Sələf Xəbər


TARİX

 Son Xəbərlər

Müsəlmanların Drakulanı qətlə yetirməsi

İyul 15
16:13 2014

O, 1435-ci ildə Rumıniyanın Valaxiya knyazlığında doğulmuşdu. Rumıniyalı yerliləri onu “Radu III-lea çel Frumos”, türklər “Yakışıklı Radu Bey”, ərəblər “al-Wasim” kimi tanıyır, ingiliscə isə “Radu the Handsome” adlandırırdılar. II Sultan Mehmetin müttəfiqi və uşaqlıq dostu olan bu insanın, Konstantinopolun fəthində əvəzsiz rolu olub. Radunun bu fəthdə iştirakı, II Mehmetin tarixə “Fateh” kimi düşməsinə səbəb olub.

Radu, Osmanlının Şərqdə Səfəvilərə, Qərbdə isə serblər, rumınlar və macarlara qarşı gizli silahı idi. Müsəlman dünyası islamın bu qəhrəmanına çox şey borcludur. Lakin, bəlkə də Fateh Sultan Mehmetin diqqət mərkəzindən kənarda qalacağı qorxusu ilə, tarixdə onun adı çox az çəkilib. İslamı qəbul etdiyi və Bizans İmperiyasının dağıdılmasında yaxından iştirak etdiyi üçün, Bizanslılar Raduya nifrət edirdilər. Odur ki, tarixdə onu amansız despot kimi qələmə veriblər.

Lakin, bu Osmanlı sərkərdəsi, cəhalətə qarşı amansız mübarizə aparmışdır. O, vampir əfsanəsinin əcdadı sayılan, düşmənlərini payaya keçirərək onların qanını içən – Vlad Drakula kimi tanınan, “Vlad al III-lea Ţepeş” və ya sadəcə Drakulanın ovuna çıxıb. Professor Abraham Van Helsinq obrazı, Brem Stokerin qorxunc təxəyyülünün uydurmasından başqa bir şey deyildi. II Sultan Mehmet və Radu çel Frumos isə, tarixdə ilk və yeganə həqiqi vampir ovçuları olublar.

Qan qardaşları
Radunun islama və II Sultan Mehmetə sıx bağlılığı, onların atalarının onlardan əvvəl siyasi ittifaqının nəticəsi ola bilər. Drakuleşti Evindən (“Əjdaha Evi”) Vlad, II Sultan Mehmetin atası, II Sultan Muradın müttəfiqi və vassalı idi. II Vladın 4 oğlu var idi: II Mirça, IV Vlad Kaluqarul (“Rahib”), Drakula kimi tanınan III Vlad və III Radu çel Frumos (“Yaraşıqlı”). Sultanla birliyinə hörmət jesti olaraq, II Vlad öz oğulları Drakula və Radunu ona xidmət etmələri üçün Osmanlı sultanına verir. Yanıçarıların yanında onlar Quran, ərəb dili, türk dili, fars dili, İslam teologiyası (ilahiyyatı) və hüququ və ən əsası, türk hərbi strategiyası və müharibə taktikalarını öyrənirlər.

Həm hərbi, həm də sosial cəhətdən düşündüyümüzdən də yüksək mövqeyə malik Osmanlı xüsusi qüvvələri, yançarılar və sipahilərdən ibarət idi. Yançarılar, Osmanlı ordusunun elit piyada qoşunu, həmçinin sultan və onun ailəsinin şəxsi cangüdənləri idi. Sipahilər isə, sultanı müharibədə əhatə edən elit süvari qoşunu idi və ən inadcıl düşmənə qarşı mübarizəyə məhz onlar göndərilirdi. Onlar öz dövrünün komandoları və xüsusi təyinatlı dəstələri idi. Siphilər, II Sultan Mehmetin məhz özünün qələmə aldığı “Qanunnamə-i-sipahi” (“Sipahilərin Qanun kitabı”) adlı qanun traktatında tələb olunduğu kimi, mənşəcə demək olar ki, tamamilə türk idilər. Drakula və Radunun daxil olduğu yançarılar isə, İslamı sonradan qəbul etmişdilər.

