Kəbə imamından xəvariclərə qarşı sərt çıxış!
3. 139 dəfə baxılıb
“SələfXəbər.az” redaksiyası sizə Kəbə Məscidinin imamlarından biri olan Saleh əl-Talib-in Ramazan ayında terrorçu-xəvariclərə qarşı söylədiyi cümə xütbəsindən bir hissəsini təqdim edir.
Əziz müsəlmanlar, 1433 il bundan əvvəl, elə Ramazanın bu günlərində, Bədr döyüşü baş vermişdir. Allah bu günü “Yaum-əl-Furqan” – haqq və batilin bir-birindən seçildiyi gün adlandırmışdır. Bu döyüş İslamın ilk döyüşüdür. Bu döyüşün ardınca, yenicə inkişaf edən müsəlman dövlətinə qarşı çıxan çoxsaylı düşmənlərin hücum etməsi ilə digər döyüşlər baş vermişdir.
Elə o uzaq günlərdə, müharibə və döyüşçülər barədə əvvəllər heç bir xalqın nəzəriyyələri arasında yer almamış insanpərvər qaydalar təkmilləşdi; sərtliyi mərhəmətlə birləşdirən müsəlmanlar, tarixin ən mərhəmətli döyüşçüləri olduqları imicini formalaşdırdılar.
Döyüş, yalnız silahlı düşmənə qarşı aparılır və bərqərar olduqdan sonra atılan ilk addım, insanların təhlükəsizliyi təmin etmək, məruz qaldıqları sıxıntını aradan qaldırmaq və onları zorla İslamı qəbul elətdirməmək idi. Cihada qoşulan əsgərlərə göstəriş verdikdə, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) və ardıcılları onlara, “Döyüşün qənimətlərini oğurlamayın, xəyanət (hiylə) etməyin, meyitləri eybəcər hala salmayın və heç bir uşağı öldürməyin. Döyüşdə düşmənə rast gəldikdə, onlara 3 seçim verin və əgər birini seçsələr, qəbul edin və onlarla döyüşməyin”. Bu hədis Səhih Müslimdə keçir.
Onların əsgərlərə verdiyi göstərişlərə aşağıdakılar da daxil idi: “qənimətləri oğurlamayın, xəyanət etməyin, döyüşdə iştirak etməyən uşaqları, qadınları, qocaları, ibadət yerlərinə sığınanları öldürməyin, abidlərə zərər verməyin; xurma ağaclarını kəsməyin və ya yandırmayın və kəndlilərə zərər vurmayın”.
Unutmayın ki, bu qaydalar, müharibəni başlatmış qeyri-müsəlmanlara qarşı silahlı döyüş zamanı qoyulmuşdu. Ən əsası, döyüş əsnasında kəlimeyi-şəhadəti deyən istənilən insanla döyüşməmək vacib edilmişdi.
İki səhih hədis toplusunda (Buxari və Muslim), Usamə ibn Zeyd barədə rəvayət olunan məşhur hədisdəki kimi: Usamə, öz hərəkətinə haqq qazandırmaq üçün bildirir ki, onun öldürdüyü şəxs sadəcə həyatını xilas etmək üçün kəliməyi-şəhadəti dilinə gətirib. Bunu eşidən Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) isə ona dedi: “Məgər sən onun qəlbini yarmışdın ki, onun bu kəlməni qorxudan dediyini biləsən?!”
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu sözləri bir neçə dəfə təkrarən demişdir: “O, Lə İləhə İlləllah” dedikdən sonra sən onu necə öldürdün?!”
Ey oruc tutmuş əziz müsəlmanlar! Ramazan ayı fəthlər, gözəl xatirələr və zəfərlər ayıdır! Bədr döyüşü, Məkkənin fəthi və Ramazan ayında baş vermiş digər hadisələr, İslama şan-şöhrət, insanlara sülh və əmin-amanlıq gətirmiş və sivilizasiyaların yaranmasına səbəb olmuşdur.
Bədr döyüşü barədə xatirələr və ilk müsəlmanların müharibə zamanı nəcib davranışları fikrimizdən keçdikcə yadımıza düşür ki, indiki dövrdə ən çox silaha sarılan, ruhlarını fəda verən müsəlmanlar olsa da, onlar, bir çox hallarda bir-birinə qarşı vuruşurlar. Bəzən oruclu (xəvaric) digər oruclunu öldürür, namaz qılan (xəvaric) digər namaz qılanı qanına qəltan edir.
Ən təəccüblüsü də odur ki, bunlar (xəvariclər) müsəlmanlara qarşı silah qaldırdıqları vaxt, bir çox müsəlman torpaqları vardır ki, oralar işğal altındadır. Onlar elə düşünür ki, əsas müsəlman torpaqlarını düşmənlərdən azad etmək yox, digər müsəlmanların torpağını əlindən almaqdır.
Xəvariclər üçün insan qətli artıq bir əyləncədir. Məzəmmət edilməsi mümkün olmayan bir səbəbə görə belə adamları qətl edirlər. Onların (xəvariclərin) azğınlığı o dərəcəyə çatıb ki, müsəlman qadınların namus və ləyaqətini ləkələmək cinayətini törətmək üçün onları əsir götürməyi özlərinə halal ediblər. Bütün bunlar Allah və onun dini adından edilir.
