Okyabr ayı üçün SUAL-CAVAB
1. 510 dəfə baxılıb
Bismilləhir Rahmənir Rahim
Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Oktyabr ayı üçün sualların cavablarını sizə təqdim edir.
Sizi maraqlandıran sualları bizə ünvanlayın.
SUAL – 006
Sual: Salam. Emmari zalim qovm qetl edecek, sehih Buxari yazir. Bes Muavie zalimdir niye inanmirsiz buna? Hedis kifayet etmir?
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Hədisdə zalım demir, həddini aşmış deyilir.
Əhli sünnənin səhabələr arasında baş vermiş ixtilaflara münasibəti olduqca ədalətli və insaflı mövqedir. Biz heç kəsə sevgi göstərməkdə ifrata varmalı deyilir. Çünki birtərəfli baxış insanı haqsızlıq etməyə sövq edir. Uca Allah buyurur: “Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (əl-Maidə: 8).Bizim kiməsə qarşı kinimiz, yaxud sevgimiz haqsızlıq etməyə əsas verməməlidir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ammar bin Yasir (Allah ondan razı olsun) haqqında demişdir: “Onu həddini aşmış tayfa öldürəcəkdir”. Həmçinin, xəvariclər haqda belə demişdi: “Onlar insanların parçalandığı zamanda meydana çıxacaq. Haqqa daha yaxın olan iki tayfadan biri onlara qarşı döyüşəcəkdir”. Bu iki hədis açıq-aşkar göstərir ki, Əli (Allah ondan razı olsun) haqqa daha yaxın idi. Hədislərin birində “Haqqa daha yaxın olan iki tayfadan biri…”, digər rəvayətdə isə “Haqqa daha layiq olan iki tayfadan biri…” – deyilir. Bu hədislərə əsasən deyə bilərik ki, Əli (Allah ondan razı olsun) Cəməl və Siffin döyüşlərində iştirak edənlərdən haqqa daha yaxın idi. Lakin bununla belə, Əli haqqa tam nail ola bilməmişdi. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisdə “haqqa daha yaxın olan” sözlərini işlədir. Haqqa yaxın olmaq tam haqq üzərində olmaq demək deyil.Bu sözlər Əlinin (Allah ondan razı olsun) təhqir edilməsi üçün deyil, bu mübahisələrə qarışmayan səhabələrin tam haqq üzərində olduqlarını bəyan etmək üçün deyilir. Əlinin (Allah ondan razı olsun) döyüşü dayandırması onun üçün ən salamat yol idi. Ona görə Əli (Allah ondan razı olsun) Cəməl döyüşündə qarşı tərəfdən öldürülmüş Talhanı (Allah ondan razı olsun) ölmüş vəziyyətdə gördükdə heyfisləndi və dedi: “Kaş ki, iyirmi il bundan əvvəl ölər, amma bunu görməzdim”. (O, bu hadisəni görməmək üçün belə deyirdi.)
Həsən ibn Əli (Allah ondan razı olsun) Siffin döyüşündən sonra gəlib baş verənlər haqda Əli (Allah ondan razı olsun) ilə danışdıqda Əli (Allah ondan razı olsun) dedi: “Allaha and olsun, mən işin bu yerə çatacağını düşünmürdüm”. Bütün səhabələr bu döyüşlərdə iştirak etdikləri üçün peşmançılıq çəkirdilər. Ona görə də Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Həsəni (Allah ondan razı olsun) tərifləyərək demişdi: “Mənim bu oğlum alicənabdır. Allah onun əli ilə iki müsəlman dəstəni sülhə bağlayacaqdır”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz nəvəsini sülh yaradacağı üçün tərifləmişdir. Ancaq göründüyü kimi, Əli (Allah ondan razı olsun) həmin döyüşlərdə iştirak etdiyi üçün Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onun haqqında belə bir tərif deməmişdir. Daha doğrusunu Allah bilir.
SUAL – 007
Sual: Salam aleykum. Sualim beledir: Eger iw yerim tehlukelidirse ve tehlukeye sebeb saqqaldirsa (zeherli qazlara gore maska taxilmalidir ve bu maskalar saqqali olanlar ucucn nezerde tutulmayib) ve rehberlik deyirse saqqalini qirxmalisan. Mene meslehet verin men iwden cixmaliyam? Allah sizden razi olsun. Salam aleykum.
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Əgər sizing başqa işlə məşğul olmaq imkanınız varsa, o işlə məşğul olmağınız daha yaxşı olar. Əgər başqa işiniz yoxdursa siz zərurətdə olduğunuz halda bunu edə bilərsiniz.
Daha doğrusunu Allah bilir.
SUAL – 008
Sual: Salam aleykum. Ashagidaki cavabiniza gore size tewekkur edirem. Allah size dunya ve axiret seadeti versin!
