Sələf Xəbər


SON XƏBƏRLƏR, TARİX

 Son Xəbərlər

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı – BİRİNCİ HİSSƏ

Sentyabr 28
18:13 2016

“Sələf Xəbər” İbn Kəsir əd-Dəməşqinin “əl-Fusul Fi Siyrati-r-Rasul” əsərindən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatından bəhs edən tərcüməni ‏təqdim edir:

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) nəsəbi

O, Adəm övladının ağası, Əbul Qasimdir. O, “Muhəmməd”, “Əhməd”, “əl-Məhi” – küfrün yox olmasına səbəb olan, “əl-Həşir” – insanlar yenidən dirildikdə onun ardınca həşr olunacaq, “əl-Aqib” – özündən sonra peyğəmbər olmayacaq, “əl-Muqəffə” – ardıcıl, “Nəbiyurrahmə” – mərhəmət peyğəmbəri, “Nəbiyuttovbə” – tövbə peyğəmbəri, “Nəbiyyulməlhəmə” – mübarizə peyğəmbəri kimi adlarla tanınmışdır. Atasının adı Abdullahdır.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmiləri: Abdullahın bir neçə qardaşı var idi: əl-Haris, əz-Zubeyr, Həmzə, Əbulfədl kunyəli əl-Abbas, Əbu Talib kunyəli Abdumanaf, Abduluzzə kunyəli Əbu Ləhəb, əl-Muqavvim ləqəbli Abdulkəbə – bəzi mənbələrdə onların iki ayrı şəxs olduğu deyilir – Həcl ləqəbli əl-Muğira, Dirar və öz geniş səxavəti ilə məşhurlaşdığı üçün əl-Ğəydaq ləqəbi ilə tanınan əsl adı isə Novfəl, bəzi mənbələrə görə Həcl.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bibiləri: Abdullahın bacıları da var idi. Onlar aşağadakılardır: Safiyyə, Atikə, Ərva, Umeymə, Bərra, Ummu Həkim kunyəli əl-Bəyda.

Adları sadalananların hamısı Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) babası Əbdülmüttalibin övladlarıdır. Doğru mənbələrə əsasən demək olar ki, Əbdülmüttalibin əsl adı Şeybətulhəmd olub. O da Haşim ləqəbi ilə tanınmış Amrın oğludur. Haşim isə əl-Müttəlibin qardaşıdır. Əhli Beyt də bu iki babaya nisbət edilir.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)
Adnandan sonra gələn soyu haqqında

Bütün ərəb qəbilələrinin soyu Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) Adnan adlı babasında birləşirlər. Ona görə də Uca Allah belə buyurur: “(Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm…” (əş-Şura: 23). İbn Abbas (Allah ondan razı olsun) deyir: “Qureyşin elə bir ailəsi yox idi ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) onunla qohumluğu olmasın”.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu soyun Allah tərəfindən seçilmiş bəndəsidir. Müslim öz “əs-Səhih” əsərində Vasilə bin əl-Əsqadan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Allah İsmayılın övladlarından Kinanəni seçmişdir. Kinanədən isə Qureyşi seçmişdir. Qureyşdən isə Haşim oğullarını seçmişdir. Məni isə Haşim oğullarından seçmişdir.”

O cümlədən İsrail oğulları və onların peyğəmbərləri Muhəmməd peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) İbrahim Xəlildə (Allahın salamı olsun) birləşirlər. Uca Allah peyğəmbərliyi və kitabı onun nəslinə vermişdir. Uca Allah İsrail oğullarına Musanın (Allahın salamı olsun) dili ilə belə əmr etmişdir. Əvvəlki peyğəmbərlərin Muhəmməd peyğəmbər (Allahın salavatı və salamı olsun) haqqında söylədikləri müjdə xəbərlərini cəm edən alimlər bu əmrlərin tövratda olduğunu deyirlər. Uca Allah onlara bu mənada belə demişdir: “Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. Onu çox hörmətli edəcəyəm…” İsmayıl övladlarında Muhəmməd (Allahın ona salavat və salamı olsun) qədər əzəmətli kimsə doğulmamışdır. Ümumiyyətlə, Adəm övladından heç kəs onun kimi əzəmətli olmamış, bundan sonra da olan deyildir. Səhih hədisdə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: “Mən adəm övladının ağasıyam, bunu fəxr üçün demirəm. Adəm və ondan sonra gələn bütün peyğəmbərlər mənim bayrağım altındadırlar”.

