Ərdoğan: “Qüdsün tarixi və hüquqi statusuna təcavüz edilib”
2. 405 dəfə baxılıb
“Üç mədəniyyətin mərkəzi olan Qüdsün tarixi və hüquqi statusuna təcavüz edildiyini bilirik”.
Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə Zirvə toplantısının açılışında bildirib.
O, Qüdsü İsrailin paytaxtı kimi tanımayan və ABŞ Prezidenti Donald Trampın bununla bağlı qərarını dəstəkləməyən dövlətlərə təşəkkür edib: “Bu qərarın hüquqi qüvvəsi olmadığını bildirmişik. Bu, sülh istəyən fələstinlilərin cəzalandırılması deməkdir”.
Türkiyə prezidenti 1947-ci ildən indiyədək Fələstin ərazisinin kiçildiyini əks etdirən xəritəni nümayiş etdirib və deyib: “Əvvəllər İsrailin ərazisi nə böyüklükdə idisə, indi Fələstinin ərazisi o boyda olub”.
O, Fələstində Qüds qərarına etiraz edən fələstinlilərə edilən təzyiqləri əks etdirən fotolardan danışarkən bildirib: “İsrail işğalçı və terrorçu dövlətdir”.
Suriyanın şimalına ABŞ-ın 4 min TIR silah göndərdiyini söyləyən R.T.Ərdoğan bu ölkədə bir terror təşkilatının başqa bir terror təşkilatı tərəfindən məhv edilməsi cəhdini kəskin tənqid edib.
Daha sonra Türkiyə prezidenti müsəlmanları Qüdsə gedib müqəddəs yerləri ziyarət etməyə çağırıb
O, Qüds qərarını qəbul etməyən musəvilərə təşəkkür edib: “Mən hamını Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı olaraq tanımağa dəvət edirəm”.
R.T.Ərdoğan deyib ki, ABŞ-ın Qüds qərarına qarşı çıxan fələstinliləri dəstəkləyirik: “Birinci Dünya müharibəsində Qüdsü müdafiə edən bütün hərbçilərimizi rəhmətlə anırıq. Osmanlıların əl-Xəlil qapısını tikdirməsi mədəniyyətimizin ən bariz nümunəsidir. Bütün müsəlmanları Qüdsə gedib Hərami-Şərifi ziyarət etməyə çağırıram. Fələstinin dövlət müstəqilliyini tanımayan ölkələri bu addımı atmağa dəvət edirəm. Sözdə iki dövlət prinsipindən danışırlarsa, buna əməl edilmir. İşğalçı ilə işğal edilənin eyni səviyyədə tutulması qəbuledilməzdir. Gələcək nəsillər adına hər kəsi maddi-mənəvi cəhətdən səfərbər etməyə çağırırıq. ABŞ dövlət başçısını bu qərarını geri çəkməyə dəvət edirik. Bu gün burada verdiyimiz mesajların bütün dünya tərəfindən dəyərləndiriləcəyinə ümid edirik. Bu qərar BMT-nin qətnaməsinə qarşı çıxmaqdır”.