Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Müsəlmanlar qeyri-müsəlmanlarla necə davranmalıdır?

Dekabr 02
18:13 2016

Şeyx Useyminin (Allah ona rəhmət etsin)

Böyük Britaniya müsəlmanlarına nəsihətləri

Dindar müsəlman qeyri-müsəlmanlara necə münasibət bəsləməlidir? – bu sualla bir çoxları gündəlik qarşılaşır.

Bəzi radikal təriqətlərin qeyri-müsəlman ölkələrində törətdiyi terror aktları artıq belə bir təəssürat yaradıb ki, dindar müsəlmanlar qeyri-müsəlmanlara dostcasına və xeyirxahlıqla yanaşa bilməz.

Lakin, təəssüf ki, çoxlarına bir fakt məlum deyil ki, İslam dini neyinki təkcə müsəlmanlara, bütün insanlara, o cümlədən, qeyri-müsəlmanlara qarşı ədalətli olmağı əmr edir. Bundan başqa, İslam bizi İslama düşmənçilik göstərməyən qeyri-müsəlmanlarla mehriban və yaxşı münasibətdə olmağa çağırır.

Uca Allah buyurur: “Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.” (Müqəddəs Quran, “Mumtəhənə” surəsi, 8-ci ayə).

Heç kimə sirr deyil ki, bu gün, islamofobiyanın yayılması səbəbindən dünyanın bir çox ölkələrində müsəlmanlara haqsız və qərəzli yanaşırlar. Bütun bunlara baxmayaraq ,müsəlmanlar çətin dövr də yaşasada , İslam hər bir halda qeyri-müsəlmanlara qarşı münasibətdə ədaləti rəhbər tutmağa çağırır.

Uca Allah buyurur: “Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (Müqəddəs Quran, “Maidə” surəsi, 8-ci ayə).

Beləliklə, İslam bizə emosiyalara və qəzəbə söykənərək həm müsəlmanlara, həm də qeyri-müsəlmanlara qarşı münasibətdə ədalətsizliyi qadağan edir. Yuxarıda qeyd etdiyimiz ayə ilə yanaşı, Quranda və səhih Sünnədə bu prinsipi təsdiqləyən bir çox dəlil mövcuddur.

İslam alim vı üləmaları bütün tarix boyunca, müsəlmanları öyrədərək və onlara nəsihət edərək İslamın bu qaydasını izah ediblər. Bu məqalədə biz görkəmli İslam alimi – şeyx Məhəmməd bin Salih əl-Useyminin (Allah ona rəhmət etsin) ölümündən bir az əvvəl, Səudiyyə Ərəbistanı-Böyük Britaniya telekörpüsü ilə Böyük Britaniyanın müsəlman gənclərinə müraciətində dediyi sözləri və nəsihətləri gətirmək istərdik. Şeyx Useyminin bu nəsihətləri müsəlmanların qeyri-müsəlmanlara necə davranmalı olduqları barədədir. Aşağıda bu nəsihətin mətnindən bir hissəni dərc edirik:

“… Eləcədə mən sizi hörmətə layiq olanlara və əhd bağladığınız insanlara hörmət etməyə çağırıram. Çünki yaşadığınız ölkədə sizlərlə onların arasında bir əhd vardır. Bu belə olmasaydı, onlar ya sizi öldürər və ya çıxarardılar (öz ölkələrindən —“Sələf Xəbər” redaksiyasının qeydi). Bu əhdə sadiq qalın və onu pozmayın, çünki xəyanət- doğru yoldan uzaq olan ikiüzlülərin (münafiqlərin) xüsusiyyətidir.

Bilin ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhih olaraq belə dediyi rəvayət olunur: “Kim bir zimmini (yəni dövlət tərəfindən qanının, malının qorunması təmin edilmiş ,lakin digər dinə etiqad edən şəxs) öldürərsə, Cənnətin qoxusunu belə, duya bilməz!”. (Buxari).

“Bu insanlar müsəlman deyillər, deməli, onların əmlakı bizim üçün halaldır”, – deyən axmaqlar sizi aldatmasın. Çünki, Allaha and olsun ki, bu, yalandır — Allahın dini adından deyilmiş yalandır! Müsəlmanların belə hesab etməsi barədə bir yalandır.

Biz əhd bağladığimiz insanlara münasibətdə xəyanətdən söz gedə bilməz!

Ey mənim qardaşlarım! Ey gənclər! Ey müsəlmanlar! Satdığınız və aldığınız əşyalarda , kirayələdiyiniz və kirayə verdiyiniz şeylərdə və bütün qarşılıqlı sövdələşmələrdə düzgün olun. Çünki doğruluq möminlərin sifətlərindəndir və Böyük Allah bizə dürüst olmağı əmr etdi: “Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun” (Müqəddəs Quran, “Tövbə” surəsi, 119-cu ayə).

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də doğruluğa çağıraraq deyib: “Doğruluğa sarılın! Çünki doğru danışmaq yaxşılığa aparır, yaxşılıq da Cənnətə; Bir bəndə o qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar”.

Eləcədə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yalançılıqdan çəkindirir və deyirdi: “Yalançılıqdan çəkinin, çünki yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə; Bir bəndə o qədər yalan danışar ki, onun adı Allah dərgahında qatı yalançılar siyahısına yazılar” (Əl-Albani Səhih əl-Cəmi).

Ey mənim müsəlman qardaşlarım! Ey gənclər! Din qardaşlarınızla və sizinlə bir arada olan qeyri-müsəlmanlarla danışıqlarınızda düzgün olun və beləliklə, insanları öz əməllərinizlə İslam dininə dəvət edəcəksiniz. Həqiqətən də, bir çox insan, müsəlmanların doğruluğunun, onların saleh davranışlarının və əməllərinin şahidi olub İslamı qəbul etmişdir.”

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

Digər xəbərlər