Təravih namazı və rükətlərinin sayı – Muhəmməd bin Saleh əl-Useymin
3. 256 dəfə baxılıb
Müdrik alim, şeyx Muhəmməd bin Saleh əl-Useyminə belə sual verilir: “Təravih namazının hökmü və rükətlərinin sayı necə olmalıdır?”
Şeyxin cavabı belə olur:
Təravih namazı sünnədir (yəni, vacib deyil). Buxari və Muslimin “əs-Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu namazı bir gecə məsciddə qıldı, camaat da onunla bərabər qıldı. Növbəti gün yenə qıldı və bu dəfə daha çox insan namaza qoşuldu. Üçüncü, yaxud dördüncü gecə camaat toplaşıb yenə həmin namazı qıldıracağını gözlədi, amma Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) camaata (təravih) namazı qıldırmadı. Səhər açılanda camaata dedi: “Mən dünən sizin halınızdan xəbərdar idim. Mən bu namazın sizə fərz ediləcəyindən ehtiyat edərək gəlib sizə namazı qıldırmadım.” Bu hadisə ramazanda baş vermişdi. (Buxari: 1129; Muslim: 761).
Təravih namazının rükətlərinin sayına gəldikdə, bu namaz on bir rükətdən ibarətdir. Buxari və Muslimin “əs-Səhih” əsərində deyilir ki, Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ramazanda ibadəti haqqında soruşurlar və o da belə deyir: “Nə ramazanda, nə də başqa aylarda on bir rükətdən artıq qılmazdı.”
İbn Abbasın (Allah ondan razı olsun) rəvayətinə görə bu namazı on üç rükət də qılmaq olar. “Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gecə namazı on üç rükət idi.” (Buxari: 1138).
Təravih namazının on bir rükət qılınması haqqında Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) da rəvayət gəlmişdir. Bu haqda “əl-Muvatta” kitabında (1/110/280) ən doğru sənədlə rəvayət mövcuddur.
Bu namazı on bir rükətdən artıq qılmaq da icazəlidir. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) gecə namazı haqqında soruşanda rükətlərin ümumi sayını təyin etmədən belə demişdir: “Gecə namazı iki-iki qılınır.”
Sələfdən bu haqda fərqli saylar nəql edilmişdir. Lakin Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) nəql olunan saya əməl etmək daha münasibdir. Bu, on bir, yaxud on üç rükətdir.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun), nə də raşidi xəlifələrin iyirmi üç rükət qılması öz təsdiqini tapmamışdır. Əksinə Ömərdən (Allah ondan razı olsun) nəql olunan səhih rəvayətdə on bir rükət qıldığı deyilir. Belə ki, o Ubəyy bin Kəəbə və Təmim əd-Dariyə camaata on bir rükət namaz qıldırmağı əmr etmişdi. Ömər (Allah ondan razı olsun) kimi xəlifəyə layiq olan da budur ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) etdiyini qorusun.
Səhabələrin iyirmi üç rükətdən çox qılması öz təsdiqini tapmamışdır. Aişənin (Allah ondan razı olsun) rəvayətində bunun əksi deyilir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) nə ramazanda, nə də başqa aylarda on bir rükətdən çox qılmazdı.
Səhabələrin icmasında gəlincə, heç şübhə yoxdur ki, bu hüccətdir (keçərli sübutdur). Çünki bu topluma Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) itaət etməyi əmr etdiyi dörd raşidi xəlifə daxildir və onlar bu ümmətin ən xeyirli zümrəsidir.
Bilmək lazımdır ki, təravih namazının rükətlərinin sayı və bu kimi məsələlər ictihad edilməsi mümkün olan məsələlərdir. Bu kimi məsələlər camaat arasında fikir ayrılığına və parçalanmaya səbəb olmamalıdır. Ələlxüsus sələflər bu barədə fikir ayrılığında olublar və məsələdə ictihadı qadağan edən qəti dəlil də yoxdur.
Elm adamlarından biri ona icazəli ictihadda müxalif olan şəxsə gözəl söz demişdir: “Sən mənə müxalif olmaqla mənə müvafiq olmusan. Çünki hər ikimiz ictihada icazə verilən məsələlərdə haqq olana əməl etməyi vacib sayırıq.”
Allahdan hamıya sevdiyi və razı qaldığı işlərə müvəffəqiyyət arzu edirik.
Muhəmməd bin Saleh əl-Useymin.
Hicri: 1405/05/18
Milad: 08.02.1985