Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qiyamət günü Qurani-Kərim özünə müxalif olanlara qarşı şahidlik edəcək

Sentyabr 29
19:00 2016

Səhih hədislərdə deyilir ki, Qiyamət günü Qurani-Kərim onu oxuyan insanlar üçün şəfaətçi olacaqdır.

Muslimin “əs-Səhih” əsərində (804) Əbu Umamə əl-Bahilidən (Allah ondan razı olsun) rəvayət olunur ki, o Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişdir: “Quranı çox oxuyun. Həqiqətən qiyamət günü o, onu oxuyanlara şəfaətçi olacaqdır.”

İmam Əhməd “əl-Musnəd” kitabında (6589) Abdullah bin Amrdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Qiyamət günü oruc və Quran şəfaətçi olacaqlar. Oruc belə deyəcək: Ey rəbbim, mən onu gündüz vaxtı yemək-içməkdən və şəhvətdən məhrum etdim, məni onun üçün şəfaətçi et. Quran isə belə deyəcək: Mən onu gecələri yatmaqdan məhrum etdim, məni ona şəfaətçi et. Beləliklə onlar şəfaətçi olacaqlar.” (Şeyx Albani “Səhih əl-Cami” əsərində (7329) hədisin səhih olduğunu söyləmişdir.)

Qurani-Kərim qiyamət günü öz dostlarına şəfaətçi olduğu kimi, onu tərk etməklə, vacib əmrlərinə və qadağalarına məhəl qoymamaqla müxalif olanlara qarşı da şahidlik edəcəkdir.

Muslim “əs-Səhih” əsərində (223) Əbu Malik əl-Əşaridən (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edi: “… Quran isə sənin ya lehinə, ya da əleyhinə şahid olacaqdır.”

Əsrimizin görkəmli alimi Şeyx İbn Usyemin bu hədisin şərhində deyir: “Əgər sən Quranla Allaha yaxınlaşsan, deyilənləri təsdiq edib sənə vacib edilən əməlləri etsən, qadağalardan çəkinsən, Quranı təzim edib ehtiram göstərsən, Quran sənin lehinə şahidlik edəcəkdir.
Yox əgər əksinə, sən Quranı alçaltsan, onu oxumasan, mənasına əməl etməsən, vaciblərə əməl etməsən, o sənin əleyhinə şahidlik edəcəkdir.” (Riyazus Salihin kitabının şərhi: səh.30).

Beləliklə bu və digər şəriət dəlilləri isbat edir ki, qiyamət günü Qurani-Kərim insanın əleyhinə şahid və iddiaçı ola bilər.
Ona görə də hər bir müsəlman çalışmalıdır ki, Qurani-Kərimə bacardığı qədər əməl etsin.
Allah hər bir müsəlmanı göndərdiyi mərhəmət kitabına əməl etməyə müvəffəq etsin.

Digər xəbərlər