Sual: Salam aleykum. Sualim beledirki eger qardawima borc veriremse mutleqdirmiki shahidlerin iwtiraki ile borc yazilsin? Allah sizden razi olsun!!!
Cavab: Va aleykumus salam!
Borc verərkən onu yazmaq əvvəlcə Quran ayəsi ilə vacib edilmiş, daha sonra isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisi ilə nəsx edilərək müstəhəb hesab edilmişdir.
Ona görə də siz borc verərkən onu yazmaq məcburiyyətində deyilsiniz.
Amma yazsanız daha yaxşı olar.
Daha doğrusunu Allah bilir.Bir xahishim var qardash!!!
Hansi hedisle nesx edildiyini yaza bilersizmi?
Qabaqcadan teshekkur edirem.
Salam aleykum.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Borc ayəsinin hökmünün nəsx edilməsi əl-Bəqərə surəsinin 283-cü ayəsində “Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun!” – bu sözlərlə deyilmişdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) həyatında isə tətbiqi baxımdan səhabələrin borc alıb-verməsi zamanı yazmaq tələb edilmirdi. Bu əsaslarla əksər alimlər borcun yazılmasının müstəhəb olmasını deyiblər. Daha doğrusunu Allah bilir.
SUAL – 009
Sual: Əssələmu aləykum. Birisi ilə şirkin növlərindən söhbət edirdim, növbə Allahdan qeyrisinə and içməyə gələndə o mənə dedi ki, səhih muslimdə belə hədis var ki, birisi Peyğəmbər(sas)in yanına gəlib ən əfzəl sədəqə haqqında sual verdi Peyğəmbər (sas) ona cavab verəndə onun atasının canına and içdi. Bunun izahı nədir?
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Səhih hədislər sübut edir ki, kimliyindən asılı olmayaraq Allahdan başqasına and içmək qadağan edilmişdir.
Bu haqda qadağan edən hədislər çoxdur lakin sizə nümunə olaraq bir neçəsini yazacayıq. Buxari və Muslimin “əs-Səhih” əsərində Ömər bin əl-Xəttab (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Allah sizə atalarınıza and içməyi qadağan edir. Kim and içirsə, Allaha and içsin, ya da sussun!” Tirmizi İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) səhih sənədlə rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim Allahdan başqasına and içərsə, küfr, yaxud şirk etmiş olar.” Bu və digər rəvayətlər Allahdan başqasına and içməyin qadağan olmasını sübut edir.O ki, qaldı sizing qeyd etdiyini rəvayətə həmin rəvayət Allahdan başqasına and içməyi qadağan edən hədislərə müxalif olduğu üçün hədis elminin qaydalarına görə “şaz”, yəni keçərsiz rəvayət hesab edilir.
Həmçinin ehtimal olunur ki, bu hadisə Allahdan başqasına and içmək qadağan edilməmiş baş vermişdir.
Hər halda bu hədis çoxsaylı səhih hədislərə müxalif olduğu üçün qaydalara əsasən həmin söz etibarsız hesab edilir.
Nəsai səhih sənədlə rəvayət edir ki, Səd bin Əbu Vaqqas Lat və Üzzaya and içir və bu haqda Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşur və o da belə deyir: “Lə iləhə illəllah vahdəhu lə şərikə ləhu, ləhul mulku va ləhul həmdu vahuvə alə kulli şeyin qadir” (Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur. Mülk və həmd-səna Ona məxsusdur, O hər şeyə qadirdir) – sözlərini de və sol tərəfinə üç dəfə tüpür, sonra şeytandan Allaha sığın və bir daha belə etmə!”
Bütün bu rəvayətlər sübut edir ki, Allahdan başqasına and içmək qadağandır.
Daha doğrusunu Allah bilir.
SUAL – 010
Sual: Əssələmu aləykum.Sualım budur ki, əgər biz bir çox fiqhi məsələlərdə Hənbəli məshəbinə uyğun gəliriksə onda mən məndən hansı məshəbdənsiniz sualını verənə Hənbəliyəm deyə cavab verə bilərəmmi?
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Dəyərli oxucu bilmək lazımdır ki, uca Allah bizə Quran və sünnəyə tutunmağı əmr edir. Biz hər-hansı məsələdə bir alimin söylədiyi fikirin (başqa alimin isbatı ilə) Quran ayəsinə, yaxud hədisə müxalif olduğunu bildiyimiz halda üzərimizə düşən məsuliyyət Quran ayəsinə, yaxud hədisə tabe olmaqdır. Bu məfhumla biz heç bir məzhəbə kor-təbii təqlid etməkdən xilas oluruq.
Sizin dediyiniz məsələyə gəldikdə siz hansı məzhəbə daha çox üstünlük verirsinizsə onu da deyə bilərsiniz.
Daha doğrusunu Allah bilir.
