Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rəhbərin camaat üzərində olan haqları

Mart 03
18:25 2017

Rəhbərin öz işini layiqincə yerinə yetirməsi üçün camaat rəhbərə qarşı olan münasibətlərini lazımi səviyyədə yerinə yetirməlidirlər. Çünki camaat bu işdə rəhbərlə ortaqdırlar. Kəəb əl-Əhbar demişdir: “İslamın, rəhbərin və camaatın misalı, çadır, dirək, ip və paya timsalındadır. Çadır misalı İslam, dirək rəhbər, ip və payalar isə insanlarıdır. Bunların biri digərini tamamlayır”.

Camaatın boynuna düşən haqlar bunlardır:

1.      Eşitmək və itaət etmək:

İtaət etmək İslam şəriətində hökmün dayağı, onun qanunlarının əsasından biridir. İslam dininə görə rəhbərsiz camaat, itaətsiz isə rəhbər olmaz. Allah taala buyurur:

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! …” (ən-Nisa: 59).

Bu ayədə əmr sahiblərinə, rəhbərlərə itaətin vacibliyi vurğulanır, lakin bu itaətin keyfiyyəti açıqlanmır. Bunun açıqlaması hədislərdə qeyd edilir və deyilir ki, itaət yalnız qeyri asiliklərdə olur.

İbn Ömər  (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir:

“Müsəlman bəndə sevdiyi və ya sevmədiyi işlərdə itaət etməlidir. Yalnız günah iş müstəsnadır. Günah olan bir iş[1] əmr edildikdə ona itaət etməməlidir”[2].

Əbu Hureyrə  (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir:

“Mənə itaət edən Allaha itaət edər, mənə asilik edən isə Allaha asilik edər. Əmirə (rəhbərə) itaət edən mənə itaət etmiş olar, əmirə (rəhbərə) asi olan mənə asi olar”[3].

Hədis rəhbərlərə qeyri-asilikdə (günah olmayan işlərdə) itaət etməyin vacibliyini vurğulayır. Rəhbərlərə itaət etmək Allaha və rəsuluna itaət etməkdir. Bu məsələ əhli Sünnə və camaatın əqidəsinə görə vacibdir. Deyilən əqidə onları digər bidətçi firqələrdən fərqləndirən əsas cəhətdir.

İbn Həcər əl-Əsqəlani deyir: “Hədisdə rəhbərlərə itaət etməyin vacibliyi vurğulanır. Bu itaət asiliyi əmr etdikdə müstəsna sayılır. Rəhbərlərə itaət etməyin vacib edilməsində hikmət, camaatın sözünün bir olmasıdır. Çünki ixtilaf və təfriqədə fitnə-fəsad çoxdur”. (Fəthul Bari: 6604-cü hədisin şərhi).

2.      Rəhbərlərin zülmünə qarşı dözmək və səbirli olmaq:

Rəhbər camaata qarşı dünya işlərində zülm etdikdə, yaxud haqlarını tapdaladıqda, öz nəfsini və ya tabeçiliyində olanların hansınınsa haqlarını digər insanlardan üstün tutduqda camaatın mövqeyi səbir etmək və bunun savabını Allahdan diləmək olmalıdır.

Huzeyfə bin əl-Yəman   (Allah ondan razı olsun)  deyir: Mən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedim:

Ey Allahın Elçisi! Biz şər içərisində idik. Allah taala bizə xeyir göndərdi. Hal-hazırda biz o xeyrin içindəyik. Bəs bu xeyirdən sonra şər olacaqmı?”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Bəli”.

Mən dedim: “Bəs o şərdən sonra xeyir olacaqmı?”

O buyurdu: “Bəli”.

Mən dedim: “Bəs o xeyirdən sonra şər olacaqmı?”

O buyurdu: “Bəli”.

Mən dedim: “Necə?”

O buyurdu: “Məndən sonra rəhbərlər olacaqlar. Onlar mənim yolumla getməyəcək, Sünnəmə əməl etməyəcəklər. Onların arasında qəlbi şeytan qəlbi olub insan cildində olan kişilər yetişəcəkdir”

Mən dedim: “Ey Allahın Elçisi! Mən onları görsəm nə edim?”

O buyurdu: “Sən Rəhbərin sözünü dinlə və ona itaət et. Hətta səni döyüb malını əlindən alsa da onu dinlə və ona itaət et”[4].

