Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İşa namazına qoşulub Məğrib namazını necə qılmaq olar?

İyun 28
18:21 2016

Şeyx Muhəmməd bin Saleh əl-Useyminə belə bir sual verirlər:

Bir dəstə insan məğrib namazına gecikib. Onlar məscidə gəldikdə imam İşa namazını qılırsa, onlar özləri ayrıca camaat halında məğribi qılsınlar, yoxsa işa namazı qılan imama qoşulsunlar? Belə halda onlar namazı necə qılırlar?

Cavab:

Doğru olan budur ki, insan istər tək olsun, istərsə toplum halında məscidə gəldikdə imam işa namazını qılırsa, o, məğrib namazı niyyəti ilə imama qoşulur. İmam ilə məmumun (imama tabe olan) niyyətinin fərqli olması zərərli deyil.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Həqiqətən əməllər niyyətlərə görədir. Hər kəsə niyyət etdiyi verilir.”
Əgər onlar işa namazının ikinci rükətinə qoşulmuşdularsa imamla salam verib namazı bitirirlər. Çünki onlar üç rükət qılıblar. Onlar birinci rükətdə imama qoşulur, imam dördüncü rükətə qalxanda isə onlar oturur, təşəhhüd oxuyur və salam verib namazı bitirirlər. Sonra qalxıb namazın qalan hissəsinə işa niyyəti ilə qoşulurlar.

Məsələ haqqında elm adamlarının ikinci rəyi isə budur ki, belə halda onlar namaza işa niyyəti ilə qoşulur və işanı qılırlar. Daha sonra məğribi qılırlar. Burada camaata görə namazların ardıcıllığını pozmaq olar.

Üçüncü rəy isə budur ki, onlar məğrib namazını təklikdə qılırlar. Sonra işa namazının qalan rükətlərində imama qoşulurlar.

İkinci və üçüncü rəylərdə müşkül vardır.
İkinci rəydə namazların ardıcıllığı pozulur, belə ki, işanı məğribdən öncə qılır.
Üçüncü rəyin müşkülü isə budur ki, bir məsciddə eyni vaxtda iki camaat qılmaq olmaz. Bu müsəlman toplumun parçalanmasıdır.

Birinci söylədiyimiz rəy daha doğrudur. Kimsə deyə bilər ki, bəs həmin rəyin də əmması budur ki, orada imamdan öncə salam verirsən. Əslində bu müşkül deyil. Sünnədə məmumun imamdan ayrılması halları haqda dəlillər vardır. Məsələn qorxu namazında məmumlar imamla bir rükət qıldıqdan sonra ikinci rükəti müstəqil qılır, özləri namazı yekunlaşdırırlar.
Muaz bin Cəbəl (Allah ondan razı olsun) ilə namaz qılan kişinin hadisəsi də buna dəlildir. Muaz bəqərə surəsi ilə namaza başlayanda kişi ayrı qılır, imamla birlikdə qılmır.
Alimlər həmçinin deyirlər ki, insan namazda olarkən yel sıxıntısı ona əziyyət verərsə, yaxud dəstəmazını yüngül, yaxud ağır subaşı ilə pozmaq məcburiyyətində qalarsa, belə halda namazı tək qılmağa niyyət edib tək qılıb gedə bilər. Bu onu göstərir ki, ehtiyac halında ayrılıb namazı tək qılmaq qadağan deyil.
Liqaat əl-Bab əl-Məftuh: 3/425.

Digər xəbərlər