“Hacı pivəsi”, yaxud alkoqolsuz pivə içmək olarmı?
10. 204 dəfə baxılıb
Bu haqda sual bu gün bir çox müsəlmanı düşündürür. Bu haqda müzakirə aparan insanlar məsələyə fərqli nöqtədən baxırlar. Biz bu məsələdə aydınlıq olsun deyə sizə şəriətin bu haqda mövqeyini təqdim edəcəyik.
Əvvəlcə bilmək lazımdır ki, pivə iki növdür:
Birinci növ: Tərkibində alkoqol olan pivə. Azərbaycanda satılan əksər pivələr bu növdəndir. Bu növ pivələr haramdır, çünki bu şəriətin haram etdiyi “xamr” (sərxoşedici) növünə daxildir. Bu növü almaq, satmaq və içmək haramdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Hər bir sərxoşedici xamrdır, hər növ sərxoşedici haramdır.” (Muslim: 2003).
Bu növ pivənin azını və ya çoxunu içmək haramdır. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) aşağıdakı sözünə görə hətta bir damcısını da içmək haramdır. “Çoxu sərxoş edənin azı da haramdır.” (Tirmizi: 1865. Şeyx Albani səhih olduğunu söyləmişdir).
İkinci növ: Sərxoş etməyən pivə. Bu növ ya təmamilə alkoqolsuzdur, yaxud tərkibində insanı sərxoş etməyəcək qədər çox az miqdarda alkoqol vardır. Yəni bu növ pivədən nə qədər çox içilsə, insanı sərxoş etmir. Alimlər bu növ pivənin halal olduğuna dair fətva veriblər.
Şeyx İbn Useymin (Allah rəhmət etsin) deyir:
“Bazarlarımızda (Səudiyyə Ərəbistanın nəzərdə tutur) mövcud olan bütün növ pivələr halaldır. Çünki bu içkilər mütəxəssislər tərəfindən yoxlanmışdır. Bu pivələr təmamilə alkoqolsuzdur. Əgər hər hansı qida alkoqolsuzdursa o halaldır. Yalnız onun haramlığını isbat edən şəriət dəlili olarsa, o zaman haram olar. Uca Allah buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan Odur (Allahdır)!” (əl-Bəqərə: 29).
Əgər kimsə desə ki, bu növ içki, bu növ qida, yaxud bu növ geyim haramdır, sən ona de ki, bunun haram olmasını isbat edən şəriət əsasını gətir. Əgər dediyinə sübut gətirərsə, ona uyğun əməl edilməlidir. Əgər dediyinə əsas gətirə bilməzsə, dediyi sözü özünə qalır. Çünki Uca Allah belə buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan Odur (Allahdır)!” (əl-Bəqərə: 29). Demək yer üzündə nə varsa, Uca Allah onu bizim üçün yaratmışdır. Digər ayədə isə belə buyurur: “O haram etdiklərini sizə müfəssəl şəkildə bildirmişdir.” (əl-Ənam: 119).
Haram edilmiş hər-hansı növün haramlığı müfəssəl və aydın olmalıdır. Bu cürə olmayan növ haram sayılmır. Bazarlarımızda olan pivələr (Şeyx Səudiyyə Ərəbistanında satılan alkoqolsuz pivələri nəzərdə tutur) hamısı halaldır və bu haqda heç bir problem yoxdur inşəllah.
Elə bilmə ki, əgər bir şeyin tərkibində alkoqol varsa o mütləq haram olmalıdır. Əgər alkoqol təsirli nisbətdədirsə o zaman haram olur. Yəni əgər bir insan həmin içkini içməklə sərxoş olursa, haram sayılır. Əgər alkoqol çox az nisbətdədirsə, içkinin tərkibinə qarışıb təsir etmirsə, halaldır.
Bəziləri elə güman edir ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) “Çoxu sərxoş edənin azı da haramdır.” – sözünün mənası budur ki, çox miqdarlıya az miqdarda qarışarsa çoxu da, azı da haram olur. Amma hədisi bu cür başa düşmək səhvdir.
“Çoxu sərxoş edənin azı da haramdır.” – sözünün mənası budur ki, çox içdikdə sərxoş olursan, az içdikdə isə sərxoş olmursan. Bu halda çoxu da, azı da haramdır. Çünki ola bilər ki, az içərsən sərxoş olmazsan, amma nəfsin istəyər və biraz çox içdikdə sərxoş olarsan – bu haramdır. Əgər hansısa qida sərxoşedici ilə qarışıbsa və tərkibindəki sərxoşedici az miqdardadırsa, yəni sərxoşluq gətirən miqdarda deyilsə, halaldır və bu, yuxarıda deyilən hədisə aid edilmir.” (Liqa əl-Bab əl-Məftuh:3/381-382).
Göründüyü kimi müdrik alim Şeyx İbn Useyminin bu cür təfsilatlı cavabından sonra məsələ tam aydındır.
Daha doğrusunu bilən Allahdır.