Digər səhih hədisdə belə dediyi rəvayət olunur: “Mən elə bir məqamda olacağam ki, bütün məxluqat, hətta İbrahim (Allahın salamı olsun) həmin məqamı arzulayacaqdır…” Hədisdə deyilən məqam, Allahın ona vəd verdiyi “Məqamul Mahmud” dur. Bu məqam Qiyamət günü məhşər meydanında bütün insanların haqq-hesabının başlaması üçün Allahın mərhəmətini istəyəcəyi böyük şəfaətdir. Bu haqda geniş məzmunlu hədislər rəvayət olunmuşdur.

Anadan olması və bəslənməsi

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) anası Əminə bint Vahb bin Abdumanaf bin Zuhra bin Kiləb bin Murradır.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Rabiul Avvəl ayının ikisi, həftənin birinci günü anadan olmuşdur. Bəzi mənbələrdə ayın səkkizi, onu və ya on ikisi dünyaya gəldiyi qeyd olunur. Zubeyr bin Bəkkar isə onun Ramazan ayında doğulduğunu demişdir. Amma bu təmamilə yalnış fikirdir. Suheyli “Rovda” adlı kitabında bunu qeyd etmişdir.

O, miladın 570-ci ilində “Fil” hadisəsi baş verən ildə dünyaya gəlmişdir. Mənbələrdə deyilir ki, bu hadisədən əlli, yaxud əlli səkkiz gün sonra, başqa mənbələrdə isə on, otuz və ya qırx il sonra dünyaya gəlmişdir. Doğru olan budur ki, o “Fil” ilində anadan olmuşdur. İmam əl-Buxarinin şeyxi İbrahim bin əl-Munzir əl-Hazimi və Xəlifə bin Xəyyat bu barədə alimlərin yekdil fikirdə olduqlarını söyləmişdir.

O, hələ anasının boynunda olanda atası dünyasını dəyişdi. Bəzi mənbələrdə isə deyilir ki, onun dünyaya gəlməsindən bir neçə ay sonra, yaxud bir il, ola bilər iki il sonra dünyasını dəyişmişdir. Amma birinci söylədiyimiz fikir daha çox səslənən fikirdir. Onun bəslənməsi üçün Bəni Səd qəbiləsində ailə axtarıb tapdılar. Onu öz südü ilə bəsləyən qadın Həlimə əs-Sədiyyə olmuşdur. O, Bəni Səd qəbiləsində, təxminən dörd il qaldı və orada onun ürəyi (mələklər tərəfindən) yarıldıqdan sonra uşağı anasına qaytardı. Anası Mədinədə dayılarına baş çəkmək üçün onunla birlikdə Mədinəyə yola düşdü. Onlar bu səfərdən Məkkəyə qayıdarkən anası Əl-Əbva adlı yerdə dünyasını dəyişdi. O zaman Muhəmməd (Allahın ona salavat və salamı olsun) altı yaş, üç ay və on günlük idi. Bəzi mənbələrdə onun dörd yaşında olduğu deyilir. Müslim özünün “əs-Səhih” əsərində rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkənin fəthinə gedərkən əl-Əbvadan keçirdi. O öz Rəbbindən anasının qəbrini ziyarət etmək üçün izn istədi və Rəbbi ona icazə verdi. O özü ağlayıb, ətrafındakıları da ağlatdı. Onunla min nəfər zirehli döyüşçü var idi.

Anası öləndən sonra atasından miras qalmış mövlası Ummu Əymən ona qayğı göstərir, babası Əbdülmüttalib isə ona himayədarlıq edirdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səkkiz yaşına çatanda babası vəfat etdi. Babası onu əmisi Əbu Talibə tapşırdı. Çünki Əbu Talib Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) atası Abdullahın doğma, atabir-anabir qardaşı idi. Əbu Talib onu tam himayə etdi. Özü dünyasını dəyişənə qədər Allaha şərik qoşmaqda davam etsə də, Muhəmmədə (Allahın ona salavat və salamı olsun) peyğəmbərlik veriləndə ona böyük dayaq oldu. Onun bu yaxşılığına görə Allah onun əzabını yüngülləşdirdi. Bu haqda səhih hədis rəvayət olunmuşdur. Muhəmmədin on iki yaşı olanda əmisi onu özü ilə ticarət karvanında apardı. Bu əmisinin ona qarşı hədsiz həssas davrandığını göstərirdi. Çünki onu Məkkədə qoyub getdikdə lazımınca qayğısına qalan olmurdu. Şama gedən Əbu Talib və yol yoldaşları səfər əsnasında Muhəmmədin (Allahın ona salavat və salamı olsun) bir çox qeyri-adi əlamətlərinin şahidi oldular. Bundan sonra əmisi ona daha çox qayğı və diqqətlə yanaşırdı. Tirmizi “əl-Cami” kitabında səhih sənədlə buludun onu kölgələndirməsi, ağacın öz kölgəsi ilə ona tərəf əyilməsi, rahib Bəhiranın onun haqqında müjdəsi və əmisinə: “onu geri qaytar, yoxsa yəhudilər onu görüb xətər toxundurarlar!” – sözləri ilə xəbərdar etməsi kimi rəvayətlər nəql etmişdir. Hədis əsaslı rəvayətdir və digər rəvayətlərdə əlavələr də mövcuddur. Sonra Muhəmməd (Allahın ona salavat və salamı olsun) ikinci dəfə Xədicə bint Xuveylid üçün “mudarəbə” şərti əsasında ticarət karvanı ilə Şama yollandı. Xədicənin köləsi Məysəra da onunla idi. Məysəra səfər əsnasında Muhəmmədin (Allahın ona salavat və salamı olsun) qeyri-adi əhvalatını görüb heyran qaldı. Geri qayıdan kimi baş verənləri ağası Xədicəyə danışdı. Bu xəbərləri eşidən Xədicə Allahın ona lütf etdiyi və heç kəsin ağlına gəlməyən xeyiri əldə etmək üçün onunla evlənmək arzusuna düşdü və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iyirmi beş yaşında onunla evləndi.

