud bu oyunu mərc ilə oynasa, haramdır. Əks halda İmam Şafiiyə görə məkruhdur (bəyənilmir), digər alimlərə görə isə haramdır…” (əl-Kəbair: 89-90).