Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İslamın qeyri-müsəlmanlarla davranışı

Noyabr 18
18:15 2016

Bütün təriflər Uca Allaha məxsusdur. İslamın insanlığa baxışı rəhmət və sevgi doludur. Heç başqa cür düşünülə də bilməz. Çünki İslam dini Allahın göndərdiyi dindir. Və bütün insanlığı bu dinə dəvət edir. Eyni zamanda, Allah bu dini vəhy etdi. Yaradılmışların ən mərhəmətlisi olan Məhəmmədin (Allahın ona salavat və salamı olsun) ürəyinə endirdi. Uca Allah bunun doğruluğunu nazil etdiyi Kitabda bu ayə ilə təsdiqləyir: “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. (Qurani-Kərim, “əl-Ənbiya” surəsi, 107-ci ayə)

“Sələf Xəbər” Qurandan, Sünnədən və Peyğəmbərin həyatından bu mənanı gücləndirən, təsdiqləyən bir neçə dəlili təqdim edir:

İslama dəvət etmək və insanları şirk və küfrdən qurtarmaq

Bu mövzuda Quran və Sünnənin əmrləri müsəlmanları Allahın birliyinə və Onun uğurunda malları, vaxtları və canları xərcləməyə dəvət edir. Bu vəziyyət də ancaq aləmlərə rəhmət olmaq üçündür. Onları qullara ibadət etməkdən çəkindirib qulların rəbbinə ibadət etmələrini təmin etməkdir. Onları dünyanın darlığından çıxardıb dünya və axirətin genişliyinə çatdırmaqdır.

Allah-Təala buyurur: “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” (Qurani-Kərim, “Ali İmran” surəsi, 104-cü ayə)

Kafir olsalar da belə valideynlərlə yaxşı davranmaq

Əgər övladlarını İslamdan döndərmək istəyərlərsə, küfrə və şirkə girməsi üçün əmr və təzyiq edərlərsə, bu mövzu ilə əlaqədar Allah-Təalə belə buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Qurani-Kərim, “Loğman” surəsi, 14-15-ci ayələr)

Qeyri-müsəlman qonşulara yaxşılıq etmək

Qonşuya yardım etməsini, ona əhəmiyyət verməsini, qorumasını, haqqını verməsini istəyən və insanlara bunu tövsiyə edən İslamın bənzəri nə bir qanun, nə bir metod, nə də bir din olduğunu görə bilməzsiniz.

Uca Allah buyurur: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (Qurani-Kərim, “Nisa” surəsi, 36-cı ayə)

Əl-Qurtubi (Allah ona rəhmət etsin) belə ifadə edir: “Şam əhli dedi: “val-cəri zil-qurbə” – yaxın qonşu-müsəlmandır, “val-cəril-cunubi” – uzaq qonşu-yəhudilər və xristianlardır. Buna görə deyirəm ki, istər müsəlman və ya qeyri-müsəlman olsun, qonşuya yaxşılıq etmək əmr və sevilən bir haldır. Doğru olan da elə budur. Yaxşılıq etmək bərabərliyi, səmimi ünsiyyəti təmin edir və əziyyəti aradan qaldırmağa yardımçı olur.

Buxari xanım Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin ( Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edib: “Cəbrayıl mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, onu mənə varis edəcəyini zənn etdim.”

Əbu Şureyhdən Peyğəmbərin ( Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edib: ““Vallahi iman etmir, Vallahi iman etmir, Vallahi iman etmir”. Soruşdular: “Kim, ey Allahın Elçisi!” Buyurdu: “qonşusuna əziyyət etməsindən əmin olmayan kimsə”. (bu məsələ bütün qonşular üçündür). Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bunu 3 dəfə təkrarlayaraq bu əziyyəti tərk etmənin vacibliyini gücləndirmək istəyib. Bu hədis qonşusuna əziyyət edən kimsənin kamil imana sahib olmadığını və möminin qonşusuna əziyyət etməsindən çəkinməsinin lazım gəldiyini bildirir. Qullar, Uca Allahın və Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) qadağan etdiklərindən əl çəkməli, təşviq etdiklərini və razı qaldıqlarını etməlidir”. (Bax təfsir Kurtubi, 183-184 / 5 4)

Müharibə etməyən qeyri-müsəlmanlarla ədalətlə rəftar etmək

Bu mövzuda Allah-Təala buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (Qurani-Kərim, “Əl- Mumtəhənə” surəsi, 8-ci ayə)

Şeyx Abdurrəhman əs-Saadi bu ayənin təfsirində deyir: “Yəni Allah-Təala sizin müşrik olanlara ədalətlə, lütfkarlıqla və rəğbətlə rəftar etmənizi qadağan etməz. Əgər din yolunda döyüşmədikləri, sizi yurdunuzdan çıxarmadıqları təqdirdə onlarla münasibət qurmanızda sizin üçün bir günah yoxdur”. (Bax təfsir “əs-Saadi”, səh. 856)

Müqavilə bağlanmış qeyri-müsəlmanı öldürməyin haram olması və bunu edənlərə şiddətli təhdid

Abdullah bin Amrdən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyi rəvayət olunur: “Kim sülh müqaviləsi bağlanmış qeyri-müsəlmanı öldürərsə, Cənnətin qoxusunu belə duya bilməz”. (Buxari, 2995)

Müqavilə bağlanmış və təhlükəsizlik vəd edilmiş qeyri-müsəlmana zülm etməyin haramlığı

Bu mövzu ilə bağlı Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) bir hədisdə buyurur: “Kim bir müqavilə bağlanmışa zülm etsə, alçaltsa, ondan hər hansı bir şeyi gözəlliklə almazsa, Qiyamət günündə mən onun höccətiyəm”. (Əbu Davud (3502) rəvayət edib, Albani səhihləşdirib)