Bu insanlar İslama, İslam düşmənlərinin vura bilmədiyi qədər zərər vurublar.
Onlar adları tarixə yazılmış vəhşi orduların törətdiyi vəhşiliklərdən daha dəhşətli cinayətlər törədirlər. Onlar, sadəcə, qəlbləri İslamın ehkamlarından, insanlıqdan məhrum qalmış bir cahil yığınıdır. Onlar, düşmənin casus və kəşfiyyatçı orqanlarının qurbanına çevriliblər, və elmdə olan boşluqları və ağılda olan qüsurları səbəbilə asanlıqla idarə oluna bilən hədəfə çevriliblər. Düşmənlər, insanlardan olan bəzi şeytanları bu insanların üzərinə alim kimi rəhbər təyin ediblər ki, cəhalətləri səbəbilə onlara şeytani fətvalar verərək, qəsdən yoldanazdırsınlar.
Bu xəvariclər, elmi olmayan və İslama xeyri dəyməyən gənc, sadəlövh insanlardır. Onlar, axtarışında olduqları haqq-ədaləti və layiq olduqları həyatı əldə etdiklərini düşünərək, məzlumların gələcəyini məhv edirlər. Onlar, müsəlman ölkələrinin bölünməsi və sakinlərinin didərgin salınması və qovulması üçün imkan yaradırlar. Onlar, haqq-ədalət naminə günahsız insanların qanına dəhşətli şəkildə bais olurlar; heç bir qanuni əsas olmadan başqalarının mülkünü ələ keçirirlər; ən uğursuz bəhanələrlə başqalarının ləyaqətini alçaldırlar.
Bütün bunlar, onları Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) “yaradılmışların ən şərlisi” ifadəsinə layiq olduqlarını göstərir. Səhih Müslimdə keçən hədisdə, Əbu Zərr rəvayət edir ki, Allah Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: “Məndən sonra ümmətimdən Qurani-Kərimi oxuyan, amma boğazlarından aşağı enməyən insanlar olacaq. Oxun yaydan çıxdığı kimi, İslam dinindən çıxacaqlar və geri, dinə qayıtmayacaqlar. Onlar yaradılmışların ən şərliləridir” (Müslim, 1067).
İbn Macədən rəvayət olunan bir hədisdə, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) xəvaricləri “cəhənnəm köpəkləri” adlandırmışdır. Səhih Müslimdə, Əbu Hureyrədən rəvayət olunur ki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: “Kim itaətdən çıxıb, camaatdan ayrılarsa cahiliyyət ölümü ilə ölər. Kim başçısı bilinməyən bir bayraq altında döyüşər, öz dəstəsinə görə qəzəblənər, yaxud dəstəsinə dəvət edər və ya dəstəsinin müdafiəsində dayanarsa onun ölümü cahiliyyət ölümü kimi olar. Kim ümmətimə qarşı çıxıb onların yaxşısını və günahkarını öldürərsə, möminlərə görə ehtiyat etməzsə, əhd bağlayanın əhdini vəfa etməzsə, o məndən, mən isə ondan deyiləm”.
Hər iki Səhih hədislər toplusunda rəvayət olunan hədisdə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “Onlar müsəlmanları öldürəcək, müşrikləri isə tərk edəcəklər. Əgər mən onların zamanına çatmış olsaydım, Ad qövmünün öldürüldüyü kimi onları da öldürərdim”.
Hal-hazırda fitnə olan yerlərdə vuruşan qruplaşmaların və dəstələrin bu hədislərdə vəsf olunan sifətlərin əksəriyyəti vardır. Onlar Allah yolunda vuruşan müsəlmanlara və əsl cihada böyük zərər vurur; müsəlman ölkələrində bir çox gənclər onlar tərəfindən aldadılıb və onların sıralarına qoşulub. Onlar cərgələrinə qoşulmuşların düşüncələrinə təsir edərək onları düzgün yoldan sapdırır.
Onlar (xəvariclər), dəstələrinə qoşulan bir çox müsəlman gənclərini inandıra biliblər ki, vuruşmağa gəldikləri ölkələr kafir torpaqlarıdır və onların öz ailələri də onlara qarşı düşməndirlər. Anaları, bacıları və qadın qohumları isə müharibə əsirləri olmağa layiq kənizlərdir. Onlar belə mülahizə yayır ki, guya dünyada, onların üsyançı dəstələrinin xilafət qurmaq adı altında ələ keçirdikləri torpaqlar istisna olmaqla, islam ölkəsi mövcud deyil. Dəstələrinin rəhbərinə beyət edənlərdən başqa da müsəlman yoxdur.
Bu acınacaqlı vəziyyət tələb edir ki, müsəlmanları təhlükədən qorumaq üçün, alimlər və hökumət, reallıqları şərh etsin, həqiqətləri açıqlasın və düşmənlərin aldadıcı taktikalarını və düşmən kəşfiyyatçı və casuslarının məkrli niyyətlərini ifşa etsin. O insanların (xəvariclərin) müsəlmanları öldürməkdən başqa məqsədi və müsəlman ölkələrini məhv etməkdən başqa istəyi yoxdur.