Quranilər və onların şübhələrinə cavablar – II hissə
3. 947 dəfə baxılıb
Sələf Xəbər “Quranilər və onların şübhələrinə cavablar” adlı məqaləsinin II hissəsini sizlərə təqdim edir:
Rəhimli və mərhəmətli olan Allahın adı ilə
Dördüncü şübhə: Quranın haram saydığından başqa haram yoxdur. Müsəlmanların Quranda haram olduğu buyurulmayan heyvanları yeməməkdə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) itaət etmələri Qurana ziddir və bu bir daha sübutdur ki, sünnəyə əməl etmək düzgün deyildir. Allah-Təala buyurur:
قُلْ لَا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَنْ يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَسْفُوحًا أَوْ لَحْمَ خِنْزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ ۚ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَحِيمٌ
“De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, sənin Rəbbin Bağışlayandır, Rəhmlidir”. (“əl-Ənam”, 145)
Quranilər bu ayəni sübut gətirirlər ki, bu ayədə qeyd olunanlar xaric bütün heyvanlar, quşlar və. s halaldır.
Şübhəyə cavab: Qeyd edək ki, müsəlmanlar Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) Mədinə dövründə etdiyi qadağasına tabe olaraq köpək dişli heyvanların və caynalı quşların yeyilməsini haram sayırlar.
Lakin bu surədə söylədiyimiz qadağaya rast gəlinməməsinin səbəbi odur ki, həmin ayə İslamın ilk çağlarına, Məkkə dövrünə və Məkkə müşriklərinə aiddir. Belə ki, onlar Allah-Təalanın insanlara qadağan etmədiyi bir neçə şeyi özlərinə qadağan etmişdilər. Bu barədə Allah-Təala buyurur:
مَا جَعَلَ اللَّهُ مِنْ بَحِ يرَةٍ وَلَا سَائِبَةٍ وَلَا وَ صِيلَةٍ وَلَا حَامٍ وَلَٰكِنَّ الَّذِينَ كَفَرُوا يَفْتَرُ ونَ عَلَى اللَّهِ الْكَذِبَ وَ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ
“Allah (müşriklərin dəvələri bütlərə nəzir edərək südünün istifadəsini haram saydıqları) bəhirə, (bütlərə nəzir edərək üzərində hər bir şeyin daşınması haram edilən) saibə, (ilk olaraq ara vermədən iki dişi doğan dəvəni) vəsilə və (belindən bir neçə dəvə gəlmiş erkək dəvəni) ham (adlandırıb özlərinə haram sayaraq bütlərə nəzir etdiyi heyvanlar barəsində) heç bir göstəriş verməmişdir. Onların əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) dərk etmirlər”. (“əl-Maidə”, 103)
Məkkə dövründə müşriklərin bu ayədəki iddialarının səhv olduğunu bildirmək üçün Allah-Təala yuxarıdakı ayəni nazil edib “De: “Mənə gələn vəhylər içərisində … hər hansı bir şəxsin yediyi yeməklər içərisində (sizin iddia etdiklərinizdən) haram buyurulan bir şey görmürəm” – deyərək onların iddialarını puça çıxarmışdır.
Yuxarıda zikr etdiyimiz ayələrdən məlum olur ki, şəriətdə əmr və qadağasına tabe olunası həm Allah, həm də Onun Rəsuludur (Allahın ona salavat və salamı olsun). Necə ki, biz bunu Allaha və həmçinin Onun Rəsuluna (Allahın ona salavat və salamı olsun) itaət edilməsinin vacibliyini buyuran bir neçə ayələrlə qeyd etdik. Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) da haram etmə səlahiyyəti olduğunu bildirən açıq-aydın bir ayəni də əlavə olaraq qeyd etməyimiz daha münasib olardı. Allah Təala buyurur:
قَاتِلُوا الَّذِينَ لَا يُؤْ مِنُونَ بِاللَّهِ وَلَا بِالْ يَوْمِ الْآخِرِ وَلَا يُحَرِّ مُونَ مَا حَرَّمَ اللَّهُ وَرَ سُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُ وا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَنْ يَدٍ وَهُمْ صَاغِرُونَ
“Kitab əhlindən Allaha və Qiyamət gününə iman gətirməyən, Allahın və Onun Rəsulunun haram buyurduqlarını haram bilməyən və haqq dini (İslamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun”. (“ət-Tövbə”, 29)
Hər bir ağıl sahibinə aydındır ki, ayədə “Allahın və Rəsulunun haram buyurduqlarını” – sözündən bəlli olur ki, Allah-Təala ilə yanaşı Onun Rəsulu (Allahın ona salavat və salamı olsun) da Allahın izni ilə haram etmə səlahiyyətinə malikdir.
