Sələf Xəbər

Bismilləhir Rahmənir Rahim

 

HƏDİS – 160

Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim dünyasını sevərsə, axirətinə zərər vurar. Axirətini sevən isə, dünyasına ziyan vurar. Siz də baqi olanı fanidən üstün tutun.” (Səhihdir. Səhih İbn Hibban: 709).

HƏDİS – 159

Muaz ibn Cəbəl deyir ki, bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim əlimdən tutdu və dedi: “Ey Muaz, Allaha and olsun ki, mən səni sevirəm.” Mən dedim: “Atam, anam sənə fəda olsun, Allaha and olsun ki, mən də səni sevirəm.” O dedi: “Ey Muaz, mən sənə tövsiyə edirəm ki, namazdan sonra bunları deməyi tərk etmə: «Allahummə əinni alə zikrikə və şukrikə və husni ibadətikə» (Ey Allahım, Səni zikr etməyim, Sənə şükrlü olmağım və gözəl ibadət etməyim üçün mənə kömək ol).” (Səhihdir. Səhih əl-Cami əs-Səğir: 7969).

HƏDİS – 158

Abdullah bin Qeys Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kişilərdən kamilliyə çatanlar çoxdur. Qadınlardan isə yalnız Fironun arvadı Asiya, İmranın qızı Məryəmdir. Aişənin qadınlar yanında üstünlüyü, sərid yeməyinin (ətli xəmirli yemək: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sevimli yeməyidir) digər qidalardan üstünlüyü kimidir.” (Səhihdir. Səhih əl-Cami: 4578).

HƏDİS – 157

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Uca Allah qiyamət günü bəndəni sorğu-sual edəcəkdir. Hətta ondan “sən pis bir işin şahidi olduqda nə üçün ona etiraz etmirdin?” – deyə soruşacaq. Əgər Allah bəndəyə bir əsas xatırladarsa, o deyər: “Ey Rəbbim, Sənə (Sənin mərhəmətinə) ümid edib, insanlardan qorxmuşam.” (Səhihdir. Səhih əl-Cami: 1818).

HƏDİS – 156

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib:
“Allahın sənə verdiyi ilə razılaş. İnsanların ən zəngini olarsan”.
(“Sahih Sunən ət-Tirmizi”, 1876)

HƏDİS – 155

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Siz namaz qıldığınız yerdə olduğunuz vaxtda (növbəti namazı gözləyərkən) dəstəmazınızı pozmadıqca, mələklər sizin üçün “Allahım onu bağışla, ona rəhm et!” – deyərək, dua edərlər. Namaza görə dayanmağınız sizin namaz qılan yeriniz sayılır. Belə ki, onu ailəsinin yanına getməkdən yalnız namaz saxlayır.” (Buxari: 628).

HƏDİS – 154

Abdullah bin Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Müsəlmanın qəlbi üç şeylə xain olmaz: Əməlini Allah üçün ixlaslı etmək, müsəlman rəhbərə nəsihət etmək və müsəlman toplumla birlikdə olmaq.” (Səhihdir. Tirmizi: 2658.)

İbn Əbdül Bərr (rahiməhullah) bu hədisin şərhində demişdir: “İnsanda bu xüsusiyyətlər olduqca, qəlbi heç vaxt xain olmaz. Yəni müsəlman əməlini ixlasla edər, camaatla olar və əmr sahibinə nəsihət edərsə, qəlbində xəstəlik və ikiüzlülük olmaz.” (İthəful Kiram bişərhi umdət əl-Əhkam, 4/49).

HƏDİS – 153

Abdullah bin Amr (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İnsanlar əhdə vəfa etmədikdə, əmanətə səhlənkar yanaşdıqda, belə olsalar – barmaqlarını bir-birinə keçirib işarə etdi – evində otur, dilini qoru, bildiyinə əməl et, tərəddüd etdiyini tərk et, özünə aid işlə maraqlan, başqalarının işi səni maraqlandırmasın.” (Səhihdir. Səhih əl-Cami: 570).

HƏDİS – 152

Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Allah sevir ki, siz bir işi görəndə onu mükəmməl edəsiniz!” (Həsəndir. əs-Silsilə əs-Səhihə: 1113).

HƏDİS – 151

Abdullah bin Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Allahın razılığı valideynlərin razılığından, Allahın qəzəbi də valideynlərin qəzəbindən asılıdır.” (Həsən liğeyrihi. Səhih ət-Tərğib: 2501).

HƏDİS – 150

Abdullah bin Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, möminin misalı bal arısı misalındadır. Onun yediyi də gözəl, bəhrəsi də gözəldir. Qonduğu güllərin budaqlarını da qırmayıb, korlamayıb.” (Səhihdir. əs-Silsilə əs-Səhihə: 2288).

HƏDİS – 149

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz, onu yalançı çıxarmaz və alçaltmaz. Hər bir müsəlmanın digər müsəlmana namusu, malı və qanı haramdır. Qəlbinə işarə edərək “Təqva buradadır!” – dedi. Müsəlman qardaşını təhqir etmək insan üçün kifayət qədər şərdir.” (Səhihdir. Səhih əl-Cami: 6706).

HƏDİS – 148

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allah bir bəndəni sevdikdə Cəbrayıl mələyi çağırar və deyər: Həqiqətən Allah filankəsi sevir, sən də onu sev. Cəbrayıl da səma əhlinə səslənib deyər: Allah filankəsi sevir, siz də onu sevin. Beləliklə səma əhli onu sevər və yer üzündə də o insan qəbul olunar.” (Səhihdir. Səhih əl-Cami: 283).

HƏDİS – 147

İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Bizi aldadan bizdən deyildir. Aldatmaq və kələk gəlmək cəhənnəmdədir (cəhənnəm əhlinin əməlidir).” (Səhihdir. Səhih və Daif əl-Cami əs-Səğir: 11354).

HƏDİS – 146

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim səhər-axşam məscidə gedərsə, hər dəfə onun üçün cənnətdə yer hazırlayar.” (Buxari: 662).

HƏDİS – 145

Abdullah bin Cəfər bin Əbu Talib (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ona belə dediyini rəvayət edir: “Ey cavan oğlan, Allahın fayda verəcəyi sözləri sənə hədiyyə edim, öyrədimmi?! Allahı qoru, Allah da səni qorusun. Allahı qoru ki, Allahı qarşında görəsən. İstəyəndə Allahdan istə, kömək diləyəndə Allahdan dilə. Bil ki, qələm olacaqları yazıb quruyub. Onu da bil ki, bütün məxluqat sənə bir şey etmək istəsə, Allah onu sənin üçün istəməyincə edə bilməyəcəklər. Bir şeyi də bil ki, qələbə səbrlə gəlir. Çıxış yolu da çalışqanlıqdadır. Hər bir çətinliklə asanlıq da vardır.” (Səhihdir. Zilalul Cənnəti fi Təxric Kitab əs-Sunnə: 315).

HƏDİS – 144

Əbu Umamə əl-Bəhili (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedim: “Ey Allahın elçisi mənə Allah dərgahında fayda verəcək bir əməl söylə!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Oruc tut. Həqiqətən orucun misli yoxdur.” (Səhihdir. Səhih Sünən Nəsai: 2220).

HƏDİS – 143

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Gözəl zənn ibadətin gözəlliyindəndir.” (Səhihdir. Əhməd: 15/184).

HƏDİS – 142

Abbas bin Əbdülmüttalib (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) dedim: “Ey Allahın elçisi, mənə bir şey öyrət onunla Allaha dua edim.” O dedi: “Allahdan salamatlıq (ərəb. Afiyə) istə.” Mən bir neçə gün gözlədim və yenidən onun yanına gəlib dedim: “Ey Allahın elçisi, mən bir şey öyrət onunla Allaha dua edim.” O mənə dedi: “Ey Abbas, ey Peyğəmbərin əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə.” (Səhihdir. Səhih Tirmizi: 3514).

