Sələf Xəbər


TARİX

 Son Xəbərlər

Şeyx Məhəmməd Əmən əl-Cəminin həyatı

Yanvar 28
21:59 2015

“Sələf Xəbər” www.bakkah.net saytına istinadən XX əsrin böyük İslam alimlərindən olan Şeyx Məhəmməd Əmən əl-Cəminin həyatına dair məqaləni təqdim edir:

Rəhman və Rəhim olan Allahın adı ilə

Böyük alim, imam, Əbu Əhməd Məhəmməd Əmən ibn Əli əl-Cəmi Efiopiyanın Hərar regionu yaxınlığında, Somali ilə sərhəddən 100 mil qərbdə yerləşən Tağa-Təab kəndində dünyaya gəlib. “Əl-Cəmi” soyadı Cəməa adlı Efiopiya kəndinin adındandır.

O, 1930-cu ildə (hicri təqvimi ilə 1349-cu il), regionda siyasi çaxnaşma və tayfa ədavətlərinin hökm sürdüyü bir dövrdə dünyaya gəlib. Ərəb dilini Tağa-Təabda Şeyx Məhəmməd Əmin əl-Həriridən öyrənməyə başlayıb. O, həmçinin, orada Quranı əzbərləyib və yerlilərin üstünlük verdiyi şafii məzhəbini öyrənməyə başlayıb. Şeyx əvvəlcə yaxın kəndlərə, sonra yaxın şəhərlərə, Somaliyə və daha sonra körfəzi keçərək Ədəndən Yəmənə elm ardınca gedib. O, yoxsul yaşayır, əlində olan pulları da kitablara xərcləyirdi. 1949-cu ildə (hicri təqvimi ilə 1369-cu il) o piyada şimala yol alaraq Həcc ziyarətini yerinə yetirib.

Həcc ayinini yerinə yetirdikdən sonra o Məkkədə qalaraq Kəbədəki Həram Məscidində keçirilən hələqələrdə elm alır. Əvvəlki müəllimlərinin məsləhətini dinləməyərək o, həvəssiz şəkildə Şeyx Məhəmməd Əbdül Vəhhabın “Üç əsas” kitabını oxuyur, Allah ona hidayət verir və bu kitab elm aldığı ilk vaxtlarda təsiri altına düşdüyü sufi-əşari firqəsinin bidətlərini tərk etməyə səbəb olur. O, daha sonra Məkkədə gələcəyin digər alimlərindən biri olacaq Şeyx Yəhya ibn Osman əl-Müdərrislə “Dar əl-Ərqam” hələqəsinə qoşulur. “Dar əl-Ərqam” daha sonra “Dar əl-Hədis” kimi tanınmağa başlayır.

Məkkədə o böyük alim Şeyx Əbdüləziz ibn Bəzdən dərslər alır bə 1950-ci illərin əvvəllərində (hicri təqvimi ilə 1370-ci illər), gələcəyin digər böyük alimlərindən olacaq Şeyx Əbdül Mühsin əl-Abbad (Allah onu qorusun) kimi alimlərlə birgə yeni akademik instituta qəbul olmaq üçün onunla birgə Riyada gəlir. Burada proqramı bitirdikdən sonra, 1954-cü ildə (hicri təqvimi ilə 1374-cu il) o Riyad Şəriət Kollecinə qəbul olur.

Riyadda oxuduğu müddətdə o dövrün müftisi, böyük alim şeyx Məhəmməd bin İbrahimin (Allah ona rəhmət etsin) elmindən faydalanır. O, həmçinin, böyük təfsir alimi Şeyx Məhəmməd əl-Əmin əş-Şinqitidən (Allah ona rəhmət etsin), böyük hədis alimi Şeyx Həmməd əl-Ənsaridən (Allah ona rəhmət etsin) dərslər alır. O, İslamın digər görkəmli alimləri Şeyx Əbdurrəzzaq Afifi, Şeyx Əbdurrəhman bin Nasir əs-Sədi (yazışmalar vasitəsilə), Şeyx Məhəmməd Xəlil Həras və şeyx Abdullah əl-Qəravidən təsirlənir (Allah onların hamısına rəhmət etsin).