Beşinci şübhə: Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsi şəriət deyildir. Əgər şəriət olsaydı, o, özü sünnəsini yazmaqdan çəkindirməzdi.
Şübhəyə cavab: Qəribədir ki, sünnəyə inanmayan insanlar özləri sünnədən dəlil gətirirlər. Bunun üçün elə biz də sünnədən xəbəri olmayanlara sünnə ilə cavab vermək məcburiyyətindəyik. Lakin bu şübhə də digərləri kimi elmə deyil, yalnız inadkarlığa əsaslanmışdır. Bunlar İslam tarixinə lazımi qədər nəzər salsaydılar, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin sözü və əməli ilə dinin bütün əhkamlarını öyrədərək ən gözəl şəkildə sünnəsinə həvəsləndirdiklərini görərdilər. Qeyd etdiyimiz ayələrdən də Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatının bizim üçün bir şəriət sayıldığı açıq-aydın görünür. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsi şəriət və din olmasaydı, Allah-Təala bizə Rəsuluna (Allahın ona salavat və salamı olsun) itaət edərək ondan nümunə götürməyimizi əmr etməzdi. Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü də sünnəsinin yayılması üçün bu qədər çalışmazdı.
Abdul Qeysin camatı Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrkən Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlara dinin əhkamlarından öyrədəndən sonra deyir:
“Onu əzbərləyin və sizdən sonrakılara da xəbər verin”. (“əl-Buxari”, 1/30)
Əgər Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı din, sözləri isə şəriət olmasaydı, onu əzbərləməyi və təbliğ etməyi əmr etməzdi. Həmçinin “Məni necə namaz qılan görürsünüzsə, siz də elə namaz qılın”. (“əl-Buxari”, 1/155). Və ya “Həcc ibadətlərinizi məndən götürün. Mən bilmirəm. Ola bilsin ki, bu həccimdən sonra həcc etməyim”. (“Müslim”, 4/79). Yaxud da vida həccindəki xütbəsindən sonra səhabələrinə əmr edərək “Burada olan olmayana çatdırsın” (“Müslim”, 4/37). kimi sözlər də deməzdi.