HƏDİS – 141

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allah sizin üç əməlinizdən razı, üçündən isə qəzəblidir: Ona ibadət etməyiniz və Ona heç bir şeyi şərik qoşmamağınızdan, hamılıqla Allahın ipindən tutunmağınızdan və Allahın sizə hakim etdiyi rəhbərlərə tövsiyə etməyinizdən razıdır. Üç əməlinizdən: dedi-qodu etməyinizdən, çox sual verməyinizdən və mal-dövləti korlamağınızdan – qəzəblənir.” (Səhihdir. Səhih Ədəb əl-Mufrad: 343).

HƏDİS – 140

Abdullah bin Busr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Səhifəsində çoxlu istiğfar olan insana müjdə olsun.” (Səhihdir. Ət-Tərğib və-t-Tərhib: 2/384).

HƏDİS – 139

Miqdam bin Mədiykərb (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Vaxt gələcək mənim sözümü kiməsə söyləyəndə belə deyəcək: “Bizimlə sizin aranızda Allahın kitabı hakimdir. Orada halal olduğu deyilənə halal, haram olduğu deyilənə haram deyirik. Halbuki Allah elçisinin nəyisə haram etməsi, Allahın haram etməsi deməkdir.” (Səhihdir. Səhih Tirmizi: 2664).

HƏDİS – 138

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Cənazəni aparmağa tələsin. Əgər xeyirli adamdırsa, onu xeyirə yetişdirmiş olarsınız. Əgər beləsi deyilsə, şəri özünüzdən uzaqlaşdırmış olarsınız.” (Səhihdir. Səhuh əl-Cami: 964).

HƏDİS – 137

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Siz namaz qıldığınız yerdə olduğunuz vaxtda (növbəti namazı gözləyərkən) dəstəmazınızı pozmadıqca, mələklər sizin üçün “Allahım onu bağışla, ona rəhm et!” – deyərək, dua edərlər. Namaza görə dayanmağınız sizin namaz qılan yeriniz sayılır. Onu ailəsinin yanına getməkdən yalnız namaz saxlayır.” (Buxari).

HƏDİS – 136

Abdullah bin Amr (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedilər: “Ey Allahın elçisi, hansı insan daha əfzəldir?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Təmiz qəlbli, doğru danışan kimsə.” Dedilər: “Doğru danışanı bildik, bəs qəlbi təmiz olan kimdir?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “O, Allahdan qorxan, təmiz insandır. Günah işlətməyən, zülm etməyən, aldatmayan, həsəd aparmayandır.” (Səhihdir. Tərğib Tərhib: 4/33).

HƏDİS – 135

Zeyd bin Sabit (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Üç əməl ilə müsəlmanın qəlbi xəyanətdən (paxıllıqdan) azad olar: Əməlini Allah üçün xalis etmək, əmr sahiblərinə tövsiyə etmək və camaatla birlikdə olmaq. Onların (müsəlmanların) duası da onları əhatə edər.” (Səhihdir. Ət-Təmhid: 21/275).

HƏDİS – 134

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İman yetmiş, yaxud yetmiş iki qapıdır. Ən yüksək qapısı “Lə iləhə illəllah”, ən aşağısı isə əziyyət verən bir şeyi yoldan götürməkdir. Həya isə imanın bir hissəsidir.” (Səhihdir. İbn Hibban: 181).

HƏDİS – 133


İbn Məsud (Allah ondan razı olsun) demişdir ki,
“Sələm yeyən, yedizdirən, yazan, bilərəkdən sələmə şahidlik edən, döymə vurduran, gözəllik üçün döymə vurduran, zəkatı verməmək üçün bəhanə axtaran, hicrət etdikdən sonra (cihaddan qaçmaq məqsədi ilə) bədəvilik həyatına qayıdan Qiyamət günü Muhəmmədin dili ilə lənətlənmişdir!”
(Səhihdir. Səhih və daif əl-Cami əs-Səğir: 5).

HƏDİS – 132

Amr bin əl-As (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim namazı on ayə oxuyub qılarsa qafillərdən sayılmaz. Kim namazı yüz ayə oxuyub qılarsa, itaətkarlardan sayılar. Kim namazı min ayə oxuyub qılarsa, əməlləri tərəzidə ağır gələnlərdən olar.” (Səhihdir. Əbu Davud: 1400).

HƏDİS – 131

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allaha duanızın qəbul olunacağına əmin olaraq dua edin. Bilin ki, Allah qafil qəlbdən dua qəbul etmir!” (Tirmizi: 3479; Şeyx Albani hədisin həsən olduğunu təsdiqləmişdir).

HƏDİS – 130

Abdullah bin Amr (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Oruc və Quran qiyamət günü bəndə üçün şəfaət edəcəklər. Oruc deyəcək: “Ey Rəbbim, mən onu gündüz vaxtı yeməkdən və şəhvətlərdən məhrum etdim, məni ona şəfaətçi et. Quran isə deyəcək: “Mən onu gecələr yatmaqdan məhrum etdim, məni ona şəfaətçi et. Beləliklə onlar ikisi onun üçün şəfaətçi olacaqlar.” (Səhihdir. Musnəd Əhməd: 10/118).

HƏDİS – 129

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim gözəl dəstəmaz alar, sonra məscidə gələr, onu məscidə gətirən yalnız namaz olar, ancaq namaz qılmaq üçün gələrsə, məscidə daxil olana qədər atdığı hər addımla Allah onun dərəcəsini yüksəldər, bir günahını silər. Məscidə daxil olduqdan sonra namazla məşğul olduqca, namazda olmuş kimi olar.” (Səhihdir. Səhih İbn Macə: 635).

HƏDİS – 128

Abdullah bin Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Yeyin için, sədəqə edin və geyinin, amma israfa və təkəbbürlüyə yol verməyin.” (Səhihdir. Səhih İbn Macə: 2920).

HƏDİS – 127

Abdullah bin Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim elm haqqında soruşular və o elmi gizlədərsə, qiyamət günü oddan yüyən taxılmış halda gələr. Kim də Quran haqqında bilmədən danışarsa, qiyamət günü oddan yüyən taxılmış halda gələr.” (Səhihdir. əl-Mətalibul aliyə: 3/313).

HƏDİS – 126

Muhriz əl-Mazini deyir ki, mən İbn Ömərin (Allah ondan razı olsun) əlindən tutub onunla birlikdə gedirdim. Bir kişi qarşımıza çıxıb dedi: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qiyamət günü (bəndə ilə Allahın) xəlvəti söhbəti haqqında nə deyirdi?“

İbn Ömər (Allah ondan razı olsun) dedi: “Mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm:
“Həqiqətən, Allah mömini yanına gətirib örtüyünü onun üzərinə qoyub onu örtəcək və deyəcək: “Sən filan işin günahını bilirsənmi? Sən filan işin günahını bilirsənmi?”

Mömin deyəcək: “Bəli bilirəm, ey rəbbim!”

Uca Allah onun günahlarını özünə etiraf elətdirəcək – hətta mömin özünün həlak olduğunu da düşünəcək. Bu məqamda Allah deyəcək: “Mən sənin o günahlarını dünyada olarkən örtmüşəm, bu gün isə sənin o günahlarını bağışlayıram. Beləliklə yaxşı əməllərinin yazıldığı kitabı ona verilər.

Kafir və münafiqlər barədə isə şahidlik edənlər belə deyəcəklər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!” (Hud: 18). (Buxari: 2441; Muslim: 2768).

HƏDİS – 125

Səhl bin Səd (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kiçik günahlardan qorunun. Kiçik günahların misalı, bir vadidə mənzil salmış topluma bənzəyir. Hərəsi gedib bir odun parçası gətirir, toplayıb (od qalayır) və onunla çörəklərini bişirirlər. Kiçik günahlarla mühakimə edilən insan, həlak olar.” (Səhihdir. Səhih ət-Tərğib: 2471).