Bu hədis məsələyə aid ən geniş və açıq hədisidir. Hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) həmin rəhbərləri təsvir etmiş və demişdir ki, onlar mənim yolumla getməz, Sünnəmə əməl etməzlər. Bu əsl zəlalət və fəsad, inadkarlıq və azğınlığın sonudur. Həmin rəhbərlər nə özlərini, ailələrini, nə də tabeçiliyində olan camaatı Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yolu ilə aparmazlar. Bütün bunlara baxmayaraq Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onlara, digər hədislərdə deyildiyi kimi, qeyri asilikdə itaət etməyi əmr etmişdir. Hətta onlar insanı döyüb malını əlindən alsalar yenə də onlara itaət etmək vacibdir. Onların bu hərəkətləri səni onlara itaətdən, əmrlərini eşitməkdən yayındırmasın. Çünki etdikləri zülm əməllər özlərinə qarşıdır. Qiyamət günü ona görə sorğu-sual olunacaq və cəzalanacaqlar. Əgər sən öz nəfsinin istəklərinə uyub şəriətin bu hikmətli qanununu başa düşməyib, onu qəbul etməyib rəhbərinə qulaq asmasan və itaətsizlik göstərsən onda günah qazanacaqsan. Beləliklə qadağan olunmuş bir iş görəcəksən. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yuxarıda qeyd edilən sözləri çox hikmətli və ədalətlidir. Əgər hər zərərçəkən insan itaətsizlik etsə, onda getdikcə itaətsizlik artar, din və dünya məsləhətləri puça çıxar. Beləliklə, zülm bütün camaata, yaxud onların çoxusuna yetişər, məmləkətlərdə ədalətsizlik baş alıb gedər və fitnə-fəsad hökm sürər.

Amma bir nəfərə zülm olunduqda səbir edər, savabını Allah taaladan diləyər, ona edilən zülmün qalxması üçün dua edər, bununla yanaşı rəhbərə itaət edərsə həm dini həm də dünyəvi problemləri yaranar. Ola bilsin Allah taala ona daha xeyirlisini nəsib etsin, yaxud axirətdə onun əvəzini versin. Bu da İslam şəriətinin əsl gözəlliklərindəndir. Çünki şəriət rəhbərlərin adilliklərinə deyil, zülmlərinə qarşı itaət etməyi əmr etmişdir. Əgər itaət yalnız adillikdə olsaydı, onda dünya hərc-mərcliklə dolardı. Allah taalanın lütfünə görə Ona həmd sənalar olsun.

3.      Rəhbərə hörmət bəsləmək və yaxşılıq etmək.

Müaviyyə   (Allah ondan razı olsun)  deyir:

“Əbu Zərr   (Allah ondan razı olsun)  Rəbzə deyilən yerə getdikdə İraqdan olan bir dəstə onun qarşısına çıxdılar və dedilər: “Ey Əbu Zərr! Biz sənə qarşı edilənləri eşitmişik. Sən sadəcə olaraq bir çağırış et, istədiyin qədər kişi sənin köməyinə toplanar.”

Əbu Zərr (Allah ondan razı olsun) dedi: “Ey müsəlmanlar! Tələsməyin, mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu eşitdim: “Məndən sonra sultan (rəhbər) olacaqdır. Ona hörmət edin. Kim ondan inciyib ona qarşı çıxarsa İslamda yeni cəbhə yaratmış olar. Vəziyyəti əvvəlki halına qaytarmayınca onun tövbəsi qəbul edilməz”[5].

Əbu Bəkrə (Allah ondan razı olsun)  Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu eşitmişdir:

“Kim dünyada Allah taalanın sultanına yaxşılıq edərsə, Allah taala ona qiyamət günü yaxşılıq edər. Kim dünyada Allah taalanın sultanını təhqir edərsə, Allah taala də onu qiyamət günü təhqir edər”[6].

Bu məsələ haqda deyilən dəlillərə baxan kimsə görər ki, şəriət rəhbərlərə hörmət bəsləməyi və yaxşılıq etməyi əmr etmiş, onları söyməyi və təhqir etməyi isə qadağan etmişdir. Bu olduqca əhəmiyyətli məsələdir. Çünki böyük və mühüm işləri həyata keçirmək üçün camaatın nəfsində rəhbərə qarşı hörmət olmalıdır. Rəhbərlərə qarşı çıxdıqda və ya onları təhqir etdikdə bu xüsusiyyətlər gerçəkləşməz.

