İqtisadi böhran: münasibət, davranış, səbəb və çıxış yolları
2. 475 dəfə baxılıb
Aləmlərin Rəbbi Allaha həmd olsun. Biz ondan kömək diləyir, bağışlanma istəyir, nəfsimizin şərrindən və pis əməllərimizdən Ona sığınırıq. Həqiqətən Allahın azdırdığı kimsəni heç kəs düz yola yönəldə bilməz, düz yola yönəltdiyini isə heç kimsə azdıra bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Muhəmməd də Onun qulu və elçisidir.
Müsibətlər insanların günahları səbəbi ilə baş verir
Dünya həyatı naqislik və məyusluq üzərində qurulub. Uca Allah Cənnət nemətlərini dünya nemətlərindən bu fərq ilə fərqləndirmişdir. Dünya neməti naqis və kədər gətirəndir. Uca Allah bu dünyada bəndələrini necə sınaq etməsi haqqında belə buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!” (əl-Bəqərə: 155).
İnsanların başına gələn bəzi müsibətlər Allahın qəza-qədəri ilə: zəlzələ, fırtına, tufan və s. kimi hadisələr birbaşa olur. Amma elə müsibətlər də vardır ki, Allahın qədəri ilə onu insanlar qazanırlar. İnsanlar Allahın qoyduğu qanunları pozanda, halal buyurduğu maliyyə əməliyyatlarına haramlıq qatanda özləri üçün yeni müsibətə yol açırlar. Bildiyimiz kimi uca Allah bizə müxtəlif növlü maliyyə əməliyyatlarını halal etmiş, lakin bunu müəyyən çərçivədən kənara çıxmamaq şərtilə icazəli etmişdir. Məsələn, sələmçilik, qumar, müəmmalıq, aldatma, olmayan və ya naməlum bir şeyi satmaq və sairə bu kimi əməliyyatları qadağan etmişdir. İnsanlar bu qayda-qanunları pozduqca iqtisadi böhran da qaçılmaz olur. Bu gün dünya ölkələri bu müsibətdən əziyyət çəkirlər. Dünyada baş verən böhran maddi sıxıntılara, şok hallara, işsizliyə, intihara, psixoloji gərginliyə, kütləvi tətil və aksiyalara səbəb olur. Uca Allah buyurur: “(Mələklər istehza ilə onlara belə dedilər: ) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz!” (əl-Ənbiya: 13).
İqtisadi böhrandan çıxış yolları
Biz müsəlmanlar tək olan Allaha iman etmişik. Müsəlman çətin günlərində Rəbbinə pənah apardıqda Allah onu qoruyur, güc-qüvvətini artırır. Yox əgər dünyaya bel bağlayarsa, dünya olduqca zəifdir. Nuh (əleyhissalam) bir zaman öz oğluna Allahın əzabından xilas olmaq üçün düzəltdiyi gəmiyə minməsini tələb etdi. Oğlu isə dünyaya arxalanıb belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” (Hud: 43).
Çətinliklə qarşılaşdıqda şirkə bulaşmamış tövhidin nə qədər əhəmiyyətli olduğu görsənir. Uca Allah buyurur: “İman gətirib imanlarını zülmə” yəni, şirkə “qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (əl-Ənam: 82). Çətinlik və müsibət anında əmin-amanlıq tövhidi həyata keçirməklə olur. Belə məqamda müsəlman mütləq şəkildə tək olan Allaha ibadət etməlidir. Namaz, dua, imdad diləmək, yalvarnaq, nəzir etmək, qurban kəsmək və digər ibadət növlərini yalnız Allah üçün etməli, heç bir varlığı bu ibadətlərə ortaq etməməlidir.
Bilmək lazımdır ki, tövhidlə həyata keçirilən iman insana bu dünyada xoş güzəran gətirər. Sənin başına nə qədər müsibət gəlsə də bil ki, tövhid etiqadına əsaslanan güclü iradə bunun öhdəsindən gələcəkdir. Allahı xatırlamaqdan imtina edənləri isə sıxıntılı güzəran gözləyir. Uca Allah buyurur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcəyik…” (ən-Nəhl: 97).
Həmçinin müsəlman uca Allahın insana aid etdiyi vəsflərini oxuyarkən pis vəsflərdən uzaq olmağa çalışmalıdır. Uca Allah buyurur: “Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar.” (əl-Məaric: 19-21).
Birjalarda il boyu insanların hərislik, tamahkarlıq, kədər, fəryad, xəsislik və digər bu kimi mənfi xüsusiyyətlərlə davrandığının şahidi oluruq. İqtisadi böhranla üzləşən müsəlman yuxarıda deyilən vəsflərdən uzaq durmalı, dinini, imanını, tövhid etiqadını xatırlamalıdır. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu sözünü xatırlamalıdır: “Möminin işinə təəccüb edirəm! Onun bütün işləri xeyirdir. Bu yalnız möminə məxsusdur: Xoş hadisə ilə üzləşdikdə şükr edər, bu da onun üçün xeyir olar. Zərər verəcək bir işlə üzləşdikdə isə səbr edər, bu da onun üçün xeyir olar.” (Muslim: 2999).
Bəzən insanlar mal-dövlətləri üçün təlaşa düşdükdə kainatın idarəçisi, bütün işlər əlində olanı, ruzi verəni unudurlar. Bütün bunların qədəri kimin əlindədir? Bütün bunları yazan kimdir? Qarışqaya yuvasında ruzi verən kimdir? Uca Allah buyurur: “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin.” (Hud: 6).