HƏDİS – 124

İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Uğursuzluğa inanmaq şirkdir.” Bu sözləri üç dəfə təkrar etdi. “Bizim hər birimi bu hala düşə bilərik, lakin Allah bu halı təvəkkül ilə dəf edir.” (Əbu Davud, 3910, Tirmizi, 1614, İbn Hibban, 1427, İbn Məcə, 3538).

Yəni, hər bir müsəlmanın qəlbinə uğursuzluq hissi gələ bilər. Amma müsəlman Allaha təvəkkül etməklə bu hissin qarşısını alır.

HƏDİS – 123

Əbu Dərda (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Sizin üçün ən yaxşı, Rəbbinizin yanında ən pak, dərəcənizdə ən yüksək, qızıl və gümüş xərcləməkdən daha xeyirli, düşmənlə üz-üzə gəlib bir-birinizi öldürməkdən daha xeyirli olan əməlin nə olduğunu söyləyimmi?!” Orada olanlar “Bəli” – dedilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Bu əməl Allahı zikr etməkdir.” (Tirmizi: 3377).

HƏDİS – 122

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qiyamət günü Allah dərgahında ən şər insanlar, öz arvadına yaxınlıq edib və qadın da öz ərinə yaxınlıq edib, sonra aralarında olan sirləri açan kimsələrdir.” (Muslim: 1437).

HƏDİS – 121

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Zənginlik mal-mülkün çoxluğu ilə deyil, əsl zənginlik nəfsin varlı olmasıdır.” (Buxari: 6081).

HƏDİS – 120

Əbu Malik əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ümmətimdə cahiliyyət dönəminə məxsus dörd xislət vardır, onlardan əl çəkən deyillər: Nəcabəti ilə öyünmək, nəsilə tənə etmək, ulduzlardan yağış istəmək və ölünün dalınca vay-şivən qoparmaq.” (Səhihdir. Səhihul Cami: 883).

HƏDİS – 119

Əbu Umamə əl-Bahili (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Mübahisədən əl çəkənə, hətta haqlı olub tərk edənə də, cənnətin kənarında ev vəd edirəm. Yalan danışmağı tərk edənə, hətta zarafatla da olsa yalandan əl çəkənə cənnətin ortasında ev vəd edirəm. Əxlaqı gözəl olana isə cənnətin ən yüksək yerində ev vəd edirəm.” (Həsəndir. Səhihul Cəmi: 1464).

HƏDİS – 118

Malik bin Hubeyra (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ölmüş müsəlmanın cənazə namazında üç cərgə müsəlman iştirak edərsə, o bağışlanar.” (İbn Qudamə “əl-kafi” 1/259.)

HƏDİS – 117

Peyğəmbərimiz (salləllahu aleyhi va səllam) demişdir: “Biriniz qardaşında, yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!” (İbn Məcəh, 3509).

HƏDİS – 116

Əbu Dərda (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Sizin üçün ən yaxşı, Rəbbinizin yanında ən pak, dərəcənizdə ən yüksək, qızıl və gümüş xərcləməkdən daha xeyirli, düşmənlə üz-üzə gəlib bir-birinizi öldürməkdən daha xeyirli olan əməlin nə olduğunu söyləyimmi?!” Orada olanlar “Bəli” – dedilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Bu əməl Allahı zikr etməkdir.” (Tirmizi: 3377).

HƏDİS – 115

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İnsanlar (qiyamət günü) niyyətlərinə görə dirildiləcəklər.” (Səhihdir. Səhih İbn Macə: 3426).

Niyyətə görə dirildilmək dedikdə, insanın etdiyi əməlinə uyğun dirildilməsi nəzərdə tutulur. Əgər xeyir iş sahibidirsə xeyirlə, şər əməl sahibidirsə şərlə dirildiləcək.

HƏDİS – 114

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Dünya şirin və rəngarəngdir. Allah nə edəcəyinizi görsün (dəyərləndirsin) deyə, bu dünyanı sizə verib. Dünyaya və qadınlara məftun olmaqdan özünüzü qoruyun. Həqiqətən İsrail Oğullarının düçar olduqları ilk fitnə qadın fitnəsi olmuşdur.” (Muslim: 2742).

HƏDİS – 113

Müaviyə bin Qurra deyir ki, atam deyirdi ki, “Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vaxtında sütunların arasında (namazda) cərgə qurmaq bizə qadağan edilirdi.” (İbn Macə: 1002. Şeyx Albani səhih olduğunu demişdir.)

Daimi elmi araşdırmalar və fətvalar komitəsinin alimləri demişlər: “Əgər sütunlar cərgəni pozurlarsa, sütunların arasında namaz qılmaq məkruhdur (bəyənilmir). Yalnız məsciddə sıxlıq olarsa, bu icazəli olar.” (5/295).

HƏDİS – 112

Cərir (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) (naməhrəm qadına) ani baxış haqqında soruşdum və o belə dedi: “Anidən gördünsə gözünü çək.” (Səhihdir. Əbu Davud rəvayət edib: 2150).

HƏDİS – 111

Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Mömin gözəl əxlaqı ilə oruc tutan, (gecələri) namaz qılanın dərəcəsinə yüksələ bilər.” (Səhihdir: Əbu Davud: 4798).

HƏDİS – 110

Əbu Sələbə əl-Xuşəni (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Sizin Allaha ən sevimliniz və mənə ən yaxın olanınız əxlaqı gözəl olandır. Allahın nifrət bəslədiyi və məndən uzaq olan kimsə, boşboğaz, ağız-burnunu əyərək və təmtəraqla danışan kimsədir.” (Səhihdir. İbn Hibban: 482).

HƏDİS – 109

İbn Məsud (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) düzbucaqlı çəkdi, onun içərisindən düzbucaqlının çölünə istiqamətlənən düz bir xətt çəkdi, düzbucaqlının içərisindəki düz xəttin kənarlarında isə xırda-xırda düz xətlər çəkdi və dedi: “Bu insandır, bu isə onu əhatə edən əcəlidir. Çölə istiqamətlənən bu düz xətt isə onun arzusudur. Bu kiçik xətlər isə onun həyatında baş verən hadisələrdir. Əgər bu hadisədən yan keçsə, digərinə tuş gələcək, bundan da yan keçsə o birisinə rast gələcək.” (Buxari: 6417).

HƏDİS – 108

Ubadə bin əs-Samit (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim mömin kişi və qadınlar üçün bağışlanma diləyərsə, Allah hər mömin kişi və qadına görə onun üçün bir həsənət (savab) yazar.” (Səhihdir. Səhih əl-Cami: 6026).

HƏDİS – 107

Abdullah bin Amr və Əbu Hureyrə (Allah onlardan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşidiblər: “Cümə namazına gəlməyənlər bu işdən əl çəksinlər, əks halda Allah onların qəlbini möhürləyəcək, sonra da qafillərdən olacaqlar.” (Buxari və Muslim).

HƏDİS – 106

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allahım pis qonşudan Sənə sığınıram. Qocalıq vaxtına çatmamış məni qocaldan həyat yoldaşından Sənə sığınıram. Mənə ağa olacaq övladdan Sənə sığınıram. Mənə əzab olacaq mal-dövlətdən Sənə sığınıram. Gözü ilə məni görüb qəlbi ilə məni güdən, yaxşılığımı gördükdə gizlədən, pisliyimi aləmə car çəkən xain dostdan Sənə sığınıram.” (Səhihdir. Silsilə əs-Səhihə: 3137).

HƏDİS – 105

Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allahım Sənin asanlaşdırdığından başqa asanlıq yoxdur. Sən istədikdə çətinliyi də asanlaşdırırsan.” (Səhihdir. İbn Hibban: 974).

HƏDİS – 104

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Cənnətdə olan insanın dərəcəsi yüksəldikdə o (təəccüblə) soruşar: “bu nəyə görədir?”
Ona belə deyilər: “Bu övladının sənin üçün istiğfar etdiyinə görədir.” (Səhihdir. İbn Macə: 3/214).