Səhl bin Abdullah ət-Tusturi deyir: “İnsanlar rəhbərlərə və alimlərə hörmət etdikcə xeyir içərisində olarlar. Onlar bu iki qisim insanlara hörmət etsələr Allah taala onların həm dünyalarını, həm də axirətlərini islah edər. Onlara qarşı hörmətsizlik etsələr dünya və axirətlərini korlayarlar”. (Qurtubinin təfsir kitabı, 5/260).

Bədrəddin bin əl-Cəmaə adlı alim “Təhrirul Əhkam fi Tədbiri Əhlul İslam” adlı kitabında (səh: 61-71) rəhbərlərin haqlarını qeyd edərkən deyir: “Dördüncü haqq: ona ən böyük haqqını vermək, Allahın buyurduğuna uyğun olaraq ona hörmət etmək, vacib olan tərzdə hörmət və yaxşılıq etmək. Ona görə də böyük İslam alimləri rəhbərlərə hörmət edir və onların çağırışlarına cavab verirdilər. Bununla bərabər İslam alimləri Allahdan qorxar, zahidlik edər və rəhbərlərin malına göz dikməzdilər. Özlərini zahid hesab edərək rəhbərlərə qarşı hörmətsizlik edənlərin hərəkətləri Sünnəyə ziddir”.

4.      Müsəlman rəhbərləri söyməyin, onları aldatmağın və onlara nifrət etməyin haram olması.

Ənəs   (Allah ondan razı olsun)  deyir: “Bizim böyüklərimiz sayılan Məhəmmədin səhabələri belə deyirdilər: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:

“Rəhbərlərinizi söyməyin, aldatmayın və onlara nifrət etməyin. Allahdan qorxun və səbir edin. Həqiqətən nicat yaxındadır”.

Qeyri müfəssəl qadağa, harama dəlalət edir. Bu “Üsulu fiqh” elmində bir qaydadır. İmam Təhavi deyir:“Biz hətta zülmkar rəhbərlərimizə və hakimlərimizə qarşı çıxmağın, onlara qarşı bəd dua etməyin tərəfdarı deyilik. Həmçinin onlara itaətsizlik göstərməyi də dəstəkləmirik. Onlara itaət etmək Allah taalaya itaətdir. Yalnız bir halda, Allaha asiliyi əmr etsələr o zaman onlara itaət etmirik. Onlar üçün islah edilmə və bağışlanma duaları edirik”. (Şərhul Aqidə ət-Təhalviyyə: 1/379).

İmam əl-Bərbəhari bu məsələni təkid edərək deyir: “Bir kəsin rəhbərə qarşı bəd dua etdiyini görsən onun bidətçı olduğunu bil. Bir nəfərin isə rəhbərin islah edilməsi üçün dua etdiyini görsən bil ki o Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Sünnəsinə əməl edəndir, inşallah”. (Şərhus Sünnə: 107)

Fudeyl bin İyad demişdir: “Əgər mənim dualarım qəbul edilsəydi ancaq rəhbər üçün dua edərdim”. (Şərhus Sünnə: 107).

Bizə zülm və haqsızlıq etmələrinə baxmayaraq onlara qarşı deyil, onların islah edilmələri üçün dua etmək əmr edilmişdir. Çünki onların zülm və haqsızlıqları özlərinə və müsəlmanlara yönəlir. İslah olunmaları da özləri və müsəlmanlar üçündür.

Şeyx Əbdüləziz bin Bəz rəhbər üçün dua etməkdən imtina edən kimsə haqda soruşulduqda belə demişdir: “Bu həmin adamın cahil və bəsirətsiz olduğundan irəli gəlir. Rəhbər üçün dua etmək Allah taalaya ən gözəl itaət və ibadət, Allah və bəndələri üçün edilən nəsihətdir. Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dovs qəbiləsinin asilik etmələri haqda xəbər verildikdə buyurmuşdur: “Allahım dovsə hidayət ver və onları gətir, Allahım dovsə hidayət ver və onları gətir!”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) insanlar üçün xeyirli dua edərdi. İnsanların xeyirli duaya ən layiqlisi, rəhbərdir. Çünki rəhbərin islah edilməsi ümmətin islahı deməkdir. Onun üçün dua etmək ən əhəmiyyətli dua və nəsihətdir”.

