Görkəmli İslam alimləri: İmam Muzəninin həyatı
1. 256 dəfə baxılıb
“Sələf Xəbər” nüfuzlu İslam alimi İmam əl-Muzəni haqqında məqaləni təqdim edir:
Rəhman və Rəhim olan Allahın adı ilə
İmam Muzəninin doğumu
Ümmətin böyük fəqihi, zahidlərin nümunəsi olan İmam Əbu İbrahim İsmayıl ibn Yəhya ibn İsmayıl ibn Amr ibn Müslim əl-Muzəni əl-Misri hicrətin 175 (miladi 791) – ci ilində Misirin əl-Fustat şəhərində anadan olub. əl-Muzəni təxəllüsü cahiliyyət və İslamda dərin tarixə malik Muzeynə əl-Adnəniyyə qəbiləsindən götürülmüşdür. Bu qəbilənin kökü Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) babalarından biri olan İlyasla birləşir.
Allah-Təala Muzeynə qəbiləsini şərəfləndirərək onların əli ilə dininə və Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) yardım etmişdir. Bu qəbilənin 103- dən çox hörmətli səhabə övladı var. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu qəbiləni tərifləmiş və onun üçün dua da etmişdir. Həmin qəbilənin İslamdan öncə olan məşhurlarından şair Kab ibn Zuheyr ibn Əbu Səlma, cəngavər Bişr ibn Muhtəfir əl-Muzəni və şairə Xansə bint Zuheyr və digərləridir.
Həmçinin, Muzeynədən görkəmli səhabə Bilal ibn Haris əl-Muzənidir (Allah ondan razı olsun). Hansı ki, hicrətin 5-ci ilində öz qövmündən 400 nəfərlə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək, onunla “Huneyn” döyüşündə igidliklə iştirak etmiş və bu gəlişləri ilə Mədinə əhlini hədsiz sevindirmişlər. Səhabə Məkkənin fəthi günü Muzeynə qəbiləsinin bayrağını daşıyıb.
Bilal ibn Haris əl-Muzəni (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edib:
“Kişi savabının nə qədər olacağına varmadan Allahın razılığına səbəb olan bir kəlimə deyər və Allah – Təala da o kəliməsinə görə ona Allahla qarşılaşacağı günə qədər razılığını yazar. Kişi günahının nə qədər olacağına varmadan Allahın qəzəbinə səbəb olan bir kəlimə deyər və Allah -Təala da o kəliməsinə görə ona Allahla qarşılaşacağı günə qədər qəzəbini yazar”. (Malik və Tirmizi rəvayət etmiş və “hədis səhihdir” demişdir)
Muzeynə qəbiləsindən, həmçinin, hörmətli səhabə Nöman ibn Muqrin əl-Muzənidir. O da öz qəbiləsi ilə “Əhzab” döyüşündə, “Rizvan” beyətində, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vəfat etdikdən sonra dindən çıxanlara qarşı Əbu Bəkr əs-Siddiqlə (Allah ondan razı olsun) birgə “Riddə” döyüşlərində, həmçinin, “əl-Qadisiyyə” döyüşündə iştirak etmiş, Sad ibn Əbu Vaqqasın İran şahı Yəzdəgirdə göndərdiyi elçisi və “Nəhavənd” döyüşünün başçısı olmuşdur. Artıq bu səhabə də digər səhabə qardaşları kimi Allahı və Rəsulunu sevməkdə, Allah yolunda malını və canını fəda verməkdə məşhur idi. Bu qəbilə barəsində Allah – Təala ayə nazil edərək buyurur: “Bədəvilər içərisində elələri də vardır ki, Allaha, Axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (“ət-Tövbə”, 99)
İmam Muzəninin dövrü
İmam Muzəni (Allah ona rəhmət etsin) Abbasi xəlifəsi Əbu Cəfər Harun ər-Rəşidin ilk dövrlərində (hicri 170-193) anadan olmuş və Əbul Abbas Əhməd əl-Mutəmədin dövrünün ortalarında (hicri 256-279) vəfat etmişdir. Abbasi xilafəti məşriqdə 132-ci ildən 656-cı ilə qədər, yəni 524 il hökm sürmüş və Misirdə isə hicri ilə 922-ci ilə qədər davam etmişdir. İmam Muzəninin yaşadığı dövr sabitlikdən sabitsizliyə, elmi və mədəni çiçəklənmədən bunun əksinə doğru dəyişən bir zamanın şahidi olmuşdur. O, Abbasilərin siyasi və elmi sabitlik və çiçəklənmə dövrü olan birinci dövründə (hicri 132-232) və Abbasilərin sabitsizliyinin əvvəlləri olan ikinci dövründə yaşayıb.