HƏDİS – 103

Abdullah bin Amr (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Dünyanın məhv olması, bir nəfər müsəlmanı qətlə yetirməkdən daha dəyərsizdir.” (Səhihdir. Səhih Tirmizi: 1395).

HƏDİS – 102

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim Mədinədə vəfat edə bilirsə, orada vəfat etsin. Mən orada vəfat edənlər üçün şəfaətçi olacağam.” (Tirmizi: 3917. Səhihdir. Silsilə əs-Səhihə: 6/1034).

HƏDİS – 101

Abdullah bin Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Namaz qılanda mütləq sütrəyə qıl. Heç kəsə önündən keçməyə icazə vermə. Əgər keçməkdə israr etsə, ona mane olsun. Çünki şeytan onunladır.”
(Hədisin sənədi yaxşıdır. Sifətus Saləh: səh.82).

HƏDİS – 100

Numan bin Bəşir (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) (namaza başlayarkən) üzünü camaata tutub üç dəfə “cərgələri düz tutun” dedi. “Allaha and olsun ya cərgələrinizi düz tutacaqsınız, ya da Allah sizin qəlblərinizi ayıracaq.”
Səhabə deyir ki, biz topuğumuzu yanımızdakının topuğuna, çiynimizi də yanımızdakının çiyninə birləşdirirdik. (Səhihdir. Əhməd: 18430).

HƏDİS – 99

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Sənə əmanət etibar edənin əmanətini qaytar. Sənə xəyanət edənə xəyanətlə cavab vermə.” (Səhihdir. Əbu Davud: 3536).

HƏDİS – 98

Əbu Malik əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kamil dəstəmaz almaq imanın yarısıdır. Əlhəmdulilləh demək tərəzini doldurur. Sübhənəllah və Əlhəmdulilləh göy ilə yer arasını doldurur. Namaz nur, sədəqə aşkar sübut, səbr işıqdır. Quran isə ya sənin lehinə, ya da əleyhinə dəlildir. Bütün insanlar özləri üçün çalışırlar. Bəzisi özünü (Allaha itaətə) həsr edib nəfsini oddan azad edir, bəzisi isə özünü (şeytanın yoluna) həsr edib həlak olur.” (Səhihdir. Səhih ət-Tərğib vət Tərhib: 189).

HƏDİS – 97

Səd bin Əbu Vaqqas (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedim: “Ey Allahın rəsulu, ən çox sınağa məruz qalan insanlar kimlərdir?” O dedi: “Peyğəmbərlər, sonra (əməli Peyğəmbərlərin əməlinə) daha uyğun olan, sonra daha uyğun olan. Bir insan dini miqdarında sınağa çəkilir. Əgər o dinində möhkəm olarsa, sınağı da çətin olar. Əgər dinində zəif olarsa, sınağı da dininin miqdarına görə olar. Sınaq daim insanı təqib edir və onu günahsız hala gətirir.” (Səhihdir. Tirmizi: 2398).

HƏDİS – 96

Səfvan bin Muslim (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedilər: “Mömin qorxaq ola bilərmi? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: Bəli, ola bilər.
Daha sonra dedilər: Mömin paxıl ola bilərmi? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: Bəli ola bilər.
Daha sonra dedilər: Mömin yalançı ola bilərmi? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: Xeyr, ola bilməz.
(Həsəndir. İbn Əbdül Bərr: 16/253).

HƏDİS – 95

Usamə bin Zeyd (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allah pis söz danışan və pis davranışlı olan insanı sevməz.” (Səhihdir. Səhihul Cami: 1850).

HƏDİS – 94

Abdullah bin Abbas (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Əşəcc əl-Asriyə belə dedi: “Səndə Allahın sevdiyi iki xüsusiyyət vardır: Mülayimlik və həya.” (Səhihdir. Səhih İbn Macə: 3395).

HƏDİS – 93

Səlman Farisi (Allah ondan razı olsun) deyir: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “Müsəlmanların sərhədlərini bir gecə qorumağın savabı bir ayın orucu və ibadətindən daha xeyirlidir. Əgər orda ölərsə, sağ ikən etdiyi yaxşı əməllərinin savabı ona yazılmaqda davam edər, fitnədən qorunar.” (Muslim)

HƏDİS – 92

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar.” (Muslim rəvayət etmişdir: 4\ 2074\ № 2699)

HƏDİS – 91

Abu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Gözəl zənn etmək ibadətin gözəlliyindəndir.” (Səhihdir. Tərğib vət Tərhib: 4/215.)

HƏDİS – 90

Əbu Səid və Əbu Hureyrə (Allah onlardan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edirlər: “Üç nəfər səfərə çıxdığı zaman aralarından birini rəhbər seçsinlər.” (Əbu Davud: 2608).

HƏDİS – 89

İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İslam peyda olanda, qəribə görünürdü və elə bir vaxt gələcək ki, o yenə də elə qəribə olacaq. Tuba (Tuba – əbədilik, böyüklük, bolluq və Cənnətdə sair gözəl nemətlər) – qəribə görünənlər üçündür.
Ondan soruşdular: “Ey peyğəmbər! Onlar kimlərdir?”
O cavab verdi: “Bütün insanlar əxlaqsızlıq içində olan zaman, onlar düzgün hərəkət edirlər”».

(Tirmizi və İbn Macə. Əlbaniyə görə səhihdir. Bax: «əs-Sunan əl-Varidə fi əl-Fitən», səh.144-145)

HƏDİS – 88

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
“Qiyamət günü Nuh aleyhissəlam çağırılacaq və ona deyiləcək: “Təbliğatını tam icra etdinmi?”

O deyəcək: “Bəli.”

Sonra onun qövmü çağırılacaq və onlardan soruşulacaq: “Təbliğatı sizə çatdırıbmı?”

Onlar deyəcəklər: “Bizə heç bir xəbərdarlıq edən gəlməmişdir, yaxud bizə heç kəs göndərilməyib!”

Nuha deyiləcək: “Sənə kim şahidlik edə bilər?”

Nuh deyəcək: “Muhəmməd və onun ümməti.”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Bu deyilənlər aşağıdakı ayədə təsdiq edilmişdir: “Beləliklə biz sizi orta ümmət etdik.” Orda, ədalətli mənasındadır.” (əl-Buxari: 4487).

HƏDİS – 87

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qiyamət günü bəndənin ilk soruşulacağı nemət bu olacaqdır: ona deyiləcək ki, məgər biz sənə sağlam can vermədikmi?! Sənə sərin su bəxş etmədikmi?!” (Albani səhih olduğunu söyləyib. Silsilə əs-Səhihə: 539).

HƏDİS – 86

Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Üç qism insan vardır ki, qiyamət günü Allah onları danışdırmaz, onlara baxmaz, onları təmizə çıxarmaz və onlar üçün ağrılı-acılı əzab vardır.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu sözləri üç dəfə təkrarladı. Əbu Zərr (Allah ondan razı olsun) dedi: “onlar doğrudan da ziyana uğrayıblar. Ey Allahın elçisi, onlar kimlərdir?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Libası topuğundan aşağı düşən, sözgəzdirənlik edən və yalandan and içib malını satan.” (Muslim rəvayət etmişdir: 306).

HƏDİS – 85

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim özünü dartar, yaxud gəzişində təkəbbürlük edərsə, Allahla qarşılaşanda Allah ona qəzəbli olacaqdır.” (Səhihdir. Silsilə əs-Səhihə: 543).

HƏDİS – 84

Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Nəfsim əlində olana and olsun ki, Allah öz mərhəmətini yalnız mərhəmətli insana verəcəkdir.” Biz dedik: “Ey Allahın elçisi biz hamımız mərhəmət edirik.“ Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Burada məqsəd özünə qarşı mərhəmətli olan deyil, bütün insanlara qarşı mərhəmətli olan şəxsdir.” (Beyhəqi Şuəbul İman: 11060; Albani Silsilə əs-Sahihədə (167) hədisin səhih olduğunu söyləmişdir).

