Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Cahilliyin təhlükəsi

Oktyabr 10
18:44 2017

“Sələf Xəbər” “əl-Mədinə” qəzetinə istinadən yazar Abdullah Fərrac əş-Şərifin məqaləsini sizə təqdim edir:

Həqiqətən də, insanın dini və dünyasının puç olmasının ən böyük səbəblərindən biri də cahillikdir. Nəyinki İslama görə, hətta bədahətən ağılla düşündükcə aydın olur ki, elmi olmayan kəs nə dünya işlərindən nə də dini məsələlərdən anlaya və baş çıxara bilməz.

Ona görə də Allah-Təala cahillikdən çəkindirib elm-bilik öyrənməyi əmr edərək buyurur: “Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha məlumdur. Ondan heç nə gizli qalmaz!)” (“Məhəmməd”, 19)

Bu Qurani Kerim ayəsində açıq olaraq göstərilir ki, əgər istiğfar edərək bağışlanma diləməklə qul günahlarını silirsə, bundan əvvəl mütləq olaraq bilməlidir ki, günahları bağışlayan yalnız Allahdır.

Həmçinin buyurur: “(Ey Musa,) Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” (“Taha”, 14)

İbadətə layiq olanın yalnız Allah olduğunu bilməyincə ibadət doğru olmaz. Ona görə də ibadətin Allah üçün doğru olsun deyə ilk öncə bu barədə elm və biliyinin olması zəruridir. Allah-Təala Rəsullarına cahillərə itaət etməməyi əmr edərək buyurur: “De: “Ey cahillər! Mənə Allahdan başqasınamı ibadət etməyi əmr edirsiniz?” (“əz-Zumər”, 64)

Allah-Təala Rəsullarından biri olan Nuha (Allahın ona salamı olsun) belə deməsini əmr edərək buyurur: “Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar (Qiyamət günü) öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!” (“Hud”, 29)

Günah işlətmək və Allaha şərik qoşmaq da cahillikdən irəli gəlir. Allah-Təala buyurur: “Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfanın yanına gəldilər. (İsrail oğulları) dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri ilahlar kimi bir ilah düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!” (“əl-Əraf”, 138)

Yer üzündə Allaha qarşı olan hər bir asilik cahillik səbəbilədir. Dünyanı zay edərək onu uduzmaq da yalnız cahillik səbəbilədir. Allah-Təala buyurur: “İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (İslamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, üz döndərər (İslamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur!” (“əl-Həcc”, 11)

Dində radikallıq, sərtlik və həddi aşaraq şişirtmək də Allahın dinini bilməməkdən irəli gəlir. Qanları, malları və namusları halal görən İŞİD terror xəvaric qruplaşması və onlara bənzər qruplaşmaları bu günahlara sürükləyən şübhə yoxdur ki, onların hədsiz dərəcədə dinə olan cahillikləridir. Qurani-Kərimin ayələrini və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərini oxumaları heç kəsi aldatmasın. Onlar ayə və hədisləri əzbərləmiş, lakin əzbərlədiklərinin nəyə dəlalət etdiyi isə onlardan gizli qalmışdır. Buna mürəkkəb cahillik deyilir: Onlar dini bilmirlər və anlamırlar ki, bilmirlər.

Dini radikallığın tam tərsi, yeni Dini, onun əhkamlarını inkar etməyə və lağa qoymağa gətirib çıxaran radikallıq da digər bir cahillikdir və şübhə yoxdur ki, o da həyatı puç edir. Kimin dini yoxdursa, günahlardan ehtiyat etməz. Buna görə də gərək müsəlmanlar dinə olan cahillikdən çəkinsinlər. Şübhə yoxdur ki, dində cahillik dünyaya olan cahilliyə aparır.

Müvəffəq edən Allah-Təaladır…

Sələf Xəbər: Məhəmməd ibn Sirin, Dəxxak, imam Malik və başqaları deyirdilər: “Həqiqətən, bu biliklər – dindir, elə isə baxın, dininizi kimdən götürürsünüz”. (Müslim 1/23, əd-Dərimi 1/224, əl-Xatıb 2/92)

Digər xəbərlər