Yalnız bir gün Osmanlıda azan səsi kəsilmişdi
1. 457 dəfə baxılıb
Osmanlıda İstanbulun fəthindən bu günə qədər cümə namazının qılınmadığı, azan səsinin eşidilmədiyi gün olmayıb. Lakin 1730-cu il, 29 sentyabr tarixində Osmanlı imperatorluğunda bir istisna yaşanıb. Həmin günün cüməyə təsadüf etməsinə baxmayaraq, Osmanlıda nə azan səsi eşidilib, nə də cümə namazı qılınıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Pasarofça müqaviləsindən Patron Xəlil üsyanına qədər olan 12 illik dövr Osmanlıda “Lalə dövrü” kimi tanınıb. Bu dövrə mədəniyyət, ədəbiyyat, sənət sahəsindəki inkişaf və bir sıra yeniliklər öz möhürünü vurub.
Bir müddət sonra isə bu dövrün sonunu gətirən qiyam başlayıb.
Bir gün “Bəyazid hamamı”nın camadarlarından olan insanlar Patron Xəlilin əmri ilə küçələrə axışaraq bir neçə dəqiqə içində özlərinə minlərlə tərəfdaş topladı. Lakin nə saray rəhbərliyi, nə də üsyançılar nə edəcəklərinin fərqində deyildi. Səhəri gün Patron Xəlil ilə yeniçərilər arasındakı ilk ciddi görüşmə baş tutdu. Bu vaxt “Dəli İbrahim” ləqəbli bir şəxs Patron Xəlil və yeniçəri ağalarının qarşısına çıxıb qəribə fikir səsləndirdi:
“Mübarək bir iş üçün ayağa qalxmısınız. Zalımları mühakimə edəcəksiniz. Belə bir gündə azan səsləndirib, namaz qılmaq olmaz”.
Nə qədər qəribə görünsə də, Dəli İbrahimin fitvası ilə həmin gün məscidlər bağlandı, azan oxunması qadağan edildi.
Beləliklə, 1730-cu il, 29 sentyabr günü Osmanlı imperiyasında azanın eşidilmədiyi yeganə gün kimi tarixə düşüb.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah və Onun mələkləri (namazda) ön səfə salavat deyərlər. Azan verən səsinin gedib çatdığı yerlər qədər bağışlanar. Hər bir yaş və quru nə varsa (Qiyamət günü) onu təsdiq edər. O azan verənə namaz qılanın əcri qədər savab yazılar”. (Nəsai, 646, Albani “Sahih ət-tərğib”, 235)