Kim rəhbərləri söyməyin və onları alçaltmağın Allahın dinindən, yaxud (Nəhyun anil munkər) pis işlərdən çəkindirməkdən olduğunu zənn edirsə, həqiqətən o zəlalətə düşmüşdür. Belə halda o, Allaha, Onun şəriətinə haqsızlıq etmiş olar. Hətta belə halda o, Quran, Sünnə və ümmətin sələfinə qarşı müxaliflik etmiş olur.

İbn Teymiyyə deyir: “Elm, din və fəzilət sahiblərindən heç kəs rəhbərlərə asilik etmək, onları aldatmaq və hər hansı vəchlə onlara qarşı çıxmaq kimi Allahın qadağan etdiyi işlərdə insanlara rüxsət vermirlər. Bu qədimdə və indi də Sünnə və din sahiblərinin ədəb-ərkanlarından bir nümunədir”(Məcmu əl-Fətava: 12/35).

Rəhbərlərin namuslarına toxunmaq, onları söymək və eyiblərini açmaqla məşğul olmaq böyük xəta və iyrənc cinayətdir. Pak şəriət belə əməllərdən çəkindirmiş və bunu edənləri də pisləmişdir.

Bu növ əməllər rəhbərlərə qarşı çıxmağın toxumlarıdır. Rəhbərlərə qarşı çıxmaq isə din və dünya fəsadının əsası deməkdir.

5.      Rəhbərlərə nəsihət etmək:

Rəhbər bəşər olduğu üçün o da digərləri kimi zəiflik, xəta, unutmaq, zülm və s. əməllər edə bilər. Elə bu səbəbdən ona nəsihət etmək və haqqı çatdırmaq onun haqqıdır. Bu haqq, rəhbərin camaat üzərində olan haqlarındandır. Ona görə də nəsihət İslam şəriətinin əsaslarından biridir. Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:

“Din nəsihətdir…”[7].

Rəhbərlərə nəsihət etmək dini vacibatlardandır. Lakin bunun məsuliyyəti elmə dərindən yiyələnmiş müdrik alimlərin üzərinə düşür. Həmçinin bu nəsihət ikisinin, rəhbərlə nəsihət edənin arasında olmalıdır. Belə etmək və onlara qarşı mehriban, mülayim, itaətli və dost olmaq onların haqqı qəbul etmələri üçün daha rahatdır.

Ona görə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisində buyurulur:

“Kim rəhbərə nəsihət etmək istəyirsə, nəsihətini aşkarda etməsin. Öz nəsihətini sakitcə ona çatdırsın. Əgər ondan qəbul etsə istəyinə çatar, əks halda isə boynuna düşəni yerinə yetirmiş olar”[8].

Hədis sübut edir ki, rəhbərlərə edilən nəsihət, minbərlərdə, jurnallarda, qəzetlərdə, məclislərdə, məscidlərdə və aşkarlıqda deyil, gizlidə olur. Əks halda bu nəsihət sayılmır. Sən belə nəsihət edənlərlə qürurlanma. Belə nəsihət hətta yaxşı niyyətlə olsa da Sünnəyə müxalif sayılır.

Rəhbərlərə edilən nəsihət onların heybətini qoruyub saxlamalıdır ki, hər adam onlara qarşı cürət etməsin və ya bundan istifadə edib onları alçaltmasın.

Ziyad bin Kuseyb əl-Ədəvi deyir: “Bir dəfə Əbu Bəkrə (Allah ondan razı olsun)  ilə İbn Amirin minbərinin yanında idim. O minbərin üstündə xütbə verirdi. Onun əynində nazik paltar var idi. Əbu Bilal (bu adam xəvariclərdən biri idi. Onun adı Mirdas İbn Ədyə idi) dedi: Bizim əmirimizə baxın, fasiq libası geyinmişdir. Bu zaman Əbu Bəkrə   (Allah ondan razı olsun)  dedi: Səsini kəs. Mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu eşitmişəm:

“Kim (dünyada) Allah taalanın sultanını təhqir edərsə, Allah taala də onu (qiyamət günü) təhqir edər”[9].

İbnun Nəhhas adlı alim demişdir: “Rəhbərlə gizlidə söhbət (nəsihət) etmək, açıqda söhbət (nəsihət) etməkdən yaxşıdır. Hətta yalnız ikisi olduqları halda gizlində ona nəsihət etməsi daha xoşdur”. (Tənbihul Ğafilin: 64).

