Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Hansı terrorçu daha təhlükəlidir və ya ilanın ağına da lənət, qarasına da

Dekabr 12
19:00 2016

Əl-Qaidə (daha ətraflı məlumat üçün) terrorçu təşkilatından ayrılandan bəri ƏbuBəkir Bağdadi Suriyada 5 dəfə Livan dövlətinin ərazisi boyda ərazini işğal edib, daha sonra da İraqın üçdə bir hissəsini buna əlavə edib. Bütün bunlar ilk baxışdan yeni “xəlifənin” öz müəllimi Ayman əz-Zəvahirini üstələyərək, qlobal cihad “xalçasını” əl-Qaidənin ayaqları altından dartıb çıxartdığı anlamını verir.

Bir çoxları isə daha irəli gedərək, bu hadisələrdən sonra İŞİD-in əl-Qaidədən də daha təhlükəli və daha geniş imkanlara malik olduğu qənaətinə gəliblər. İŞİD-in bu “parlaq” zühuru fonunda əl-Qaidənin yox olacağını fikrini irəli sürürlər.

Təbii ki, yaxın zamanlarda baş verən hadisələrlə bağlı əl-Qaidənin sıralarında çaşqınlıq hiss olunmaqdadır. Artıq xeyli vaxtdır ki, Zəvahirinin audiomüraciətlərinə ara verilib. Buna əlavə olaraq, əvvəllər adı əl-Qaidə ilə yanaşı çəkilən bəzi terrorçu qrupların İŞİD-ə beyət etməsi bunu deməyə əsas verir. Amma…

İŞİD-in var-dövlət əfsanəsi

İŞİD-in maddi imkanlarının genişlənməsi haqda bəzi əfsanələr dolaşmaqdadır. Düzdür, onlar İraq və Suriyada bəzi neft yataqlarını ələ keçirə biliblər. Amma gündəlik 1 milyon dollar olaraq ölçülən gəlirin heç də hamısı onlara çatmır. Onlar bu pulu orada olan digər terrorçu qruplar və qəbilələrlə bölüşmək məcburiyyətindədir.

Üstəlik bu gələn gəlirlə yanaşı İŞİD-in xərcləri də böyükdür. Xilafət qurmaq adı ilə böyük ərazini işğal edən bu terrorçular oradakı gündəlik zəruri ehtiyaclara pul xərcləmək məcburiyyətindirlər.

Financal Times qəzetinin İŞİD-in Mosul banklarından 400 milyon pul ələ keçirərək ən zəngin terror qruplaşması adını alması xəbərinə gəlincə isə, bu xəbər bir çox İraq rəsmiləri tərəfindən təkzib edilmişdir.

Bu dediklərimizə əsasən İŞİD-in hədsiz zənginliyi barədə fikirlərin cəfəngiyat olduğunu söyləmək olar.

İŞİD göbələkdir, əl-Qaidənin isə kökləri dərindir

Hadisələri diqqətlə araşdırdıqda aydın olur ki, İŞİD əl-Qaidənin beynəlxalq terror şəbəkəsini parçalaya bilməyib. Bəzi Şimalı Afrika terrorçu qrupları ilk öncə İŞİD-ə isti münasibət göstərsələr də, daha sonra, daha dəqiq iki həftə sonra Bağdadinin xəlifəliyini rədd edib Zəvahiriyə bağlı olduqlarını bir daha bəyan etmişdi. Bu vəziyyət Tunisin “Ansar Şəriə” qrupu və Yəməndəki “əl-Qaidə ərəb yarımadası cinahi” ilə də təkrarlanmışdı. Hər iki qrup yeni “xəlifəni” tanımadıqlarını bəyan edərək Zəvahirini tərifləyən nəşidlər yayımlamışdı.

Foreign Policy Araşdırmalar Mərkəzinin gəldiyi nəticəyə görə, əl-Qaidə daha təhlükəli terrorçu qrupu olaraq qalır. Bu qrupun hələ daha uzun müddətdə varlığını sürdürmək imkanı var. Deməli, dünya onların mənfur və murdar əməllərinin təhlükəsindən arxayın ola bilməz. İŞİD qruplaşmasının əfsanəvi zühuru isə qısa zamanda süquta və dağılmağa məhkumdur. Qısamüddətli müəyyən uğurlar əldə etməsinə baxmayaraq, İŞİD-in konkret uzunmüddətli hədəflərinin olmaması və bu gündən sabaha nə edəcəyini bilməməsi buna sübutdur. İşğal etdiyi ərazilərin əhalisi və bütövlükdə, bölgə xalqları tərəfindən sevilməyən, nifrətlə qarşılanan bir terrorçu qrupun uzun müddət meydanda qalacağı inandırıcı görünmür. Belə olan halda İŞİD-in, göbələk kimi tez çıxıb, tez də yox olub getməsi gözləniləndir.

Hər iki təşkilatın etiqadlarının tamamilə üst-üstə düşməsinə baxmayaq, əl-Qaidə tülkü kimi hiyləgərdir, uzunnəfəslidir. Öz mənfur niyyətlərini uzun müddət gizli saxlaya bilir. Adi insanları qıcıqlandıracaq bəyanatlardan və əməllərdən qaçmağa çalışır.

İŞİD isə əksinə, “baş kəsmək” dilindən başqa bir dil ilə danışmır. İnsanları qorxu, silah və terror gücünə itaətdə saxlamaq yolunu seçib.

Bu da bir daha əl-Qaidənin 1 №-li terror təşkilatı olması anlamını verir.

Sonda atalarımızın gözəl bir sözünü yada salmaq yerinə düşərdi: “İlanın ağına da lənət, qarasına da”.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

Digər xəbərlər