HƏDİS – 83

Uqbə bin Amir (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Həqiqətən sədəqə, sədəqə edən üçün qəbirin hərarətini azaldar. Doğrudan da mömin qiyamət günü öz sədəqəsinin kölgəsində kölgələnəcəkdir.” (Səhihdir. Təbərani, “Mucəmul Kəbir” kitabı, 788).

HƏDİS – 82

Uqbə bin Amir (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim Allah üçün bir gün oruc tutarsa, Allah cəhənnəmi ondan yüz il uzaqlaşdırar.” (Həsəndir. Səhihul Cami: 6330).

HƏDİS – 81

Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Yaxşı əməli ilə sevinən, pis əməlinə görə kədərlənən kimsə mömindir.” (Səhihdir. Səhih və Daif əl-Cami: 11240).

HƏDİS – 80

Abdullah bin Amr bin əl-As (Allah ondan razı olsun) deyir ki, bir gün biz Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanında olarkən belə dedi: “Qəriblərə müjdə olsun, qəriblərə müjdə olsun, qəriblərə müjdə olsun.” Orada olanlar dedilər: “Ey Allahın rəsulu qəriblər kimdir?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Onlar pis insanların əhatəsində yaşayan əməlisaleh insanlardır. Onlara nifrət edənlər sevənlərdən daha çox olacaqdır.” (Səhihdir. Musnəd Əhməd: 6809).

HƏDİS – 79

Muaz bin Cəbəl (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İstədiyinizə nail olmaq üçün onu başqalarından gizli saxlayın. Həqiqətən hər bir nemət sahibi həsəd olunur.” (Səhihdir. Silsilətus Sahihə: 1453).

HƏDİS – 78

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim dəstəmazlı halda yatarsa, onun libasında bir mələk də yatar. O gecə oyandıqda mələk belə deyər: “Allahım, filan bəndəni bağışla, çünki o gecə dəstəmazlı halda yatmışdı.” (Səhihdir. Silsilətus Səhihə: 2539).

HƏDİS – 77

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim bir məclisdə oturar və orada boş-boş danışar, məclisdən qalxmadan öncə: “Subhanəkə Allahummə və bihəmdikə, əşhədu əllə iləhə illə əntə, əstəğfirukə və ətubu iləykə.” (Allahım Sən nöqsanlardan paksan, Sənə həmd edirəm. Mən şəhadət verirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm.) – sözlərini deyərsə, həmin məclisdən əldə etdikləri (günahları) bağışlanar.” (Səhihdir. Tirmizi: 3433).

HƏDİS – 76

Əbu Umamə əl-Bahili (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Həqiqətən Allah və mələkləri, hətta yuvada olan qarışqa, dənizdə olan balıq da insanlara xeyiri öyrədən müəllim üçün dua edirlər.” (Səhihdir. Səhihul Cami: 1838).

HƏDİS – 75

Cabir (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qabların ağzını örtün, su qablarını bağlayın. Həqiqətən ildə bir gecə olur ki, o zaman xəstəlik yayılır. Yayılan xəstəlik qarşılaşdığı ağzı açıq qablara daxil olur.” (Səhihdir. Muslim rəvayət etmişdir).

HƏDİS – 74

Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim bir insanı sıxıntıdan qurtararsa Allah onun üçün cənnətdə ev tikər, dərəcəsini yüksəldər.” (Səhihdir. Silsilə Səhihə: 1892).

HƏDİS – 73

Abdullah bin Əbu Ovfə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ey insanlar, düşmənlə qarşılaşmağı arzulamayın. Allahdan salamatlıq istəyin. Düşmənlə qarşılaşsanız səbr edin (dözümlü olun), bilin ki, cənnət qılıncların kölgəsi altındadır.” (Buxari: 2861).

HƏDİS – 72

Səid bin Cubeyr demişdir: “Zikr, Allaha itaət etməkdir. Kim Allaha itaət edərsə, onu zikr etmiş olar. Ona itaət etməyən, zikr edən sayılmaz; hətta çox sayda təsbih (subhanallah) desə, Quran oxusa da.” (əl-Bəğəvi, “Şərhus Sunnə”: 5/10).

HƏDİS – 71

Abdullah bin Amr bin əl-As (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Rəhm edin ki, rəhm olunasınız. Bağışlayın ki, Allah da sizi bağışlasın. Eşitdiyinə əhəmiyyət verməyənin vay halına. Vay olsun inad edənlərə. O kəslər ki, bildikləri halda etdikləri işə davam etməkdə inad edirlər.” (Səhihdir. Silsilətus Səhihə: 482).

HƏDİS – 70

Huzeyfə (Allah ondan razı olsun) deyir ki, bir gün Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) sinəmə söykənmiş halda dedi: “Kimin sonuncu sözü “Lə iləhə illəllah” kəlməsi olarsa, cənnətə daxil olar. Kim Allahın üzünü diləyərək bir gün oruc tutar və bu halda ölərsə, cənnətə daxil olar. Kim Allahın üzünü diləyərək sədəqə verər və bu halda ölərsə, cənnətə daxil olar.” (Səhihdir. Səhih ət-Tərğib vət-Tərhib: 985).

HƏDİS – 69

Əbu Umamə əl-Bahili (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedim: “Ey Allahın rəsulu, mənə elə bir əməl söylə ki, səndən onu öyrənim və Allah da onu mənim üçün faydalı etsin. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Oruc tut, həqiqətən orucun misli yoxdur.” (Səhihdir. Əhməd və Nəsai rəvayət etmişdir.)

HƏDİS – 68

Ənəs bin Malik (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) təzə (ərəb. rutab) xurma ilə iftar edərdi. Əgər təzə xurma olmazdısa adi xurma ilə iftar edərdi. Adi xurma olmadıqda isə bir neçə qurtum su ilə orucunu açardı.”

HƏDİS – 67

Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Kim öz qəzəbini boğarsa, Allah da əzabını ondan uzaq edər. Kim dilini qoruyarsa, Allah da onun eyblərini örtər. Kim Allaha üzrxahlıq edərsə, Allah da onun üzrxahlığını qəbul edər.” (Həsəndir. Silsilətus Sahihə: 2360).

HƏDİS – 66

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ən üstün sədəqə kasıb adamın verdiyidir. Sədəqə verən əvvəlcə ona yaxın möhtaclılara versin.” (Səhihdir. Əbu Davud: 1428)

HƏDİS – 65

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Məzlumun duası göyün üzünə qaldırılar və səmaların qapıları onun üçün açılar. Allah təala belə deyər: “İzzətimə and olsun ki, sənə kömək edəcəyəm.” (Həsəndir. İbn Hİbban rəvayət edib:158 .)

HƏDİS – 64

Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) əshabələrini bir iş dalınca göndərdikdə onlara belə deyərdi: “İnsanları müjdələyin, qaçırtmayın. Asanlaşdırın, çətinləşdirməyin.” (Səhihdir. Silsilətus Səhihə: 992).

HƏDİS – 63

Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbətən belə demişdir: “Bu gün siz alimləri çox, vaizləri az olan bir dövrdə yaşayırsınız. Kim bildiyinin ondan birini tərk edərsə, artıq nəfsinə uymuşdur. Uzun müddətdən sonra vaizləri çox, alimləri isə az olan bir vaxt gələcəkdir. Kim bildiyinin onda birini qoruyarsa (əməl edərsə) qurtuluşa nail olar.” (əs-Silsilətus Sahihə: 2510).

HƏDİS – 62

Salman bin Amir (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qohumun qohuma sədəqə etməsi, həm sədəqə, həm də qohumluq əlaqəsini qorumaqdır.” (Təbərani rəvayət edib. Albani “Səhih əl-Cami” əsərində: 3763, hədisin həsən olduğunu söyləyib.)

