Sələf Xəbər


SON XƏBƏRLƏR, TARİX

 Son Xəbərlər

İmam Tirmizi və onun “Sünən (əl-Cəmi)” əsəri ilə tanışlıq

İyun 15
18:17 2015

“Sələf Xəbər” İmam Tirmizi və onun “Sünən (əl-Cəmi)” əsəri haqqında məqaləni təqdim edir:

Rəhimli və mərhəmətli Allahın adı ilə

İmam Tirmizi və onun “Sünən (əl-Cəmi)” əsəri ilə tanışlıq

– Allah ona rəhmət etsin –

 

İmam Tirmizi kimdir?

Tam adı Əbu İsa Məhəmməd ibn İsa ibn Səvra ət-Tirmizidir. O, hicrətin 209-cu ilində anadan olmuş və 279-cu ilində vəfat etmişdir. Tirmizi Buxarinin yanında uzun müddətli dərs alan tələbələrdən biri idi. Alimlər onun elmli, hafiz, abid, zahid, Allahdan çox qorxan olmasını bildirmişlər. Allah qorxusu ilə çox ağlamaqdan həyatının sonlarında gözlərinin kor olması da buna dəlalət edir.

Məşhur alim Əbu Səid əl-İdrisi Tirmizi haqqında demişdir: “O, hədis elmində sözü qəbul olunan imamlardan biridir. “əl-Cəmi”, “əl-İləl və tarix” kitabları onun kamil elmli alim olmasına işarədir. İnsanlar onun hafizəsini nümunə kimi misal çəkirdilər.”

İmam Tirmizinin “əl-Cəmi” əsərinin özünəməxsus cəhətləri:

Əbu Davud kimi imam Tirmizi də “Cəmi” əsərində fiqhi hökmlərlə bağlı hədisləri cəm etmişdir. O, bu kitabda hədislərin səhih yaxud zəif olmasını bəyan etmiş və səhabələrin, tabeinlərin və müxtəlif alimlərin məzhəblərini – müəyyən məsələyə aid rəylərini qeyd etmişdir.

Şeyx Əhməd Məhəmməd Şakir, Tirmizinin “Sünən” kitabına yazdığı tədqiqat əsərində deyir: “Tirmizinin bu kitabı üş cəhətdən digərlərindən fərqlənir ki, bu xüsusiyyətlər heç bir hədis, sünnə üsulu və başqa mənbələrdə yoxdur.

Birinci, o, hədisin rəvayət yollarını ixtisar edərək onlardan yalnız birini nəql etmişdir. Sonra isə növbəti rəvayətə başlamışdır. Şeyx Əhməd Şakir deyir: “Tirmizi hər bir fəslə dəlalət edən hədisi qeyd etdikdən sonra, istər həmin hədislə eyni məna, istər başqa məna, yaxud da tamamilə əks məna daşıyan lakin azacıq da olsa həmin fəsillə uyğunluğu olan hədisləri nəql edən səhabələrin adlarını qeyd etmişdir. Şübhəsiz ki, bu, onun yüksək elmi səviyyəsinə və güclü hafizəsinə sübutdur.”

İkinci, o, fiqhi məsələlərdə bu sahə üzrə mütəxəssis olan alimlərin ixtilafını, onların rəylərini və dəlillərini qeyd edir. Həmçinin o, hər fəsildə bir-birinə zidd olan hədisləri zikr edir. Bu da ən yüksək və mühüm sayılan bir işdir. Çünki hədis elminin əsas məqsədi hədislərə riayət etmək və nəticələr çıxartmaq üçün onlardan düzgün və yanlış xəbərləri bir-birindən ayırmaqdır.

Üçüncü, imam Tirmizi öz kitabında hədislərdəki qüsurlara diqqətlə yanaşmış, onların səhihlik və ya zəiflik dərəcələrini qeyd etmiş, orada olan nöqsanlar və rəvayətçilər haqda geniş danışmışdır. Buna görə də həmin kitab hədislə bağlı bütün elmlərin, xüsusən də onda olan qüsurları tədqiq edən (ərəbcə. İləl) elmin tətbiqi sahəsinə çevrilmişdir. Bir sözlə bu kitab alimlərin, tələbələrin və tədqiqatçıların üz tutduqları ən faydalı mənbəyə çevrilmişdir.”