Gənc Drakula davamlı şəkildə öz sahiblərini təhqir edir və onlara qarşı çıxırdı. Buna görə o həbsə atılır və cəzalandırılırdı. Türklərin onun bu dikbaşlığına qarşı qərəzsiz münasibəti səbəbilə, o baş verənlərə qarşı üsyana qalxmağa başladı. Drakula, türklərlə ittifaqa girdiyi üçün atasına nifrət edirdi və bunu, özünün və atasının and verdiyi Əjdaha Ordeninə xəyanət kimi görürdü. Əjdaha Ordeni, İslamı Balkanlardan birdəfəlik silmək məqsədi daşıyan xristian cəmiyyəti idi. Drakula, uğurlarına və türklərin ona göstərdiyi lütfkarlığa görə Raduya nifrət edirdi. Onun ürəyi gənc II Mehmetə qarşı kin və paxıllıqla dolu idi. Çünki, o da şahzadə idi, lakin sultandan fərqli olaraq cah-cəlal içində yaşamırdı. O, həmçinin, atası onlara üstünlük verdiyi üçün qardaşları Mirça və Vlad Rahibə də paxıllıq edirdi. Lakin o Mirçaya paxıllıq etməklə bərabər, həm də hörmət bəsləyirdi. Çünki, gənc Drakula, minlərlə insanı payaya keçirərək öldürmək kimi vahiməli bir taktikanı məhz ondan öyrənmişdi.

Radu İslama və sultana sadiq qaldı və imperiyanın ən amansız düşmənlərini istila etməklə, bütün ömrünü Osmanlı İmperiyasının hüdudlarında mübarizə aparmağa həsr etdi. Onun döyüş məharətinin hətta Osmanlı ordusunun yançarıları və elit sipahiləri arasında da misli bərabəri yox idi. Odur ki, onu tez-tez, yenilməz görünən  düşmənə qarşı mübarizəyə göndərirdilər. Tarixə əsasən, o qüdrətli Ağqoyunlu İmperiyasının Osmanlı İmperiyasını məhv etməsinin qarşısını almaqla, Yaxın Şərq tarixinin gedişatını dəyişib. Belə olmadığı halda, bu gün Orta Şərq və Avropa tamamilə fərqli simaya malik olardı. Bu səbəbdən, vətəni Valaxiyadan gələn təhlükəni dəf etmək məhz ona həvalə edildi. Çünki, nə elit yançarılar, nə də sipahilər bunun öhdəsindən gələ bilməzdilər.

İstanbulun fəthi 
“Şəhərimizin dağıdılmasından 3 gün sonra, sultan böyük sevinclə öz qələbəsini bayram etdi. O, belə bir bəyanatla çıxış etdi: qaçmağı bacarmış bütün yaşlarda vətəndaşlar şəhərdə gizləndikləri yerlərdən açıqlığa çıxa bilərlər, çünki onlar azad buraxılacaq və sorğu-sual olunmayacaqlar. Daha sonra o, mühasirədən əvvəl şəhərimizi tərk etmiş insanların evləri və əmlaklarının onlara qaytarılacağını bəyan etdi. Şəhərə geri qayıtdıqları təqdirdə, sanki heç nə olmamış kimi, onlar öz rütbə və dinlərinə müvafiq olaraq rəftar olunacaqlar” (Corc Sprantzes, 1401-1478, Bizanslı xristian xronikaçısı və Konstantinopolun ələ fəthinin şahidi). Əhali şadlıq içində idi: bu, şəhərlərinin dağıdılmasından sonra hər şeylərinin əlindən alınacağını düşünən Konstantinopol sakinləri üçün əsl xoşbəxtlik idi.

Bu günə qədər Türkiyənin paytaxtı olan şəhərin tarixi fəthini bütün müsəlman dünyası bayram edirdi. II Sultan Mehmet qalibiyyətlə şəhərə daxil olduqda, uşaqlıq dostu və yanıçarıların rəhbəri, Valaxiya Hersoqu II Vladın oğlu Radu çel Frumosu gördükdə, xatırladı ki, Şimalda, Bizansın dağıntılarından uzaqda, onların ən qəddar düşmənləri pusqudadır. O düşmənlər arasında, onları ən çox qorxudan, Radunun doğma qardaşı Drakula idi.

Drakulanın üsyanı 
Fürsət düşən kimi xəyanət etmək, Valaxiya hökmdarlarının tərzi idi və günlərin bir günü II Vlad səssizcə öz böyük oğlanları Mirça və IV Vlada üsyan təşkil etməyə icazə verdi. Bu üsyandan sonra Mirça bütün məhbusları payalara keçirdi. Gənc Drakula bu cəza növünü seyr etməkdən həzz alırdı və Osmanlılara qarşı növbəti qiyamlarda, həmçinin macar sərkərdəsi Con Hunyadinin dəstəklədiyi Daneşti klanına (qəbiləsinə) qarşı qiyamlarda Mirçaya qoşuldu. Nəticə etibarilə, Hunyadi, Drakulanın atasına qalib gəldi, onu Balteni bataqlıqlarında qətlə yetirdi və Mirçanın gözlərini çıxartdıraraq Tarqovişte şəhərində diri-diri basdırdı. Hunyadi Daneşti şahzadəsi II Vladislavı Valaxiyaya şahzadə təyin etdi. Ambisiyası və hakimiyyətə olan hədsiz hərisliyi səbəbilə, Drakula, vəhşicəsinə öldürülmüş atası və qardaşına görə kinini bir kənara qoyaraq Hunyadi ilə ittifaqa girdi və onun məsləhtçsinə çevrildi.

