Sələf Xəbər


İCMAL VƏ RƏY, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Siz də övladınızın elita kimi yaşamasını istəyirsiniz?

İyun 27
17:48 2015

“Sələf Xəbər” www.theguardian.com saytına istinadən həyat şəraitimizin pisləşməsinin əsas səbəblərindən biri olan “zəhərli mədəniyyət” barədə məqaləni təqdim edir:

Bəlkə də alternativlər onları görəcək qədər gizli olduğu üçün, biz özümüzü inandırırıq ki, uğur qazananlar məhz dünyanı idarə edənlərdir. Uğurun yalnız dayanmadan nəsə öyrənməklə əldə edildiyinə olan inancımızı sarsıtmaq çətindir.

Hər birimiz bilirik ki, həyat şəraitimiz getdikcə pisləşir. Bir çox gənclərin ev almaq və ya heç olmasa normal şəraitli bir ev kirayə etmək şansları azdır. Rəqəmsal eranın hiylələri sayəsində maraqlı işlər də mənasız və cansıxıcı işlərə çevrilib. Həyatımızı mükəmməlləşdirən və həyatımızın asılı olduğu təbii aləm sürətlə məhv edilir. Hökumət və iqtisadi elita arasında bizə hamilik edəcək insanlar fəlakətin qarşısını almır, əksinə onu daha da sürətləndirir.

Bu nəticələrə səbəb olan siyasi sistem bir inanca söykənir: həyat standartlarımız pisləşsə də və sosial durğunluq bir qaydaya çevrilsə də, səylə çalışdığımız halda hər birimiz elitaya qoşula bilərik. Bəs biz nə üçün çalışırıq? Öz həyatımızdan daha yaxşı, yoxsa daha pis həyat əldə etmək üçün?

Ötən həftə Nyu-Yorkda yerləşən Barclays Global Power and Utilities şirkətinin analitikinin yazdığı məktub internetə sızıb. Məktub yay təcrübəsinə başlayacaq tələbələrə ünvanlanmış və onların özlərini sınayacaqları bu “zəhərli mədəniyyət” barədə qısa məlumatı özündə ehtiva edirdi:

“Sizə güc əldə etməyin 10 ehkamını təqdim etmək istəyirəm…siz 9 həftə ərzində bu ehkamlara əsasən yaşayacaq və öləcəksiniz…nə olursa olsun, hər gün buradan ən son çıxan siz olacaqsınız…məsləhət görərdim ki, ofisə yastıq gətirəsiniz. Belə halda masanızın altında daha rahat yatacaqsınız…təcrübə, masa arxasında 9 həftəlik öhdəliyinizdən ibarətdir…bir təcrübəçimiz ştatlı əməkdaşımızdan həftə sonunu ailəsi ilə keçirmək üçün icazə istəyib – ona icazə verilib. Lakin ondan BlackBerry telefonunu təhvil vermək və masasını yığışdırmaq tələb edilib…oyun vaxtı qurtardı və kəmərləri bağlamaq vaxtıdır”.

Oyun vaxtı qurtardı. Bəs oyun nə vaxt başlamışdı ki? Əgər bu tələbələrin valideynləri ötən ay “Financial Times” qəzetində adı çəkilmiş valideynlərdəndirlərsə, onlar üçün heç vaxt. İndi yeni bir vəzifə dəbdədir: bağçalar üzrə məsləhətçi. İş saatına görə 290 funt sterlinq alan bu insanlar öz müştərilərinin körpələrini elit universitetlərdə təhsilə doğru aparacaq bağçalar tapmalıdırlar.

Söhbət 6 yaşlı oğullarının Kembrici bitirərək Alman Bankında işləyəcəyinə qərar verən və ya 2 yaşlı qızları “həftədə 2 dəfə xüsusi müəllimə ilə məşğul olan” (riyazi məntiqi və savadı yüksək olsun deyə), həmçinin hər həftə akkustika və oxuma məşğələləri, teatr, pianino, fransız dili və üzgüçülük dərslərinə qatılan valideynlərdən bəhs edirdilər. Onlar, həmçinin bu dərslərə Mandarin və İspan dillərini də əlavə etməyi düşünürlər. “Balaca qız o qədər yorulmuş və bezmişdi ki, ağzını açmağa qorxurdu”.

Nyu-Yorkda, kiçik uşaqların ən prestijli məktəblərə qəbul ola bilməsi üçün onlara saatı 450 dollar olmaqla sosial bacarıqları təlim edirlər. Onlara prestijli məktəblərə qəbul şansını azaldan sosial münasibətlərdə olan əksiklikləri ört-basdır etməyi öyrədirlər. Uşaqlıqdan iş məşğuliyyətinə – bu, həyat coşğusunu, sevgini inkar edən bir düşüncə tərzidir. Sevinc və ya məmnuniyyət hissindən yox, ümidsiz və mənasız bir ambisiyadan doğan bir düşüncə tərzi. Çünki bu düşüncə tərzi uşaqlardan aldığı mühüm dəyərləri – uşaqlığı, ailə həyatını, yay həzzini, mənalı və səmərəli işi, uğur hissini, bu anı yaşamaq hissini heç bir vaxt kompensasiya edə bilməz. Bu “zəhərli mədəniyyət” xatirinə iqtisadiyyatın profili dəyişdirilib, sosial müqavilələrə dəyişikliklər edilib, elita vergilərdən azad edilib, nizamnamələr və digər məhdudiyyətlər demokratiya tərəfindən zorla insanların boynuna qoyulub.

