Ermənilər “Göy məscid”in adını dəyişiblər
991 dəfə baxılıb
“Sələf Xəbər” Qafqazinfo-ya istinadla bildirir ki, Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi “Göy məscid”in adı dəyişdirilərək “Fars məscidi” adlandırılıb. Bu barədə İğdır Azərbaycan Evi Dərnəyinin başqanı Sərdar Ünsal məlumat verib.
Dərnək başqanı bildirib ki, İrəvan Cümə məscidi (“Göy məscid”i) ermənilər xarici qonaqlara fars məscidi kimi tanıdırlar.
S.Ünsal bildirib ki, ermənilər məhz iranlıları narazı salmamaq üçün uçurmayıblar və eyni zamanda İslam Respublikasının məscidi təmir və bərpa etməsinə şərait yaradıblar: “Ancaq İrəvana gələn xaricilərə tarixi türk məscidini fars məscidi kimi təqdim etmək tarixi həqiqətlərin təhrif olunmasıdır” – deyə Ünsal əlavə edib.
S.Ünsal “Göy məscidin” farslaşdırılmasını tənqid edib: “Göy Məscid” 1760-cı illərdə Hüseynəli xan tərəfindən inşa etdirilib. Türk məscididir. Hər fürsətdə Ermənistandakı türk izlərini silmək istəyən ermənilər bəzi məscidləri tövlə kimi istifadə etdiyi halda, bəzi məscidləri də fars məscidi kimi təqdim etməyə çalışır. Ermənistanı bu mövqeyinə görə qınayıram”.
“Göy məscid” Şərq memarlığının nadir incilərindən sayılır. Sovet hakimiyyəti qurulduqdan sonra 1930-cu illərdə İrəvandakı bütün məscidlərin sökülməsi ilə bağlı qərar verilməsinə baxmayaraq, erməni şairi Yeğişe Çarensin ciddi cəhdlərindən sonra onun “Mavi brilliant” adlandırdığı “Göy məscid” dağıdılmaqdan xilas olmuşdu. 1936-cı ildə
məsciddə İrəvan tarix Muzeyi yaradılmışdı. II dünya müharibəsi zamanı isə məscid silah anbarı kimi istifadə olunmuşdu. SSRİ dağıldıqdan sonra müsəlman ölkələri ilə əlaqə quran Ermənistan məscidi ibadət üçün açırb.
1995-ci-2006-cı illərdə, İranla Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, İran hökuməti məscidi yenidən təmir və bərpa etmişdi. “Göy məscid” kompleksinin 24 metrlik minarəsi, 28 hücrəsi (kiçik otaq), kitabxanası, böyük zalı, minarəsi, minbəri yenidən bərpa edilərək istifadəyə verilib. Ancaq o da məlum olub ki, ermənilər məscidi “Fars camisi” kimi təqdim edirlər.