Nəsihət zamanı kobud və acıqlı danışıqdan çəkinmək lazımdır. Əslində bu, Qurani Kərim üslubudur. Allah taala Musa və Harunu ən kafir bir insanla danışmağa göndərdikdə belə buyurmuşdur:

“Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Taha: 44).

Bir kişi xəlifələrin birinə demişdir: “Mənə qulaq as gör sənə nə deyirəm!” Xəlifə isə ona kobudcasına:“Mənim sənin sözünə ehtiyacım yoxdur. Sən Musa və Harundan xeyirli deyilsən. Mən isə Firon kimi kafir deyiləm. Allah taala buyurmuşdur: “Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud(Rəbbindən) qorxsun!” (Taha: 44).

Şovkani deyir: “Rəhbərin xəta etdiyini görən adam ona aşkarda deyil, gizlidə nəsihət etməlidir. Hədisdə deyildiyi kimi onun əlindən tutub gizli bir yerdə ona nəsihət versin və Allahın sultanını alçaltmasın. Biz tarix kitabının əvvəlində qeyd etmişdik ki, rəhbərlərin nə dərəcədə zülm etmələrindən asılı olmayaraq onlara qarşı çıxmaq olmaz”. (Əs-Seylul Cərra: 4/556).

Şeyx İbn Bəz demişdir: “Sələfin minhəcinə (metoduna) görə rəhbərlərin eyiblərini aşkarda demək olmaz. Çünki belə etmək inqilaba, itaətsizliyə, onlara qarşı çıxmağa gətirib çıxarır. Bunların heç biri xeyir gətirən əməllər deyildir. Sələfin minhəcinə (metoduna) görə rəhbərlərə gizli şəkildə nəsihət etmək lazımdır. Onlara məktub da yazmaq olar. Yaxud rəhbərlərlə sıx əlaqəsi olan alimlərə öz şikayətini çatdırmaq olar ki, onlar da rəhbərə bu işdə nəsihət etsinlər”. (əl-Muamələ: 43).

Şeyx İbn Useymin isə belə demişdir: “Allah xətrinə! Rəhbərlərə münasibət haqda sələfin minhəcini başa düşün. Rəhbərin xətalarına görə insanları ona qarşı çıxardıb qəlblərində kin oyatmayın. Bu, fəsad törətməyin və insanlar arasına fitnə salmağın lap özüdür”.(əl-Muamələ: 42).

Alimlərin insanlara etdikləri nəsihət haqda danışmaları şərt deyil. Bu həm alim, həm də rəhbər üçün yaxşı deyildir. İki səhih kitabda (Buxari və Müslimdə) Usamə bin Zeydə   (Allah ondan razı olsun)  deyirlər:“Sən Osmana nəsihət etməyəcəksənmi?”

Usamə dedi: “Siz deyirsiniz ki, mən hər dəfə ona nəsihət edərkən sizə xəbər verməliyəm? Allaha and olsun mən ona öz aramızda nəsihət etmişəm”[10].

Bir nəfər alimlərin birinə deyir: “Ey İmam! Allah taala alimlərdən haqqı söyləmələri və davam etdirmələri üçün əhd almışdır. Siz bu rəhbərlərə nəsihət edə bilmirsiniz? Alim ona dedi: “Məgər hər dəfə onlara nəsihət etdikdən sonra gəlib bu haqda sizə deməliyəm”.

Diqqət yetiriləsi bir mühüm məsələ də vardır. Bilmək lazımdır ki, günümüzdə olan rəhbərlərlə raşidi xəlifələri, Ömər İbn Əbdül Əziz, Harun ər-Rəşid və ya İslam tarixində hansısa xəlifə ilə bərabər tutmaq düzgün deyil. Hər bir zamanın özünə uyğun dövləti və şəxsiyyətləri olur. Kim əvvəlkilərlə indikilər arasında bir fərq qoymursa ona Əli İbn Əbu Talibin (Allah ondan razı olsun)  hadisəsini xatırlatmaq lazımdır. Bir kişi Əmirəlmöminin Əli bin Əbu Talibə (Allah ondan razı olsun) deyir: “Ey Əmirəlmöminin! Nə üçün Əbu Bəkr və Ömərin işləri yaxşı gedirdi. Osman ilə sənin işlərin isə yaxşı getmir?”

Əli (Allah ondan razı olsun) ona dedi: “Çünki Əbu Bəkr və Ömərə itaət edənlər mən və Osman idik, mənə və Osmana itaət edənlər isə sən və sənin kimilərdir”.

