İslamın bürclərə münasibəti – “Xoruz ili”
3. 160 dəfə baxılıb
“2017-cı ildə bürclər nə vəd edir? – PROQNOZ
Astroloqlar hesab edirlər ki, Xoruz ili bütün bürclər üçün düşərli olacaq. Qırmızı Xoruz hər kəsin həyatını yaxşılığa doğru dəyişmək iqtidarındadır, yalnız düzgün yanaşmanı tapmaq lazımdır. Yeni il öz bacarıqlarına inanan və nəticə əldə etmək üçün maksimum səy göstərənlər üçün daha da uğurlu olacaq…”
Bu sözlər yerli saytlardan birində dərc edilmiş məqalədən götürülmüşdür.
Bildiyimiz kimi İslam şəriəti tək olan Allaha iman üzərində qurulmuşdur. “Lə iləhə illəllah” kəlməsi məhz bu mənanı daşıyır. Yəni, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına dair şahidlik etmək. Çox təəssüf ki, əksər müsəlmanlar bu kəlmənin tələb etdiyi mənaya zidd olaraq qəlblərini, təfəkkürlərini fərqli inanclara bağlayırlar. Bu inanclar isə bir çox hallarda İslamın əsasına zidd olur. Elə bürclərə inanmaq, həyatını bürclərin göstərişinə uyğun qurmaq da bu qəbildən olan böyük günahlardandır. Bəzən görürsən ki, məntiq və düşüncə tərəfdarı olan insana hər-hansı movzu haqqında şəriətin mövqeyini bildirdikdə səndən dediklərinin məntiqi əsasını tələb edir, lakin iş gəlib bürclərə inanmağa çatanda heç bu məntiqini işə salmır.
Bilirsiniz niyə belədi?! Çünki insanın yanında onu azdıran güclü şeytan vardır. Bu şeytan pis işləri və dinə müxalif olan əməlləri adama sevdirir. Dinə və imana müvafiq olan işlərdən isə çəkindirir.
Ağıllı insanın “meymun ili”, “it ili”, “donuz ili”, indi də “xoruz ili”nə inanması, bu heyvanların onun həyatına təsir edəcəyinə ümid etməsi olduqca gülünc və təəssüfvericidir. Bürclərə inanmaq, falçılığa inanmaq deməkdir. Çünki hər ikisi də yalnız Allahın bildiyi gələcəkdən xəbər verməklə məşğuldurlar.
Hamımızı yoxdan var edən Rəbbimiz bizə ağıl neməti bəxş edib və bizə doğru həyat yolu olaraq din göndərib. İnsan islam dinində həm bu həyatda, həm də axirət həyatında lazım olanı əldə edə bilər. Yetər ki, biz dinimizin təlimlərini mənimsəyib əməl edək.
Müsəlmanın gün ərzində beş vaxt namazda oxuduğu əl-Fatihə surəsinin “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” ayəsi, hər kəs üçün örnəkdir. Burada uca Rəbbimiz bizə yalnız Ondan kömək diləməyi və yalnız Ona sığınmağı əmr edir.
Qurani-Kərimə baxdıqda orada bizi Allahın təkliyinə iman etməyə, Allaha təvəkkül etməyə, şərin və xeyirin Allahın əlində olduğuna iman etməyə səsləyən çox ayələrin olduğunu görürük.
“Mən yalnız Ona təvəkkül etdim.” (Hud: 88)
“Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!” (Hud: 123)
Bu kimi nümunə olacaq ayələr çoxdur.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) də insanları tək Allaha bağlanmağa səsləmiş, bu haqda möminləri xəbərdar etmişdir: “Düşər-düşməzlik yoxdur…”, “Düşər-düşməzliyə inanmaq şirkdir.”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbn Abbas (Allah ondan razı olsun) adlı səhabəsinə belə tövsiyə etmişdir: “Əgər bütün ümmət toplaşıb sənə xeyir vermək istəsələr, yalnız Allahın sənin üçün yazdığından başqa, sənə heç bir fayda verə bilməzlər. Əgər onlar toplaşıb sənə bir zərər vermək istəsələr, Allahın yazdığından başqa heç bir zərər verə bilməzlər. Artıq qələmlər qaldırılmış, səhifələr qurumuşdur.”
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) görkəmli və müdrik səhabəyə etdiyi bu gözəl tövsiyə bu gün meymun, donuz, xoruz və sairə illərinə inanan insanlara dərs olmalıdır. Onlar bilməlidirlər ki, bütün qəza-qədər Allahın əlindədir. Xoruz, it, donuz və s. Allahın yaratdığı heyvanlardır. Onlar bizim qəza-qədərimizə müdaxilə etmək iqtidarında deyillər.
Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır