Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib
2. 087 dəfə baxılıb
“SələfXəbər” president.az saytına istinadən xəbər verir ki, dünən Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın), Vladimir Putin və Serj Sarkisyanın birgə görüşü keçirilib.
İlk əvvəl Rusiya prezidenti Vladimir Putin hər iki prezidentə Rusiyada görüşdükləri üçün təşəkkürünü bildirib.
Azərbaycan prezidenti İlham Əliyev (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) görüşə görə təşəkkürünü bildirib və qeyd edib ki, V. Putinlə örüşdə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb: “Bu münaqişə həllini tapmalıdır. Dünən də qeyd etdiyimiz kimi, münaqişənin həlli xeyli uzandı. Ümid edirəm ki, Sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə təkan verəcək”.
Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli üçün danışıqlar formatı, hüquqi baza var: “BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazisindən erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çoxdur bu qətnamələr kağız üzərində qalıb”.
Prezident ATƏT-in Minsk qrupunun tərəfləri yaxınlaşdırmağa çalışdığını, lakin bunun o qədər də uğurlu alınmadığını qeyd edib: “Ona görə də düşünürəm ki, Rusiyanın yaxın dost, tərəfdaş və qonşu ölkə kimi bu nizamlanma prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın vaxtlarda danışıqlar, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli nizamlanmasına nail olacağıq”.
Ermənistan prezidenti Serj Sarkisyan da V. Putinə təşəkkür edərək, indiki mürəkkəb vəziyyətdə onun münaqişənin nizamlanmasına diqqət və vaxt ayırmasını yüksək qiymətləndiklərini bildirib.
S. Sarkisyan deyib ki, münaqişənin həlli mümkündür və problem kompromis, ATƏT-in Minsk qrupunun təklif etdiyi prinsiplər əsasında həll olunmalıdır.
Daha sonra çıxış edən V. Putin Azərbaycan və Ermənistan prezidentinin münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyi barədə dediklərinə diqqət çəkərək, bundan məmnuniyyət duyduğunu dilə gətirib.
“Həqiqətən də əsas məsələ budur. İnsanların ölməsindən böyük faciə ola bilməz. Demək lazımdır ki, bu münaqişə bizə Sovet İttifaqından miras qalıb və biz problemin həllini tapmaq üçün səbir, müdriklik və qarşılıqlı hörmət nümayiş etdirməliyik.
Şübhəsiz, xoş məram varsa hər hansı mürəkkəb vəziyyət tənzimlənə bilər. Mənə elə gəlir ki, Azərbaycan xalqı tərəfindən, erməni xalqı tərəfindən bu cür xoş məram mövcuddur.”.
Sonra görüş mətbuat işçilərinin iştirakı olmadan davam etdirilib.