Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İmam Hüseynin fəziləti

Oktyabr 18
17:35 2016

Peyğəmbərimizin (ona Allahın salavat və salamı olsun) sevimli nəvəsi, Əli (Allah ondan razı olsun) və Fatimə (Allah ondan razı olsun) kimi şəxsiyyətlərin ovladı olan İmam Hüseyn (Allah ondan razı olsun) hicrətin 4-cü ilində anadan olmuş və 61-ci ilində Məhərrəm ayının onunda İraqın Kərbəla şəhərində zalımlar tərəfindən qətlə yetirilib şəhidliyin ən yüksək mərtəbəsinə nail olaraq Rəbbinə qovuşmuşdur.

İmam Hüseyn (Allah ondan razı olsun) Quran, hədis və fiqh elmini bilməsi ilə Mədinə şəhərində çox məşhur idi.

Peyğəmbərin (ona Allahın salavat və salamı olsun) məscidində verdiyi dərsləri hamı tərəfindən gözəl rəğbətlə dinlənilirdi. O, tək elmi ilə yox, həmçinin əməli və ibadəti ilə də çox məşhur idi. Gecələri namaz qılar, gündüzləri oruc tutar, çoxlu həcc edərək sədəqə verməyi də xoşlayardı.

İmam Hüseyn (Allah ondan razı olsun) Allah yolunda və Allahın dininin ucalması üçün Osman ibn Affanın (Allah ondan razı olsun) dövründə Şimali Afrikanın bir neçə bölgəsinin, həmçinin Təbəristanın və digər şəhərlərin fəthində şücaətlə iştirak etmişdir… Bu məqamda İmam Hüseynin fəzilətinə dair bir neçə hədisləri qeyd etmək yerinə düşər.

Yalə əl-Amiri (Allah ondan razı olsun) rəvayət edir ki, “O, Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) birlikdə yemək yeməyə çıxmışdı. Hüseyn (Allah ondan razı olsun) isə uşaqlarla oynayırdı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) camaatın qarşısında dayanaraq Hüseyni tutmaq istəyərkən Hüseyn ora-bura qaçmağa başlayır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Hüseynin arxasınca yüyürərək onu güldürə-güldürə tutur. Bir əlini onun başının arxasına digərini isə çənəsinə qoyaraq öpür və deyir: “Hüseyn məndəndir və mən Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin.”(Əhməd 1361, Tirmizi 3775, İbn Macə 144).

Bu hədisdə Hüseynin (Allah ondan razı olsun) fəziləti açıq-aydın bəyan olmuşdur. Necə olmasın ki, artıq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onu sevməyə çağırmış və hətta onu sevən üçün Allahın da onu sevməsinə görə dua etmişdir. Ona görə də hər bir müsəlman bilməlidir ki, İmam Hüseyni (Allah ondan razı olsun) sevməklə Allahın sevgisini qazanmağa nail ola bilər. Çünki Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) duası Allah yanında qəbuldur.

Qazi demişdir: “Elə bil ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vəhyin nuru ilə Hüseynlə o qövm arasında nə baş verəcəyini bilmiş, onu xüsusi zikr edərək sevgidə və ona qarşı çıxaraq müharibə etməyin haramlığında ikisinin də bir şey kimi olduğunu bəyan etmişdir… Çünki onu sevmək Peyğəmbəri (ona Allahın salavat və salamı olsun) sevmək, Peyğəmbəri (ona Allahın salavat və salamı olsun) sevmək isə Allahı sevməkdir.” (Tuhfətul-Əhvazi 10/279).

Huzeyfə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) mənə dedi: “Bir az öncə mənə ərz olanı gördünmü?” Dedim: “Bəli, gördüm”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “O elə bir mələkdir ki, bu gecədən əvvəl yer üzünə heç vaxt enməmişdir. Rəbbindən izn almışdır ki, mənə salam versin və müjdələsin ki, Həsən və Hüseyn Cənnət cavanlarının ağası, Fatimə isə Cənnət qadınlarının xanımıdır.” (Əhməd 24508, Tirmizi 3781, Nəsai 8298).

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Həsən və Hüseyni sevərsə artıq məni sevmiş olar. Kim onlara nifrət edərsə artıq mənə nifrət etmiş olar.” (Əhməd 10960, Nəsai 8168, İbn Macə 143).

Abdulah ibn Ömər ibn Xəttabdan (Allah onların hər ikisindən razı olsun) rəvayət olunur ki, İraqlı bir kəs ondan ehramda (həcc və ümrə üçün geyilən xüsusi geyim) olanın milçəyi öldürməsinin hökmü barədə soruşarkən o demişdir: “İraq əhli milçək barədə soruşurlar. Halbuki, onlar Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) qızının oğlunu öldürüblər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) isə buyurmuşdur: “Onların hər ikisi mənim dünyada olan iki reyhanımdırlar.” (Buxari 3543-5648, Tirmizi 3770).

Hədisdən göründüyü kimi Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sevimli nəvələrini reyhana bənzətmişdir. Çünki insan reyhanı iyləyərək gözəl qoxusundan həzz aldığı kimi, eləcə də övladını iyləyərək onların qoxusundan həzz alır.

Necə ki, Ənəsdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Həsən və Hüseyni çağırar, onları iyləyər və qucaqlayardı.” (Tirmizi 3772).

Yazılanlar İmam Hüseynin (Allah ondan razı olsun) fəzilətlərindən yalnız az bir qismidir. Əlbəttə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) əhli beytinin fəzilətinin nümunələri Quran və Sünnədə olduqca çoxdur…

Allah Təaladan istəyirik ki, bu dünyada bizə İmam Hüseynə (Allah ondan razı olsun) həqiqətən oxşamağı, Axirətdə isə bir yerdə olmağı nəsib etsin. Amin.

“Sələf Xəbər” redaksiyası tərəfindən hazırlanıb

Digər xəbərlər