HƏDİS – 61

Əbu Umamə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Sol əməl dəftərini yazan mələk müsəlmanın etdiyi səhvi, yaxud pisliyi (dərhal yazmır) altı saat gözləyir. Əgər peşiman olub Allahdan bağışlanma diləsə, kənara qoyar. Əks halda bir günah kimi dəftərinə yazılar.” (Həsəndir. Əs-Silsilə əs-Səhihə: 1209).

HƏDİS – 60

İmran bin Hüseyn (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Kim (düşər-düşməzlik, nəhs gətirmək və s. mövhumatı) sınaq etsə, yaxud etdirsə, kim baxıcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehr etsə, yaxud sehrbaza müraciət etsə bizdən deyildir. Kim də kahinin yanına gedib onun dediklərini təsdiqləsə Məhəmmədə nazil olanı inkar etmiş olur.” (əl-Munziri «Tərğib vət Tərhib», 4/52, Heysəmi, 5/117).

HƏDİS – 59

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Bir vaxt gələcək yalançı təsdiq ediləcək, doğru danışan yalançı sayılacaq. Xainlərə etibar ediləcək, etibarlı insan xain sayılacaq, “ruveybidələr” söz sahibi olacaqlar.
Səhabələr dedilər: “Ey Allahın elçisi ruveybidə nədir?” O dedi: “Dəyərsiz insan camaata fətva verəcək.” Hakim əl-Mustədrək: 5/659. Səhihdir

HƏDİS – 58

Amr bin Həbib (Allah ondan razı olsun) Səid bin Xalid bin Amr bin Osmana deyir: Məgər bilmirsənmi Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Qəlbində bəşər övladına qarşı mərhəmət olmayan şəxs, aldanmış və uduzmuşdur.” (Həsəndir. Silsilə əs-Səhihə: 456).

HƏDİS – 57

Abdullah bin Amr (Allah ondan razı olsun) deyir ki, bir kişi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Ata-anamı gözüyaşlı qoyub hicrət etmək üçün sənə beyət etməyə gəlmişəm.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Onların yanına qayıt, onları necə ağlatmışdınsa, indi də onları güldür.” (Səhihdir. Səhihu-t-Tərğib və-t-Tərhib: 2481).

HƏDİS – 56

Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qiyamət günü bol dünya neməti içərisində olub cəhənnəmə gedəcək kimsə gətiriləcək və bir az cəhənnəmə toxundurulub deyiləcəkdir: ”Ey adəm övladı, sən heç (dünyada) xeyir görmüsənmi? Heç (dünyada) naz-nemət içərisində olmusanmı?” O deyəcəkdir: “Allaha and olsun ki, ey Rəbbim görməmişəm”.
Daha sonra dünyada əzab-əziyyət içərisində yaşayıb cənnətə gedəcək kimsə gətiriləcək və bir az cənnətə toxundurulub deyiləcək: “Ey adəm övladı, sən heç (dünyada) qəm-kədər görmüsən? Heç (dünyada) əzab-əziyyət çəkmisən?” O deyəcək: “Allaha and olsun ki, ey Rəbbim mən nə qəm-kədər görməmişəm, nə də əzab-əziyyət çəkməmişəm.”
(Muslim: 7266).

HƏDİS – 55

Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Bəndə qəbrində olarkən yeddi şeyin savabı ona çatar: “Elm öyrədən, su çəkdirən, quyu qazıtdıran, xurma ağacı əkən, məscid tikən, Quran öyrədən və onun üçün bağışlanma diləyən övlad böyüdən.” (Həsəndir. Camiu əs-Səğir: 5915).

HƏDİS – 54

Usamə bin Zeyd (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedim: “Ey Allahın rəsulu mən səni şaban ayında oruc tutduğun qədər başqa ayda oruc tutduğunu görməmişəm.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Ramazan və rəcəb ayları arasında əksər insanların qafil olduqları bir ay vardır. Bu ayda insanların əməlləri aləmlərin Rəbbinə qalxır. Mən də istərdim ki, mənim əməllərim qalxanda oruclu olum.” (Nəsai rəvayət etmişdir. Şeyx Albani səhih olduğunu demişdir).

HƏDİS – 53

Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim (namaz səfində) boşluğu doldurarsa, Allah onu bir dərəcə yüksəldər, cənnətdə onun üçün ev tikər.” (Səhih liğeyrihi. Səhih ət-Tərğib: 505).

HƏDİS – 52

İyad bin Himar (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Həqiqətən Allah mənə vəhy edib ki, təvazökar olun, heç kəs heç kimsəyə qarşı təkəbbürlük etməsin (özünü dartmasın, başqasına yuxarıdan aşağı baxmasın).” (Səhihdir. Silsilətus Sahihə: 570).

HƏDİS – 51

Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim Allahla qarşılaşmağı sevərsə, Allah da onunla qarşılaşmağı sevər. Kim Allahla qarşılaşmaqdan nifrət edərsə, Allah da onunla qarşılaşmaq istəməz.” Aişə dedi: “Ey Allahın peyğəmbəri, yəni ölməyə nifrət edərsə? Çünki hamımızın ölümdən xoşumuz gəlmir.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Xeyr elə deyil. Mömin Allahın mərhəməti, razılığı və cənnəti ilə müjdələndikdə Allahla qarşılaşmağı sevər, Allah da onunla qarşılaşmağı sevər. Kafir isə Allahın əzabı və intiqamı ilə xəbərdar olunduqda Allahla görüşməyə nifrət edər, Allah da onunla qarşılaşmağa nifrət edər.” (Buxari: 6142; Muslim: 2684).

HƏDİS – 50

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Mömin daxilində də, üzdə görsəndiyi kimi xeyirxahdır. Günahkar isə adamaldadan və rəzildir.” (Səhihdir. Silsilə əs-Səhihə: 935).

HƏDİS – 49

Ənəs bin Malir (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Namazda cərgələri düz tutun. Mən sizi arxamda görürəm.” Səhabə deyir ki, biz çiynimizi yanımızdakının çiyninə, ayağımızı da yanımızdakının ayağına birləşdirirdik.” (Buxari: 725).

HƏDİS – 48

Ovs bin Ovs əs-Səqafi (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim cümə günü çimər, məscidə erkən gələr və xütbənin əvvəlinə çatar, minik ilə deyil piyada gələr, imama yaxın dayanıb onu dinləyər və kənar söz danışmazsa, hər addımına görə bir ilin oruclu və namazlı əməli yazılar.” (Səhihdir. Əbu Davud: 345).

HƏDİS – 47

Usamə bin Şərik bu sözləri Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət etmişdir: “İnsanların görməsini xoşlamayacağın işləri tənha olarkən etmə!” (Şeyx Albani “Silsilə əs-Səhih”ə əsərində (1055) hədisin həsən olduğunu demişdir.)

HƏDİS – 46

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim “Sübhənəllahil azim və bihəmdihi” (“Əzəmətli Allah nöqsanlardan pakdır. Onun həmdi ilə həmd-səna edirəm”) – deyərsə, cənnətdə onun üçün xurma ağacı əkilər.” (Tirmizi rəvayət etmişdir. Səhihdir. Səhih Sünən Tirmizi: 3464.)

HƏDİS – 45

Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Gümüş qabda su içən, sanki qarnında cəhənnəm odunu alovlandırır!» Bu rəvayət Buxari və Müslimindir. Müslimin digər rəvayətində deyilir: «Gümüş və qızıl qabda yeyən və ya içən …» (Buxari: 5634; Müslim: 2065.)

HƏDİS – 44

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Küləyi söyməyin, çünki o Allahın mərhəmətindəndir. Bəzən mərhəmət, bəzən isə əzab gətirir. Lakin onun şərrindən Allaha sığının, xeyirini də Allahdan istəyin.” (Musnəd Əhməd: 21139).

