Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Cihada” getmiş qazaxıstanlı tələbənin peşmançılıq dolu etirafı: “Suriyada iman uğrunda müharibə yox, fitnə və xəyanət hökm sürür”

Avqust 15
18:36 2014

“Sələf Xəbər” SunnaPress-ə istinadən xəbər verir ki, Qazaxıstan vətəndaşı olan tələbə, Suriyadakı müharibəyə cəlb olunub. Vətənə qayıdan tələbə, döyüşçülərin törətdikləri vəhşiliklərdən danışıb və ölkə müsəlmanlarına üz tutaraq fitnəkarların sözlərinə inanmamağa çağırıb.

Öz adının açıqlanmasını istəməyən A., Suriyadakı “müharibənin qurbanlarından” olan ilk qazaxlardandır:

“Ərəb ölkəsində oxuduğum zamanlar tələbələr arasında radikal fikirlərə malik təbliğçi Əbu Hənifə də var idi. O bizimlə söhbət edirdi. Deyirdi ki, bizə, hakimiyyətin başında duran günahkar-kafirlərə qarşı mübarizə aparmaq, islam dövləti qurmaq kimi vacib bir missiya həvalə edilib. İndi başa düşürəm ki, bizi necə yoldan çıxarırdılar. Bu söhbətlər nəticəsində biz belə qərara gəldik ki, nəsə eləmək, öz narazılığımızı yüksək səslə bildirmək, cihada getmək lazımdır. Biz belə düşünür və buna səmimi şəkildə inanırdıq” – qazaxıstanlı tələbə bildirib.

A.-nın sözlərinə əsasən, onların qrupu, emissarların maliyyə vəsaiti sayəsində Türkiyənin ərazisindən Suriyaya keçiblər. Antakya şəhərində onları təbliğçilər qarşılayaraq sərhəddən keçiriblər. Daha sonra onlar Suriyada təlim məşqlərinə başlayıblar:

“Əvvəlcə silahlardan söz də getmirdi. Biz sadəcə təlimlər keçirdik. Barakda yaşayırdıq. Sonra bizə dedilər ki, silah verəcəklər və bizim vəzifəmiz – hökumət əsgərlərinə qarşı vuruşmaqdır. Deyirdilər ki, təhlükəsizlik qüvvələri hakimiyyətin icazəsi ilə bizim qardaş və bacılarımızı öldürür, odur ki, biz də onların cavabını verməliyik. Bizə deyirdilər ki, döyüşmək vacibdir. Xüsusilə, bizimlə tez-tez ərəb ölkələrindən şeyxlər söhbət aparırdı. Bizə vəd verirdilər ki, buna görə bizə yaxşı pul verəcəklər, bu işdə pul var və ən əsası – bu iş Allah üçün sevimlidir. Bizi təlim bazasına apardılar, orada silahdan istifadə etməyi öyrətdilər, təlimatçılar isə avropalı və amerikalı qardaşlar idi” – tələbə xatırlayır.

O deyir ki, təlimlərdən sonra hökumət qoşunları ilə toqquşmada və insanların oğurlanmasında iştirak edib:

“Gözlərimin önündə insanlar öldürülürdü. Döyüşçülər arasındakı münasibət çox pis idi, müsəlmansayağı deyildi. Hamısı qəzəbli, mərhəmət hissindən məhrum insanlar idi. Video çarxlardan da görünür ki, döyüşçülər, hökumət əsirlərinə münasibətdə fərqli fikirdə olanları necə öldürürlər. Ərəblər bizi, mühacirləri sevmirdilər, çinlilər adlandıraraq ən ağır tapşırıqlara göndərirdilər.

Elə olurdu ki, qardaşlar izsiz-tozsuz yoxa çıxırdı, əmirlərimiz isə deyirdi ki, onlar ölüb və ya Suriyanın Homs və ya Quta kimi digər regionlarına gediblər. Daha sonra öyrənirdik ki, qardaşlar və ailələri heç yerə getməyiblər, onları yerli ərəblər qul kimi satıb. Hə, məhz qul kimi… Çünki mühaciri satmaqla, yerli sakinlər öz uşaqlarına toy edə və ya avtomobil ala bilərdilər. Guya biz bu insanları qorumağa gəlmişdik, onlar isə bizə qarşı belə davranırdılar. O zaman mən anlamağa başladım ki, bu cihad deyil, ABŞ və Qərbin xüsusi təyinatlı xidmətlərinin oyunudur, biz isə sadəcə oyuncağıq” – A. danışır.

O, KİV vasitəsilə, Suriyaya getməyə hazırlaşanları fikrindən dönməyə çağırıb. O əminliklə bildirir ki, orada iman uğrunda müharibə yox, fitnə və xəyanət hökm sürür:

“Biz elə bilirdik ki, yerli sakinləri, qocaları, uşaqları, qadınları, qoruyacağıq, lakin özümüz qurbana çevrildik. Orda bizi heç kim gözləmir. Bu gün mən qəbul edirəm ki, çox böyük səhvə yol vermişəm” – tələbə etiraf edib.

 Sələf Xəbər: Şeyx Saleh Fövzandan (Allah onu qorusun) soruşublar: Allah sizi xeyirlə mükafatlandırsın. Sual verən maraqlanır ki, o Suriyadakı qardaşlarına necə kömək edə bilər və hal-hazırda cihad vacibdirmi?

Cavab: Cihad, yalnız hakimin çağırışı ilə vacib olur. Əgər müsəlman rəhbər səfərbərlik elan edir, hərbi əməliyyatlar üçün ordu yaradır və döyüşə hazırlayırsa, bu halda cihad, iştirak edə biləcək hər bir kəs üçün vacib olur. “Əgər rəhbər cihada çağırsa və cihad etsə, sən də bu çağırışla cihada qoşul.” (Buxari)

Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə qaxılıb qalırsınız? (Müqəddəs Quran, “Tövbə” surəsi, 38-ci ayə).

Cihad mütləq müsəlman başçının bayrağı altında aparılmalıdır. Ayrı-ayrı insanların əlinə silah alaraq nəsə eləməyə çalışmasına gəldikdə isə, bu heç bir fayda vermir. Bu cür əməllər müsəlmanların birliyinə səbəb olmur, əksinə qan tökülməsi ilə nəticələnir. Bunu həm təcrübə, həm də reallıq sübut edir. Odur ki, bizim üçün vacib olan, (Suriyadakı) müsəlman qardaşlarımız üçün dua etməkdir. Biz Allaha dua etməliyik ki, onlara qələbə və müvəffəqiyyət bəxş etsin. Həmçinin Allahdan, onlara qarşı haqsızlıq edənləri cəzalandırmasını istəməliyik.

Digər xəbərlər