Şeyx Fövzan: “Alimlərə etibar itərsə…”
4. 272 dəfə baxılıb
Əsrin hörmətli alimi Şeyx Saleh ibn əl-Fövzanın (Allah onu qorusun) qiymətli dərsini sizə təqdim edirik. O demişdir:
“Həmd olsun Allaha, salavat və salam olsun Onun rəsuluna. Siz bu iki ayəni oxuyursunuz. Onlar Allah-Təalanın bu sözləridir:
“(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən sizi lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik”. (ət-Tövbə 65-66)
Bilirsiniz, bu ayələr kim barədə nazil olmuşdur? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) və onun səhabələrini lağa qoyanlar barədə nazil olmuşdur. Onları istehza edib alçaldaraq dedilər: “Bizim bu qarilərimizdən … yalan danışan və döyüşdə qorxaq görməmişik”. Onlar bu sözlərlə Allahın rəsulunu (Allahın ona salavat və salamı olsun) və səhabələrini qəsd edirdilər. Allah-Təala da bu iki ayəni nazil etdi. Gələrək Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) üzr istəyib dedilər ki, onlar dediklərini qəsd etməmişdilər. Yalnız zarafat və səfəri yüngülləşdirmək üçün belə etdilər.
Necə ki, Allah-Təala onlardan xəbər verərək buyurur: “Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər …”
Allah-Təala da onlara bu ayəsi ilə cavab vermişdir: “De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!””
Həmçinin demişdir: “Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar”. (əl-Mutaffifin 30-31-32)
Digər bir ayədə buyurmuşdur: “Qeybət edib tənə vuran hər kəsin vay halına!” (əl-Huməzə 2)
Nəticə budur ki, müsəlmanın müsəlman qardaşı üzərində haqqı və Allah qatında isə hörməti vardır. Ona görə də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Həqiqətən də qanlarınız, mallarınız, şərəfiniz bu gününüzün bu ayınızda və bu şəhərinizdə haram olması kimi bir-birinizə haramdır. Bilin ki çatdırdım! Allahım şahid ol!” (Buxari və Müslim rəvayət etmişdirlər)
Bütün bunlarda məqsəd odur ki, müsəlmanların bir camaat, bir qayıdış yeri və bir idarəçiliyi olması vacibdir. Necə ki, onlar bir əqidə üzərində cəm olmuşdurlar. O əqidə ki, heç bir şəriki olmayan tək Allaha ibadət etməkdir. Budur müsəlmanların camaatı. Onların arasında xələl, nifrət, küsmək yayılar, yaxud münafiqlər tapılarsa, iş olduqca təhlükəli olar. Xüsusən də, biz bu zamanımızda alimlərin şərəfinə dil uzadaraq onları anlayışsızlıqda, cahillikdə işləri dərk etməməkdə onların dedikləri kimi real durumun fiqhini bilməməkdə ittiham edənlərə rast gəlirik.
Bu çox təhlükəli məsələdir. Müsəlmanların alimlərinə etibarı itərsə, İslam ümmətini kim yönləndirəcəkdir?! Fətva və əhkamlarda kimə üz tutulacaqdır?! Zənnimcə, bu bizə düşmənlərimizdən daxil olmuşdur. Məsələləri dərk etməyənlərin bir çoxları da buna aldanmışdırlar. Yaxud da o kəslər ki, onlarda savadsızlıq üzərində qurulmuş kəskin qeyrət və coşqunluq vardır və bununla da etdiklərini qeyrət və müsəlmanlara hərislik üslubu kimi anlamışdırlar. Lakin məsələ belə olmur.
Ümmətdə ən izzətli məfhum alimlərdir. Onları alçaltmamız, cahillikdə, anlayışsızlıqda, yaltaqlıqda ittiham etməmiz və ya sultan (hakimiyyət) alimləri adlandırmamız icazəli deyildir. Ey Allahın qulları, bu çox təhlükəli məsələdir. Bunun üçün Allahdan qorxaq və o fikirlərdən çəkinək. Mən demirəm ki, alimlər məsumdurlar xəta etmirlər. Məsumluq Allaha və Onun Rəsuluna (Allahın ona salavat və salamı olsun) aiddir. Alimlər xəta edirlər. Lakin onların pisliyini camaat içində danışaraq məclislərdə söhbət açmaq, ola bilsin ki, minbərlərdə və dərslərdə yaymaq bunun əlacı sayılmır. Bu qəti olaraq icazəli deyildir.
Hətta, alimdən səhv və xəta aşkarlanarsa, onun əlacı bu yolla deyil, digər yollarla həyata keçirilməlidir. Allah-Təala buyurmuşdur: “Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. Allah bilir, siz bilməzsiniz!” (ən-Nur 19)
Allahdan afiyət və salamatlıq diləyirik. Bizə vacib olanı bu məsələdə diqqətli olmamız və bir-birimizə, xüsusən də, alimlərə hörmət etməmizdir. Həqiqətən də alimlər onlarda olanlara (səhvlərə) baxmayaraq, Peyğəmbərlərin varisləridirlər.