SUAL – 011
Sual: Salam aleykum. Qurbanliq qoc kesmek ucun mutleqdirmi ki pulunu qurbanligi kesmemeiwden önce veresen? Meselen bele etmek olarmiki, heyvani satanla daniwiramki etin kilosun neceden verirse heyvani kesenden sonra cekib pulunu verecem.
Bawqa hal ise beledir, heyvani aliram cekirem diri cekisin ve daniwdigim qiymetle kiloqramina uygun pulunu verirem. Amma pulu biraz gec verirem (meselen bir gün sonra). Bu cur heyvan qurban sayilirmi? Allah size dunya ve axiret seadeti bexw etsin. Salam aleykum.
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Yaxşı olar ki, qurbanlıq heyvanı əvvəlcədən qiymətləndirib pulunu verib alasınız. Lakin bir çox hallarda dediyiniz kimi heyvanı kəsəndən sonra əti çəkilib pulu verilir. Bu halda əgər heyvan sizin niyyətinizlə kəsilibsə, keçərlidir. Əks halda keçərli olmaz. Pulunu gec versəniz yenə də sizin üçün qurbanlıq sayılacaqdır. Lakin əvvəldə qeyd etdiyimiz kimi, əvvəlcədən ödəmək daha məsləhətdir.
Daha doğrusunu Allah bilir.
SUAL – 012
Sual: Assalamu aleykum. Sualim beledirki muselman qebiri nece olmalidir? Qebirin ustune adi daw qoymaq olar? qebiri hasara almaq olar?(heyvanlardan qorumaq ucun). Allah size dunya ve axiret seadeti versin. Salam aleykum.
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Müsəlmanın qəbiri baş və ayaq daşı qoyulmuş, bir qarış hündürlükdə torpaqla örtülmüş olmalıdır. Qəbirin üstünü tikmək, bəzəmək, hündür baş daşı qoymaq qadağandır. Şəriətlə baş və ayaq hissəni bildirən daşın dirsəkdən hündür olması qadağandır. Əgər qəbiristanlığın hasarı varsa qəbiri hasara almaq lazım deyil, əks halda icazəlidir.
Daha doğrusunu Allah bilir.
SUAL – 013
Sual: Assalamu aleykum. Sualim beledirki, terkibinde spirt olan shakalad yemek olarmi? Allah sizi dunya ve axiret seadeti versin!!! Salam aleykum.
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Əgər şokoladın tərkibindəki spirt çox az miqdardadırsa, rəngi, iyi və tamı hiss edilmirsə yemək icazəlidir.
Daha doğrusunu Allah bilir.
SUAL – 014
Sual: Əssələmu aleykum və rahmətullah.Allah təala işinizi asanlaşdırsın və faydalı etsin.
Sualım əslində təklif xarakteri daşıyır.
Portalın tarix bölməsindən faydalanmağa çalışırıq Allahın izni ilə və təklifim bundan ibarətdir ki,
Azərbaycan ərazisində yaşamış islam alimləri haqqında məlumat yerləşdirə bilərsinizmi.Həqiqətəndə maraqlıdır ki,1400 il çərçivəsində yaşamış babalarımız islamı necə təbliğ etmişlər. Mühəddislər,fəqihlər, bu diyarlarda hansı əsərlər yazmış və insanları necə maarifləndirmişlər.Və ya hədis rəvayətlərində xidmətlərimiz olubmu?Allah sizdən razı olsun.Əssələmu aleykum və rahmətullah.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Bu dəyərli təklifinizə görə sizə təşəkkür edirik. Həqiqətən də biz İslam tarixinə nəzər saldıqda vətənimiz Azərbaycanda böyük elm adamlarının yetişdiyinin şahidi oluruq. İnşallah imkanlarımız və bacarığımız çərçivəsində bu mövzuya yer ayırmağa çalışacayıq.
Daha doğrusunu Allah bilir.
SUAL – 015
Sual: Aise annemizden bele bir revayet varmi ki,sypyrqete deyende sol terefe typyryn.
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Aişə (Allah ondan razı olsun) anamızın belə bir söz deməsi isbat edilməmiş, əksinə Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) nədəsə bədbinlik gözləməyi qadağan edən hədislərinə müxalifdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Xəstəlik öz-özünə yayılmaz, hanısa bir əlamətə görə də bədbinlik baş verməz, yarasadan və səfər ayından bədbinlik gəlməz.” Buxari və Müslim. Gördüyünüz kimi dinimiz nədəsə bədinlik gözləməyi qadağan edir.
Daha doğrusunu Allah bilir.
SUAL – 016
Sual: Essalamu aleykum. Bilmek isterdimki bu saytda suallara cavab veren Medine telebeleri kimlerdir? Allah bu iwde zehmeti olan her bir kese dunya ve axiret seadeti versin. Amin!!!
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Bu ayın suallarını Abdurrahim Muradlı cavablandırmışdır.
Allah razı olsun və bizə faydalı bilgi nəsib etsin.