Qeyd etmək yerinə düşərdi ki, birinci Abbasi dövrü elm və mədəniyyətin sıçrayışı baxımından dövrlərin ən inkişaf etmişi olub. Artıq bu dövrdə sabitlik bər-qərar olmuş, ümmətin iqtisadi büdcəsi tənzimlənmiş və İslami elmlərə aid çox faydalı kitablar yazılmışdır. Bu dövrün ən məşhur yazarlarından “əl-Muvatta” kitabının sahibi İmam Malik, “əl-Umm” kitabının sahibi İmam Şafii, “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həyatı” nı yazan İbn İshaq, fiqhdən yazan İmam Əbu Hənifə və digər böyük məzhəb alimləridir. Bu dövrdə elm dəqiqləşdirilərək şifahilikdən kitablara köçürülmüş və böyük alimlərin vücudu ilə bəzədilmişdir. Həmçinin, bu dövrdə beynəlxalq mədəniyyətin xidmətində müsəlmanların böyük rolu olmuş və Ərəb dilində yazılan kitablar Latın dilinə tərcümə edilərək yeni Avropanın inkişafında ən mühüm amilə çevrilmişdir.
İmam əl-Muzəni Abbasi valilərinin hamısının – Musa ibn İsadan başlayaraq, Türklərdən ibarət ilk Tulunilər dövlətinin banisi Əhməd ibn Tulunun dövründə yaşamışdır. Abbasilər xilafətinin Bağdadda sabitsizlikdə olmasına baxmayaraq, Misir əmin-amanlıq və təhlükəsizlik içində yaşamış, elm, sənaye, ticari və memarlıq cəhətdən olduqca inkişaf etmişdir. Bunun başlıca səbəbi baçşılarının adilliyi, onların dinə, elmə və alimlərə verdiyi xüsusi yer və xalqın da onlarla köməkləşməsi olmuşdur.
Muzəninin təvazökarlığı, təqvası və ibadəti
Amr ibn Osman əl-Məkki deyib: “Çox ibadət edənlər gördüyümə baxmayaraq, onlar arasında Muzəni kimi çox çalışan və ibadətdə davamlı olanına rast gəlmədim. Elm və elm əhlinə ondan daha çox hörmət edənini də görmədim”.
Deyilənə görə, o, namazı camaatla qıla bilmədiyi zaman camaat namazının fəzilətini qazanmaq üçün tək olaraq 25 namaz qılar və etdiyi əməlində Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu hədisinə söykənərdi: “Camaat namazı tək qıldığınız namazınızdan 25 dəfə üstündür”. (Buxari, Müslim və digərləri rəvayət edib)
İmam Muzəni şafiilərin imamı, İmam Şafiinin yolunu və fətvalarını ən çox bilən, ağıllı, fəqih, gözəl bəlağət sahibi, elmi mübahisəni bacaran və eləcə də çox təqvalı idi. O, həmçinin, Allah yanında duası qəbul olanlardan, zahid və çoxlu ibadət sahibi idi.
O, vəfat etmiş şəxsləri savab üçün yuyardı. İmam Muzəni deyib: “Qəlbimin yumuşalması üçün ölüləri yudum. Lakin bu mənim adətimə çevrildi”. Elə İmam Şafiini də o yumuşdur.
Alimlərin Muzəni barədə sözləri
Yafii deyib: “Fəqih, İmam Əbu İbrahim İsmayıl ibn Yəhya əl-Muzəni əl-Misri əş-Şafii zahid, abid, çalışqan və elmin incəliklərini bilən idi. Bir çox insan ondan elm alıb”.
İmam Şafii onun barəsində deyib: “Muzəni əgər şeytanla mübahisə edərsə, onu cavabsız qoyar”.
İmam Şafii bunu deyərkən hələ Muzəni cavan çağında olub. Belə ki, Muzəni İmam Şafiinin vəfatından sonra 60 il də yaşayıb.
Muzəni dərin elmə malik olduğuna görə uzaq yerlərdən onun yanına gələrək elm alar və əxlaqından faydalanardılar. Hətta, Əhməd ibn Saleh deyib: “Əgər bir insan Muzəni kimisini görmədiyinə and içərsə, andında sadiq sayılar”.
Əlbəttə ki, İmam Şafii kimi insanın tələbəsinin və dostunun belə gözəl sifətlərə layiq olması heç də təəccüblü deyil.
Beyhəqi deyib: “İslamda onun “Muxtəsar” kitabından fayda baxımdan böyük, bərəkət baxımdan daha geniş, səmərə baxımdan daha çox kitab tanımırıq. Onun, Allahın dininə etiqadı ilə yanaşı, Allah üçün çalışması və bu kitabın cəm edilməsində böyük əməyinə görə necə də elə sayılmasın? Həmçinin, Şafiinin də kitablar yazmaqda etiqadı qeyd etdiyimiz eyni qəbildən olub. Allah bizə və onların hər ikisinə rəhm etsin və bizi Öz fəzilət və rəhməti ilə Cənnətində cəm etsin”.
İbn Yunis tarix kitabında onun barəsində deyib: “Şafiinin dostu, ibadət və fəzilət sahibi və hədisdə etibarlı idi. Fiqh əhlindən olan heç bir məharətli şəxs onun barəsində ixtilaf etməyib. Dünyadakı zahidlərdən biri və Allahın yaratdığının xeyirlilərindən idi. Onun gözəl sifətləri çoxdur”.
