Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Cəbhədə Allahın izni ilə şəhid olan qardaşlarımıza

Noyabr 17
17:06 2016

Hamımızın gündəlik məişət qayğılarına başımızın qarışdığı, gecəni sərin kondisioner havasında və ya isti sobanın ləpirində rahat-rahat yataraq, sabah üçün iş-gücümüz barədə götür-qoy edərək fikirləşdiyimiz bir vaxtda, həmin anları kirpik belə qırpmadan, yayın istisində və ya qışın soyuğunda ayıq-sayıq keşiyimizi çəkən igidlərin olduğunu bəzən unuduruq.

Bütün bu əmin-amanlıq nemətinin bizlərə verilməsində səbəb olan bu insanlar həyatları bahasına olsa belə bizim keşiyimizi çəkirlər. Keşiyimizi çəkirlər ki, bizlər hər sabah işimizə rahat gedə bilək, övladlarımız evdən çıxıb rahat məktəbə üz tutsunlar, işdən sonra rahat istirahət edək, məsciddə hüzur içərisində namaz qılaq…

Keşiyimizi çəkənlər, heç şübhəsiz ki, cəbhədə xain düşmənlə üz-üzə duran igid əsgər və zabitlərimizdir.
Gündəlik cəbhədən gələn xəbərləri izləmək yetərlidir ki, onların bizim üzərimizdə olan haqlarını azacıq da olsun hiss edə bilək. Düşmənin gülləsi, mərmisi altında ölümdən qorxmadan duraraq, hətta onların hücumuna yeri gələndə artıqlaması ilə cavab verərək, bizim keşiyimizi çəkilər bu qardaşlar.

Bu günlərdə hərbiçilərimizin düşmən gülləsinə tuş gəlməsi xəbəri hamımızı sarsıtdı. Vətəni sevən hər bir insan, böyükdən kiçiyə hamı, vəfat edən igid oğullarımıza görə qəlbləri qovuruldu, gözləri yaşardı. Onların yaxınlarına – biz də daxil olmaqla – başsağlığı verənlərin, Allahdan onlara rəhmət və məğfirət istəyənlərin sayı minlərlədir. Hər bir kəs bacardığı qədər, gücü çatdığı qədər onlar üçün Allaha dua edir, yaxınlarına səbir diləyir.

Sözsüz ki, bu fani dünyadan əvvəl axır hamımız köçəcəyik. Bu qardaşlarımızın isə, istər həyatda ikən, istərsə də ölümdən sonra bizlərdən daha yüksək dərəcədə, Allahın dərgahında daha üstün olduğunu anlamaq üçün Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərini xatırlamaq yerinə düşər.

Səlman Farisi (Allah ondan razı olsun) deyir: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “Müsəlmanların sərhədlərini bir gecə qorumağın savabı bir ayın orucu və ibadətindən daha xeyirlidir. Əgər orda ölərsə, sağ ikən etdiyi yaxşı əməllərinin savabı ona yazılmaqda davam edər, fitnədən qorunar.” (Muslim, Tirmizi və Nəsai rəvayət edib, Təbaraninin rəvayətində isə bu cümlə artırılıb – “Qiyamət günü şəhid olaraq dirilər”.)

İbn Abbasdan Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “İki cüt göz vardır ki, onlara cəhənnəm atəşi toxunmaz: Allah qorxusundan ağlayan gözlər, Allah yolunda keşik çəkən gözlər.” (yaxşı qərib hədisdir).

Ənəs bin Malik (Allah ondan razı olsun) dedi: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “İki cüt gözə heç vaxt cəhənnəm atəşi toxunmaz: Allah yolunda keşik çəkən gözlər və Allah qorxusundan yaşaran gözlər.” (Əbu Yəla rəvayət etmişdir. Hədisi rəvayət edənlər etibarlıdırlar).

Osman (Allah ondan razı olsun) dedi: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Bir gecə Allah yolunda keşik çəkmək, gündüzləri oruc tutaraq gecələri isə ibadətlə keçən min ildən daha fəzilətlidir.” (Hakim rəvayət etmişdir. Hədisin sənədini səhih adlandırmışdır).

Bu mənada olduqca çoxlu hədislər vardır.

Məşhur islam alimi bin Bəzin (Allah ona rəhmət etsin) da dediyi kimi, Allah yolunda, yəni müsəlmanları və onların sərhədlərini qoruyarkən qəhrəmanlıqla həyatlarını fəda edən bu igid oğullarımızı uca Allah dərgahında şəhid olaraq qəbul etməsini diləyirik.

Uca Allah onların valideynlərinə səbir, xalqımıza təpər versin! Amin!

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

Digər xəbərlər