Alimlərin yoxluğunun əks təsiri və ondan doğan nəticələr
Bilirsinizmi alimlərin yoxluğunun əks təsiri və ondan doğan nəticələr nədir? Səhih hədisdə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) belə dediyi rəvayət olunur: “Sizdən əvvəlki ümmətlərdən bir kişi doxsan doqquz adam öldürdü. Ona tövbə etməyin mümkün olması barədə fətva verən axtarırdı. Bu sualın cavabını yalnız alim verməyə qadirdir . Ona ibadətdə, Allahdan qorxmaqda, zahidlikdə çalışqan, lakin elmsizin birini göstərdilər. O da işi böyük görərək dedi ki, “sənə tövbə yoxdur”. Həmin adam onu da öldürərək yüzü tamamladı. Sonra alim barədə soruşdu və ona bir alimi göstərdilər. Alim ona dedi: “Bəli! Kim səninlə tövbən arasına girə bilər?! Lakin sənin torpağın pis yerdir. Sən filan yerə get. Orada Allaha ibadət edən insanlar vardır. Onlarla birgə Allaha ibadət elə və öz torpağına qayıtma”. Kişi tövbə edib hicrət üçün yaxşı yerə tərəf yönəlib gedərkən yolun yarısına çatmışdı ki, ölüm onu haqladı. Ona görə rəhmət və əzab mələkləri öz aralarında mübahisə etməli oldular… Allah-Təala onların aralarında hökm verməsi üçün yanlarına insan qiyafəsində bir mələk nazil etdi. O dedi: “Bu iki məsafəni (gəldiyi yerdən bura və buradan gedəcəyi yerə qədər) ölçün, hansına yaxın olarsa, ora da aiddir. Ölçdükdə onun gedəcəyi yerə yaxın olduğunu gördülər və onun ruhunu rəhmət mələkləri alıb apardılar”. Digər rəvayətdə deyilir ki, o adama ölüm gələndə ayaqları ilə yeriyə bilmədiyi üçün sinəsi ilə (həmin tərəfə doğru) sürünmüşdür”. (Müslim rəvayət etmişdir).
Belə etməsi onun tövbədə hərisliyinə və sadiqliyinə görə idi. Bu da alimin və onun elmə əsaslanan düzgün fətvası səbəbi ilə idi. Görürsünüzmü? Əgər o cahil abidin fətvası üzərində qalardısa, insanları öldürməkdə davam edərdi. Ola bilsin ki, səhv fətvaya görə tövbəsiz də ölə bilərdi. Həmçinin, Nuh (Allahın ona salamı olsun) qövmü şəkillər çəkərək məclislərdə asdıqları zaman alimlərin olduğuna görə o şəkillərə ibadət olunmurdu. Çünki alimlər Allahdan qeyrisinə ibadət etməkdən çəkindirirdilər.
O vaxt ki, alimlər vəfat etdi və elm yoxa çıxdı şeytan gələrək cahilləri əlinə aldı və dedi: “Ata-babalarınız bu şəkilləri onlar vasitəsi ilə yağış yağdırmaq və onlara ibadət etmək üçün asardılar”. Onlar da o rəsmlərə ibadət etdilər və şirk yer üzündə baş alıb getdi. Bütün bunların hamısı elmin getməsi və alimlərin vəfatı səbəbi ilə baş vermişdi.
Səhih hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Həqiqətən, Allah-Təala bu elmi insanlardan çəkib götürməz. Lakin elmi alimlərin ölümü ilə çəkib götürər. Alim olmayanda isə insanlar özlərinə cahil başçılar seçərlər. Onlardan soruşarlar və cavabında isə elmsiz fətva verərlər. Azarlar və digərlərini də azdırarlar”. (Buxari və Müslim)
Görürsünüzmü, bu ümmət alimlərini itirən zaman halı necə olur?! O kəslər ki, alimlərlə istehza edirlər onlar ümmətin alimlərini itirmək istəyirlər. Hətta, o alimlər yer üzündə olsalar belə. Əgər etibar onlardan uzaqlaşdırılarsa, artıq itirilmişdir… Güc də qüvvət də yalnız Allahdandır.
Savad almışların və coşqun xütbə verənlərin olması ümmətin alimlərinin əvəzini vermir. Artıq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəbər verərək demişdir: “Son zamanda oxuyanlar çoxalar, fəqihlər isə azalar” (Hakim, Heysəmi və digərləri rəvayət etmişdirlər)
Bunlar oxuyanlardır fəqih deyildirlər. Alim sözünü bunlara şamil etmək düzgün deyildir. Keçərli sayılan əsas həqiqətlərlədir ləqəblərlə deyildir. Bir çoxları vardır ki, danışmağı bacarır və avamları özünə çəkir, lakin fəqih deyildir. Bunları üzə çıxaran odur ki, fəlakət baş verərkən şəri hökmü bilməyə ehtiyac olan zaman xütbə verənlərin və emosionalların anlayışları ziddiyyətlər təşkil edir və bu zaman alimlərin rolu gəlmiş olur. Gəlin, diqqətli olaq və alimlərimizin haqlarını yerinə yetirək. Onların qədir-qiymətini və fəzilətini bilək. Hər bir kəsə özünə layiq olan qədrinə görə qiymət verək. Bu qədər…
Allahdan istəyirəm ki, haqqı bizə haqq olaraq göstərsin və bizi ona tabe olmağı nəsib etsin. Batili də bizə batil olaraq göstərsin və bizi ondan uzaq durmağı nəsib etsin. Batili bizə qaranlıq etməsin ki, azmayaq. Doğruya müvəffəq edən Allahdır. Peyğəmbərimiz Məhəmmədə, onun əhli beytinə və səhabəsinə Allahın salavat və salamı olsun”.
Mənbə: www.sahab.net