Səfir və elçilərə İslamda münasibət
1. 801 dəfə baxılıb
Uca Allah bəşəriyyətə İslam dinini göndərməklə, böyük mərhəmət göstərmişdir. Bu din, təkcə insanların deyil, cinlərin, mələklərin, heyvanların, hətta bitki və ağacların da haqqını qorumuş, bunun üçün gərəkli şəriət qaydaları təyin etmişdir. Belə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) daim öz əshabələrinə ağacları kəsməməyi, ətraf mühitə ziyan verməməyi, heyvanlara qayğı ilə yanaşmağı və sairə saydıqca bitməyən gərəkli əmrləri vermişdir. Şübhə yoxdur ki, yaradılmışların ən şərəflisi adəm övladı olduğu üçün, dinimiz də əsasən ona xitab etmiş, əsas qayda-qanunlar da ona aid edilmişdir. İslam şəriəti bütün hallarda ədalət prinsipini qorumağın tərəfdarıdır. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) həyatına baxsaq bu barədə kifayət qədər nümunələr görərik. O İslamın ən qatı düşmənlərinə qarşı belə daim ədalət və əhdə sadiq olmaq prinsipini ən yüksək səviyyədə qorumuşdur. Bunun üçün Hudeybiyyə sülh müqaviləsini misal çəkəmək olar. Bu müqavilədə özünə və müsəlmanlara qarşı açıq-aşkar ədalətsizliyi qəbul edən Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) sona qədər bu sazişi pozmadı, öz sadiqliyini qorudu. Məkkə müşrikləri sazişi pozmalarına baxmayaraq, yenə də onlara qarşı ədalətli davrandı. Onlar “mənə və müsəlmanlara qarşı haqsızlıq ediblər” deyə, mən də onlardan bu haqsızlığın qisasını alım!” – düşüncəsi ilə davranmadı. Əksinə o Məkkə müşriklərinə, “Onlar haqqı bilmirlər, bilsəydilər qəbul edərdilər!” düşüncəsi ilə yanaşdı. Əlbəttə onun bu ədalətli mövqeyi bütün Ərəbistan yarımadasının islamı qəbul emtəsi ilə nəticələndi.
Bu gün isə təkfirçi və hizbiçi əqidəsində olan bəzi “müsəlmanlar”, islam adı ilə öz nəfslərinin istədiyini icra edirlər.
Bir neçə gün öncə Türkiyədə Rusiya səfirinin “Allahu əkbər” şüarı ilə qətlə yetirilməsi, din adından istifadə edib nəfsi istəyin icra olunmasının bariz misalıdır.
Biz şəriət dəlillərinə baxdıqda görürük ki, dinimiz əhd bağlayan başqa din mənsublarının haqlarını xüsusi diqqət və nəvazişlə qoruyur və bu məsələyə çox böyük önəm verir.
Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim əhd bağlayan qeyri müsəlmanı qətlə yetirərsə, cənnətin qoxusunu belə almayacaq! Halbuki onun qoxusu qırx illik məsafədən gəlir.” (Buxari: 3166).
Nueym bin Məsud (Allah ondan razı olsun) deyir ki, özünü “peyğəmbər” iddia edən yalançı Museyləmənin məktubunu gətirən elçilər Museyləmənin məktubunu Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) oxuduqda onun elçilərə belə dediyini eşitdim: “Bəs siz onun haqqında nə deyirsiniz?” Onlar dedilər: “Biz də onun dediyi kimi deyirik.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Allaha and olsun, əgər elçiləri qətlə yetirmək qadağan olmasaydı, sizin boynunuzu vurardım.” (Musnəd Əhməd: 16032).
Allahın haqq olaraq göndərdiyi elçisinin qarşısında yalançı “peyğəmbərə” iman gətirdiyini deməkdən daha böyük zülm, böyük küfr yoxdur. Amma Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu halda da şəriətin qoyduğu qaydadan kənara çıxmadı, öz nəfsini dinə və şəriətə tabe edərək, elçilərə toxunmadı.
Dahi İslam alim İbn əl-Qeyyim əl-Covziyyə özünün məşhur “Əhkam əhl əz-Zimmə” adlı kitabında deyir: “Əhd bağlayan adam, müsəlman ölkəsində müvəqqəti olaraq gələn qeyri müsəlmanlara deyilir.”
Bu gün dünya diplomatiyasında beynəlxalq münasibətlər səfirlər vasitəsi ilə qurulur. Ölkəyə gələn səfir əminamanlıq zəmanəti ilə gəlir. Ona görə də səfir və elçilər dinimizdə toxunulmaz hesab olunurlar.
Bu günlərdə Böyük alimlər heyəti də Türkiyədə səfirin qətlə yetirilməsini kəskin qınayan bəyanat yaymışdır. Şəriət dəlillərinə əsasən verilən fətvada əhd bağlayan insanın qətlinin böyük günah olduğu qeyd edilir.
Böyük alimlər heyəti bu xüsusda bütün dünya müsəlmanlarına müraciət ünvanlayıblar. Müraciətdə deyilir: “Diplomatların təhlükəsizliyinə təcavüz etmək olduqca təhlükəlidir. Bunun nəticəsi isə çox pis olur. Şəriət bu cür adamlara aman və hüquq təminatı verdiyi halda, belə addımlar atmaq şəriətə qarşı gəlməkdir!…”
Amma bunu da qeyd etməkdə fayda vardır ki, kimsə bunu Rusiyanın Suriyada törətdiyi qətliamlara göz yummaq, yaxud onları müdafiə etmək mənasında anlamasın. Suriyada müsəlmanların başına gələn müsibət hər birimizin qəlbini param-parça edir. Müsəlmanın oradakı müsəlmanların iztirabına acımaması onun qəlbində qardaşlıq sevgisinin olmaması deməkdir. Allah Suriya xalqını zülmdən xilas edib, xoş və firavan həyat bəxş etsin… Amin!
Lakin hər bir işə öz haqqını və qiymətini vermək lazımdır. Bizə xoş olan və olmayan işlərdə şəriətin qanun-qaydalarını qorumaq vacibdir.