Həmçinin İslamın yayılmasına can atan səhabələr (Allah onlardan razı olsun) də sünnəni öyrənmək üçün çalışar və onu əldə etmək üçün məsafələr qət edərdilər. Ənəs (Allah ondan razı olsun) deyir:
“Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanında olarkən ondan hədis eşidər, duran zaman isə əzbərləyənə qədər öz aramızda təkrarlayardıq”. (“əl-Cəmi li əxləqir-ravi”, səh. 67)
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, “Mən gecəni üç yerə bölürəm. Bir hissəsini yatıram, bir hissəsini namaz qılıram, bir hissəsində də Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərini təkrarlayıram”. (“Sunən əd-Dərimi”, 1/82)
Sünnə səhabələr üçün din mənbəyi olmasaydı, onu əzbərləyərək əməl etməyə, onu öyrənmək üçün səfərlər etməyə bu qədər həris olmazdılar. Bununla da bəlli olur ki, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) sünnəsi və yolu dinimizin ayrılmaz bir hissəsidir. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) sünnəsi necə də şəriət olmasın ki, dinin bir çox əhkamları onun sünnəsi üzərində qurulmuşdur. Əgər o olmasaydı, Quranın bir çox əhkamlarına əməl etmək mümkünsüz olardı. Sünnə fəxr olaraq yetər ki, Uca Rəbbimiz Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) sünnəsini Ona və Onun Cənnətinə ümid bəsləyənlər üçün bir yol olduğunu deyərək buyurur:
لَقَدْ كَانَ لَكُمْ فِي رَسُ ولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ و َالْيَوْمَ الْآخِرَ وَذَكَرَ ا للَّهَ كَثِيرًا
“Allah Rəsulunda sizlər – Allaha və Axirət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl bir nümunə vardır”. (“əl-Əhzab”, 21)
Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərini yazmağı qadağan etməsinə gəldikdə isə, bu İslamın ilk günlərində yenicə nazil olan Quranla hədislərin qarışmaması üçün edilmişdir. Bildiyimiz kimi o dövrdə olan yazı vərəqləri indiki kimi asan əldə edilən deyildi. Ağac qabığından, dəridən və s. olan kiçik parçalardan ibarət idi. Ona görə də bu əşyalara Quranla bərabər yazılan hədislərin Quran olduğunu düşünənlər ola bilərdi. Lakin Quran ayələri insanlar tərəfindən əzbərlənib yaddaşlara həkk olunduqdan sonra Quranla hədisin bir-birinə qarışma ehtimalı aradan qalxdığı üçün Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yazmağa icazə vermiş və hətta əmr etmişdir. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkənin fəthindən sonra insanlar arasında duraraq bəzi İslam əhkamlarından danışarkən “…Yəməndən olan Əbu Şəh adlı bir kişi durub deyir: “Ey Allahın Rəsulu, mənim üçün bunları (danışdıqlarını) yazın”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) “(Bu deyilənləri) Əbu Şəh üçün yazın!” – deyərək əmr edir. (“əl-Buxari”, 112, 2434, və 6880-ci hədis)
Digər bir hədisdə Abdullah ibn Amr ibn əl-Asın (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur:
“Biz Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ətrafında əyləşərək (dediklərini) yazarkən ondan soruşdular ki, hansı şəhər ilk olaraq fəth olunacaq? Konstantinopol (İstanbul), yoxsa Rum? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: Heraklın şəhəri, yəni Konstantnopol birinci fəth olunacaq”. (Əhməd, 6607, Dərimi, 486)
Həmçinin bəzi səhabələr hafizələrinin zəifliyindən Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) şikayət edərək deyirlər:
“Biz səndən hədislər eşidirik, amma əzbərləyə bilmirik. O hədisləri yazmayaqmı? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyir: “Əlbəttə, yazın”. (“Əhməd”, 2/215)
Sünnənin yazılmasına icazə verilməsinə, hətta əmr edilməsinə aid qeyd etdiyimiz hədislərin hamısı Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) son dövrlərində qeydə alınmışdır. Bununla da qadağadan sonra bir daha icazə verdiyi açıq-aydın sübut olur. Əlavə olaraq deyə bilərik ki, müvəqqəti olaraq sünnənin Qurana qarışmaması üçün yazılmaması sünnənin sübut və şəriət olmasının inkarı demək deyildir. Çünki sünnə səhabələr və onlardan sonra gələnlər arasında tək yazı ilə deyil, həmçinin şifahi yolla da yayılmışdır.