Əgər biz təvəkküldə sadiq olsaq, Allah göydə uçan quşun ruzisini verdiyi kimi, bizim də ruzimizi verər. Halbuki quş səhər ac qarına yuvasından uçub çıxır, göydə olduğu halda Allah onun qarnını dolduracaq ruzisini əta edir.
Biz Allah qarşısında təqvalı olmalı, gözəl şəkildə ruzi istəməliyik. Heç bir nəfs onun üçün ayrılmış payı mənimsəmədən dünyadan gedən deyil.
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: “Heç bir nəfs, hətta gecikmiş olsa da, onun üçün ayrılmış payı mənimsəmədən dünyadan gedən deyil.” Yəni bəzən ruzi gecikir, amma gəlir. Hədisin ardında deyilir: “Allah qarşısında təqvalı olun və gözəl şəkildə ruzi istəyin. Halal olanı götürün, haramdan əl çəkin.” (İbn Macə).
Təqva sahibi olmaq ruzinin gəlməsi üçün səbəbdir. Uca Allah buyurur: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər…” (ət-Talaq: 2-3). İnsan onu dəhşətə gətirən sıxıntıya düşdükdə: Gələcəkdə necə olacaq? Qiymətlər biraz daha artsa necə olacaq? Uşaqların xərcini necə çəkəcəm? Ailəmi necə dolandıracam? Evin kirayəsini necə ödəyəcəm? – və sairə bu kimi düşüncələr gəldikdə, onun üçün çıxış yolu təqvadır.
Müsəlman bacı və qardaşım, biz qəza və qədərə iman gətirmişik. “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun.” (əl-Hədid: 22). Nə yazılıbsa o da baş verəcəkdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Başına gələcək iş səndən yan keçən deyildi. Səndən yan keçəcək iş isə sənə toxunan deyildi.” (Əbu Davud: 4699).
İqtisadi böhran zamanı hikmətli davranmaq lazımdır
Müsəlman böhran zamanı hikmətli davranmalıdır. Qorxu hissləri içərisində yaşamaq lazım deyil. Nə də imkanı xaricində olan xəyallara can atmamalıdır. Çünki o bu xəyallarını gerçəkləşdirmək üçün borc alacaq və özünü çıxılmaz sıxıntıya salacaqdır. İnsan gərək ətrafındakı adamları da özünə uyğun seçsin.
Əbu Nueym adlı alim “Hilyətul Ovliyə” kitabında deyir: “Varlı insanlarla dostluq etdim, daim həsrət içərisində oldum.” Bəzi sələfilər bunu belə açıqlayardılar: “Onlardan kiminsə əynində öz paltarımdan daha gözəlini, miniyimdən daha yaxşısını, evimdən daha xeyirlisini görür və həsrət içərisində oluram. Amma kasıblarla yoldaşlıq etdikdə dincəlirəm.”
Bu o deməkdir ki, insan əlində olanla qənaətlənməli, imkanı xaricində olan bir şeyi əldə etmək üçün borc-xərc etməməli, qonşum yaxşı geyinir deyib o da imkanı olmaya-olmaya eynisini alıb geyinməyə özünü vadar etməməlidir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim evində əminamanlıqda, bədəni sağlam, günlük qidası olan halda yaşayırsa, sanki bütün dünyanı əldə etmiş kimidir.” (Tirmizi: 2346).
Müsəlmanın digər gözəl xüsusiyyəti onun qənaətcil olmasıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “(Sosial baxımdan) özünüzdən yuxarıda olanlara deyil, aşağıda olanlara baxın.” (Muslim: 2963).
Müsəlman sələmçiliyin bütün növlərindən uzaq durmağa çalışmalıdır. Çünki iqtisadi böhran zamanı ən çox zərər görənlər sələm yolu ilə alış-veriş edənlərdir.
Həmçinin müsəlman günlük alış-verişində diqqətli olmalı, qənaətlə xərcləməlidir. İsrafçılığa, lazımsız əşyaların alınmasına yol verməli deyil. Bu gün yaşadığımız ərazilərdə kifayət qədər marketlər mövcuddur. Biz marketə daxil olmadan öncə nə almaq istədiyimizi bilməliyik, əks təqdirdə lazımsız əşyaları, qidaları almış olacağıq.
Müsəlmən həmçinin digər insanlara yaxşılıq etməyi də unutmamalıdır. Görkəmli səhabə Abdullah bin Ömər (Allah onlardan razı olsun) belə demişdir: “Bu gün elə bir zaman gəlmişdir ki, heç kəs əlindəki dinara və dirhəmə görə qardaşından daha haqlı deyil.” (Qut əl-Qulub: 2/373). Yəni, əlində olan maldan sədəqə etməyə, kasıba əl tutmağa çalışmalıdır.
Kimsə sizə borcludursa ona vəziyyəti yaxşılaşana qədər möhlət verməyə çalışın. Uca Rəbbimiz belə buyurur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin!” Daha sonra isə savab etibarı ilə üstün olan addımı bizə xatırladaraq buyurur: “Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” (Bəqərə: 280).
Əziz müsəlmanlar biz İslam şəriətini daha dərindən oxuduqda bu dinin nə qədər lütfkar, mərhəmətli olduğunu görürük. Heç bir din, heç bir nizamnamə bu din qədər əhatəli, xeyirxah, mərhəmətli olmayıb, olan da deyil. Bizə yetər ki, biz bu dini yaşayaq, yaşadaq, öyrənək, öyrədək.
Allahım, ölkəmizin və digər müsəlman ölkələrin üzləşdiyi iqtisadi sıxıntını aradan qaldırmaqda bizə yardımçı ol. Sən duaları eşidən, qəbul edənsən.
“Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” (əs-Saffat: 180-182).
“Sələf Xəbər” redaksiyası tərəfindən hazırlanmışdır.