1957-ci ildə (hicri təqvimi ilə 1377-ci il) cənubi Səudiyyə Ərəbistanı Səmitə Akademik İnstitutunun rəhbəri, böyük alim Şeyx Hafiz əl-Həkəminin (Allah ona rəhmət etsin) ölümündən sonra, Şeyx ibn Bəz Məhəmməd Əməni institutun yeni rəhbəri təyin edir. O, 1961-ci ilə (hicri təqvimi ilə 1381-ci il) qədər orada təhsilini davam etdirir və dövrünün ən qabaqcıl alimləri ilə birgə yeni təsis edilmiş Beynəlxalq Mədinə İslam Universitetinin ilk müəllimlərindən biri olur. Universitetin nümayəndəsi kimi Şeyx Məhəmməd Əmən dini yaymaq üçün həm Səudiyyə Ərəbistanı daxilində və həm də əcnəbi ölkələrə səyahətlər edirdi.

Sünnəyə sadiqliyi ilə tanınan alim 1977-ci ildə (hicri təqvimi ilə 1397-ci ildə) Beynəlxalq Mədinə İslam Universitetinin yeni Hədis Kollecinin ilk rəhbəri təyin olunur. O, həmçinin, Peyğəmbər məscidində, Quba məscidində və Mədinə şəhəri ətrafındakı digər məscidlərdə müəllimlik edir. Hədis Kollecinin rəhbəri olduğu dövrdə, 1982-ci ildə (hicri təqvimi ilə 1403-cu il) o Qahirə Universitetində Allahın sifətləri mövzusunda dissertasiya müdafiə edir və doktorluq dərəcəsini alır.

Əsrimizin ən böyük alimləri bu vicdanlı sələfi alimini sevir və onu tövsiyyə edirdilər. Onun şəxsi müəllimi, ondan 4 il sonra vəfat etmiş Şeyx Əbduləziz ibn Bəz (Allah ona rəhmət etsin) onun haqqında deyib: “Mən onu elm, fəzilət, düzgün əqidə və Allaha çağırmaqda səy göstərən və bidətlərə, saxta təlimlərə qarşı çəkindirən insan kimi tanıyıram…”.

Şeyx Saleh əl-Fövzan (Allah onu qorusun) deyib: “Tələbələr və səlahiyyətli müəllimlər çoxdur, lakin onlardan yalnız bir neçəsi özlərinə və digərlərinə fayda gətirir. Şeyx Məhəmməd Əmən əl-Cəmi öz elmini və səylərini müsəlmanları qorumaq və onları hikmətlə Allaha çağırmaqla düzgün yola yönləndirməyə sərf edən azsaylı alimlərdəndir. Bu, onun İslam Universitetində və Peyğəmbər Məscidində verdiyi dərslər vasitəsilə, həmçinin, Krallıq daxilində və xaricdə etdiyi səyahətlərdə özünü büruzə verirdi. O, Allahın birliyinə çağırır və doğru əqidəni yayırdı. O, ümmətin gənclərini əməlisaleh sələflərin əqidəsinə doğru yönləndirir və onları dağıdıcı prinsiplərdən və sapqın çağırışlardan çəkindirirdi. Onu şəxsən tanımayan insan, onu geniş, dərin elm və çoxsaylı ibrətli kitabları və lent yazıları vasitəsilə tanımalıdır…”.

Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) deyib: “Mən Şeyx Məhəmməd Əməni yalnız tövhid üzrə olan mömin, saf düşüncəli sələfi, İslam əqidəsi elmlərində təcrübəli bir insan kimi tanıyıram. Əqidəni ondan yaxşı təqdim və izah edəni görmədim. O, bizə orta məktəbdə “Əl-Vasitiyyə” və “Əl-Həməviyyə” (kitablarını) tədris edib. Mən tələbələrə təhsil verməkdə bu adamdan əxlaqlısını və ya təcrübəlisini görməmişəm. Biz onu gözəl əxlaqlı, təvazökar və alicənab, tələbələrinin ondan öyrəndiyi əxlaqi keyfiyyətlərə malik bir insan kimi tanıyırdıq…”.