Con Hunyadi, günümüzdə Serbiyanın paytaxtı olan Belqrad şəhərində türklərlə üzləşmək üçün yola çıxdıqda, Drakula hücum edərək Vladislavı öldürdü və taxt-tacı ələ keçirdi. Bu zaman, Hunyadinin düşərgəsində taun xəstəliyi yayıldı. Hunyadi bu xəstəliyə yoluxaraq dünyasını dəyişdi. Sultan Mehmet döyüşdə ağır yaralanmışdı və bütün bu hadisələr, Drakulanın Valaxiyanı aramsız şəkildə 6 il idarə etməsinə səbəb oldu. Bu, onun öz vətənində bu qədər uzun müddət hökmdarlıq etdiyi ilk və son dəfə idi.

Deşici
“Mən kişiləri və qadınları, qocaları və gəncləri öldürdüm…biz, 23884 türk və bolqar öldürdük. Mən hələ, öz evlərində basdırdığımız insanları və əsgərlərimizin başlarını kəsmədiyi insanları saymıram” (Drakula, Matias Korvinusa məktubunda öz qəddarlığı ilə lovğalanır).
Sultan Mehmet, üfunət qoxan insan “meşəsinə” yaxınlaşdıqda, baş verənlərin dəhşətini anladı. Onlar öz məqsədlərinə – Valaxiyanın paytaxtı Tarqovişteyə o qədər yaxın idilər ki, o, bu heyrətamiz mənzərəni görməyə hazır deyildi. Onlar insan “meşəsinə” yaxınlaşdıqca, süvari qoşunundakı atlar nəzarətdən çıxdı və piyada qoşunu xəstələndi. Onların qarşısında, 1462-ci ilin qışı payaya keçirilərək Drakulanın qurbanına çevrilmiş 20 min günahsız kişi, qadın və uşaq var idi.

Drakulanın müsəlmanların arasında böyüməsi və türk dilində səlis danışması, onun Osmanlı İmperiyasınn ən möhkəm düşərgələrinə sərbəst şəkildə, sezilmədən girməsinə imkan vermişdi. Bu, müsəlmanlar üçün ağır nəticələr verdi. Drakulanın ordusu türk sipahiləri geyimində Serbiyaya daxil oldu və bütün müsəlman kəndliləri və onlarla dostluq etmiş qeyri-müsəlmanları qətlə yetirdi. Drakulanın niyyəti, paytaxtı ələ keçirməyə hazırlaşan Sultan Mehmetə dəhşətli bir xatırlatma etmək idi. Onlar, insanlardan ibarət bu “abidəni”, sultanı təşvişə salmaq və onun qoşununu vahimələndirmək üçün ucaltmışdılar ki, bəlkə onlar geri çəkilərək vətənlərinə qayıtsınlar.

Təqdirəlayiqdir ki, Osmanlı qoşunlarının bu mənzərəni gördükdən sonra kütləvi şəkildə geri qaçması barədə heç bir tarixi qeyd yoxdur. Onlar soyuqqanlı şəkildə yola davam etdilər. Lakin, bəzi tarixçilər, bu hadisədən sonra II Sultan Mehmetin, “vampir” ovuna olan həvəsinin itdiyini yazırlar. Valaxiyanın paytaxtı Tarqovişteni ələ keçirdikdən sonra, Mehmet vətənə qayıtdı və Drakulanı öldürməyi, buna qadir olan yeganə insana, Raduya həvalə etdi. Çünki, Drakulanı öldürmək üçün, onun düşüncə tərzini bilmək lazım idi. Bunu isə, onun doğma qardaşından yaxşı heç kim bilə bilməzdi.

Məhz bu hadisə, Drakulaya Vlad “Ţepeş” adını qazandırdı. Rumınca “Ţepeş” sözü, “Deşici” deməkdir. Əfsanəyə görə, bu sözə yaxından baxdıqda, Drakulanın sallanmış köpək dişlərini görmək olar ki, bu da sanki vampirin qana olan dəhşətli hərisliyindən xəbər verir.

