Quranın yeni bir möcüzəsi: Səma cisimləri yerə niyə düşmür?!
5. 295 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Kull” saytına istinadən həqiqətən də, Quranın haqq olduğunu sübut edən yeni bir Quran möcüzəsini sizə təqdim edir:
Allah -Təala buyurur: “Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni xaric yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!” (“əl-Həcc”, 65)
Həqiqətən də, bu qəlblərin qorxması və ürəklərin yumşalması üçün olan əzəmətli bir ayədir. Uca Allahın göyü tutub-saxlaması elə bir nemətdir ki, o neməti XXI əsr gəlməmişdən öncə anlamaq mümkün deyildi. Lakin mövzuya keçməmişdən qabaq Quran ifadələrini və onun yaradılış həqiqətləri barədə məlumatlarını təkzib və lağ edən bir ateistin sözünə nəzər salaq.
O deyir: “Quranın ifadələri göyə baxaraq onun üstünə düşməsindən qorxan bir savadsız çöl adamının xəyalına uyğun gəlir deyə Quran “yerə düşə bilməməsi üçün göyü tutub saxlayır” ifadəsindən istifadə edir”.
Sonra deyir: “Göyün yerə düşməsi mümkün deyildir. Çünki yer qalaktikanın həcminə nisbətdə çox kiçik və qalaktika da böyük kainatın həcminə nisbətdə çox kiçikdir”.
Düzü, həmin an bu şübhəyə və iddiaya cavab verə bilməmişdim. Lakin sonralar Amerikanın Kosmik Nasa Agentliyinin saytında “The Sky is Falling” (Göy düşür) adlı məqalə oxudum və ən böyük kosmik agentliyin alimlərinin belə bir ifadə işlətməsinə təəccübləndim.
Nasa agentliyinin alimi Bill deyir: “Hər gün ay səthinə tonlarla meteor (göy daşı) düşür. Bu meteorlar böyük parçalardan toz dənəciklərinə qədər olan müxtəlif şəkillərdədir və saatda 100 min kilometrlərlə olan bir sürətdə ay səthinə çırpılırlar. 1969-cu ildə aya qalxan kosmonavtların bu öldürücü mərmilərə rast gəlməmələri ilə bəxtləri gətirmişdir”.
Alimlər deyir ki, yerin bu meteorlardan qoruyan güclü hava qabığı olduğu üçün yerdə yaşayanlar o meteorları görmürlər. Ay səthinə baxan və ya orada yaşayan kəs hər gün səmanın onun üzərinə töküldüyünü hiss edər. Elə bunu da ay səthinə qalxan kosmonavtlar özləri hiss etmişdilər.
Amerika kosmik agentliyinin çəkdiyi ayın fotosunda görünür ki, ay qazıntılar, kraterlər və çoxlu saylı meteor və göy daşlarının yaratdığı dəliklərlə doludur.
Ona görə də Allah-Təala bizim və əvvəlkilərin də hiss etmədiyi böyük bir nemətdən danışaraq (Onun izni xaric yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi) deməsi çölçü bədəviyə aid deyil, əksinə böyük bir həqiqətdir.
Alimlər deyir ki, kosmosda və hətta günəş sistemi daxilində üzən olduqca iri və çoxlu meteorlar hər bir an yerə çırpıla bilər.
Ona görə də böyük Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) 1400 il öncə kafirləri üzərlərinə göydən daşın düşməsi ilə qorxudan zaman onu məsxərəyə qoyurdular. Bu gün də ateistlər eyni sözü təkrarlayaraq deyirlər ki, Məhəmməd (Allahın ona salavat və salamı olsun) insanların cahilliyindən istifadə edərək onları göydən düşən daşla qorxudurdu.
Biz də deyirik: “XXI əsrin alimləri Peyğəmbərimiz Məhəmmədin (Allahın ona salavat və salamı olsun) dediklərini təsdiqləyərək demirlərmi ki, göydə üzən daşların yer ilə toqquşaraq, hətta yeri bütöv şəkildə məhv etmələri mümkündür?!”
Alimlər qeyd edir ki, ətrafımızda olan kainat daimi üzən daşlarla doludur. Bizim günəş sistemimizdə də milyardlarla daşlar üzür. O daşların hansınınsa yerə düşmə ehtimalı böyük bir ehtimaldır. Astronomlar deyir ki, bizim bəxtimizdəndir, yer bu daşlardan salamat qalır. Lakin bizlər, iman edənlər olaraq deyirik ki, həqiqətən də, belə olması Allahın qullarına olan rəhmətindəndir. Necə ki, buyurur: “Həqiqətən, Allah göyləri və yeri öz yerlərindən tərpənərək çıxmasınlar deyə, tutub saxlayır. Əgər öz yerlərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır!” (“Fatir”, 41)
Allah-Təala buyurur: “Bir zaman da: “Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər”. (“əl-Ənfəl”, 32)
Biz bu gün həmin daşların topa-topa gözümüzlə ayın səthinə töküldüyünə yəqinik. Əgər Allahın qullarına olan rəhməti olmasaydı, yerə də tökülməsi mümkün idi. Ona görə də Allah-Təala ayədə deyir: “Sən onların arasında olduğun halda (sənə hörmət əlaməti olaraq) Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir”. (“əl-Ənfəl”, 33)
Hətta, Allah-Təala öz izni ilə günahlarında həddi aşmış qövmləri göydən tökülən daşlarla cəzalandırması barədə buyurur: “(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq”. (Hud”, 82)
Sələf Xəbər: “Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (Qurani-Kərim, “Fussilət” surəsi, 53- cü ayə)