Şeyx əl-Abbad: Qondarma “İŞİD xilafəti” namaz qılanları və digər insanları bıçaqla doğrayır
1. 590 dəfə baxılıb
“Sələf Xəbər” redaksiyası dünyaca məşhur və mötəbər islam alimi, hədisşünas Şeyx Əbdülmühsin əl-Abbadın maraqlı və faydalı məqaləsini sizlərə təqdim etməklə qürur hissi duyur. Biz də öz redaksiyamız adından xalqımız və dövlətimiz üçün əmin-amanlıq, xeyir işlərdə müvəffəqiyyət arzu edirik. Uca Allah bizim ölkəmizi terrorçuluqdan və terror fitnəsindən hifz etsin. Amin!
ər-Rəhman və ər-Rəhim Allahın adı ilə
Aləmlərin rəbbinə həmd-səna olsun, Peyğəmbəri Muhammədə, onun ailəsinə, əshabına və qiyamətə qədər onların ardınca gedənlərə Allahın salavatı və salamı olsun.
Son zamanlar İraq və Şam torpaqlarında bir qruplaşma meydana gəlmiş və əvvəlcə özlərini “İslam Dövləti”, daha sonra isə “İslam Xilafəti” adı ilə adlandırmışlar. Bu qruplaşma adının baş hərfləri “İŞİD” (ərəbcə DAİŞ) – İraqda və Şamda İslam Dövləri – adı ilə tanınır. Bəziləri bu azmış qruplaşmaya aldanırlar. Ələlxüsus Harameyn (iki haram məscid olan ölkə – Səudiyyə Ərəbistanı) bəzi gəncləri də onlara aldanaraq onların çağırışlarını qəbul edib onlara qoşulublar. Bəziləri isə onlara qoşulmaq imkanı olmadığı üçün öz ölkəsində qalıb kənardan təlimatlar alır və onların məkirli cinayətlərini icra edir. Bir müddət öncə 1435/09/28 tarixində “Uydurma İraqlı İŞİD xilafətinin fitnəsi” adlı məqalə dərc etmişdim. Orada qeyd etmişdim ki, bu qruplaşmaya qoşulan gənclər özlərini partladıb intihar etməklə, yaxud bıçaqla boğazlarını kəsməklə həyatlarını fəda etməyə hazırdırlar. Mənim onlara tövsiyəm bu olmuşdu ki, “bu azmış qruplaşmanın hay-küyünə aldanan gənclər bir özlərinə baxsınlar və doğru yola qayıtsınlar. Onlar bu qruplaşmaya qoşulmasınlar. Əks halda onlar bu dünyanı bellərinə bağladıqları partladıcı kəmərlərlə tərk edəcəklər. Yaxud bu qruplaşmanın xüsusi atributuna çevrilmiş bıçaqla kəsilib-doğranmaqla bu həyatdan köçəcəklər. Onlar özlərinin, atalarının və babalarının əmin-amanlıqla yaşadıqları yerli Səudiyyə hökumətinə itaət etməlidirlər.”
Bir neçə gün öncə iki nəfər azyaşlı gənc bu azmış qruplaşmaya xidmət göstərərək bellərinə bağladıqları partladıcı kəmərlə ölkənin (Səudiyyə Ərəbistanın tərc.) şərqində cümə namazı vaxtı məsciddə partlayış törədərək özlərinin məkirli cinayətlərini icra etdilər. Beləliklə onlar özlərini və ətrafdakı bir neçə namaz qılanları məhv etdilər. Bu sadə cinayət deyil, olduqca çirkin və azğın cinayətdir.
Aşağıdakı səbəblərə görə bunu bilmək olar:
1. Günahsız insanı haqsızcasına öldürmək cinayət, ən böyük günahlardan biridir. Hələ bunu namaz vaxtı etmək daha böyük cinayət hesab olunur.
2. Əslən məsciddə olmaq insan üçün mənəvi rahatlıq, əmin-amanlıqdır. Orada namaz qılanları qətlə yetirmək nə deməkdir?!
3. Əgər şəriətimiz bizə kilsədəki rahibləri və orada toplaşmış digər insanları öldürməyi haram edibsə, məscidlərə toplanmış insanları öldürmək daha çox haramlıq daşıyır. İmam Əhmədin “əl-Musnəd” kitabında (2728) belə deyilmişdir.
4. Müsəlmanın partlayıcı kəmər və ya hər-hansı yolla özünə qəsd etməsi hər bir halda qadağandır. Uca Allah buyurur: “Özünüzü öldürməyin”
5. Şəriətimiz müharibə zamanı uşaqları öldürməyi haram etmişdir. Səhih Muslimdə (1731) bu haqda hədis də nəql olunmuşdur. Məsciddə törədilmiş partlayışda azyaşlı uşaqlar da həlak olmuşdular.
6. Bu cinayətkar əməl Allahın yolunu kəsən, cümə namazını qılmaq üçün məscidə gedənləri qorxudan əməllərdəndir. İş o yerə gəlib çatıb ki, insanlar “təhlükəsizlik məqsədi ilə cümə namazına getməmək olarmı?” sualını verirlər. Təbii ki, nadir hallarda baş verən hadisəyə görə məscidə getməmək düzgün deyil.
7. Bu çirkin əməl islama və müsəlmanlara olduqca böyük zərbə vurur. Çünki bu əməl özünü “İslam Dövləti” adlandıran bu azğın qruplaşmanın maraqlarına xidmət edir. Bu uydurma dövlətdən heç bir xeyir gözlənilmir. Bu da onların cinayətlərinin bir nümunəsi idi.
8. Məsciddə namaz qılanları qətlə yetirmək hansı ölkədə baş verməsindən asılı olmayaraq cinayət hesab olunur. Bu hadisənin şəriət hökmləri ilə idarə olunan bir ölkədə və İslam dövlətləri arasında xüsusi məqamı olan bir ölkədə törədilməsi olduqca böyük cinayətdir.
9. Uydurma İŞİD xilafətinin zərəri təkcə aldatdığı azşaylı gənclərə deyil, onların ailələrinə, üzünə ağ olduqları valideynlərinə də toxunur.
10. Kişilərin özlərini qadınlara, qadınların da özlərini kişilərə bənzətməsi haramdır. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) özlərini qadınlara bənzədən kişiləri, o cümlədən kişilərə bənzədən qadınları da lənətləmişdir.” (Buxari: 5858). Baş verən hadisədə də gənclərdən biri qadın libası geyinərək öz məkirli işini görmüşdür.
Son olaraq mən üzümü bu azğın dəstəyə aldanmış gənclərə tutub deyirəm ki, bir özlərinə baxsınlar və ailələrini tərk etməsinlər. Bu dünyada və axirətdə onu peşman edəcək işlərə baş qoşmasınlar.
Uca Allahdan istəyim budur ki, müsəlman gəncləri islah etsin və onların doğru yola yönəltsin. Eyni zamanda müsəlmanları dünya və axirətdə aqibəti xoş olan işlərə müvəffəq etsin. Bu ölkəni (Səudiyyə Ərəbistanı) hökümət və xalq olaraq bütün yaxşı işlərə müvəffəq etsin, hər bir şər, xəta-bəladan uzaq etsin. Pis və məkirli insanların şərrindən hifz etsin. Həqiqətən O eşidən və duaları qəbul edəndir.
Son duamız Peyğəmbərimiz Muhammədə, onun ailəsinə və əshabına xeyir-dua diləməkdir.
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən tərcümə olunub
Mənbə: www.al-abbaad.com