Şeyx ibn Bəzz: “Nümayişlər fitnə və şərə vasitədir” – VİDEO
1. 964 dəfə baxılıb
“Sələf Xəbər” www.youtube.com istinadən Şeyx Abduləziz ibn Bəzzin nümayişlər və etiraz aksiyaları barədə rəyini təqdim edir.
Şeyx Abduləziz ibn Bəzz (bəzz- şahin quşu deməkdir) hicri ilə 1335 (1917)-ci ildə ər-Riyad şəhərində anadan olmuşdur. 11 yaşında olarkən gözləri zəifləmiş, 20 yaşında isə tamamilə tutulmuşdur. Həddi-büluğa çatmamışdan qabaq Qurani-Kərimi əzbərləmiş, ər-Riyad alimlərinin yanında elm tələb etməyə başlamış və həyatının sonuna qədər bu yolda davam etmişdir.
Şəriət elmində və ərəb dilində dərin biliyə malik olduqdan sonra 1357-ci ildə qazilik vəzifəsinə təyin olunmuşdur. Yüksək vəzifələrdə çalışmağına baxmayaraq, gecə-gündüz müxtəlif elmlərdə araşdırmalar aparmaq və onları tədris etməklə məşğul idi. Xüsusi ilə hədis və onun elmi ilə dərin biliyə yiyələnmiş və hətta, hədislərə zəif və səhih hökmünü verməyə qadir olmuşdur. Bu da elmin elə bir dərəcəsidir ki, bu əsrdə çox az alimin ona yiyələnməsi mümkün idi.
Təlif etdiyi kitablarında və verdiyi dərslərində həmişə güclü dəlilə söykənən fətvaları bunun bariz nümunəsidir. Şeyx Məhəmməd ibn Abdullətif əl-Şeyx, Şeyx Saleh ibn Abdul Aziz əl-Şeyx, Şeyx Sad ibn Həməd ibn Atiq, Şeyx Həməd ibn Fəris, Məkkə alimi olan Şeyx Sad ibn Vaqqas əl-Buxari kimi bir çox alimlərdən dərs almış və Səudiyyə Ərəbistanının muftisi olan Şeyx Məhəmməd ibn İbrahim əl-Şeyxin dərslərində 10 ildən çox davamiyyətlə iştirak edərək bütün İslami elmləri ondan götürmüşdür.
Ər-Riyad şəhərində bir neçə universitetlərdə dərs dedikdən sonra Mədinə şəhərinə gələrək Beynəlxalq Mədinə İslam Universitetinin rektor müavini və sonra isə 1390-cı ildən 1395-ci ilə qədər həmin universitetin rektoru vəzifəsində çalışmışdır. Həmin illər ərəfəsində Peyğəmbər məscidində dərs demiş və bir çox elm tələbələrini faydalandırmışdır.
O, həmçinin, Elmi Araşdırmalar, Fətvalar, Dəvət və İrşad İdarəsinin, Böyük Alimlər Məclisinin, Dünya Məscidləri Ali Məclisinin, İslam Fiqhi Kompleksinin rəisi və İslam Dünyası Birliyinin təsisçi üzvü və rəisi, Beynəlxalq Mədinə İslam Universitetinin Ali Məclisinin üzvü vəzifələrində çalışmış və həmçinin, Səudiyyə Ərəbistanının baş muftisi təyin olunmuşdur.
O, dərin elmi, yüksək hafizəsi, hədsiz səxavəti, sonsuz səbri, təvazökarlığı, zahidliyi, sünnəyə əməl etməkdə hərisliyi, təbəssümü,mülayimliliyi, yaşlanmasına baxmayaraq, dözümlülüyü və taqəti, çoxlu dua etməsi və ibadəti, müvafiq və müxaliflərinə qarşı adilliyi, uzaq görənliyi, az danışıb çox susması, qohumlarla gözəl əlaqəsi, Quran oxunarkən və ya ibrətli hadisə eşidərkən ağlaması, pisliyə yaxşılıqla cavab verməsi ilə tanınmışdır.
Şeyx İbn Bəzz 1420 (1999)- ci ildə dünyadan köçmüşdür. Allah-Təala ona rəhmət etsin.
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Kişilər və ya qadınlar tərəfindən rəhbərlərə və hökumətlərə qarşı təşkil olunmuş və həyata keçirilən siyasi nümayişlər insanları islah etməyin qanuni yolları hesab edilirmi? Və əgər kimsə bu cür aksiyalar zamanı həlak olursa, o şəhid hesab olunurmu?
Cavab: Mən inanmıram ki, nə kişilərin, nə də qadınların (liderlərə təsir etmək üçün) keçirdiyi siyasi nümayişlər çıxış yoludur. Əksinə, onları daha çox fəlakətlərə və şərə səbəb olan yollar hesab edirəm. Onlar insanların zülmə məruz qalmasına və onların hüquqlarının pozulmasına səbəb olur.
Lakin, islamla qanuniləşdirilmiş yollar məktub yazmaq, səmimi nəsihət və təhlükəsiz vasitələrlə – elm əhlinin, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin və əməlisaleh sələflərin əl atdığı vasitələrlə xeyrə dəvətdir. Bəzi qanuni yollar (liderlərə və rəhbərlərə) məktub yazmaq, onlarla şəxsi söhbət aparmaq, zəng vurmaq və ya nəsihət etməkdir.
Heç kim minbərlərdən və digər yerlərdə onlara ictimai şəkildə dil uzatmamalı, “onlar belə elədi, elə elədi və bütün bu pisliklərin səbəbi onlardır” deməməlidir. Kömək edən yalnız Allahdır.