Görkəmli İslam alimləri: Muhamməd bin Nasiruddin əl-Albani
1. 782 dəfə baxılıb
“Sələf Xəbər” redaksiyası sizə Görkəmli alim, hədisşünas Muhamməd bin Nasiruddin əl-Albaninin həyatı haqda məqaləni təqdim edir. Allahdan bu müdrik alimə rəhmət diləyirik.
Görkəmli alim, hədisşünas
Muhamməd bin Nasiruddin əl-Albani
(1914-1999)
Anadan olması:
O 1914-cü ildə Albaniyanın qədim paytaxtı Aşqurada anadan olmuşdur. Onun atası İstanbul şəhərində şəriət təhsili almış və hənəfi məzhəbi üzrə ölkəsinin alimlərindən olmuşdur. Lakin atası ölkə rəhbərliyinin qadınların geyimi ilə bağlı qərbyönümlü fikirlərilə razılaşmadığı üçün oradan köçmək qərarına gəlmiş, ailəsi və uşaqları ilə birlikdə Dəməşq şəhərinə hicrət etmişdir. Muhamməd (Nasiruddin əl-Albani) adlı oğlu da onunla birlikdə hicrət edənlərdən idi.
Hicrət etməsi:
Dəməşqə gəldikdən sonra atası ona Qurani-Kərim, təcvid, nəhv-sərf və hənəfi məzhəbinin fiqhini öyrətdi.
Şeyx atasının yanında Qurani-Kərimi xətm etdi. Hənəfi məzhəbində isə Müxtəsər əl-Quduri kitabını öyrəndi. Daha sonra bəzi yerli elm adamlarından da dərs aldı.
O atasından saatsazlıq sənətini də öyrənmiş və bu sahədə yaxşı mütəxəssis kimi tanınmışdı. Onun dolanışığı saatsazlıqdan idi. Bu sənəti elmə vaxt ayırması üçün gözəl fürsət idi. Beləliklə Dəməşqə hicrət etmək ərəb dilinə tam yiyələnməyə və şəriət elmlərini öz mənbəyindən öyrənməyə səbəb oldu.
Hədis elmini öyrənməsi:
Atası ona Hənəfi məzhəbinin təqlidçisi olmağı öyrədir, tələb edir, hədis elmi ilə məşğul olmağı qadağan edirdi. Məsələlər üçün dəlil-sübut axtarmaq və sünnəyə əməl etmək eşqi onu hədis elmi ilə məşğul olmağa sövq edirdi. Muhamməd Rəşid Ridanın dərc elətdirdiyi “Məcəllətul Mənar” jurnallarında nəşr olunan elmi araşdırmalara diqqət yetirən şeyx əl-Albani iyirmi yaşlarında hədis elminə yiyələnmişdir.
Müəllimləri:
İlk müəllimi atası olmuşdur. Həmçinin Muhamməd Səid əl-Burhani, Muhamməd Bəhcə əl-Baytar və bəzi dəməşqli müəllimlərdən dərs almışdır.
Məhkumluq həyatı:
Şeyx əl-Albani siyasətdən uzaq idi və heç vaxt siyasi məsələlərə qarışmazdı. Amma buna baxmayaraq 1960-cı ilin əvvəllərindən başlayaraq Suriya hökuməti tərəfindən təqiblərə məruz qaldı. 1967-ci ildə həbs edilmiş və Dəməşq Qalası adlı həbsxanada bir aylıq həbsdə qalmışdır. Vaxtilə İbn Teymiyyə də eyni həbsxanada məhkum olmuşdu. 1967-ci ildə müharibə başladıqda hökumət siyasi məhbusların azad edilməsinə qərar verdi və onu həbsdən azad etdilər. Müharibə qızışdıqdan sonra şeyx əl-Albaninin yenidən həbs edilməsinə qərar verdilər. Bu dəfə Dəməşqin şərqində yerləşən əl-Həskə həbsxanasında səkkiz aylıq məhkumluq həyatı yaşadı. Bu müddət ərzində Hafiz əl-Munzirinin “Səhih Müslimin Müxtəsəri” adlı əsərini tədqiq etdi. Həbsdə olarkən bir çox şəxsiyyətlərlə görüşmüşdü. Daha sonra İordaniya krallığı onu ölkə vətəndaşlığına qəbul etdi.
Təlifləri:
Onun 300-dən çox təlifi və tədqiq etdiyi kitablar mövcuddur.
Ən məşhur əsərləri bunlardır:
- ✓Səhih hədislər ensiklopediyası;
- ✓Zəif və uydurma hədislər ensiklopediyası;
- ✓İrvaul Ğəlil;
- ✓Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) namazı;
- ✓Səhihul Ədəbul Mufrad;
- ✓Daiful Ədəbul Mufrad;
- ✓Təmamul Minnə
Vəfatı:
Şeyx əl-Albani 1999-cu il Oktyabr ayının ikisi İordaniyanın paytaxtı Amman şəhərində şənbə günü vəfat etdi. Həmin günü İşa namazından sonra dəfn edildi. Dəfnin tezləşdirilməsinə səbəb özünün vəsiyyətinə görə idi. Yalnız yaxınları onun ölümü haqda xəbər almışdılar, amma buna baxmayaraq dəfnində minlərlə insan iştirak etmişdi.
Sonuncu vəsiyyəti:
Həyat yoldaşıma, uşaqlarıma, dostlarıma və məni sevən hər kəsə vəsiyyət edirəm ki, mənim ölüm xəbərimi eşitdikdə mənim üçün Allahdan bağışlanma istəsinlər, mərhəmət duası etsinlər.
Birinci: Mənim üçün sinə-paltarı yolub, yaxud uca səslə ağlamasınlar.
İkinci: Dəfnimi tezləşdirsinlər. Qohumlarımdan, qadaşlarımdan yalnız məni dəfn etməyə yetəcək sayda adama xəbər etsinlər. Cənazəmi qonşum və sədaqətli dostum İzzət Xıdır Abu Abdullah bildiyi adamlarla yusun.
Üçüncü: Məni ən yaxın qəbiristanlıqda dəfn edin ki, nəşimi maşınla aparmağa ehtiyac olmasın. Cənazəmi müşayiət edənlər isə öz miniklərində müşayiət etsinlər. Qazınmaq və köçürülmək ehtimalı olmasında deyə qəbiristanlıq qədim olsun.
Öldüyüm ölkədəki insanlar vəfatım barədə ölkə xaricində yaşayan övladlarıma, o cümlədən başqalarına da xəbər verməsinlər. Məni dəfn edəndən sonra onlara xəbər versinlər ki, heç kəs hissiyyatlarına qapanıb mənim cənazəmin gecikməsinə səbəb olmasın.
Allahdan istəyirəm ki, məni dərgahına qəbul edəndə olmuş günahlarım bağışlanmış olsun.
Kitabxanamı çapdan çıxmış, kağız və əlyazma formasında olan bütün təliflərimlə birlikdə Mədinə Şəhəri Beynəlxalq İslam Universitetinin kitabxanasına vəsiyyət edirəm. Müəllim olduğum illərdə mənim həmin kitabxanada Sələf Salehin yolu ilə Quran və sünnəyə dəvətdə gözəl günlərim olub. Allahdan arzu edirəm ki, bu kitabları oxuyanlara fayda versin. Kitablardan faydalananların səmimi duası ilə mənə də fayda versin.
“Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)”
Cumadi əl-Əvvəl 27, 1410-cu hicri ili.
26 Dekabr 1989-cu il.