Dəyişiklik yalnız rəhbərlər tərəfindən deyil, camaat tərəfindən də olmalıdır. Ağıllı insan özünə baxsın və özü naqis olduğu halda başqalarından kamillik tələb etməsin. Belə bir misal var: “Öz gözündə çöpü görmür, başqasının gözündə tir axtarır”. Rəhbərlərə gizlidə edilən təmiz niyyətli nəsihətlər İslam ümməti üçün xeyirli nəticə verər. Nəsihət inqilab və ya üsyanda deyildir. Belə hərəkətlər İslam ümmətinə deyil, onların düşmənlərinə xidmət edir. Çünki belə vəziyyətlərdə sıravi insanlar zərər çəkir, əmin-amanlıq pozulur və fitnə-fəsad olur.

6.     Nəsihəti dinləməyən müsəlman rəhbərə qarşı üsyan etməmək.

Ümmətin rəhbərlərinə qarşı çıxmaq, onlara silah qaldırmaq və hakimiyyət davası aparmaq, qiblə əhlinə qarşı qılınc qaldırmağı halal görən xəvariclər və digər bidət və zəlalət əhlinin əməllərindəndir.

Rəhbərlərin, küfr dərəcəsinə çatmayan günahlar etmələri onlara qarşı çıxmaq üçün əsas deyildir. Ən gözəl yol rəhbərlərə itaət etmək, onlarla çiyin-çiyinə döyüşmək, etdikləri zülmə və haqsızlığa qarşı səbirli olmaqdır. Namaz qılıb, dinin əsaslarını yerinə yetirdikləri bir halda, günahlar işlətsələr və fasiqlik etsələr, yenə də onlara itaət edilməlidir. Bu əhli Sünnə və camaatın əsas qaydalarından biridir. Onlar deyirlər: “Asi və ya müti rəhbərə asilik etmək olmaz. Yalnız bir halda, Allaha qarşı asi olmağı tələb etdikdə ona itaət edilmir”.

İbn Abbasdan   (Allah ondan razı olsun)  gələn rəvayətdə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğu deyilir:

“Kim öz rəhbərindən xoşagəlməz bir hərəkət görsə, ona qaşı səbr etsin. Həqiqətən kim camaatdan bir qarış aralanıb ölərsə, cahil kimi ölər”[11].

Cunadə bin Əbu Uməyyə deyir: Ubadə İbn əs-Samit   (Allah ondan razı olsun)  xəstə olarkən onun yanına daxil olduq və dedik: Allah sənə şəfa versin! Bizə Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) eşitdiyin bir hədis danış, bəlkə Allah taala onunla bizə fayda verər.

O dedi: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizi çağırdı və biz də ona beyət etdik. Bizə isə bunlar tapşırıldı: “rahat və çətin anlarda, haqqımız tapdalandığı halda eşitmək və itaət etmək. Hakimiyyət uğrunda çalışmamaq. Yalnız bir halda, rəhbərdən əlinizdə Allah tərəfindən aydın dəlili olan açıq-aşkar küfr gördüyünüz zaman”[12].

İbn Həcər əl-Əsqəlani deyir: “Hədisin mənasına görə (küfr olub olmaması) ehtimal ediləcək əməllərə görə rəhbərə qarşı üsyan etmək olmaz”. (Fəthul Bari: 8/13).

İmam ən-Nəvəvi deyir: “Hədisin mənası: Rəhbərlərlə hakimiyyət uğrunda mübarizə aparmayın, onlara qarşı etiraz etməyin. Yalnız bir halda, onlardan İslam dininin əsaslarına əsasən münkər bir iş görsəniz həmin münkər işi onlara inkar edin və hər zaman haqqı deyin. Onların fasiq və zalımlığından asılı olmayaraq onlara qarşı üsyan etmək və döyüşmək yekdilliklə haramdır. Bu mənada hədislər həddindən artıq çoxdur. Əhli Sünnə alimləri yekdilliklə deyirlər ki, rəhbəri fasiqliyinə görə dəyişmək olmaz”. (Nəvəvinin Səhih Muslim şərhi: 1840-cı hədisin şərhi).

Ovf bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir:

“Kim onlara təyin edilmiş rəhbərin Allaha asilik etdiyini görərsə, onun etdiyi asiliyə nifrət etsin, amma ona itaətdən boyun qaçırmasın”[13].