Altıncı şübhə: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsi yalnız öz dövründə olanlara aiddir. Qurani çağırışçılarından olan Xavacə demişdir: “Bil ki, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) itaət etmək öz dövrünə bağlı idi. Onun əhkamlarına da əməl etmək həyatından kənara çıxmır. Artıq vəfatından bəri bu qapı bağlanmışdır”. (“əl-Bəyan”, səh.32)
Şübhəyə cavab: Həqiqi olaraq Quranla getdiyini iddia edən kəs, Qurana baxıb bilməli idi ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz dövrünə və öz qövmünə deyil bütün dövr və qövmlər üçün rəhmət olaraq göndərilmişdir. Allah Təala buyurur:
وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَ حْمَةً لِلْعَالَمِينَ
“Biz səni aləmlərə (bütün insanlara) yalnız bir rəhmət olaraq göndərdik”. (“əl-Ənam”, 107)
Həmçinin buyurur:
وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَ افَّةً لِلنَّاسِ بَشِيرًا وَنَ ذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ الن َّاسِ لَا يَعْلَمُونَ
“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir Peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir”. (“Səba”, 28)
Bildiyimiz kimi, Quran ayələri hər bir dövrü şamil edir. Quranilərin iddia etdiyi kimi olarsa, o zaman Allah Təalanın məhəbbətini qazanmaq üçün Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) itaət etməyi, onu sevməyi və ona tabe olmağı əmr edən Quran ayələrinin də hökmü düşmüş olar. Lakin bu iddianın hər ikisi də batildir.
Allah Təala buyurur:
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِ بْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُ مْ ذُنُوبَكُمْ وَاللَّهُ غَفُ ورٌ رَحِيمٌ
“De: “Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın”. Allah Bağışlayandır və Rəhmlidir!” (“Əli İmran”, 31)
Yeddinci şübhə: Sünnədə yalan hədislər vardır. Ona görə də sünnə etimad ediləsi deyildir.
Şübhəyə cavab: Bu iddianı yalnız İslam tarixindəki yalan hədislərə qarşı sərt mübarizənin aparıldığından xəbərsiz bir şəxs qaldıra bilər. Artıq səhabələr mallarını və canlarını din yolunda əsirgəməyərək Peyğəmbərlərinə (Allahın ona salavat və salamı olsun) sadiq olduqları kimi, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsini hər bir əmanət və ixlasla özlərindən sonrakılara çatdırmışdırlar. Hədisləri araşdıraraq səhihi zəifdən ayırmaq üçün alimlər elmi əsaslar qoymuşdur. Bu əsaslardan biri isnadı tələb etməkdir. Yəni hədis rəvayət edən kəsin rəvayət etdiyindən eşitməsini qeyd etməsi, onun da özündən əvvəlkindən eşitməsi və beləliklə də sonuncu şəxsə qədər bu silsilənin davam etməsidir. Hədis elmində yalnız bu minvalla isnadı bir-birinə bağlı olan hədislər qəbul edilir. Həmçinin digər əsaslardan biri də doğrunu yalançıdan ayırd etmək üçün “cərh və tədil” elmidir. Bu elmdə rəvayət edənlərin etdiyi rəvayətlərinin qəbul edilməsi üçün sadiqliyini, fasiqliyini, bidət əhlindən olub olmamasını, həmçinin də hafizəsinin güclülüyünü və ya eşitdiyi hadisəni danışarkən hadisəni qarışdırıb səhvlərə yol verən olub olmadığını və.s bilmək üçün belə bir ağır şərtlər qoyulmuşdur. Qeyd edək ki, hədislərin səhihini zəifindən ayıran bu ağır və dəqiq elm digər dinlərdə deyil, yalnız İslam dinində vardır və bununla da dinimiz öz gözəlliyini bir daha büruzə vermişdir. Macarıstanın tədqiqatçı şərqşünası Mer Çalyus demişdir:
“Müsəlmanlar hədis elmləri ilə istədikləri qədər fəxr edə bilərlər”. (“əl-Muallimi, “Muqəddimətu kitəb əl-cərh va ət-tədil”)
Hədis elmi ilə məşğul olan alimlərin hədisin doğruluğunu bilmək üçün onu rəvayət edənlərin kimliyini, dəqiqliklə tərcümeyi-halını öyrənmək məqsədi ilə uzaq səfərlərə çıxmalarını tarix özü qeyd etmişdir. O alimlərin həyatına baxarkən Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sünnəsini əsl mənbəyindən eşidərək onu qoruyub-saxlamaq üçün müxtəlif əziyyət və çətinliklərə qatlaşdıqlarını görürük.
