Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Bir gündə iki bayram

Avqust 31
19:24 2017

Sabah müsəlmanlar bir gündə iki bayram ilə sevinəcəklər: Qurban bayramı və cümə günü. Müsəlmanlara ikiqat bayram sevinci bəxş edən rəbbimiz, onlara bu gündə asanlıq və rahatlıq olsun, məşəqqət görməsinlər deyə, bayram namazını qılan kimsədən cümə namazının vacibliyini götürmüşdür. Yəni, bayram namazını qılan kimsə, cümə namazına gəlməsə heç bir günah daşımaz. Təbii ki, bu halda cüməyə gəlmək daha yaxşıdır və savabı vardır. Lakin bayram günü müsəlmanların əksəriyyəti qurban kəsmək, qohum-əqrəbanı ziyarət etməklə məşğul olduqları üçün, onlara bu asanlıq verilmişdir.

Elə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vaxtında da bir gündə iki bayram olmuş və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onlara belə tövsiyə etmişdir: “Bu gün sizin iki bayramınız bir arada cəmlənmişdir. Kim istəsə bayram namazı onu cümə namazından azad edir. Amma biz hər-halda cümə namazını qılacağıq.” (Əbu Davud və İbn Macə rəvayət etmişlər.)

Bu haqda çox rəvayətlər nəql edilmişdir və hamısı da səhihdir. Ona görə də biz tam əminliklə deyə bilərik ki, deyilən halda camaata cümə namazı vacib sayılmır. Məscidin imamına isə camaata cümə namazını qıldırmaq vacibdir. Yəni, imam adəti üzrə cümə namazını qıldırmaq üçün məscidə gəlməlidir. Əgər cümə namazını qılmaq üçün gərəkli sayda adam olarsa, o zaman cümə namazını qıldırmalıdır. Əks halda zöhr namazını qılmalıdırlar.

Cümə namazına gəlməyənlər isə, zöhr namazını qılmalıdırlar. Zöhr namazı öz vacib hökmündə qalır. Bu halda zöhr namazı da qılınmır deyən kimsələrin heç bir şərii əsası yoxdur. Daha doğrusunu bilən Allahdır.

Uca Allahdan arzu və istəyimiz budur ki, bu ərafa günündə və iki bayramın cəm olduğu gündə bizi bağışlanan qullardan etsin. Bütün müsəlmanlara əmin-amanlıq, xoş və firəvan həyat nəsib etsin. Bizim ölkəmizi və xalqımızı Onun razılığını əldə edəcək işlərə müvəffəq etsin.

Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır

Digər xəbərlər