Bu gün etimadlı İslam alimlərinə çevrilmiş çoxsaylı tələbələrinin olması Şeyx Məhəmməd Əmənın elm və ixlasına dəlalət edir. Aşağıda adı çəkilən və bu günün böyük alimləri olan şəxslər ondan elm alıblar:

  • Şeyx Zeyd ibn Hədi əl-Mədxəli
  • Şeyx Bəkr ibn Abdullah Əbu Zeyd
  • Şeyx Rabi ibn Hədi əl-Mədxəli
  • Şeyx Əli ibn Nasir əl-Fəqihi
  • Şeyx Saleh ibn Sad əs-Suheymi

Allah vəfat etmişlərə rəhmət etsin və sağ qalanları isə qorusun!

Şeyx Məhəmməd Əmən özündən sonra böyük elm miras qoyub gedib.

Şeyx Məhəmməd Əmən ona müraciət edən hər təbəqədən olan müsəlmanlara nəsihət edərdi. O, insanlara çox qaynayıb-qarışmazdı. Lakin insanlarla əlaqədə olduğu müddətdə onlardan faydalanar və onları faydalandırardı. O, müdrik insan idi və danışdığı hər bir sözü ehtiyatla seçərdi. Yanında kiminsə qiybətini qırmağa icazə verməz və ya hər hansı bir insanın qüsurlarından, nöqsanlarından danışmağa imkan verməzdi.

Onun haqqında pis danışan insanlara qarşı yumşaq davranardı. 1991-ci ildə (hicri təqvimi ilə 1412-ci il), Riyadda bir məruzəsindən sonra bir nəfər onu ribanı icazəli görməkdə ittiham etdikdə şeyx bildirir: “Allah onu bağışlasın. Çox güman ki, o, həqiqətən, məni səhv anlayıb və ya niyyəti pis olub. Allahdan mənə görə kimisə cəzalandırmamasını diləyirəm, mənim işim, sadəcə, işləri sahmana salmaqdır”. O, üzrxahlıq etmək niyyətində olan hər kəsi bağışlayardı. Allah ona rəhmət etsin!

İnsanlarla çox ünsiyyət qurmamasına baxmayaraq, Şeyx Məhəmməd Əmən öz pulundan, vəzifəsindən və boş vaxtından istifadə edərək köməyə ehtiyacı olan tələbələrinə yardım edərdi. 1954-cü ildə (hicri təqvimi ilə 1374-cü il) o, ilk dəfə Riyadda müəllim vəzifəsinə təyin ediləndə hələ də məsciddə yatmağa davam edir və bütün maaşını sədəqə verərək deyirdi: “Mənim buna ehtiyacım yoxdur”. O, yalnız evləndikdən sonra bu pulların müəyyən hissəsini götürməyə başlayıb. Həyat tərzi ona Allahın qullarının sevgisini qazandırmışdı. Allah onun tələbələrinin ürəyinə ona qarşı elə sevgi salmışdı ki, o, 1961-ci ildə (hicri təqvimi ilə 1381-ci il) Beynəlxalq Mədinə İslam Universitetində dərs deməyə yollandıqda, Səmitədəki bütün tələbələri ora qəbul olmaq üçün onun ardınca getdilər.

Şeyx Məhəmməd Əmən həyatının son illərində ağır xəstəliyə yaxalanıb və ömrünün son ilini yataq xəstəsi olaraq keçirib. Ölümündən əvvəl o, bütün ailəsini başına toplayaraq onlara nəsihət edib, onlara Allahı dərk etməyi, ailə bağlarını qorumağı və sələfi əqidəsi üzərində sabit olmağı xatırladıb. “Əqidə, əqidə” – o təkrar-təkrar deyərdi. Onun son sözləri həyatda yaşama və ölüm səbəbi olan şəhadət kəliməsi olub: “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, Məhəmməd onun qulu və elçisidir”.

Şeyx Məhəmməd Əmən 1996-cı ildə (hicri təqvimi ilə 1416-cı ilin Şaban ayının 26-sı) dünyasını dəyişib. Allah ona rəhmət etsin və onun ailəsini və tələbələrini xeyirlə bərəkətləndirsin.

Müəllif: Musa Riçardson

Digər xəbərlər