Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Quranı üç gündən tez xətm etmək

İyun 16
17:13 2016

Sünnəyə görə Quranı nə ramazan, nə də başqa aylarda üç gündən tez xətm etmək məqbul sayılmır.

İmam Muslimin rəvayətində (746) Aişə (Allah ondan razı olsun) belə deyir: “Mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Quranı bir gecədə oxuduğunu görməmişəm.”
Buxari (1978) Abdullah bin Amrdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona belə demişdir: “Ayın üç gününü oruc tut.” Səhabə deyir: “Mənim bundan daha artığına gücüm çatar.” Səhabənin israrından sonra axırda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona deyir: “Elə isə bir gündən bir oruc tut.” Daha sonra səhabəyə deyir: “Quranı ayda bir dəfə xətm et.” Səhabə deyir: “Mən bundan da çox edə bilərəm.” Səhabənin israrından sonra axırda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona deyir: “Elə isə Quranı üç gündə xətm et.”

Abdullah bin Amr (Allah ondan razı olsun) güclü gənc idi. Səhabələr arasında onu “Səhabələrin abidi” ləqəbi ilə çağırırdılar. Buna baxmayaraq Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona Quranı üç gündən tez xətm etməyə icazə verməmişdir.
Əbu Davud (1394), Tirmizi (2949) “əs-Sünnən” əsərində Abdullah bin Amrdan (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edirlər: “Quranı üç gündən tez xətm edən kimsə, onu başa düşməz.”

Müdrik alim İbn Həcər “Fəthul Bari” əsərində (5053) deyir: “Bu fikri Əhməd, Əbu Ubeyd, İshaq bin Raheveyh və digər alimlər dəstəkləyiblər.”
Daha sonra belə demişdir: “Bəzi Zahiri məzhəbinin mənsubları Quranı üç gündən tez xətm etməyin haram olmasını söyləməklə qəribə fikir bildiriblər. İmam Nəvəvi deyir ki, əksər alimlər deyirlər ki, bunun üçün məhdudiyyət yoxdur. Bu, insanın gümrahlığı və taqətindən asılıdır. Bu isə insandan insana dəyişən bir haldır. Daha doğrusunu Allah bilir.

Şeyx Albani “Aslu Sifətus Salət” kitabında (2/521) Nəvəvinin “bunun üçün məhdudiyyət yoxdur” sözünə belə irad tutmuşdur: “Bu, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) aydın şəkildə deyilmiş sözünə müxalifdir. “Kim Quranı üç gündən tez xətm edərsə, onu başa düşməz.” Bu, hər kəsə şamil olunan açıq sübutdur. Burada müddət üç gün təyin edilib. Necə demək olar ki, bu haqda məhdudiyyət yoxdur?! Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) vurğulayıb ki, Quranı üç gündən tez xətm edən, onu başa düşməz. Quranı oxumaqla əldə olunan başa düşmək, dərk etmək məqsədinə yetişməz.
Uca Allahın bu ayəsi də deyilənə bir işarədir: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)” (Muhəmməd: 24).
Bəzi sələflərin Quranı üç gündən tez xətm etdiyi deyilir, amma bu hal sünnəyə müxalifdir.
Əbu Ubeyd “Fədailul Quran” kitabında (səh: 92) deyir: “Mənim qənaətim budur ki, Quranı üç gündən tez xətm etməyək. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və səhabələrin bu əmələ yaxşı baxmadığı haqda hədisləri də sizə çatdırmışam.”
İbn Kəsir “Fədailul Quran” kitabında (səh: 260) deyir: “Sələflərdən bu və buna oxşar nəql olunan məlumatları belə izah etmək olar ki, bu haqda deyilən hədislər onlara çatmamışdır. Həm də ola bilər ki, onlar oxuduqlarını anlayır və oxuduqları haqqında düşünürdülər.”

Şeyx Muqbil bin Hadi əl-Vadiinin qızı Ummu Abdullah əl-Vadiinin məqaləsindən tərcümə edilmişdir.

Digər xəbərlər