Amr ibn Təmim əl-Məkki nəql edir ki, Məhəmməd ibn İsmayıl ət-Tirmizi deyir ki, Muzəninin belə dediyini eşitdim: “Allah – Təala sifətləri ilə Ərşin üzərindədir deməyincə, heç bir kəsin tövhidi döğru olmaz”. Mən ondan soruşdum ki, hansı (sifətləri) kimi? O dedi: “Eşidən, Görən və Bilən olması”.
Muzəninin müəllimləri
Onun ən məşhur müəllimi İmam Məhəmməd ibn İdris əş-Şafii, Əli bin Şəddəd, Nəim ibn Həmməd və digərləri olub.
Muzəninin tələbələri
İmam Muzənidən həddən artıq çoxlu saylı insanlar elm alıb. Bunlardan ən məşhurları Muzəninin bacısı oğlu İmam Əbu Cəfər əl-Əzdi ət-Tahavi, İbn Sureycin şeyxi və böyük alim Əbul Qasim Osman ibn Bəşşər əl-Ənmati, Bəsrənin şeyxi Zəkəriyyə ibn Yəhya əs-Səci, Əbu Bəkr əl-Xalləli, Əbu Səid əl-Firyəbi, Əbu Yaqub əl-İsfiraini, Əbu Məhəmməd əl-Əndəlusi və digərləri olub.
İmam Əbu Bəkr ibn Xuzeymə, Əbul Həsən ibn Cusa, Əbu Bəkr ibn Zeyyad ən-Nisəburi, Əbu Cəfər ət-Tahavi, Əbu Nueym ibn Adiyy, Əbdürrəhman ibn Əbu Hətim, Əbul Fəvaris ibn əs-Sabuni və şərq və qərbdən olan bir çoxları İmam Muzənidən hədis rəvayət etmişlər.
İmam Muzəninin əsərləri
İmam Muzəninin bir çox məşhur və faydalı əsərləri vardır. Bunlardan bir neçəsi aşağıdakılardr:
“əl-Cəmiul Kəbir” yaxud “əl-Həvi əl-Kəbir”, – bu kitab “Muxtəsar əl-Muzəni” nin şərhidir. “əl-Cəmi əs-Sağir”, “əl-Mənsur əl-Məbsut”, “əl-Məsəil əl-Mutəbəra”, “ət-Tərğib fi-İlm”, “Kitəb əl-Vasəiq”, “əd-Dəqaiq va əl-Aqarib”, “Nihəyətul İxtisar”, “əl-Muxtəsar” hansı ki, “Muxtəsar əl-Muzəni” adı ilə məşhurdur. Günəşin hər yerdə seyri kimi, bu kitab da hər yerdə seyr etmişdir. Bu kitab elə bir şöhrət qazanmış ki, hətta, qadın evlənən zaman cehizinin içində “Muxtəsar əl-Muzəni” kitabı mütləq olmalı idi.
Qazi Hüseyn İmam Əbu Zeyd əl-Mərvazinin belə dediyini nəql edir: “Kim “əl-Muxtəsar” ı haqqı ilə izləyərsə, fiqhi məsələlərdən ona heç nə gizli qalmaz. Usul və furudan elə bir məsələ yoxdur ki, onu ya açıq-aydın, ya da işarə ilə qeyd etməsin”.
Beyhəqi İmam Xuzeymədən nəql edərək deyir: “Muzəninin belə dediyini eşitdim: “Bu kitabın təlifi üçün 20 il vaxt sərf etdim. Onu 8 dəfə yazaraq dəyişdim. Onu hər dəfə təlif etmək istəyən zaman öncə 3 gün oruc tutar və belə-belə namaz qılardım””.
Muzəninin İmam Şafii ilə nadir əhvalatlarından
Muzəninin İmam Şaffi ilə uzun xüsusilikləri olduğuna görə, saydıqca bitməyən əhvalatları var. Muzəni İmam Şafii ilə olan əhvalatlarının birində deyir: “Bir gün Şafiinin yanında idim və ondan kəlam əhlinin dili ilə bəzi məsələləri soruşurdum. O, məni dinləyərək mənə baxır və qısa cavab verirdi. Kifayətlənmədyim üçün mənə dedi: – Ey oğul, bundan daha xeyirli olanını sənə göstərimmi? Dedim: – Bəli. Dedi: – Ey oğul, bu elə bir elmdir ki, onda doğru desən, savab qazanmazsan və səhv etsən küfr etmiş olarsan. Elə bir elm tanıyırsanmı ki, onda doğru desən savan qazanar və səhv edərsənsə, günah qazanmazsan? Dedim: – O hansıdır? Dedi: – Fiqh elmi. Beləliklə, mən onun dərslərində oturaraq ondan fiqh öyrəndim”.
İmam Muzəninin vəfatı
İmam Muzəni hicrətin 264 (miladi 878)- cü ilində, Mübarək Ramazan ayının 26-da, Misirdə 89 yaşında ikən Rəbbinin nidasına cavab vermiş və dostu olan İmam Şafiinin yaxınlığında dəfn edilmişdir.
Allah – Təala ona rəhmət etsin…
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb