Fransada baş vermiş terrorla bağlı Şeyx Qamət Süleymanla müsahibə
2. 297 dəfə baxılıb
“Sələfilər terrorun heç bir növünü qəbul etmirlər. Bu fikirlərlə mübarizə fonunda hər kəsin səlahiyyətinə görə müvafiq üsulu vardır…” Bu sözləri “SələfXəbər”in müsahibi Şeyx Qamət Süleyman söyləyib. Həmin müsahibəni tam şəkildə sizə təqdim edirik.
– Fransada baş verən son terror hadisəsi bütün dünyada böyük əks-səda doğrudu. Biz bilirik ki, sələfilər ümumiyyətlə istənilən terror əməlinə qarşıdırlar. Məhz bu hadisəyə necə qiymət vermək olar?
Biz bu hadisəni kəskin şəkildə qınayırıq. Bir daha bildiririk ki, belə iyrənc cinayətlərin İslamla heç bir əlaqəsi yoxdur.
İslam şəriəti hətta düşmənə qarşı necə davranmalı olduğumuzu da bizə öyrədib. İslam şəriəti döyüş zamanı qadına, uşağa, qocaya, silahsız camaata, keşiş və rahiblərə toxunmamağı əmr edir. Döyüşə rəhbərlik edən başçı isə öz növbəsində döyüşdən öncə bu deyilənləri bir daha döyüşçülərinə xatırlatmalıdır.
Bu gün kimsə xaincəsinə, gizli şəkildə toplum arasında daxil olub özünü partladırsa, bu çox iyrənc və xain cinayətdir. İslam şəriəti bu kimi cinayətləri əsla dəstəkləmir. Biz sələfilər də daim belə cinayətləri kəskin qınayırıq. Uca Allah Qurani-Kərimdə belə buyurur: “68 – Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.” (əl-Furqan surəsi).
– Bəziləri Fransada baş vermiş terroru İslamın və müsəlmanların adına yazmağa cəhd edirlər. Bu problemin sirri nədədir? Yəni nə üçün ziyan çəkən də, ittiham olunan da müsəlman olur?!
Terrorda heç bir fayda yoxdur. Bu vaxta qədər radikallar tərəfindən həyata keçirilən terror əməliyyatlarının müsəlmanlara heç bir faydası olmayıb, əksinə zərəri olmuşdur. Qərb mətbuatı belə hadisələrdən daim məharətlə istifadə edəcək. Çünki belə cinayətlər yalnız onların maraqlarına xidmət edir. Avropada müsəlmanların çoxalması, islamın geniş yayılması və son qaçqın böhranı fonunda Avropa nə edəcəyini bilmirdi, çaş-baş qalmışdı. Amma bu terror hadisəsi onların maraqlarının xeyirinə oldu. Onlar bu hadisəni həm yerli müsəlmanlara, həm də qaçqınlara qarşı istifadə edəcəklər.
Əsas problem odur ki, terrorçular belə şeyləri anlamırlar. Onlar başa düşmürlər ki, belə cinayətlərin islama və müsəlmanlara heç bir xeyiri yoxdur, əksinə zərəri vardır. Ona görə də terrorçuların haradan idarə olunduğu məlum deyil. Çünki bu adamların alimi də yoxdur. Onlar dindən anlayışı olmayan adamları özlərinə alim kimi qəbul edib onun fətvaları ilə belə cinayətləri edirlər. Həmin “başbilən”in kim və haradan olması isə sual altındadır. Nəticə isə budur ki, terror aktları qərbin maraqlarına xidmət edir.
– Bu gün müsəlman dünyasında terrorizm tüğyan etməkdədir. Misal olaraq Misir, Türkiyə, Livan, Liviya, Suriya, İraq və digər müsəlman ölkələrini qeyd etmək olar. Hər gün yüzlərlə müsəlman terrorun qurbanı olur. Lakin müsəlmanların terrora məruz qalması bir növ (dırnaqarası desək) “adi” qarşılanır. Bu nə üçün belədir?