Hətta, bir səhabənin hədisin mənbəyi olan Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vətənindən çıxaraq Misirə və ya digər bir ölkəyə gedib hansısa bir hədisi eşidən başqa bir səhabədən dinlədiyinə də rast gəlirik.
Bu barədə alimlərin əhvalatları və səfərləri olduqca çox və bitməyəcək dərəcədə heyrətamizdir. Sələflərimizin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədisini toplayaraq onu qorumaları üçün səy göstərmələrini bilməmiz üçün bir neçə hadisəni qeyd etmək yerinə düşərdi.
Səhabə Əbu Eyyub əl-Ənsari (Allah ondan razı olsun) Mədinədən Misirə digər səhabə olan Uqbə ibn Amirdən (Allah ondan razı olsun) onun Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) eşitdiyi hədis barədə soruşmaq üçün yola düşür və Uqbənin evinə gedir. Uqbə çıxaraq onu qucaqlayır və deyir: “Ey Əbu Eyyub, bura gəlməyinə səbəb nədir?” O deyir: “Müsəlmanın eybini örtmək barədə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) eşitdiyin hədisi mənə danış. O hədisi məndən və səndən başqa eşidən qalmayıb”. O deyir: “Bəli, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim:
“Kim dünyada bir möminin eybini örtərsə, Allah da onun eybini Qiyamət günü örtər”. (“Əhməd” və digərləri rəvayət edib)
Əbu Eyyub ona dedi: “Doğru söylədin”. Uqbə bu hədisi ona danışan kimi elə həmin an Əbu Eyyub orada qalmadan miniyinə minərək Mədinəyə qayıdır. (“Fəth əl-Bəri”, 2/175)
Həmçinin səhabə Cabir ibn Abdullah əl-Ənsari (Allah ondan razı olsun) Şamda olan digər bir səhabənin Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) hədis eşitdiyini bilir və özünün həmin o Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədisini bilməməyindən narahat olduğu üçün dəvə alaraq onu yükləyir və bir aylıq yol gedərək Şama çatır. Görür ki, həmin hədisi bilən səhabə Abdullah ibn Uneysdir (Allah ondan razı olsun) və ona deyir: “Eşitdiyimə görə sən (Qiyamət günü) qisas barədə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) hədis eşitmisən. Qorxdum ki, o hədisi eşitməmişdən qabaq sən və ya mən ölərəm”. Abdullah ibn Uneys də həmin hədisi ona danışır. (“əl-Ədəb əl-Mufrad”, 2/236)
Hətta səhabələrdən sonra tabeinlər də bu minvalla davam etmişlər. Onlar hədisi yalnız səhabənin dilindən bir başa və vasitəsiz eşitmələri üçün öz vətənlərini tərk edərdilər.