Biz, elitanın addımları ilə getməyə məcburuq. Sanki Birləşmiş Krallığın məktəbəqədər müəssisələrindən dəyərləndirmə rejimləri çox zəif imiş kimi, ötən il təhsil müşaviri 4 yaşlılar üçün yeni bir sınaq imtahanı elan edib. Kembricdə yerləşən bir məktəbəqədər müəssisədə belə bir addım atılıb: indi 4 yaşlılar siniflərə müəyyən bacarıqlarına əsasən qəbul edilirlər. Kraliçanın öz nitqində bəyan etdiyi təhsil layihəsi bu məsələni daha da qəlizləşdirəcək. Bu layihə uşaqlara müsbət, yoxsa mənfi təsir göstərəcək?

Kim bilir? Hökumət hər 5 ildən bir uşaqların psixi sağlamlığı ilə bağlı geniş yayılmış məsələləri araşdırmaq üçün sorğu həyata keçirirdi, lakin 2004-cü ildə buna son verildi. Təsəvvür edin ki, 2004-cü ildən bu yana məsələn, uşaq xərçəngi ilə bağlı heç bir statistik göstəricilər yoxdur və uğurlu hökumətlərin bu məsələdən nə dərəcədə qaçmaq istədiyini o zaman başa düşməyə başlayırsan. Uğur qazanmaqla əlaqəli bizə göstərilən təzyiq həyat keyfiyyətini yaxşılaşdırmır, əksinə onu zədələyir, lakin hökumətdəkilər bunu bilmək istəmir.

Lakin əlimizdə ipucları var. İngiltərədə uşaqlar üçün təşkil edilən psixi sağlamlıq çarpayılarının sayı 1999-2014-cü illər arasında 50% artıb, lakin tələb hələ də ödənilməmiş olaraq qalır. Psixi sağlamlıq problemlərindən əziyyət çəkən uşaqlar böyüklər üçün palatalarda qalaqlanır və ya hətta təminat qıtlığından polis kameralarında saxlanılır (özünüzü onların yerinə qoyun və nəticələri təsəvvür edin). Son 10 ildə özünə zərər verməsi səbəbilə xəstəxanaya yerləşdirilən uşaqların sayı 68% artıb.

Son 3 ildə isə qidalanma ilə bağlı problemlərdən əziyyət çəkən uşaqların sayı demək olar ki, ikiqat artıb. Əlimizdə kifayət qədər məlumat olmadan, bunlara nəyin səbəb olduğunu üzə çıxarmaq mümkün deyil, lakin qeyd etmək yerinə düşər ki, YoungMinds xeyriyyə təşkilatından əldə edilən məlumata əsasən, imtahanqabağı stresslə əlaqəli məsləhətçilərə müraciət edən tələbələrin sayı üçqat artıb.

Uşaqların rifahının ölçülməsi məqsədi ilə keçirilən beynəlxalq sorğu nəticəsində məlum olub ki, uşaqlara bu cür təzyiqin, xüsusilə, böyük olduğu Birləşmiş Krallıq uşaqların həyat rifahının təminatına görə sorğu keçirilən 15 ölkə arasında 13-cü olub. “Məktəbə getməyi sevirəm” deyənlərin sayına görə 13-cü, uşaqların öz bədən quruluşlarından məmnunluğuna görə 14-cü və özünəinam hissinə görə 15-ci olub. Deməli, bütün bu təzyiqlər, bu qaçhaqaç və uğur qazanmaq iddiaları işə yaramayıb, elə deyilmi?

Özünüinkişafa gələndə, rəqiblərimizə qalib gəlmək və insanlığın ümumi maraqlarına qarşı çıxmaq üçün biz istirahətimizi, əyləncəmizi və həyat yoldaşlarımız və uşaqlarımızla keçirdiyimiz vaxtı qurban verməyə təşviq edilirik. Bəs sonra? Sonra bizə məlum olur ki, qazandıqlarımız heç dəyişməyib və vəziyyət elə əvvəl necə idisə, indi də elədir.

1653-cü ildə Ayzek Valton “Bitkin balıqçı” əsərində “bütün vaxtını nəsə əldə etməyə və daha sonra narahatlıq içində əldə etdiklərini əldə saxlamağa həsr edən, özünü zəngin olmağa məhkum etmiş və daim məşğul və ya narazı olan yoxsul-zəngin insanların taleyini təsvir edir. Bu gün, onların taleyi “uğurlu” hesab edilir.
Ev tapşırıqlarını yerinə yetir, imtahanlarını ver, 20 saatını gün işığından məhrum şəkildə keçir və sən də elita kimi yaşayacaqsan. Ağlı yerində olan hansı insan bunu istəyər ki?!

Sələf Xəbər: Uca Allah buyurur: “Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”. (Qurani-Kərim, “Hədid” surəsi, 20-ci ayə)

Digər xəbərlər