Qeyd etdiyimiz bu və digər hədislər rəhbərləri dinləməyi və onlara itaət etməyin vacibliyini bildirir və onlara qarşı çıxmağın haramlığını açıqlayır. Nəsihəti dinləmədikləri halda onlara itaətsizlik etmək olmaz. Əksinə, səbr etmək və bütün çətinliklərə dözmək böyük fitnə-fəsadın, din və dünyanı korlayan fəsadın, üsyanın qarşısını alır.

Alimlərdən digəri isə deyir: “Zalım rəhbərə qarşı döyüşmək və üsyan etmək halal olmaz”.

Şeyx Nasiruddin əl-Albani deyir: “Zalım rəhbərə itaət etməyin vacibliyinin səbəbi: onlara qarşı üsyan etməyin zülmlərindən də çox fitnə-fəsada səbəb olmasıdır. Əslində onların zülmünə səbr etmək günahların bağışlanmasına və sav­ab­ların artmasına səbəbdir. Onların bizim üstümüzdə rəhbər olmaları bizim əməllərimizin fəsadlı olmasın­dan irəli gəlir. Çünki cəza əməlin növündəndir. Ona görə də biz Allah taaladan çoxlu bağışlanma diləməli, Ona tövbə etməli və əməllərimizi islah etməliyik”. Allah taala buyurur:

“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin)ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.” (Əş-Şura: 30).

“Beləliklə, qazandıqları günahlara görə zalımların bəzisini digərinə hakim edərik.” (əl-Ənam: 129).

 Əgər camaat rəhbərin zülmündən xilas olmaq istəyirlərsə özləri zülmdən əl çəkməlidirlər.

Həsən əl-Bəsri demişdir: “Həccac bin Yusif Allahın əzabıdır. Allahın əzabını öz əllərinizlə aparmayın. Siz Allaha dua edin və Onun qarşısında əyilin. Çünki Allah taala buyurur:

“Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona)yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər).” (əl-Muminun: 76).

Şeyxulislam İbn Teymiyyə bu məsələni təkid edərək buyurur: “Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) zalım rəhbərlərə qarşı səbr etmək, onlara qarşı üsyan etməmək barədə əmrləri, bəndələrin həm dünya, həm də axirətləri üçün daha xeyirli olmasını bildirir. Kim buna bilərəkdən və ya səhvən müxalif olarsa, öz əməli ilə islah etməz, əksinə fəsad törədər. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Həsəni bu sözlərlə tərifləmişdir:

“Mənim bu oğlum seyiddir. Allah taala onun əli ilə iki böyük müsəlman dəstəni (Əli və Müaviyənin tərəfində olanlar nəzərdə tutulur. Red.) birləşdirəcəkdir”.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) heç vaxt rəhbərlərə qarşı üsyan edənləri və fitnə-fəsad çıxararaq döyüşənləri tərifləməmişdir. Heç vaxt itaətsizlik etməyi və camaatdan ayrılmağı bəyənməmişdir. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan bütün səhih hədislər bu məna üzərində təkid edir.” (Minhacus Sunnə: 1/539-540).

İbn əl-Qayyim demişdir: “Əgər münkəri inkar etmək (pis işdən çəkindirmək) daha da pis işə, Allaha və Onun Peyğəmbərinə qarşı qəzəbə səbəb olacaqsa, belə halda onu inkar etmək düzgün deyildir. Rəhbərlərin etdikləri pis işləri inkar etməklə onlara qarşı üsyana qalxmaq buna bir misaldır. Üsyan, dünyanın sonuna qədər hər bir şərin və fitnənin əsası olaraq qalmaqdadır. İslam ümmətinin başına gəlmiş kiçik və böyük fitnələrə nəzər salan adam həmin hadisələrin səbəbini deyilən əsasa riayət edilmədiyindən baş verdiyini görər. Pis işlərə qarşı səbirsizlik edərək onu inkar etmək istəyərkən onun nəticəsində ondan da böyük pis iş meydana çıxar”.

Münkəri (pis işi) daha da pis işlə inkar etmək yol verilməzdir.

Rəhbərlərə qarşı çıxmaq şərdir və onda heç bir xeyir yoxdur. Çünki bunun nəticəsində daha böyük fitnələr, müsəlmanların qanlarını haqsız yerə axıtmaq, onların birliklərini pozmaqla fitnə və şər meydana çıxır.

Aqillər demişlər: “Altmış il zalım sultanla yaşamaq, bir gecə sultansız yaşamaqdan xeyirlidir”.