Uca Allah Muhəmmədi (Allahın ona salavat və salamı olsun) uşaqlığından bəri qorumuş, onu cahiliyyət çirkabından və hər bir eyibdən uzaq tutmuş, bütün gözəl əxlaqi dəyərləri ona əta etmişdi. O öz qövmü arasında “əl-Əmin” vəsfindən başqa bir vəsflə tanınmırdı. Çünki qövmü onun paklığını, doğruluğunu və əmanətə çox vəfalı olduğunu görmüşdü. Muhəmmədin (Allahın ona salavat və salamı olsun) otuz beş yaşı olanda Qureyş Kəbə evini bərpa edirdi. Qara daşın hörgüyə qoyulma məqamı çatanda qəbilələr qara daşı kimin oraya qoyacağı haqqında mübahisə etməyə başladılar. Hər qəbilə “onu oraya biz qoyacağıq!” – deyirdi. Sonra onlar qapıdan daxil olan birinci adamın daşı oraya qoyacağına razılaşdılar. Həmin adam da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) oldu. Onun birinci daxil olduğunu görüb hamı: “əl-Əmin gəldi” – deyib rahat nəfəs aldılar. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir libas gətirməyi tələb etdi və daşı paltarın ortasına qoydu, sonra hər qəbilədən bir nəfərə libasın bir tərəfindən tutub daşı qaldırmağı əmr etdi. Daha sonra özü daşı divara yerləşdirdi.

“Sələf Xəbər” redaksiyası tərəfindən İbn Kəsir əd-Dəməşqinin “əl-Fusul Fi Siyrati-r-Rasul” əsərindən tərcümə edilmişdir.

İbn Kəsir əd-Dəməşqi
O, İmadəddin Əbu-l-Fida İsmail ibn Ömər ibn Kəsir ibn Dovi ibn Kəsir ibn Zər əl-Bəsrəvi əd-Dəməşqi əş-Şafiidir.

O, hicrətin 701 (miladın 1301) -ci ilində Bəsrə şəhərinin yaxınlığındakı kəndlərin birində dünyaya gəlmişdir. O zaman atası həmin kənddə məscidin xatibi idi. 706-cı ildə ailəsi ilə birlikdə Dəməşq şəhərinə köçmüş və orada Şeyx Burhanəddin əl-Fizari və başqa bu kimi elm adamlarından təhsil almışdır. Məşhur alim əl-Hafiz əl-Mizzinin kürəkəni olmuş və onun yanında elm öyrənmişdir. Öz vaxtında fitva verir və dərs keçirdi. Fiqh, təfsir, nəhv və sairə elmlərə tam yiyələnmişdi. Zəhəbinin vəfatından sonra “Umm əs-Saleh” və “Təngiziy­yə” mədrəsələrinə rəhbərlik etmişdir. O, bir neçə kitab yazmışdır. Ən məşhur kitablarından “Əzəmətli Quranın Təfsiri” (Təfsirul Quran əl-Əzim) və “Yaradılışın başlanğıcı və sonu” (əl-Bidayə və-n-Nihayə) adlı kitablarını qeyd etmək olar.

O, hicrətin 774-cü ilində vəfat etmişdir. Allah ona rəhmət etsin! Allahdan diləyirik ki, onun miras qoyduğu bu kimi gözəl kitablarını onun sağ əməl dəftərinə yazsın.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı – İKİNCİ HİSSƏ

Digər xəbərlər