HƏDİS – 43

Abdullah bin Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Atası qəbrində olarkən savabının davam etməsini istəyən kimsə atasının qardaşları ilə münasibətini qorusun.” (Səhihul Cami: 5960; Albani: Hədis səhihdir).

HƏDİS – 42

Muhəmməd bin əl-Munkədir (Allah ona rəhmət etsin) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Ən üstün (ərəb. əfzəl) əməl mömini sevindirməkdir. Bunu onun borcunu ödəməklə, yaxud hansısa işində kömək etməklə, yaxud da sıxıntısını qaldırmaqla etmək mümkündür.” (Mursəl olaraq səhihdir. Albani “Silsilə Sahihə”: 2291.)

HƏDİS – 41

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Borcun vaxtı qurtarana qədər hər gün borcu mislində sədəqə yazılır. Vaxtı qurtardıqdan sonra isə hər gün borcun iki mislində sədəqə yazılır.” (Əhməd: 23046. Səhihdir).

HƏDİS – 40

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İnsanlara borc verən bir tacir var idi. Borcunu qaytarmaqda çətinlik çəkən kimsəni gördükdə, köməkçilərinə belə deyərdi: “Onun borcunu silin, bəlkə Allah da bizim günahlarımızı sildi.” Bu səbəblə də Allah onun günahlarını bağışladı.” (Buxari: 2078. Muslim: 1562).

HƏDİS – 39

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Zənn etməyin. Həqiqətən zənn etmək, ən yalançı danışıqdır. Cəsusluq etməyin, eyibləri axtarmayın, bir-birinizə kin bəsləməyin, Allah qardaş bəndələri olun!” (Buxari: 5717).

HƏDİS – 38

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İnsanlara təşəkkür etməyən, Allaha şükr etməz.” (Səhihdir. Əbu Davud: 4813).

HƏDİS – 37

Aişə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedim: “ey Allahın elçisi, mənim iki qonşum var, hədiyyəni hansına verim?” O dedi: “Qapısı sənə yaxın olana ver!” (Buxari rəvayət etmişdir: 2170.)

HƏDİS – 36

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Borcun vaxtı qurtarana qədər hər gün borcu mislində sədəqə yazılır. Vaxtı qurtardıqdan sonra isə hər gün borcun iki mislində sədəqə yazılır.” (Əhməd: 23046. Səhihdir).

HƏDİS – 35

Əbu Hurerə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitdim: “Məni öz zəiflərinizin arasında axtarın. Həqiqətən siz zəiflərinizə görə ruzi əldə edir və qələbə qazanırsınız!” (Tirmizi: № 1702; Əbu Davud: № 2594; Nəsai: № 3179. Səhihdir).

HƏDİS – 34

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İnsan öz dostunun dinindədir. Hər kəs kiminlə dostluq etdiyinə diqqət etsin!” (Musnəd Əhməd: 8417. Həsəndir.)

HƏDİS – 33

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim imanın dadını bilmək istəyirsə, bir insanı başqa məqsədlə deyil, yalnız Allah üçün sevsin.” (Səhihul Cami: 5958; Albani: Hədis həsəndir.)

HƏDİS – 32

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Bir cümə digər cüməyə qədər edilən günahlar üçün kəffarədir – yalnız böyük günahlar istisnadır.” (Səhihdir. Silsilə əs-Səhihə: 3623).

HƏDİS – 31

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim iki qız uşağını həddini buluğa çatana qədər böyüdərsə, qiyamət günü mənimlə bu səviyyədə olar – barmaqlarını birləşdirib işarə etdi.” (Səhih Muslim: 2631).

HƏDİS – 30

Ədiyy bin Hatim (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Xurmanın yarısı ilə belə olsa, özünüzü cəhənnəm atəşindən qoruyun. Əgər onu da tapmasanız xoş söz söyləməklə.” (Səhihul Cəmi: 115).

HƏDİS – 29

Ənəs bin Malik (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə dedi: “Ey Əbu Zərr, sənə daşınması asan, tərəzidə çəkisi daha ağır gələn iki xasiyyət haqqında söyləyimmi?” Əbu Zərr dedi: “Əlbəttə, söylə.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Çox susmaq və gözəl əxlaqlı olmaq. Nəfsim əlində olana and olsun ki, məxluqat üçün bu iki əməl qədər dəyərli iş yoxdur.” (Səhihdir. “Silsilətul əhadis əs-Səhihə” – 1938).

HƏDİS – 28

Cabir bin Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ruzinizin gecikməsini qınamayın. Həqiqətən heç bir nəfs ona aid olan ruzini tam almayınca bu dünyadan köçən deyil. Siz gözəl şəkildə halal ruzi axtarın, haramdan çəkinin.” (Mucəm əl-Əvsat: 9074).

HƏDİS – 27

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Qız uşaqlarına nifrət etməyin. Həqiqətən onlar səmimi və dəyərlidirlər.” (əs-Silsilə əs-Səhihə: 627).

HƏDİS – 26

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kimin üç qızı və ya üç bacısı, yaxud iki qızı və ya iki bacısı olar, o da onlara yaxşı baxar və onlarla davranışında Allahdan qorxaraq hərəkət edərsə, cənnətə daxil olar.” (Səhih İbn Hibban: 446).

HƏDİS – 25

Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Gizlidə verilən sədəqə Rəbbin qəzəbini söndürür, qohumluq əlaqəsi ömürü uzadır, yaxşılıq etmək isə pisliklərdən qoruyur.” (Səhihdir. Səhihul Cami: 3760).

HƏDİS – 24

Əbu Əyyub (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Kim ana ilə övladını ayırarsa, qiyamət günü Allah da onu öz sevdiklərindən ayırar.” (Səhihdir. Səhihul-Cəmi: 6412).

HƏDİS – 23

Muaz (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: Ey Muaz! Bilirsənmi Allahın bəndələrində, bəndələrin də Allahda olan haqqı nədir?” Mən dedim: Allah və Rəsulu daha yaxşı bilər! Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: Allahın bəndələrində haqqı, bəndələrin Ona ibadət etmələri və bu ibadətdə heç bir şeyi Ona şərik qoşmamalarıdır. Bəndələrin Allahda olan haqları isə Ona heç bir şeyi şərik qoşmayan adama əzab verməməkdir”. (Buxari: № 6856. Müslim: № 30).

HƏDİS – 22

Abdullah bin Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Atası qəbrində olarkən savabının davam etməsini istəyən kimsə atasının qardaşları ilə münasibətini qorusun.” (Səhihul Cami: 5960; Albani: Hədis səhihdir).

HƏDİS – 21

Abdullah bin Amr (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allahın razılığı valideynin razılığında, Allahın qəzəbi isə valideynin qəzəbindədir.” (Tirmizi, 1899. Həsən hədisdir.)

HƏDİS – 20

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allaha dua edərkən onun qəbul olacağına əmin olaraq dua edin. Bilin ki, Allah qafil və laqeyd qəlbdən edilən duanı qəbul etməz.” (Səhihdir. Tirmizi rəvayət etmişdir: 3479).

HƏDİS – 19

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: Həqiqətən din asanlıqdır. Kim onu çətinləşdirmək istəyərsə din ona qalib gələr. (Şəriət hökmlərini) qoruyun, (İnsanları dinə) yaxınlaşdırın və (savabla) müjdələyin. (İbadətinizi daha gümrah etmək üçün onu) günün əvvəlində, ortasında və gecənin sonunda edin.” (Buxari rəvayət etmişdir.)

HƏDİS – 18

Əbu Dərda (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “(Qiyamət günü) tərəzidə GÖZƏL ƏXLAQ kimi ağır gələcək başqa əməl yoxdur.” (Ədəbul Mufrad: 270. Şeyx Albani hədisin səhih olduğunu deyib).

HƏDİS – 17

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Cümə günü və axşamı mənə çox salavat deyin. Kim mənə bir salavat deyərsə, Allah ona on salavat deyər.” (Səhihdir, Səhihul Cami: 1209.)