İmam Şövkəni, Tirmizinin “Sünən” əsərini tərifləyərək deyir: “Tirmizinin bu əsəri kitablar içərisində ən yaxşısı, ən çox faydalısı, tərtib baxımından ən gözəli və təkrara ən az yer verənidir. Həmçinin bu kitabda başqalarında qeyd olunmayan məzhəb nəzər nöqtələri, hədislərdən nəticə çıxarma metodikaları, fəslə münasib digər hədislərin də olduğuna işarə etmə, hədislərin səhih, həsən, ğərib və ya zəif kimi növlərinin bəyanı və “tənqid və tərif” (ərəbcə cərh və tədil) elminə aid müzakirələr vardır.”

Kitabın fərqli cəhətlərindən biri də onun müxtəlif elmi faydalar daşımasıdır. Bu haqda İbn Ruşeyd deyir: Tirmizinin “Sünən” əsərinin aşağıdakı özəllikləri vardır:

  1. Fəsillərə bölünmüş hədislər;
  2. Fiqh;
  3. Hədislərin səhih, zəif və ya onlar arasında olan mərtəbələrini bəyan edən “İləl”;
  4. Adlar və kunyələr (ləqəblər);
  5. Cərh və tədil;
  6. Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) görənlərin və görməyənlərin bəyanı;
  7. Hədisin digər rəvayətçilərinin zikri.

Bunlar kitabın ümumi əhatəsinə daxil olduğu elmlərdir. Lakin müfəssəl araşdırmaya gəlincə, kitabda çox saylı digər elmlər vardır. Qısa desək bu çox dəyərli və dərin faydalı əsərdir.

Onun “əl-Cəmi” kitabı “Sünən ət-Tirmizi” adı ilə məşhurdur. Bu əsər həsən hədislərin əsas mənbələrindən sayılır. İbn Salah deyir: “Əbu İsa Tirmizinin (Allah ona rəhmət etsin) kitabı həsən hədislərin əsas mənbəyidir. İlk olaraq bu termini (Həsən hədis terminini) o işlətmiş və “əl-Cəmi” əsərində ondan cox istifadə etmişdir.”

Tirmizinin “əl-Cəmi” əsərində 3956 hədis var.

İmam Tirmizinin “Sünən” əsərinin şərhləri:

Tirmizinin “Sünən” əsərinin şərhlərindən:

  1. İbn əl-Ərabi əl-Məkki adı ilə tanınmış böyük alim Əbu Bəkr Məhəmməd ibn Abdulla əl-İşbilinin “Aridatul əhvazi fi şərhit Tirmizi” əsəri; İbn əl-Ərabi hicrətin 795-ci ilində vəfat etmişdir;
  2. Əl-Hafiz Cələluddin əs-Suyutinin “Quvvatul Muğtəzi aləl-Cəmi ət-Tirmizi” əsəri; Suyuti hicrətin 911-ci ilində vəfat etmişdir;
  3. İbn Seyyidinnəsin şərhi; O, hicrətin 734-cü ilində vəfat etmişdir. İbn Seyyidunnəs bu əsərini vəfat etdiyinə görə tamamlaya bilməmişdir. O, yalnız kitabın üçdə bir hissəsini şərh etməyə müvəffəq olmuşdur. Sonra “Əlfiyyə” əsərinin müəllifi Zeynəddin Abdurrahim ibn Hüseyn əl-İraqi onu tamamlamışdır. O, hicrətin 806-cı ilində vəfat etmişdir;
  4. Siracuddin əl-Bəlqini əş-Şəfiinin “Əl-Urfu-ş-şəz alə Cəmii ət-Tirmizi” əsəri; Şərhçi hicrətin  805-ci ilində vəfat etmişdir. Həmçinin o da öz əsərini tamamlaya bilməmişdir;
  5. Böyük alim Muhəmməd Abdurrahman ibn Əbdürrəhim əl-Mubərakfurinin “Töhfətul əhvazi şərhu Cəmi ət-Tirmizi”əsəri; Mubərakfuri hicrətin 1355-ci ilində vəfat etmişdir. Kitabın bu şərhi zamanımızda ən çox oxunan əsərdir. O, çox faydalıdır. Allah onu insanlara sevdirmiş və onlar arasında məşhurlaşdırmışdır.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

Digər xəbərlər