Əbu əl-Aliyə (Allah ona rəhmət etsin) deyir: “Biz Bəsrədə olarkən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrindən hədis eşidən zaman miniyimizi minib Mədinəyə gedərək onların ağızından eşitmədikcə razı olmazdıq”. (“Fəth əl-Bəri”, səh. 219)
Böyük tabeinlərdən olan Səid ibn əl-Museyyib (Allah ona rəhmət etsin) deyib: “Bir hədisə görə uzaq yerlərə gecə və gündüz yol gedərdim”. (“Fəth əl-Bəri”, səh. 219)
Alimlər hədisin isnadının zəruriliyindən möhkəm yapışaraq onu dinin bir hissəsi sayıblar. Abdullah ibn əl-Mübarək (Allah ona rəhmət etsin) deyib:
“İsnad dindəndir. Əgər isnad olmasaydı, hər kəs istədiyini danışardı”. (Nəvəvi, “Şərhu Muslim”, müqəddimə)
Əbu İshaq İbrahim ibn İsa ət-Talaqani deyir: “Abdullah ibn əl-Mübarəkə dedim: “Ey Əbu Abdur Rəhman, belə bir hədis vardır. “Yaxşılıqdan sonra öz namazınla bərabər valideynin üçün namaz qılman və öz orucunla bərabər valideynin üçün oruc tutman da yaxşılıqdandır”. Abdullah dedi: “Ey Əbu İshaq, bu hədisi kim rəvayət edib?” Dedim: ”Bu Şihab ibn Xarraşın hədisidir”. O dedi: “Bu etibarlı rəvayətçidir. Bəs, o kimdən rəvayət edir?” Dedim: “O da Həccac ibn Dinardan”. Dedi: “O da etibarlıdır. Bəs, o kimdən rəvayət edir?” Dedim: “O da Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun)”. O dedi: “Ey Əbu İshaq, Həccac ibn Dinarla Peyğəmbər (Allahın ona salavat və salamı olsun) arasında miniyin qət edəsi qədər uzaq səhralar vardır (yəni isnadı tamamlanmayan bu hədis qəbul olunmur). Lakin (savabını valideynə bağışlayaraq verilən) sədəqədə heç bir ixtilaf yoxdur”. (Nəvəvi, “Şərhu Muslim”, müqəddimə)
İslam alimləri Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sünnəsini yad istək və əllərdən qorumaq üçün hədis isnadına böyük əhəmiyyət vermişlər. Əbu Hətim ibn Hibban deyib:
“Əgər isnad və bu ümmətin onu öyrənməyi olmasaydı, digər ümmətlərdə dinin dəyişməsi baş verdiyi kimi, bu ümmətdə də baş verərdi. Heç bir Peyğəmbərin ümməti bu ümmət kimi dini dəyişiklikdən qorumayıb…” (İbn Hibban, “əl-Məcruhin” 1/25)
Alimlərin mübarək səylərinə görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədislərini qoruyub saxlamaq üçün bəzilərinin yuxarıda keçdiyi kimi elmi qaydalar və şərtlər qoyulmuşdur. Hətta bu qaydalar xəbərləri dəqiqləşdirmək üçün ən güclü elm sayılmaqdadır. Bu elə bir üstünlükdür ki, İslamdan başqa yer üzündə olan heç bir ümmətin və dinin mədəni irsində, hətta müqəddəs kitablarının qorunub saxlanılmasında belə yoxdur. Ona görə də qeyri-müsəlmanların da təsdiqi ilə İslamın hədis elmində olan dəqiqliyi İslam ümməti üçün baş ucalığı və fəxrdir.
Bu qədər Quran ayələrindən sonra Qurandan xəbəri olmayan quranilərə sual olaraq deyirik. Məgər siz İslamın ilk günlərində olan və Quranın bizə çatmasında birbaşa əmək sərf edən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əhli-beyti də daxil olmaqla səhabələrindən və onlardan sonra gələrək əsrlər boyu dinin keşiyində duran alimlərdən çox bildinizmi?! Onlar bizləri hər bir an Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sünnəsinə əməl etməyə çağırmışlar, siz – yeni çıxmış və Qurandan lazımınca xəbəri olmayan 5, 10 nəfər isə bizi sünnəni tərk etməyə çağırırsınız…?!
Son olaraq Allah-Təaladan bu yazını hər bir oxucu üçün faydalı etməsini, bütün İslam ümmətini həqiqi olaraq Quran və sünnə üzərində birləşdirməsini diləyir və məqaləmizi düşünənlərə ibrət olan bir mübarək Quran ayəsi ilə bitiririk. Allah-Təala buyurur:
قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِ يعُوا الرَّسُولَ فَإِنْ تَوَلّ َوْا فَإِنَّمَا عَلَيْهِ مَا ح ُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّ لْتُمْ وَإِنْ تُطِيعُوهُ تَهْ تَدُوا وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
“De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi, ancaq ona tapşırılanı, sizin də vəzifəniz, ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız açıq-aşkar təbliğ etməkdir”. (“ən-Nur”, 54)