HƏDİS – 16

Qeys bin Səd (Allah ondan razı olsun) deyirdi: “Mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun): “hiylə və yalan cəhənnəm odundadır!” – sözlərini dediyini eşitməsəydim, ümmətin ən hiyləgər adamı olardım.” (Beyhəqi “Şuəb əl-İman” kitabı. Albani səhih olduğunu demişdir. Silsilə Səhihə: 1057.)

HƏDİS – 15

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Cənnətə daxil olan nemət içərisində olacaqdır. Orada sıxıntı olmayacaq, libas köhnəlməyəcək və cavanlıq dəyişməyəcəkdir.” (Muslim rəvayət etmişdir: 2836).

HƏDİS – 14

Əbu Dərda (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim gecənin qaranlığında məscidə gedərsə, qiyamət günü Allah ona nur bəxş edər.” (Albani hədisin səhih olduğunu demişdir, <Tərğib-Tərhib> 424.)

HƏDİS – 13

Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Elm öyrənmək hər müsəlmana vacibdir. Elm öyrənən üçün hər şey, hətta dənizdəki balıqlar da onun bağışlanması üçün dua edir.” (Səhihdir. Səhuhul Cami əs-Sağir: 3914.)

HƏDİS – 12

Huzeyfə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qızıl və gümüş qablarda su içməyin, ipək və dibac geyinməyin. Bu şeylər, dünyada onlar (kafirlər) üçün, axirətdə isə sizin üçündür” (Buxari: 5633; Müslim: 2067.)

HƏDİS – 11

Fudeyl bin İyad (Allah ona rəhmət etsin) demişdir: “Dünyaya və insanlara qarşı zahid olmağın əlaməti budur ki, insanların sənə tərif etməsini sevməyəsən və məzəmmətinə əhəmiyyət verməyəsən. Tanınmamağın və tərif edilməməyin səni narahat etməsin. Allah qatında tərifəlayiqsənsə, insanların gözündə məzəmmət olunmağına görə məyus olma.” (Hilyətul Ovliyə: 8/9).

HƏDİS – 10

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Varlı insanın borcu gecikdirməsi zülmdür. Borc sahibi imkanı olan adama yönəldilərsə, bunu qəbul etsin.” (Səhihdir. Səhih ən-Nəsai: 4705).

Yəni, əgər kimsə borcu qaytara bilmədiyi üçün onun əvəzinə borcu başqa birisi ödəyəcəyini deyərsə, borc sahibi bununla razılaşsın.

HƏDİS – 09

Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Kim üç dəfə cənnəti istəyərsə, cənnət belə deyər: “Allahım onu cənnətə daxil et!” Kim üç dəfə cəhənnəmdən sığınarsa, cəhənnəm deyər: “Allahım onu cəhənnəmdən qoru!” Tirmizi rəvayət etmişdir. Şeyx Albani səhih olduğunu demişdir: Səhih əl-Cami – 6275.

HƏDİS – 08

Kəəb bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Bir kişinin mala və şan-şöhrətə hərisliyi ilə dinə vurduğu ziyan, sürüsünə hücum edən iki ac canavarın vurduğu ziyandan daha çoxdur”. (Tirmizi, 2376; «Səhih əl-Cami», 5620).

HƏDİS – 07

Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qiyamət günü cəhənnəm əhlindən olan kimsəyə belə deyiləcəkdir: Əgər yer üzündə sənə məxsus bir şey olsaydı onu fəda edib özünü bu əzabdan xilas edərdinmi?”
O deyər: “Bəli.”
Allah deyər: “Mən səndən ondan daha asan olanı istədim. Sən hələ Adəmin belində olarkən səndən Mənə heç bir şeyi şərik qoşmamaq haqqında əhd aldım, sən isə Mənə şərik qoşmaqda israr etdin.” (Buxari və Muslim).

HƏDİS – 06

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Bəndələr hər gün səhərə çıxdıqda iki mələk nazil olar və onlardan biri: “Allahım xərcləyənə əvəzini ver!”, digəri “Allahım xərcləməyənə isə tələfini ver!” – deyərək dua edərlər.” (Buxari və Muslim).

HƏDİS – 05

Zeyd bin Sabit (Allah ondan razı olsun) Allah elçisinin (Allahın ona salavat və salamı olsun) belə deməsini rəvayət etmişdir: “Kimin ən böyük dərdi dünya olsa, Allah-taala onun işlərini dolaşıq edər, yoxsulluğunu qarşısına məqsəd edər və dünyadan yalnız ona əvvəlcədən müəyyən olunmuş şeylər verilər. Kimin ən böyük dərdi axirət olsa, Allah onun işlərinin ram edər, qəlbini genişlədər, dünya da zəlil bir halda onun ayağına gələr.” Səhihdir: İbn Macə, 4105; Əhməd, 5/183. Şeyx Albani “Silsilə Səhihə”də səhih olduğunu demişdir.

HƏDİS – 04

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Mömin sevər və sevilər. Sevməyən və sevilməyən kimsədə xeyir olmaz. Ən xeyirli kimsə, insanlar üçün ən faydalı olan kimsədir.” Əhməd 2/400; Silsilə Sahihə 426.

Munəvi hədisin şərhində deyib: Gözəl əxlaqı, mülayim xasiyyəti və xoş davranışı ilə “Mömin sevər və sevilər.” … Mömin xeyiri sevər, xeyir əhli də onu imanına görə sevərlər.
İmanının zəifliyinə, xasiyyətinin ağırlığına, əxlaqının pisliyinə görə “Sevməyən və sevilməyən kimsədə xeyir olmaz.” Sevmək Allaha və Onun ipinə tutunmaq üçün səbəbdir. Sevməklə müsəlmanların birliyi, əks halda isə təfriqə hasil olur. Sevmək də ilahi müvəffəqiyyətlə gerçəkləşir. Sevməyə misal olaraq ədavətdən əl çəkməyi, (qardaşın haqqında) ürəyinə gələn fikirlərə üzr tapmağı, mübahisəni, riyakarlığı və çox zarafatlaşmağı tərk etməyi demək olar.” (Fəydul Qadir: 6/329).

HƏDİS – 03

Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitdim: “Dünya və onun içərisində olanlar lənətlənmişdir. Yalnız Allahın zikri və onunla bağlı olanlar, öyrədən və öyrənəndən başqa.” (Tirmizi: 4/561), Şeyx Albani “Silsilə Səhihə” 2797.

Hədisdə deyilən lənət, Allahdan uzaqlaşdıran mənasındadır. Çünki dünya insanın başını qataraq Allahdan uzaqlaşdırır. Yalnız Allahı xatırladan faydalı elm, zikr və onunla əlaqəli olan işlər istisnadır. (İbn Rəcəb “Cəmiul Ulum vəl Hikəm” – hədisin şərhində demişdir.)

HƏDİS – 02

Əhməd və ibn Hibban Uqbə bin Amirdən (رضي الله عنه) rəvayət edir ki, Peyğəmbər (صلى الله عليه وسلم) belə buyurdu: “Qonaq qəbul etməyən şəxsdə xeyir yoxdur.” (Səhihdir. Silsilə Səhihə: 2434)

HƏDİS – 01

Abdullah bin Ömərdən (Allah onlardan razı olsun) rəvayət olunur ki, Allahın rəsulu (Ona Allahın salavatı və salamı olsun) belə buyurdu:
“Oruc və Quran qiyamət günü qula şəfaət edərlər.

Oruc belə deyər: “Ey Rəbbim, gündüz bu qulu yeməkdən və şəhvətdən uzaqlaşdırdım. Ona şəfaət etməyimə icazə ver”.

Quran da belə deyər: “Bu qulunu gecə yuxudan uzaqlaşdırdım. Ona şəfaət etməyim üçün mənə icazə ver” (Hədisi Əhməd səhih bir sənədlə rəvayət etmişdir).

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930