Sələf Xəbər


İCMAL VƏ RƏY, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD-in QMİ sədri A. Paşazadəni və Qamət Süleymanovu ölümlə hədələməsinə münasibət

İyun 02
17:15 2016

Bir neçə gün öncə İŞİD terror xəvaric qruplaşması QMİ sədri A. Paşazadəni və Qamət Süleymanovu ölümlə hədələyən bəyanat yayımlamışdı.
“Sələf Xəbər” redaksiyası olaraq bu həddini aşmış, azğınlaşmış qruplaşmanın bəyanatına münasibət bildirməyi özümüzə borc bildik.

Uca Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) bəşəriyyətə mərhəmət olaraq elçi göndərmişdir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) pak dini etiqadı, ən dəyərli əxlaq normalarını insanlara çatdırmış, qısa zaman ərzində bütün dünyaya ədalət və yüksək əxlaq sədası salmışdır.
İslamın izzətlənməsindən bədhal olan qüvvələr əsrlər boyu bu dinə ləkə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Sapı özündən olan balta yaxşı kəsər misalına uyğun olaraq, islam ümmətini ləkələmək üçün öz sapından istifadə etmək gərəkirdi.
Hicrətin birinci əsrindən başlayaraq düşmənlər müsəlmanların arasına nifaq salmağa cəhdlər göstəriblər. İstər Fars, istərsə də Roma imperiyası müsəlmanların daxilində parçalanma yaratmaq üçün cəhdlər edirdilər. Bu cəhdlər az da olsa öz nəticəsini verdi. Belə ki, ikinci xəlifə Osman bin Əffanın (Allah ondan razı olsun) vaxtında bir qrup insanı üsyana qaldırmaq mümkün oldu. Nəticədə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) iki qızının əri, mələklərin həya etdiyi, ədalətli, hikmətli və mərhəmətli xəlifə Osman bin Əffan qətlə yetirildi. Allah ondan razı olsun.
İslam ümmətinin ilk böyük fitnəsi məhz bu hadisə oldu. Bu hadisənin iştirakçıları islam tarixində xəvariclər kimi tanınır. Xəvariclər haqqında Peyğəmbərimizdən (ona Allahın salavatı və salamı olsun) də bir çox hədislər rəvayət edilməkdədir.
Xəyanət, mal-dövlət hərisliyi, oxuduğundan faydalanmayan, müsəlmanlara qənim kəsilən və s. bu kimi mənfi vəsflərlə təsvir edilmiş xəvariclər o gündən bu günə qədər qalmaqdadırlar.
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) hədislərinin birində xəvaricləri buynuza bənzətmişdir. “Buynuz” çıxdıqda kəsilir və onların təsiri azalır. Amma tam məhv olmurlar. Bir müddət sonra yeni “buynuz” çıxır və bu yolla davam edir.
Bu əsrdə də belə “buynuzlar” çıxmaqda davam edir. Hər dəfə biri kəsildikdə yerinə başqa “buynuz” çıxır.
Əgər siz bu gün özlərini “İraq Şam İslam Dövləti” (müxtəsər İŞİD) adlandıran dəstəyə baxsanız və onların əməllərini ilk xəvariclərin əməlləri ilə müqayisə etsəniz onların eyni olduğunu görərsiniz.
Əvvəlki xəvariclər düşmən qala-qala müsəlmanları qırırdılar.
İŞİD də düşmənlər qala-qala müsəlmanları qırır.
Əvvəlki xəvariclər sui qəsdlər edirdilər.
İŞİD də sui qəsdlər törədir. Hətta bu sui qəsdlər kütləviliyi ilə “seçilir”.
Əvvəlki xəvariclər özlərindən başqa hər kəsi kafir hesab edirdilər.
İŞİD də özündən başqalarını kafir hesab edir.
Əvvəlki xəvariclər özlərinə müxalif olanları ölümlə hədələyirdilər.
İŞİD də özünə müxalif olanları ölümlə hədələyir.
Qədim və müasir xəvariclər özlərinin tam oxşarlığı ilə hədislərdə deyilən bütün cəzalara layiqdirlər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onları əbəs yerə “Cəhənnəmin Köpəkləri” adlandırmayıb. İt yoldan keçən hər kəsə hürdüyü kimi, onların da hədə-qorxu gəlmədikləri bir müsəlman qalmamışdır.
Son günlər onların QMİ sədri A. Paşazadəni və Qamət Süleymanovu ölümlə hədələməsi onların məhz xəvaric olduqlarından irəli gəlir.
Allaha şükürlər olsun ki, uca Allah onların fəsadlı əməllərinin qarşısını müdrik elm adamları və rəhbərlər vasitəsi ilə alır.
Uca Allahdan diləyirik ki, onların çirkin əməllərini dəf etməkdə müsəlmanlara, ölkəmiz daxilində isə təhlükəsizlik qüvvələrinə yardımçı olsun. Amin!

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

 

Digər xəbərlər