Mərhum şeyx Useymin (Allah ona rəhm etsin) demişdir: “Bilin ki, səhih olaraq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyi rəvayət olunur: “Kim sülh müqaviləsi bağlanmış qeyri-müsəlmanı öldürərsə, Cənnətin qoxusunu belə duya bilməz”. (Buxari) “Biz müqavilə ilə bağlı olduğumuz insanlara münasibətdə xəyanətdən danışa bilmərik. Kim ölkəmizə çalışmaq və ya ticarət etmək üçün gəlmişsə, ona bunu etməsinə icazə verilir. “Bu insanlar müsəlman deyillər, deməli onların əmlakı bizim üçün halaldır”,- deyən axmaqlar sizi aldatmasın. Çünki, Allaha and olsun ki, bu yalandır — Allahın dini haqqında yalandır; müsəlmanların belə hesab etməsi barədə bir yalandır.

Bizlər, Allahın əmrinə təslim olmuş müsəlmanlarıq. Kim də bunu pozarsa, İslama pislik etmişdir. Bunu insanlara terror, qurma və xəyanət olaraq göstərmişdir. Bu müqaviləyə sadiq qalın və onu pozmayın, çünki xəyanət doğru yoldan uzaq olan münafiqlərin xüsusiyyətidir”. (Şeyx əl-Useyminin fətvaları, (493/25))

Təcavüzkarlığın qadağan edilməsi və ədalətin vacibliyi

Bu mövzuda Allah bunu əmr edir: ” (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına batırmasın)…” (Qurani-Kərim, “əl-Maidə” surəsi, 2-ci ayə) Və həmçinin buyurur: “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır”. (Qurani-Kərim, “əl-Maidə” surəsi, 8-ci ayə)

Şeyx Şinqiti (Allah ona rəhmət etsin) təfsirində belə bildirir : “Allahın sənin haqqında üsyan edən kimsəyə sənin onun haqqını verməyini əmr edən bu ayələri nə gözəl əxlaqı ehtiva etdiyinə bir baxın”. (Advaul-Bəyan, 50/3)

Az əvvəl açıqladıqlarımızı əhəmiyyətli həqiqətlərlə də gücləndirmək lazımdır:

Yuxarıda qeyd etdiyimiz məziyyətlərə qarşı gələnlər də az deyil. Lakin bunları İslama deyil, həmin fərdlərə şamil etmək lazımdır. Halbuki, hər dində onun qanunlarına və əhkamına qarşı gələn insanlar zaman-zaman movcud olub.

Yer üzündə qeyri-müsəlmanların etdikləri ilə müsəlmanların etdikləri, əsla, müqayisəyə gəlməz. İkinci Dünya müharibəsində qurban olanların sayı yetmiş milyon və hamısı da xaçpərəstlər idi.

On milyonlarla müsəlman, xaçpərəstlərin, kommunistlərin, yəhudilərin hindlilərin, Sixlərin əlləriylə öldürüldülər. Bunun detallarına girərək sözü uzatmırıq. Düzdür, bunları heç kim inkar etmir, ancaq ağlını istifadə etməyənlər müstəsnadır.

Zaman-zaman müsəlmanların yurdları işğal altında qalıb, yeraltı və yerüstü sərvətləri qəsb edilib. Bütün bunlar müxtəlif xalqlardan olan qeyri-müsəlmanların əli ilə baş verib. Əlbəttə ki, bu söylədiklərimiz İslamın insanlığa baxışı, sevgisi və şəfqəti haqqında danışarkən nəzərə alınmalıdır.

İnsaflı tarixçilər müsəlmanların digər ölkələrə reallaşdırdıqları fəthlər ilə səlib yürüşləri arasında müqayisə apardıqda hər ikisinin vəziyyətinin necə olduğunu və ikisi arasındakı fərqin nədən qaynaqlandığını açıq-aşkar görəcəklər. Bax, bu zaman rəhmət və şiddətin, sevgi və nifrətin, həyat və ölümün fərqli olduğunun fərqinə varacaqlar.

Az əvvəl İslamın qeyri-müsəlmanlara baxışını – onlar üçün rəğbət, şəfqət, rəhmət hökmlərini söylədik. Lakin bu bizim bəzi hökmləri tərk etməmizi qəsd etmir.

İslamda qeyri-müsəlmanları dost tutmaq və onlara qarşı sevgi qadağan edilmişdir. Düşünən kimsə, bizimlə vuruşmayan qeyri-müsəlmanlara qarşı etməmiz əmr olunan məziyyətlər ilə, ürəkdən sevgi bəsləmənin qadağası arasındakı fərqi anlayar. Aləmlərin Rəbbi, Allahı inkar etmələri və İslamda olmamaları səbəbiylə qeyri-müsəlmana qarşı bunlardan bizi qadağan edir.

Qeyri-müsəlmanların dini nə olursa olsun qadınlarımızın onlarla evliliyi halal deyil. Müsəlman kişi ilə kitab əhlindən olan iffətli bir qadının evliliyi isə icazəlidir. Burada əqidənin və tövhidin böyük bir rolu olduğunda şübhə yoxdur.

Uca Allah belə buyurur: “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!” (Qurani –Kərim, “əl- Maidə” surəsi, 5-ci ayə)

İslamda qeyri-müsəlmanın İslam dinini qəbul etməsinə məcbur edilə bilməz. Çünki ixlas, səmimiyyət və sədaqət İslamı qəbul etmə şərtlərindən biridir.

Uca Allah buyurur: “Dində məcburiyyət yoxdur”. (Qurani-Kərim, “əl-Bəqərə” surəsi, 286-cı ayə)

Uca Allah daha gözəl Biləndir.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanmışdır

Digər xəbərlər