İslam tarixi boyu rəhbərlərə qarşı üsyanlar nahaq yerə qan axıtmaq, kin-küdurət yaratmaq, zalımlığı daha da artırmaq, ümməti cihaddan, kafir və münafiq düşmənlərə qarşı mübarizə aparmaqdan yayındırmaqdan başqa bir nəticə verməmişdir. Bununla yanaşı ümmətin bütün gücünün bu fitnəyə sərf edilməsi, iqtisadiyyatın zəifləməsi kimi digər zərərləri də olur. Xoşbəxt insan başqasının nəsihətini dinləyəndir, bədbəxt isə öz nəfsinə uyandır.

Alimlərdən biri bu məsələni təkid edərək deyir: “Hakimiyyətə sahib olan rəhbərə qarşı çıxanların çoxu öz əməlləri ilə fitnə-fəsaddan başqa bir şeyə nail olmamışlar”.

Müsəlman, Allaha asilikdən başqa hər bir əmrdə öz rəhbərini eşitməli və ona itaət etməlidir. Bilmək lazımdır ki, rəhbərlərin zülmünə səbr etmək dinin əsas prinsiplərindən, nəsihətçi alimlərin tövsiyələ­rindən­dir. Həmçinin bilmək lazımdır ki, rəhbərlərə itaət ən gözəl ibadətlərdən və ən əfzəl itaətlərdəndir. Bu rəhbərlərin zalım və ya adil olmalarından asılı deyildir. Əsas odur ki, onlar müsəlman olsunlar. Bu, onlara itaət etmək üçün yetərlidir. Allahın və rəsulunun əmrlərini və qadağalarını buyurduqda onlara itaət edilir. Belə halda Allahdan savab diləyərək, Onun razılığını qazanmaq və əzabından qorunmaq üçün belə etmək lazımdır.

Yekun olaraq onu deyə bilərik ki, rəhbər ilə camaat arasında olan əlaqələr qarşılıqlı əlaqələrdir. İslah etmək və dəyişiklik aparmaq hamıdan tələb olunur. Allah taala buyurur:

“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə, Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz…” (ər-Rəd: 11).

Cəza əməlin cinsindən olduğu üçün, siz necə olsanız, sizin rəhbərləriniz də sizə uyğun olacaqdır.

İnsanlar iki qismə bölünürlər: rəhbərlər və itaət edənlər. Rəhbərlərin haqqı onlara nəsihət etməkdir, itaət edənlərin haqları isə camaatla bir olmaqdır. Çünki onların xeyirləri yalnız birlikdədir. Onlar heç vaxt zəlalət üzərində birləşməzlər. Onların din və dünya rahatlığı birlikdə və hamılıqla Allahın ipindən sıx tutmaqdadır.

 

Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır

 


[1] Əxlaqsızlıq, günahkarlıq, qiyam, üsyan.  F.S

[2]  Buxari: 13/ 121/ № 7144.

[3] Buxari: 13/ 111/ № 7137. Müslim: 3/ 1466/ № 1835.

[4] Müslim: 3/ 1476/ № 1847.

[5] İbn Əbu Asimin “Sünnə” kitabı: 2/ 499. Albani “Zilalul Cənnə” kitabı səh: 499-da hədisin səhih olduğunu qeyd etmişdir.

[6] Tirmizi: 4/ 535/ № 2224. Əhməd: 5/ 42. Albani “Silsilətus Səhihə” kitabı 5/ 376-da hədisin həsən olduğunu demişdir.

[7] Müslim: 1/ 74/ № 55.

[8] İbn Əbi Asimin “Sünnə” kitabı: 2/ 507. Əhməd: 3/ 403. Albani “Zilalul Cənnə” kitabı səh: 507-də hədisin səhih olduğunu qeyd etmişdir.

[9] Tirmizi: 4/ 535/ № 2224. Əhməd: 5/ 42. Albani “Silsilətus Səhihə” kitabı 5/ 376-da hədisin həsən olduğunu demişdir.

[10] Buxari: 6/ 331/ № 3267. Müslim: 4/ 2290/ № 2989.

[11] Buxari: 5/ 13/ № 7054. Müslim: 3/ 1477/ № 1849.

[12] Buxari: 13/ 192/ № 7199. Müslim: 3/ 1470/ № 1709.

[13] Müslim: 3/ 1482/ № 1855.

Digər xəbərlər