Müsəlmanların başına gələnlər qərbə maraqlı deyil. Qərbin öz maraqları vardır. Elə bu səbəbdən bütün problemlər müsəlman ölkələrində baş verir. Bunları qəsdən edənlər var, heç nə öz-özünə olmur. Bunu edənlər öz hədəflərinə çatmaq üçün radikal düşüncəli insanları tapır və istədiklərini başqa ad altında həyata keçirirlər. Maraqlısı budur ki, nə qədər müsəlman terrorun qurbanı olub, amma biz heç bir qərb ölkəsində terror qurbanı olmuş müsəlmanlara dəstək nümayiş etdirilməsini görməmişik. Elə Azərbaycanda nə qədər terror hadisəsi baş verib, amma başda Fransa olmaqla heç bir qərb ölkəsində bu terroru pisləyən nə bir nümayiş edilməyib, nə də analoji addım atılmayıb. Onlar sadəcə müşahidə etməklə kifayətləniblər. Bu bir daha onların ikili standartlı baxışlarını isbat edir. Müsəlman ölklərində baş verənlər onlara maraqlı deyil, onları müsəlman ölkələrinin sərvəti maraqlandırır.
Sanki onlar ancaq öz ölkələrində olan terroru pisləyirlər, bu isə olduqca qəribədir?! Əslində terrorun harada olmasından asılı olmayaraq hər yerdə pislənməli və ona qarşı ideoloji mübarizə aparılmalıdır. Radikallar təkcə müsəlmanlarda deyil, hər dini cəmiyyətdə var. Bu gün müsəlman dünyasında baş verən hadisələr vasitəsi ilə radikalların psixoloji vəziyyətindən istifadə edib, belə cinayətləri törədirlər.
– Bu cinayəti İŞİD terror qruplaşması üzərinə götürüb. Sələfilərin bu təşkilata qarşı sərt tənqidi mövqedə olduğu bizə məlumdur. Biz bu təşkilata qarşı necə mübarizə apara bilərik? Zəhmət olmazsa bu haqda məlumat verərdiniz.
Sələfilər terrorun heç bir növünü qəbul etmirlər. Bu fikirlərlə mübarizə fonunda hər kəsin səlahiyyətinə görə müvafiq üsulu vardır. Dövlət və hüquq mühafizə orqanlarının özünəməxsus üsulu vardır. Bizim üzərimizə düşən isə odur ki, biz gənc müsəlmanlara islamın nə oduğudunu, nəyi əmr və ya qadağa etdiyini çatdırmalıyıq. Terrorçu düşüncələrin islamdan olmadığını onlara aşılamalıyıq. Radikalların əsas tutduqları dəlil-sübutların əslində necə düzgün başa düşməli olduğunu onlara çatdırmalıyıq. Bir sözlə biz yalnız maarifləndirmə yolu ilə onlarla mübarizə aparırıq.
– Müsəlmanlara bu çətin günlərdə edəcəyiniz tövsiyə nə olardı?
Tövsiyə budur ki, ilk növbədə özlərində Allahın dinini yaşasınlar və ətrafındakı insanlara radikalların etdikləri əməllərin faydasız olduğunu çatdırsınlar. Məsələn, Fransada yüz neçə nəfəri öldürməyin nə islama, nə də müsəlmanlara heç bir faydası yoxdur. Bunu dərk etmək lazımdır! Bu hadisənin ələlxüsus qərbdə yaşayan müsəlmanlara çox böyük zərəri oldu. Orada yaşayan bəzi müsəlmanlar mənimlə əlaqə saxlayıb bildirdilər ki, burada insanların müsəlmanlara münasibəti mənfi yöndə çox dəyişib. Mən onlara tövsiyə etdim ki, orada camaatla ünsiyyətdə olsunlar və islamın belə olmadığını onlara bildirsinlər, islamın xoş rəftar və əxlaq dini olmasını onlara çatdırsınlar. İslamın terrordan uzaq olduğunu desinlər. Çünki ən böyük terrora məruz qalanlar elə müsəlmanlardır.
Belə hadisələr qarşısında ilk növbədə təmkinli və səbirli olmaq lazımdır. Eyni zamanda Allaha dua etmək lazımdır ki, belə şər və iyrənc əməllər ölkəmizə gəlməsin, cəmiyyətdən uzaq olsun.