Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Şeyx Fovzan – Şayiə yaymaq böyük günahdır

Aprel 04
19:08 2016

Müsəlmanın ən üstün cəhəti onun əxlaqının fərqli olmasındadır. Müsəlman sözü Peyğəmbərin şəriəti ilə Allah qarşısında itaətkarlıq göstərərək təslim olan deməkdir. Bu baxımdan əsl müsəlman o kimsədir ki, bütün hərəkət, söz və davranışlarını Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) təlimləri əsasında qursun.
Son günlər Qarabağ torpaqlarında düşmənin təcavüzü nəticəsində atəşkəs qismən pozulur, media mənsubları isə bu haqda ictimaiyyəti lazımi qaydada maarifləndirməyə çalışırlar. Təqdirəlayiqdir ki, əksər media mənsubları vicdanlı, qərəzsiz, xalqın milli və dövlətin dövlətçilik maraqlarını qoruyaraq düzgün informasiya yayırlar. Təəssüfedici hal isə budur ki, bəzi media mənsubları insanların sıxıntısından istifadə edərək şayiələr yayır, insanlarda ruh düşkünlüyü və panika yaradacaq xəbərlər yayırlar, sıravi insanlar isə özləri də bilmədən onların bu xəbərlərinə maraq göstərməklə həm onları daha geniş kütləyə yayır, həm də sözgəzdirənlik edərək günah işlədirlər. Müsəlman belə hallarda olduqca diqqətli olmalıdır. Çünki sözgəzdirənlik dinimizdə ən böyük günahlardan hesab edilir.

“Sələf Xəbər” redaksiyası olaraq cəmiyyətdə media mənsubları tərəfindən baş verən belə halları qınayır, bunu müsəlmana yaraşmayan hərəkət olaraq qiymətləndiririk.
Şayiə yaymağın günahı haqda sizə müdrik alim Saleh əl-Fovzanın aşağıdakı fətvasını təqdim edirik.

Şeyxə belə sual verirlər:
Bildiyimiz kimi şayiələrin təhlükəsi çoxdur. Bəzi insanlar şayiələrə aldanır, onları müxtəlif saytlarda və sosial şəbəkələrdə yayır. Zəhmət olmazsa bizə şayiələrin təklükəsi haqqında məlumat verin!

Cavab:
Ər-Rəhman və ər-Rəhim olan Allahın adı ilə.
Aləmlərin Rəbbi Allaha həmd olsun, Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun.
Müsəlman faydasız sözləri danışmaqdan, yaxud özünə və ya başqasına zərər gətirən söz söyləməkdən dilini qorumalıdır. Belə zərərli sözlərdən biri də şayiələrdir. İstərsə fərd, istərsə də cəmiyyət haqqında olan şayiəyə uymaq olmaz. Müsəlman belə məlumatları əvvəlcə dəqiqləşdirməlidir, yalnız zərurət yarandıqda onları danışmalıdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (əl-Hucurat: 6).
Müsəlman hansısa qardaşı haqqında pis xəbər eşidərsə, onu gizli saxlamağa çalışmalı, hətta deyilən doğru olsa da, onu yaymamalıdır. Əgər ona çatan məlumat doğrudursa və bu işdə qardaşına zərər varsa, o bunu gizli saxlamalı, öz aralarında qardaşına şəxsən nəsihət etməlidir. Deyilənlər doğru olsa da, onun haqqında danışılan pis xəbərləri yaymalı deyil. Çünki bu halda o qeybət etmiş olacaq. Uca Allah buyurur: “Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (əl-Hucurat: 12).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyib ki, qeybət qardaşın haqqında onun xoşlanmadığı söhbəti etməkdir. Əshabələr soruşanda ki, “əgər dediyim sözlər qardaşımda varsa, onda necə?!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyir ki, əgər dediyin onda varsa qeybət etmiş olacaqsan. Yox əgər dediyin onda yoxdursa, böhtan atmış sayılacaqsan.
Böhtan – kiminsə haqqında yalan danışmaqdır. Danışan insan hər-halda günah qazanır. Danışılan söz həmin adamda olsa da, olmasa da danışan günah qazanır. Danışan adam ya qeybət edir, ya da yalandan böhtan atır. Hər iki əməl də günahdır. Bu deyilənlər fərdlərə aiddir. Cəmiyyət haqqında da belədir. Əminamanlığı qorumaq və bu işə xələl gətirən şayiələrdən çəkinmək lazımdır.
Müsəlman insanları qorxuya salan hadisələri və şayiələri gizli saxlamalıdır. Daha onları yaymalı, camaat arasında təbliğ etməli deyil. Belə etmək münafiqlərin xüsusiyyətidir. Münafiqlər şayiələri axtarır və onları cəmiyyətdə yayırdılar ki, insanları qorxuya və vəlvələyə salsınlar.
Uca Allah buyurur: “Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır!” (ət-Tövbə: 47).
Digər ayədə isə belə buyurur: “Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir.” (ən-Nur: 19).
Bu ayədə deyilənlər şiddətli əzab vədidir. Müsəlman insanları qorxuya salan şayiə, pis xəbər yaymamalıdır. Əgər həqiqətən də həmin xəbər, yaxud həmin hadisə müsəlmanlar üçün təhlükədirsə və onun qarşısını almaq mütləqdirsə, bunu adi insanlar arasında yaymaqla həll etmək olmaz. Bu haqda ölkə rəhbərinə, yaxud məsul şəxslərə məlumat vermək lazımdır ki, onlar bu barədə lazımi tədbirlər görsünlər.
Uca Allah buyurur: “Onlara (münafiqlərə bəzi müsəlmanların sadəlövhlüyü üzündən döyuş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (möminlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını təyin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.” (ən-Nisa: 83).
Hər halda müsəlman öz dilini qorumalı, şayiələri, uydurma sözləri yaymamalıdır. Müsəlman susmaq və örtmək prinsipini qorumalı, müsəlmanlar və islam üçün dua etməlidir. Müsəlman belə olmalıdır.

Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır.

Digər xəbərlər