İƏT hansı qlobal proseslərə təsir etmək gücündədir?
1. 299 dəfə baxılıb
Ekspertlərin fikrincə, iqtisadi çətinliklərin aradan qaldırılması, tranzitlərin təmin olunması və texnologiya mübadiləsi baxımından, müsəlman ölkələr arasında əməkdaşılığın gücləndirilməsi bütün tərəflərin marağındadır.
Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının XIII Zirvə toplantısı öz işinə başlayıb. İƏT baş katibi İyad Madani zirvədə açılış nitqi edib. Dünya müsəlmanlarının problemlərinə toxunan İ.Madani Azərbaycan və Dağlıq Qarabağ mövzusundan da danışıb.
İslam ölkələrinin ərazi bütövlüyünün qorunmasının vacibliyini diqqətə çatdıran İyad Madani deyib ki, İƏT-in təsir gücünün və etibarının artırılması üçün üzv ölkələrin məruz qaldığı haqsızlıqların aradan qalxmasına çalışılmalıdır: “Bu çərçivədə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində İƏT-in təmas qrupunun yaradılmasını qərarlaşdırmışıq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, şərqdən qərbə, cənubdan şimala bütün İslam aləmində çətinliklərin aşılması üçün vacib olan birlik, bərabərlik və həmrəylikdir. Ərdoğan bildirib ki, hazırda terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkirlər.
Son illərdə qardaş Türkiyənin beynəlxalq aləmdə artan nüfuzu sayəsində “Böyük İyirmiliyin” üzvü kimi qlobal inkişafa mühüm töhvə verdiyini deyən prezident İlham Əliyev, Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab etdiyini vurğulayıb. Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir.
İƏT-in dünyada və Azərbaycanda rolu nədən ibarətdir? Bu təşkilat beynəlxalq əməkdaşlığa nə kimi töhfələr verə bilər?
Sputnik-ə bununla bağlı açıqlamasında politoloq Tofiq Abbasov deyib ki, bu təşkilat İslam birliyinin dünyaya inteqrasiyasını təmin edir.
“Beynəlxlaq əməkdaşlıq olmasa, inkişaf olmaz və xeyli problemlər yaranar. Digər tərəfdən müsəlman dövlətləri irəlidə gedən ölkələrlə əlaqələr qurur ki, özlərinin inkişaf kriteryalarını müasirləşdirsinlər. Belə deyək, əməkdaşlıq həm üfüqi, həm də şaquli vəziyyətdə olmalıdır. Yəni bir var, müsəlman dövlətlərinin öz aralarında olan əməkdaşlıq, bir də İslam dövlətləri və ümumiyyətlə İslam birliyinin qalan dünya ilə olan əməkdaşlığının genişlənməsi var”, —deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, iqtisadi çətinliklərin aradan qaldırılması, tranzitlərin təmin olunması, texnologiya mübadiləsi bütün tərəflərə xeyir gətirir: “Bir də ki, əsasən yaxın gələcəyi planlaşdırmağa imkanlar yaradır. Azərbaycan özünün coğrafi parametrlərinin kiçik olmasına baxmayaraq İslam birliyində çox fəal rol oynayır”.
Politoloq İlqar Vəlizadə düşünür ki, dünyada 1 milyarddan çox müsəlman yaşayır və bu baxımdan İslam ölkələri arasında əməkdaşlıq vacibdir: “Bu əməkdaşlıq təkcə siyasi məsələləri yox, iqtisadi və hümanitar məsələləri də əhatə edir. Bu ölkələr müəyyən məsələlərdə daha qəti mövqedə dayanmalıdır. Açıq şəkildə öz mesajlarını dünyaya bildirməlidirlər”.
“Belə vəziyyətdə İƏT daxilində olan əməkdaşlıq yer kürəsində gedən prosseslərə müsbət töhfə verə bilər. Eyni zamanda digər dövlətlərin də İslam ölkələri ilə əməkdaşlığına təkan verə bilər”, —deyə siyasi şərhçi qeyd edib.
İslam ölkələrinin terrorizmə qarşı birgə mübarizə aparmasına gəlincə isə, politoloq bildirib ki, hazırkı vəziyyətdə bu, nəinki mümkündür, hətta labüddür.
Qeyd edək ki, Zirvənin sonunda Fələstinlə bağlı qətnamə, İslam Əməkdaşlıq Təşkilatının 2016-2025-ci illər üçün Fəaliyyət planı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edilib.
Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah-Təala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!…” (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)