“Alimlər İslamın zorakılıqla yayılmadığını təsdiq ediblər”
1. 005 dəfə baxılıb
“Qeyd edək ki, Qafqazda İslamın yayılması, əsasən, Azərbaycandan başlayır və Azərbaycan tarixinin böyük bir hissəsini təşkil edir. Bu baxımdan, Azərbaycan Qafqazda İslam dəyərlərinin, İslam sivilizasiyasının yayılması və inkişaf etməsində xüsusi rol oynayıb.
Məlumdur ki, İslam dininin dünyanın müxtəlif bölgələrində yayılması ilə bağlı uzun illər belə bir fikir formalaşıb: guya İslam dini “qılınc gücünə”, “zorakı yolla” yayılıb. Hətta, xüsusən, Azərbaycanda insanların şüurunda tarixən belə bir ifadə formalaşıb ki, “biz qılınc müsəlmanıyıq”. Yəni ərəb-islam qoşunları İslamı bizlərə guya “qılınc gücünə” qəbul etdiriblər.
Lakin tarixi mənbələr və dünyada tanınmış şərqşünas alimlər İslamın zorakılıqla yayılmadığını təsdiq ediblər. Məsələn, şərqşünas akademik Bartold yazırdı ki, İslam zorakılıqla yayılmayıb, bu dinin yayıldığı ərazilərdə nə xristianlar, nə zərdüştlər təqibə məruz qalmayıblar. İslam dininin Azərbaycanda və bütövlükdə Qafqazda yayılması prosesində zorakılığın olmaması və bu prosesin siyasi müqavilələr yolu ilə həyata keçməsi faktı bir çox elmi ədəbiyyatlarda öz geniş ifadəsini tapıb.
İslamın dünyanın müxtəlif bölgələrində yayılması zamanı zorakılığa yol verilməməsi haqqında göstərişlər olduğunu bir çox tarixçi alimlər öz əsərlərində şərh ediblər. Müəyyən mənbələrə istinad edən Azərbaycanın din alimlərinin əsərlərində də belə faktlara rast gəlmək olur”.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri, Fəlsəfə elmləri doktoru Sakit Hüseynov.
www.525.az