Radu Drakulaya qarşı: qanlı düşmənlər
Tarqovişte ələ keçirildikdən sonra, Drakula Con Hunyadinin oğlu Matias Korvinusun himayəsində sığınacaq tapmaq ümidilə Transilvaniyaya qaçdı. Fürsətcil və dinə ehtiram bəsləməyən Drakula, bu dəfə Korvinusun hörmətini qazanmaq üçün katolik olmaq niyyətini bildirdi. O, ərazilərə od vurdu və qarşısına çıxan bütün canlıları məhv edərək özündən sonra payaya keçirilmiş insan qalaqları qoydu. O, öz vətənini belə asan şəkildə müsəlmanlara vermək fikrində deyildi. Odur ki, Osmanlı sipahilərinin tab gətirə bilməyəcəyi partizan müharibəsinə başladı. Deyilənə görə, o, bir gecədə 15000 Osmanlı əsgərinin qanını töküb. Ən güclü Osmanlı əsgərləri qaçaraq canlarını qurtardılar. Radu bu hadisədən bərk təşvişə düşdü, lakin, güclü imanı, ümidsizcəsinə yolunu azmış qardaşının qanlı hakimiyyətinə son qoymağa onu təşviq etdi. Radudan və onun rumın müsəlman yançarılarından başqa Drakula ilə vuruşmağa heç kim ürək etmədi.

Qardaşlar Valaxiya taxt-tacı uğrunda uzun müddət mübarizə apardılar və Drakula Matias Korvinusdan daha az dəstək aldıqca, Radu regionda nəzarəti daha çox ələ aldı.

Qəribə təsadüflə, Drakulanın sığındığı Korvinus, onu dövlətə xəyanətdə günahlandıraraq 12 il həbsdə saxladı. Valaxiya əhalisi və xristian zadəganları Drakulanın dəhşətli hərəkətlərindən cana yığılmışdılar. Onlar Radunu dəstəkləyərək, 1462-ci ildə onu Voivod, Valaxiya şahzadəsi və hökmdarı elan etdilər. Radu 11 il ərzində ölkəni firavan şəkildə idarə etdi. Drakula isə Budapeşt həbsxanasında səbrsizliklə zülmətdən yüksələcəyi günü gözləyirdi.

Drakulanın həbsdən çıxması və həlledici vuruşma
1473-cü ildə Radunun ölümündən sonra, Drakula həbsdən buraxıldı. O, dərhal ordu topladı və Bosniyaya hücum etdi. O, ölkənin müsəlman əhalisini qırıb-çataraq 8000 insanı payaya keçirdi. Drakula, İslamı Balkanlardan əbədiyyən silmək üçün, bir daha zülmətdən aydınlığa çıxdı. O, nəhayət ki, Valaxiya taxt-tacını ələ keçirdi, lakin onun hakimiyyəti cəmi bir ay davam etdi. Sultan Mehmet Valaxiyaya hücum edərək, əziz dostu Radunun ölümü ilə boşalmış taxtı Drakulanın küfründən təmizlədi. 1476-cı ildə, Sultan Mehmetin qoşunları Buxarestdə Drakulanın qoşunları ilə üzləşdi. Drakulanın qoşunu darmadağın edildi və Drakula da daxil olmaqla, bütün ordu qətlə yetirildi. Vampir beləcə məhv edildi. Onun başı kəsilərək bal ilə dolu kuzədə Konstantinopola göndərildi. Drakulanın başı Konstantipolun mərkəzində hər kəsin gözü önündə payaya keçirildi. Daha heç bir şübhə yox idi. Müsəlmanlar nəhayət ki, Drakulanı qətlə yetirmişdilər.

İstinadlar

  1. Drakula: Vlad Ţepeşin həyatı və hakimiyyəti dövrü barədə oçerklər, Kurt V. Treptov
  2. III Vlad Drakula: Tarixi Drakulanın həyatı və hakimiyyəti dövrü, Kurt V. Treptov
  3. Bitkin Drakula, Radu Floresku, Reymond T. Maknelli
  4. Vlad Ţepeş, Valaxiya Şahzadəsi, Nikolae Stoiçesku
  5. Tarix əl-Dövlə əl-`Usmaniyyə fi-l `Usur əl-Vusta (ərəb dilində), Dr. Mahmud əl-Huvayri
  6. Əl-`Usmaniyə fi-l Tarix wal-Hədhəra (ərəb dilində), Dr. Muhamməd Harb
  7. Tarix əl-Dövlə əl-`Usmaniyə (ərəb dilində), Dr. Əli Hassun
  8. Əl-Sultan Muhamməd əl-Fatih (ərəb dilində), Dr. Seyyid Ridvan `Əli

www.suhaibwebb.com

Digər xəbərlər